Azərbaycan orta gəlirli ölkələr
sırasında mövqeyini gücləndirir
2012-ci ilin 9 ayında da qeyri-neft
sektorunda ciddi artım müşahidə edilmişdir
Siyasi
hakimiyyətin müəyyən zaman intervalında əldə
etdiyi uğur və nailiyyətləri şərtləndirən
başlıca amillərdən biri sosial məsuliyyət
prinsipidir. Cəmiyyət qarşısında
götürdüyü öhdəliklərə sadiqlik
nümayiş etdirən hakimiyyət komandası xalqa layiqli
xidmət məramını əsas tutmaqla, ölkənin
bütün resurslarını qarşıya qoyduğu strateji
məqsədlərin gerçəkləşdirilməsi naminə
səfərbər edir. Səmərəli və şəffaf
idarəçiliyi hökumət qarşısında
mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş
Azərbaycan Prezidenti cənab İlham Əliyevin idarəçilik
konsepsiyasında da bu mütərəqqi prinsip daim önə
çəkilir.
Hələ hökumətin 2003-ci il
noyabr ayında keçirilən iclasındakı
çıxışında "Biz xalqın xidmətçisiyik"
- deyən dövlət başçısı İlham Əliyev
ötən 9 ildə görülmüş işlər,
qarşıda duran məqsədlər və həyata
keçiriləcək layihələr barədə ictimaiyyətin məlumatlandırılmasını
da zəruri saymışdır. Bu cür hesabatlar ilk növbədə,
hər rüb üzrə əldə edilmiş iqtisadi nailiyyətlərin
qiymətləndirilməsi, müstəqil dövlətimizin
uğurlarının ictimaiyyətə düzgün, obyektiv
çatdırılması, mövcud problemlər ətrafında
müzakirələrin aparılması, bu problemlərin həlli
yollarının tapılması baxımından səmərəli
vasitəyə çevrilmişdir. Səmərəli, məqsədyönlü
və praqmatik idarəetmənin bariz təcəssümü
kimi cənab İlham Əliyev xalq qarşısına daim yeni
iqtisadi uğurlarla, inkişafı stimullaşdıran
perspektivli layihələrlə çıxır. Dövrün
tələblərinə uyğun
formalaşdırılmış bu idarəetmə sistemi
respublikanın sürətli sosial-iqtisadi tərəqqisinə,
siyasi sabitliyə, vətəndaş sülhünə,
insanların maddi rifah halının
yaxşılaşmasına, ölkədə demokratiyanın
inkişafına yönəlmiş mühüm qərarlara, habelə
bu qərarların icrasına xalqla birgə nəzarət
formuluna əsaslanır.
Makroiqtisadi
sabitlik qorunur
2012-ci ilin ötən 9 ayında
Avropanın bir sıra ölkələrində maliyyə
böhranının doğurduğu çətinliklər
özünü qabarıq göstərmiş, büdcə xərcləri
azaldılmış, vergilər artırılmış,
dövlət və özəl sektorlarda iş yerlərinin
ixtisara salınması geniş vüsət almış,
ümumi daxili məhsulun kəskin azalması müşahidə
edilmişdir. Bəzi ölkələrdə büdcə kəsiri
ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun
100 faizindən yuxarıdır. Azərbaycan iqtisadiyyatı isə
mənfi təzahürləri hələ də qabarıq sezilən
qlobal böhrana yüksək dayanıqlıq nümayiş
etdirərək müvazinətini itirməmiş, artım
dinamikasını və əldə olunmuş inkişaf səviyyəsini
qoruya bilmişdir. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi
yekunlarına həsr olunmuş iclası da göstərdi ki,
uğurla həyata keçirilən qabaqlayıcı tədbirlər
nəticəsində ölkədə güclü sabitlik
potensialının yaradılması şəraitində
gerçəkləşdirilən antiböhran siyasəti
maliyyə sabitliyinin qorunmasına etibarlı zəmin
yaratmışdır. Hesabat dövründə neft
hasilatının nisbətən azalması və digər
obyektiv səbəblərlə bağlı ümumi daxili məhsul
1,1 faiz artsa da, qeyri-neft sektorunda artım 10,3 faiz təşkil
etmiş, nəticədə son 4 ildə bu sahənin ÜDM-də
payı 5 faizdən çox yüksəlmişdir.
Qeyri-neft sektoru üzrə vergi
daxilolmalarının 14 faizlik artımı da bu sahənin ciddi
inkişaf potensialından xəbər verir. Bu fakt Azərbaycanın
iqtisadiyyatının sadəcə neft amili üzərində
qurulmadığını, əldə olunmuş uğurlu nəticələrdə
qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləyir.
