Xam torpaq gülüstana çevrilib

 

 Bərdə ərazisində salınan qəsəbə bütün sosial infrastruktura malikdir

 

 Doğma yurd yerləri Ermənistanın təcavüzü nəticəsində işğal edilən   məcburi köçkünlərin  məskunlaşması və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi  tədbirlərdən birivacibi  çadır düşərgələrinin ləğvi idi. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bütün çadır düşərgələri ləğv edilərək hər cür infrastruktura malik yeni  qəsəbələrin salınması adıçəkilən problemin həllində vacib amillərdəndir.

Belə qəsəbələrdən biri də Bərdə rayonunun Təhlə kəndi yaxınlığındakı  Xam torpaq adlı ərazidə salındı. 195 evdən ibarət qəsəbə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na  dövlət başçısının 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən salınıb.  Yeni qəsəbənin oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günü açılışı olub. Açılış mərasimində Baş nazirin müavini, Qaçqınların və  Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin adından tam təmirli, mebel və digər məişət avadanlığı ilə təmin olunan dördotaqlı evin açarlarını laçınlı  məcburi köçkün Əli Hümbətova təqdim edib. Məhz həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağdam, Laçın və Kəlbəcərdən olan 16 nəfər müharibə veteranına minik avtomobillərinin hədiyyə olunması heç də təsadüfi deyil.

Yeni yaşayış sahəsinə Bərdə rayonu ərazisindəki Fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195 ailə və ya 831 nəfər məcburi köçkün evlə təmin edilib. Həmin ailələrdən 129-u Laçın, 46-sı Ağdam, 20-si  isə Kəlbəcərdəndir. 134 hektar ərazidə salınan qəsəbədə tikilmiş evlərdən  10-u dörd, 72-si üç, 98-i iki, 15-i isə birotaqlıdır. Məcburi köçkünlərin ixtiyarına verilən  yeni qəsəbə də bütün sosial infrastruktura  malikdir. 198 yerlik orta məktəb, uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, feldşer-mama məntəqəsi və poçtla təmin edilən qəsəbənin tikintisinə cari ilin may ayında başlanıb, sentyabrda isə istifadəyə verilib. Dövlət Neft Fondundan ayrılan 21,304 milyon manat vəsaitlə salınan yaşayış sahəsinin açılış mərasimində verilən məlumata əsasən, son bir neçə ildə məcburi köçkünlər üçün müasir tipli, hər cür şəraitlə təmin edilən 71 yeni qəsəbə salınıb ki, onlarda da 120 min nəfər məskunlaşıb. Bu ilin sonuna kimi istifadəyə veriləcək daha 5 yeni qəsəbəyə isə 20 min nəfər məcburi köçkünün köçürülməsi nəzərdə tutulub.

Məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması növbəti illərdə də həyata keçiriləcək. Torpaqlarımızın işğalçılardan azad edilməsinədək davam edəcək proses "Qayıdış Proqramı" ilə sona çatacaq.

Sakinlərini qəbul edən yeni qəsəbə elektrik enerjisi,  içməli və texniki su ilə təmin edilib. Pay torpaqlarının və  hər ailəyə məxsus həyətyanı sahələrin suvarılması üçün 7 kilometrə yaxın  supaylayıcı (o cümlədən 3 km-lik beton üzlüklü) kanal, 31 ədəd isə supaylayıcı qurğu quraşdırılıb. Qəsəbənin  maye qaz təminatı üçün  20 kilometrə yaxın xətt çəkilib. Burada 3 hektara qədər sahə yaşıllaşdırılıb.

Bir sözlə, xam torpaqda gülüstan yaratmaq üçün burada fəhlə və ustaları  əsasən məcburi köçkünlərdən ibarət olan  6 tikinti-quraşdırma  şirkəti nə lazımdırsa edib. İllərdən bəri Bərdənin Təhlə kəndi ərazisində qeyri-yaşayış məntəqələrində, yol kənarında, inzibati bina və digər yerlərdə müvəqqəti məskunlaşmış insanların  yeni qəsəbəyə köçürülməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sabaha olan ümid və inamlarının daha da artması  deməkdir. Onlar əmindirlər ki, tezliklə doğma yurdları işğaldan azad olunacaq. Bu əminliyi onlarda yaradan isə dövlətimizin  ildən-ilə artan hərbi-siyasi gücü və iqtisadi yüksəlişi, nəinki regionda, inkişaf sürətinə görə Avropa və dünyada nüfuz sahibi olmasıdır. Onlar inanırlar ki, çox da uzaq olmayan yaxın gələcəkdə doğma yurdlara da bir əbədi qayıdış başlayacaq...

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.8.