Budaq Əbdüləli
oğlu Budaqov
Azərbaycanın elmi
ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, əməkdar
elm xadimi, coğrafiya elmləri doktoru,
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, professor Budaq Əbdüləli oğlu
Budaqov 2012-ci il
noyabrın 1-də ömrünün 85-ci
ilində vəfat etmişdir.
Budaq Budaqov 1928-ci il fevral ayının 23-də
Ermənistan SSR-in Zəngibasar rayonunun Çobankərə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra
1945-1947-ci illərdə Yerevanda Azərbaycan
pedaqoji məktəbində təhsilini davam etdirmiş, 1947-1951-ci
illərdə isə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun coğrafiya
fakültəsində ali təhsil
almışdır. O, 1951-1955-ci illərdə Moskvada
SSRİ Elmlər Akademiyasının Coğrafiya
İnstitutunun aspiranturasında oxumuşdur.
Əmək
fəaliyyətinə 1955-ci ildən etibarən Azərbaycan
Respublikası Elmlər Akademiyasının Coğrafiya
İnstitutunda kiçik
elmi işçi kimi başlayan Budaq Budaqov burada
1958-1967-ci illərdə böyük elmi işçi,
1967-1986-cı illərdə şöbə müdiri
işləmiş, 1974-1983-cü və 1986-1989-cu illərdə
isə institutun elmi
işlər üzrə
direktor müavini olmuşdur. O, 1994-cü ildən ömrünün sonuna qədər
Azərbaycan Milli Elmlər
Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində
çalışmışdır.
Budaq Budaqov 1955-ci
ildə namizədlik, 1967-ci ildə doktorluq
dissertasiyalarını müdafiə etmiş,
1969-cu ildə professor elmi
adını almışdır. O, 1976-cı ildə Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Budaq Budaqov
respublikamızda coğrafiya elminin inkişafına qiymətli töhfələr
vermişdir. Onun tədqiqatlarının
başlıca istiqamətlərini geomorfologiya,
landşaftşünaslıq, paleocoğrafiya
və toponimika məsələləri təşkil
etmişdir. Budaq Budaqovun əsas elmi nailiyyətləri
Böyük Qafqazın Azərbaycan hissəsinin
geomorfologiyasının, yeni tektonik hərəkətlərin və qədim
buzlaşmanın aşkara
çıxarılması ilə sıx bağlıdır. Alimin rəhbərliyi
və yaxından iştirakı ilə respublikada
səhralaşma proseslərinin elmi əsasları
araşdırılmış, landşaftın geokimyasına dair problemlər tədqiq olunmuşdur.
Ölkəmizin ərazisinin irimiqyaslı landşaft
xəritələrinin və atlasların tərtibində onun mühüm xidmətləri
vardır.
Budaq Budaqovun
araşdırmalarının nəticələri ölkəmizdə
və onun hüdudlarından kənarda nəşr
edilmiş 600-ə yaxın elmi əsərdə, o
cümlədən 25 monoqrafiyada öz əksini tapmışdır.
Alimin yaradıcılığında, həmçinin
elmi-kütləvi və publisistik məqalələr
də geniş yer tutur. O, mətbuatdakı müntəzəm
çıxışları ilə ictimaiyyətin diqqətini
ekologiya və ətraf mühitin
qorunması problemlərinə yönəltmiş, yurdumuzun zəngin sərvətlərindən səmərəli
istifadə olunmasını təbliğ etmişdir.
Budaq Budaqov elmi yaradıcılığı pedaqoji sahədəki fəaliyyəti ilə uğurlu şəkildə əlaqələndirmişdir.
O, respublikamızda coğrafiyaşünaslar
məktəbinin formalaşdırılması üçün
bilik və bacarığını əsirgəməmiş,
coğrafiya dərsliklərinin
hazırlanması və yüksək ixtisaslı kadrların
yetişdirilməsi işinə böyük
qüvvə sərf etmişdir.
Beynəlxalq
konfrans və simpoziumlardakı
çıxışları ilə Azərbaycan elmini yüksək səviyyədə təmsil
edən Budaq Budaqov, həmçinin
bacarıqlı elm təşkilatçısı
kimi yaxşı tanınırdı.
Respublikamızın elmi-mədəni həyatının fəal
iştirakçısı olan alim Azərbaycan Ağsaqqallar
Şurasının
sədri kimi də geniş
ictimaiyyət arasında yüksək nüfuza
malik idi.
Coğrafiyaşünas alim Budaq Budaqovun altmış
ilə yaxın bir dövrü
əhatə edən elmi fəaliyyəti
layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə
görə müxtəlif mükafatlara, o cümlədən müstəqil Azərbaycan
Respublikasının ali təltifi
"Şöhrət" ordeninə layiq
görülmüşdür.
Tanınmış
alim, bacarıqlı elm
təşkilatçısı, təcrübəli pedaqoq və səmimi insan
Budaq Budaqovun xatirəsi
onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasi-zadə, Oqtay
Əsədov,
Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala
Abutalıbov
Fatma Abdullazadə,
Misir Mərdanov, Mahmud
Kərimov
Akif Əlizadə,
Xoşbəxt Yusifzadə,
Arif İsmayılzadə
Mərhumun cənazəsi vidalaşmaq
üçün 2012-ci il noyabrın 2-də saat 14.00-dan 16.00-dək
Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi
zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.
Azərbaycan.-2012.-
2 noyabr.- S.6.