Respublika iqtisadiyyatının inkişafında qeyri-neft
sektorunun xüsusi çəkisinin yüksəlməsi həm
də ölkədəki əlverişli biznes və investisiya
mühiti ilə şərtlənir. Prezident İlham Əliyevin
Nazirlər Kabinetinin son iclasında vurğuladığı
kimi, ölkədə sahibkarlığın inkişafı
üçün əlverişli biznes mühitinin
mövcudluğunu dünyanın aparıcı maliyyə-iqtisadi
qurumları da təsdiqləyirlər: "Keçən
rübdə dünyanın ən mötəbər iqtisadi
qurumlarından biri olan Davos İqtisadi Forumu ölkələrin
rəqabət qabiliyyətliliyi ilə bağlı yeni cədvəl
dərc etmişdir və Azərbaycan o siyahıda 46-cı yerdədir.
MDB məkanında birinci, dünya miqyasında 46-cı.
Keçən ilə nisbətən biz 9 pillə yuxarı
qalxmışıq. Yəni,
bu, onu göstərir ki, Azərbaycanın iqtisadi
inkişafı və uğurları iqtisadi islahatlarla
bağlıdır və bu hesabatda, eyni zamanda, makroiqtisadi vəziyyətlə
bağlı cədvəl dərc edilmişdir. Makroiqtisadi
sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci
yerdədir. Yəni, dünya miqyasında bu sahədə 18-ci
yerdə olmaq nə deməkdir, hesab edirəm ki, bunu izah etməyə
lüzum yoxdur. Əsas reytinq agentlikləri ki, hazırda
Avropanın inkişaf etmiş ölkələrinin kredit
reytinqlərini endirirlər, aşağı salırlar, Azərbaycanın
kredit reytinqlərini artırırlar. "Fitch",
"Standard & Poor's", "Moody's" - yəni, 3 əsas
reytinq agentliyi bizim kredit reytinqlərimizi artırıblar və
bu da görülən işlər, aparılan islahatlar nəticəsində
mümkün olmuşdur".
İnvestisiya
reytinqi yüksəlir
Dinamik inkişaf fonunda
respublikamızın beynəlxalq reytinqinin güclənməsi
Azərbaycanı dünya top-reytinq şkalasında "A
zonası"na, yəni, ən yüksək investisiya-kredit
reytinqinə yaxınlaşdırır. Respublikada biznes
mühitinin vəziyyəti, ticarət qaydalarının sadələşdirilməsi,
sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin
olunması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi,
tikinti üçün icazələrin verilməsi, əmlakın
qeydiyyatının aparılması, investorların hüquq və
maraqlarının qorunması, gömrük rəsmiləşdirilməsi
və digər parametrlər Azərbaycanın yaxın 2-3 ildə
dünya reytinq şkalasında "A zonası"na
çatmasını şərtləndirir.
Ölkənin
investisiya reytinqinin yüksəlməsi həm də ölkə
sahibkarlarının maliyyə resurslarına
çıxış imkanlarının genişləndirilməsi,
bu sahədə səmərəli mexanizmlərin tətbiqi ilə
şərtlənir. Dövlət-sahibkar münasibətlərinin
institusionallaşdırılması çərçivəsində
gerçəkləşdirilən bu tədbirlər
sahibkarların güşəştli kreditlərdən istifadə
imkanlarını genişləndirmişdir. Sahibkarlığa
Kömək Milli Fondu (SKMF) Azərbaycan təcrübəsində
sahibkarın dövlətin maliyyə imkanlarından əlverişli
şərtlərlə bəhrələnməsinin, xüsusilə,
qeyri-neft sektorunda səmərəli investisiya layihələrinin
reallaşdırılması məqsədilə uzunmüddətli
kreditlər almasının pozitiv nümunəsinə
çevrilmişdir. Ölkənin maliyyə imkanları
genişləndikcə, SKMF-yə ayrılan vəsaitlərin həcmi
artır, eyni zamanda, bu vəsaitlərdən istifadə
imkanlarını sadələşdirən çevik və
işlək mexanizmlər tətbiq edilir. Azərbaycan
Respublikası Prezidentinin 2002, 2004, 2005, 2006, 2009 və 2011-ci il
tarixli sərəncamları ilə fondun vəsaitlərindən istifadə
qaydaları təkmilləşdirilmiş, bu sahədə fəaliyyətin
genişləndirilməsinə imkan
yaradılmışdır. Nəticədə güzəştli
kreditlərin daha aşağı faizlərlə
alınması, məqsədəuyğun, rentabelli şəkildə
yerləşdirilməsi mümkün olmuşdur.
Sahibkarlara
ayrılan güzəştli kreditlərin maksimum həddi də
iqtisadi inkişafın dinamikasına adekvat olaraq yüksəlir.
Ölkə rəhbərinin 13 oktyabr 2011-ci il tarixli "Azərbaycan
Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən
istifadə mexanizmlərinin təkmilləşdirilməsi
haqqında" fərmanına əsasən, sahibkara 5 min
manatdan 10 milyon manatadək kredit verilə bilər. 2011-ci ildə
sahibkarlara 138 milyon manat güzəştli kredit verən fond
2012-ci ildə bu məbləği 200 milyon manata
çatdırmağı planlaşdırır. Bunun 110 milyon
manatı məhz qaytarılan kreditlər hesabına təmin
edilməlidir. Fondun güzəştli kreditləri əsasən
soyuducu anbar, istixana, taxıl, cins mal-qara, quşçuluq
komplekslərinin, damazlıq yumurta, broyler,
üzümçülük, çayçılıq,
balıqçılıq təsərrüfatlarının,
çörək, süd, ət emalı, quru meyvə,
süfrə suları, tikinti materialları, mebel istehsalı
müəssisələrinin inşasına, yeni turizm obyektlərinin
və s. yaradılmasına sərf olunur. Dövlətin
güzəştli kreditləri hesabına 2012-ci ilin 9
ayında regionlarda 284 yeni müəssisə fəaliyyətə
başlayıb, daha 444 müəssisə isə
yaradılmaqdadır.
Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş iclasında real
iqtisadiyyata qoyulan investisiyaların daha da
artırılmasının vacibliyini xüsusi diqqətə
çəkmişdir: "Bu il Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə 200 milyon manat güzəştli
kreditlər nəzərdə tutulur, onların böyük əksəriyyəti
artıq verilmişdir. Mən göstəriş verdim ki, gələn
il biz bu məbləği artıraq və gələn il fond
vasitəsilə üç yüz milyon manat məbləğində
güzəştli kreditlər verilməlidir. Çünki bu,
çox vacib sahədir, bu, real iqtisadiyyata qoyulan
investisiyalardır, dövlət nəzarəti altında
qoyulan investisiyalardır. Ancaq özəl sektor da bu
investisiyaları qoyur. Biz bu proqramı icra edərkən həm
özəl sektoru stimullaşdırırıq, ucuz kreditlər
verməklə onların fəaliyyətini genişləndiririk,
eyni zamanda, daxili istehsalı da stimullaşdırırıq. Yəni, bu, çox işlək və
səmərəli mexanizmdir".
Qeyri-neft sektorunun inkişafının
mühüm göstəricilərindən biri də ötən
9 ayda investisiya qoyuluşlarının həcminin və keyfiyyətinin
yüksəlməsidir: hesabat dövründə investisiyalar 27
faiz artmış, o cümlədən qeyri-neft sektorunda bu
artım 31 faiz təşkil etmişdir. Ölkə
iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur və
bu prosesdə artıq yerli sərmayədarların
üstünlüyü daha qabarıq duyulur. Sərmayələrin
təqribən 70 faizinin daxili investisiyalar olması isə ilk
növbədə dövlətin investisiya siyasətinin
uğurlu olduğunu göstərir. Bu, bütün dünyada
maliyyə resurslarının məhdudlaşdığı,
sahibkarların investisiya qoyuluşlarına son dərəcə
ehtiyatlı yanaşdığı bir şəraitdə kifayət
qədər normal göstərici sayıla bilər. Həmin
göstərici eyni zamanda, regionlarda əlverişli biznes və
investisiya mühitinin formalaşması, iş
adamlarının fəaliyyət imkanlarının genişlənməsi,
bölgələrin istehsal potensialının səmərəli
realizəsi, daxili istehsalın təşviq edilməsi ilə
şərtlənir. Daxili investisiya qoyuluşlarının həcminin
əhəmiyyətli dərəcə artması, xaricdən
maliyyə asılılığının minimuma endirilməsi,
real sektorun, istehsalla məşğul olan müəssisələrin
hərtərəfli dəstəklənməsi, daxili
bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət
kəsb edir.
Qeyri-neft sənayesində ciddi
artım var
2012-ci ilin
ötən 9 ayında qeyri-neft sənayesində 7,7 faiz
artım müşahidə olunmuşdur. Prezident İlham Əliyev
bunu Azərbaycan üçün kifayət qədər
yaxşı göstərici kimi xarakterizə etmiş, sənayeləşmə
prosesinin mühüm nəticələr verdiyini
bildirmişdir: "...Bir tərəfdən bu, yenə də
bizim iqtisadi və sənaye sahələrində
apardığımız islahatların məntiqi nəticəsidir.
Çünki ölkəmizdə geniş sənayeləşmə
prosesi gedir. Bir neçə il bundan əvvəl mənim tərəfimdən
bu məsələ ilə bağlı konkret tapşırıqlar
verilmişdir və biz bu tapşırıqların gözəl
nəticələrini görürük. 7,7 faiz artan qeyri-neft sənayemiz
böyük nailiyyətdir".
Son illər Bakı şəhərində
metal konstruksiyalar zavodu, Sumqayıt şəhərində
"Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında
ağır maşınqayırma və dəqiq emal mərkəzləri
və digər obyektlər istifadəyə verilmişdir. Son
illərdə yaradılan müasir istehsal infrastrukturuna malik sənaye
parkları iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də
rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların
istehsalının artırılması, məşğulluğun
təminatı, investisiyaların və müasir
texnologiyaların cəlb edilməsi baxımından
mühüm əhəmiyyətə malikdir.
İlin əvvəlində
açılışı olmuş Sumqayıt Texnologiyalar
Parkının (STP) sənayenin yeni sahələrinin
inkişafına əsaslı təkan verdiyini xüsusi qeyd etmək
lazımdır. Müəssisədə müasir texnologiyalar əsasında
respublika üçün mühüm əhəmiyyət kəsb
edən və ixrac potensialına malik elektroenergetika və
maşınqayırma sənayesi məhsulları
hazırlanır. 17 zavoddan ibarət olan STP-də o cümlədən
müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli
avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri,
borular, texniki qazlar istehsal edilir. Həmin sənaye müəssisələrinin
fəaliyyətə başlaması həm də çoxlu
sayda yuxarı məvacibli iş yerləri
açılmasına imkan yaratmışdır.
Son illər sənayenin metallurgiya sahəsində
əsaslı irəliləyişlər hiss olunur. Metallurgiya sənayesini
qara və əlvan metal filizlərinin hasilatı,
saflaşdırılması, habelə flüs və
odadavamlı materialların istehsalı ilə məşğul
olan müəssisələr, boru-prokat, alüminium,
poladtökmə və təkrar emal zavodları təmsil edir.
Respublikada dəmir, mis, polimetal, nadir və qiymətli metal
filizləri kimi metallurgiya xammalının olması
sözügedən sənaye sahəsinin inkişafına əlverişli
zəmin yaradır. Neft-qaz sənayesinin tələbatı ilə
əlaqədar qara metallurgiya sənayesi zavodları əsasən
Gəncə-Daşkəsən və Abşeron metallurgiya
bazalarında formalaşmışdır. Qara metallurgiyanın əsas
müəssisələrindən olan Daşkəsəndəki
"Filizsaflaşdırma" ASC-nin yenidən qurulması
respublikada qara metallurgiya sənayesinin inkişafında əhəmiyyətli
rol oynayır.
Dövlət proqramları çərçivəsində
yüngül sənayenin inkişafı istiqamətində də
mühüm addımlar atılır. Proqramın icrası
toxuculuq və tikiş sənayesinin inkişafına müsbət
təsirini göstərmiş, regionlarda çoxsaylı
analoji sənaye müəssisələri fəaliyyətə
başlamışdır. Hazırda Azərbaycanda
pambığın ilkin emalından tutmuş, onun son məhsula
qədər çatdırılmasını nəzərdə
tutan kompleks müəssisələr mövcuddur. 19 zavodu və
bunlara təhkim olunmuş 106 tədarük məntəqəsini
özündə birləşdirən pambıqtəmizləmə
sənayesinin ümumi istehsal gücü 1300 min tondur. Bundan
başqa, son illərdə ölkədə barama, yun, gön-dəri
və həmçinin kimyəvi liflərə əsaslanan
toxuculuq müəssisələri fəaliyyət göstərir.
Yüngül sənaye məhsullarının istehsalı
üzrə ixtisaslaşmış müəssisələr əsasən
Bakı, Sumqayıt, Gəncə, Şəki, Yevlax, şəhərlərində,
eləcə də Naxçıvan MR-də fəaliyyət
göstərir.
İqtisadiyyatın şaxələndirilməsi
yolu ilə dövlət büdcəsinin neft gəlirlərindən
asılılığının azaldılmasını,
qeyri-neft sektorunun inkişafını qarşıda prioritet məqsədlərdən
biri kimi müəyyənləşdirən Azərbaycanın
informasiya-kommunikasiya sektorunda nəzərəçarpacaq irəliləyişlərə
nail olması beynəlxalq miqyasda müsbət dəyərləndirilir.
Beynəlxalq Telekommunikasiya İttifaqının bir müddət
əvvəl açıqladığı hesabatda
respublikamız informasiya-telekommunikasiya texnologiyalarının
inkişafı indeksi (İDİ) üzrə beş pillə
irəliləyərək 73-cü yerdən 68-ə yüksəlmişdir.
Hesabatda göstərilir ki, 2011-ci il üzrə Azərbaycanda
İDİ indeksi 4,39 faiz təşkil etmişdir.
Respublikamız həm mütləq, həm də nisbi ifadədə
İDİ indeksi üzrə əhəmiyyətli irəliləyişə
nail olmuşdur. Ölkəmizdə həm subindeksə
çıxış, həm də subindeksdən istifadə
üzrə yüksək templər müşahidə olunur, bu
da informasiya cəmiyyətinin dinamik inkişafını
göstərir.
Beynəlxalq Telekommunikasiya
İttifaqının hesabatında əksini tapmış digər
bir mühüm göstəriciyə əsasən, Azərbaycanın
İKT xidmətlərinin orta qiyməti üzrə
dünyanın 155 ölkəsi arasında 52-ci yerdə qərarlaşmışdır və ötən illə müqayisədə
1 pillə irəliləmişdir. Respublikamızda İKT xidmətlərinin
orta qiyməti adambaşına düşən ÜDM-in 1,8
faizini təşkil edir. İKT qiymətlərinə fiksə
olunmuş telefon rabitəsi, mobil rabitə və internetə
genişzolaqlı çıxış xidmətlərinin orta
dəyəri daxildir.
Respublikamızın informasiya-kommunikasiya
texnologiyaları sahəsində əldə etdiyi mühüm
göstəricilər bu sahədə ciddi inkişaf
potensialının olması ilə şərtlənir. Son illər
İKT-nin Azərbaycanda qeyri-neft sektorunun ən rentabelli,
perspektivli sahəsi kimi özünü təsdiqləməsi
bu sahədə həm yerli, həm də xarici sərmayələrin
yatırılmasını stimullaşdırır. Ölkə
rəhbəri İlham Əliyevin dəfələrlə bəyan
etdiyi kimi, qarşıda mühüm hədəflərdən
biri də İKT-nin neftdən sonrakı estafeti üzərinə
götürməsinə, inkişafın əsas lokomotivinə
çevrilməsinə nail olmaqdır.
Prezident İlham Əliyevin 2012-ci il 15 mart
tarixli "Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət
Fondunun yaradılması haqqında" sərəncamı isə
informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyətin
stimullaşdırılmasına, bu sahədə
innovasiyaların tətbiqinin, habelə tətbiqi elmi-tədqiqat
işlərinin genişləndirilməsinə xidmət edir.
Bu yaxınlarda fəaliyyətə başlayacaq fondun əsas məqsədi
informasiya texnologiyaları sahəsində istehsal
yönümlü fəaliyyəti dəstəkləmək, bu
sahəyə yerli və xarici investisiyaların cəlb
olunması üzrə işlərə təkan verməkdir.
Azərbaycan orta gəlirli ölkədir
Nazirlər
Kabinetinin axırıncı iclasında qeyd olunduğu kimi,
respublikamız hesabat dövründə dinamik
inkişafını davam etdirərək orta gəlirli dövlətlər
qrupunda mövqeyini daha da möhkəmləndirmişdir.
Manatın paritet qiymətlərdə adambaşına
düşən ÜDM həcmi 10 min ABŞ dollarını
ötmüş, respublikamız bu göstəriciyə görə
dünyanın 100-dən çox ölkəsini geridə
qoymuşdur. Bununla yanaşı, 2012-ci ilin əvvəlindən
ölkənin strateji valyuta ehtiyatlarının 5 milyard dollar
artması da kifayət qədər ümidverici göstəricidir.
Hökumət ilin sonunadək ölkənin strateji valyuta
ehtiyatlarının həcminin 50 milyard dolları ötəcəyini
proqnozlaşdırır. Hazırda strateji valyuta ehtiyatları
ÜDM-in 70 faizini təşkil edir və bu göstərici
üzrə respublikamız dünyada ilk onbeşlikdədir.
Respublikanın dövlət borcu ümumi daxili məhsulun cəmi
8 faizini təşkil edir, valyuta ehtiyatları xarici dövlət
borcunu 9 dəfə üstələyir. Hesabat dövründə
valyuta ehtiyatlarının idarə edilməsindən əldə
olunan gəlirlər yarım milyard dolları
ötmüşdür. Prezident İlham Əliyevin
tapşırığı əsasında ölkənin
qızıl valyuta ehtiyatlarının coğrafi şaxələndirilməsinə
başlanmışdır. Burada əsas məqsəd valyuta
ehtiyatlarının idarə olunmasının səmərəliliyinin
daha da artırılmasıdır.
Qeyri-neft sektorunun davamı və dinamik
inkişafı ölkədə işsizlik probleminin həllinə
də ciddi təkan vermişdir. Hazırda Azərbaycanda əhalinin
məşğulluq səviyyəsi 95 faiz təşkil edir. Təkcə
2012-ci ilin 9 ayında respublikada 94 min yeni iş yeri
açılması da hökumətin siyasətinin səmərəliliyini
göstərir. Hazırda respublikada iqtisadi fəal əhalinin
sayı 4 milyon 634 min nəfərdən çoxdur. Onların
da 4 milyon 388 min nəfərini məşğul əhali təşkil
edir. 250 minə yaxın vətəndaş işsiz
sayılır və bu da iqtisadi fəal əhalinin cəmi 5,4
faizi deməkdir. Ümumilikdə, Qərb ölkələri ilə
müqayisədə Azərbaycanın əmək
bazarındakı mövcud vəziyyəti qənaətbəxşdir.
Son illər respublikada yeni iş yerlərinin yaradılması
istiqamətində həyata keçirilən ardıcıl tədbirlər
nəticəsində işsizliyin və yoxsulluğun səviyyəsi
nəzərəçarpacaq dərəcədə
aşağı düşmüşdür. Əgər ötən
əsrin 90-cı illərində Azərbaycanda işsizliyin səviyyəsi
təxminən 20, 2003-cü ildə isə 10,6 faiz təşkil
edirdisə, hazırda bu göstəricinin 5,4 faizə
düşməsi kifayət qədər normal göstəricidir.
Bu baxımdan Azərbaycan MDB ölkələri arasında ən
yaxşı göstəriciyə malikdir.
Bir zamanlar iş axtarmaq üçün
Rusiya və digər MDB ölkələrinə üz tutan Azərbaycan
vətəndaşları son illər geri qayıdırlar. Nəinki
MDB-dən, ümumilikdə dünyanın bir çox ölkələrindən
işaxtaranlar iqtisadi baxımdan cəlbedici məkan kimi
respublikamıza üz tuturlar. Bu, ilk növbədə,
respublikamızda yüksək gəlirli iş yerlərinin
sayının çoxluğu ilə izah olunmalıdır. MDB
Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan
hazırda orta aylıq əməkhaqqının səviyyəsinə
görə yalnız Rusiya və Qazaxıstandan geri qalır.
Prezident İlham Əliyev Nazirlər
Kabinetinin axırıncı iclasında ölkədə orta
aylıq əməkhaqqının və pensiyaların yüksək
olduğunu bildirmişdir: "Orta aylıq əmək-
haqqı, orta aylıq pensiya artıb və MDB məkanında
bu göstərici ən yüksək göstəricilər
arasındadır. Müqayisə aparmaq üçün daha
çox dollarla hesablanır. Belə ki Azərbaycanda orta
maaş 500 dollara bərabərdir, orta pensiya 190 dollara bərabərdir.
Artım sürətlidir, ancaq bu, bizi qane edə bilməz.
Baxmayaraq ki, müqayisə aparmaq və uğurlarla
öyünmək üçün imkan var, hesab edirəm ki, gələcək
illərdə bu sahədə daha da böyük uğurlar əldə
ediləcəkdir. Bu, davamlı bir prosesdir, pensiyalar, əməkhaqları
ildən-ilə qaldırılır. Hazırda Azərbaycanda
pensiyalar əməkhaqlarının 40 faizini təşkil edir
ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin
kriteriyaları səviyyəsindədir".
Hesabat dövründə sosial məsələlərin
də xüsusi diqqət mərkəzində olması
respublikamızın sosialyönümlü iqtisadi siyasətinin
mahiyyətindən irəli gəlmişdir. Bu ilin iyun ayından
vətəndaşların SSRİ dövründən
qalmış əmanətlərin qaytarılmasına
başlanılmış, 871 min əmanətçiyə nəzərdə
tutulan vəsaitin artıq 30 faizi, təxminən 370 milyon manat
ödənilmişdir. Bundan başqa, qeyd olunan müddətdə
əhalinin real pul gəlirləri 12 faiz artmış, 2008-ci
ildən bəri isə bu artım 2 dəfə olmuşdur. Əhalinin
real pul gəlirlərinin inflyasiyanı 7 faiz üstələməsi
də vətəndaşların sosial rifah halının
yaxşılaşdığını göstərir.
Dünya Bankının məlumatına
görə, milli gəlirin ədalətli bölgüsünə
görə Azərbaycan 110 inkişaf edən ölkəni
geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini
göstərir. Bankın hesabatına görə, Azərbaycan
dünyanın 153 ölkəsi arasında ən
aşağı yoxsulluğa malik 20 ölkədən biridir.
Şəffaflığa
xidmət edən islahatlar
Hesabat dövründə hökumət
şəffaflıq və hesabatlılığa xidmət edən
tədbirləri də uğurla davam etdirmişdir. Konkret olaraq
"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci
illər üçün Milli Fəaliyyət
Planı"nın konkret olaraq 12-ci maddəsində
sahibkarlıq sahəsində mühitin liberallaşdırılmasına
xidmət edən tədbirlər əksini tapmışdır.
Həmin maddədə sahibkarların dövlət orqanları
ilə münasibətlərində
qarşılaşdıqları problemlərin öyrənilməsi
və onların həlli üçün tədbirlərin
müəyyənləşdirilməsi, sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf
etdirilməsi, o cümlədən reyestrə informasiya
ötürülməsinin avtomatlaşdırılması,
sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların
qəbul edilməsi üçün elektron portalın və
telefon xidmətinin təkmilləşdirilməsi, qanunsuz
yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi,
keçirilməsi və nəticələrinə əsasən
tədbirlər görülməsi sahəsində
yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin
müəyyənləşdirilməsi üzrə təkliflərin
hazırlanması və s. nəzərdə tutulmuşdur.
Dünya təcrübəsində vergilərdən
yayınmanın qarşısının alınması, şəffaflıq
və hesabatlılığın vacib amili kimi nəzərdən
keçirilən nağdsız ödənişlərin həcminin
genişləndirilməsi üçün maarifləndirmə
və təbliğat vasitələrindən əlavə
inzibati metodlardan da istifadəyə çox rast gəlinir.
Nazirlər Kabinetinin oktyabrın 4-də təsdiq etdiyi "Azərbaycan
ərazisində POS-terminalların quraşdırılması,
istifadəsi və tətbiqi Qaydaları"nda ölkədə
POS-terminalların quraşdırılması prosesinin 2015-ci
ilin sonunadək başa çatdırılması nəzərdə
tutulur. Qaydalara edilmiş əlavələrə görə,
Bakıda, Gəncədə və Sumqayıtda bu proses 2012-ci
ildə, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran,
Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz,
Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir,
Tovuz, Salyan, Sabirabad rayonlarında və şəhərlərində
(kənd və qəsəbələr istisna olmaqla) 2013-cü
ildə, digər rayon mərkəzlərində (kənd və
qəsəbələr istisna olmaqla) 2014-cü ildə başa
çatdırılmalıdır. Ölkənin bütün kənd
və qəsəbələrində POS-terminallar 2015-ci ilin sonunadək
quraşdırılmalıdır. Oktyabrın 1-dək Vergilər
Nazirliyində qeydiyyatda olan POS-terminalların sayı 33744
olmuşdur ki, onlardan 30669-u Bakı şəhərinin, 3075 isə
ərazi vergilər idarələrinin payına
düşür.
Şübhəsiz, qeyri-nağd ödəniş
sisteminin geniş yayılması Azərbaycanda maliyyə-bank
sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə
şəffaf maliyyə mexanizmlərinin tətbiqi, vergi
bazasının genişlənməsi baxımından vacibdir.
Yəni, hər bir vətəndaş plastik kartlar vasitəsilə
artıq ödəniş etmək (xüsusən də,
rüsum və məcburi ödənişlər zamanı)
riskindən xilas olur. Nəticədə korrupsiya və
rüşvətxorluğa zəmin yaradan hallar aradan qalxır,
ən müxtəlif ticarət və iaşə obyektlərində
vergidən yayınmaların qarşısı alınır,
büdcəyə daxilolmalar artır. Nəticədə
iqtisadiyyat, büdcədən maliyyələşən təşkilatlarda
çalışan vətəndaşların sosial rifah
halı güclənir.
Müqayisə üçün bildirək
ki, Avropanın inkişaf etmiş dövlətləri
nağdsız dövriyyənin genişləndirilməsi
üçün nağd hesablaşmalara qanunverici qaydada məhdudiyyətlər
tətbiq etmişlər. Bu qaydaların gözlənilməsi
üçün maliyyə sanksiyalarından istifadə
edilmiş, eyni zamanda, prosesin stimullaşdırılması
üçün ən müxtəlif tədbirlər həyata
keçirilmişdir.
Nağd ödənişlərin yuxarı
həddi üçün limitin tətbiqi təcrübəsindən
təkcə yüksək gəlirli deyil, inkişaf etməkdə
olan ölkələr də bəhrələnirlər. Məsələn, Qazaxıstan qanunvericiliyinə
görə, hüquqi şəxslər arasında bir əqd
üzrə nağd qaydada aparılan hesablaşmanın məbləğinin
yuxarı həddi 26 min ABŞ dolları (3,9 mln tənqə) həcmində
müəyyən olunmuşdur. Bundan yuxarı hesablaşmalar
isə yalnız nağdsız qaydada aparıla bilər.
Hüquqi şəxsin bir əqd üzrə nağd qaydada
apardığı ödənişin məbləği bu həddən
artıq olduqda, ona ödənişin 5 faizi həcmində cərimə
tətbiq olunur. Rusiya Federasiyası qanunvericiliyinə əsasən,
hüquqi və fiziki şəxslərin bir müqavilə
üzrə nağd qaydada apardıqları
hesablaşmaların maksimal məbləği 3,4 min ABŞ
dolları (100,0 min rubl) təşkil etməlidir. Bundan
artıq məbləğdə nağd hesablaşma
aparıldıqda, vəsaiti ödəyənə qarşı
1,3-1,7 min ABŞ dolları məbləğində cərimə
tətbiq olunur. Belarus Respublikasında təsərrüfat
subyektləri arasında nağd qaydada aparılan
hesablaşmaların maksimal məbləği 1,7 min ABŞ
dolları təşkil edir. Avropa ölkələrindən
Bolqarıstanda nağd qaydada aparılan ödənişlərin
maksimal məbləği 3,3 min ABŞ dollarına bərabərdir.
Bu baxımdan, ölkədə
nağdsız ödənişlərin həcminin əhəmiyyətli
dərəcədə artırılması üçün
maarifləndirmə tədbirləri ilə yanaşı,
qanunvericilikdə nağd ödənişlər
üçün müəyyən limitin müəyyənləşdirilməsi
də zəruri sayılır. Nağdsız ödəniş
sisteminin inkişafı baxımından elektron ticarətin
vacibliyi də xüsusi vurğulanmalıdır. Ekspertlərin
hesablamalarına görə, hazırda Azərbaycanda
aparılan ticarət əməliyyatlarının cəmi 3
faizə qədəri elektron şəkildə həyata
keçirilir. Amerika Birləşmiş Ştatlarında bu rəqəm
75 faiz, Avropa ölkələrində isə 60 faizdir.
Nazirlər Kabinetinin 2012-ci ilin 9
ayının sosial-iqtisadi yekunlarına və qarşıda
duran vəzifələrin müzakirəsinə həsr
olunmuş iclası göstərmişdir ki, respublikamız
Avropa ölkələrində qlobal böhranın təsirlərinin
hələ də qabarıq duyulduğu bir şəraitdə
sürətli sosial-iqtisadi inkişafını qoruyub
saxlayır, böyük infrastruktur layihələri, regional
proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində
sözünü deyir. Cəmiyyətin bütün sahələrində
dirçəliş, intibah meyilləri sosial-mədəni
sferada da özünü qabarıq şəkildə büruzə
verir. Ən başlıcası isə Azərbaycan cəmiyyətinin
bütövlüyü və monolitliyi təmin olunmuş,
insanlarda gələcəyə nikbin baxış
formalaşmışdır.
Müşfiq
ATAKİŞİYEV,
iqtisad elmləri
doktoru,
professor
Azərbaycan.-2012.-
2 noyabr.- S.7.