Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir

 

 Azərbaycanda həyata keçirilən dövlət proqramları sosial problemlərin aradan qaldırılmasına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla həyata keçirilməsi ilə paralellik təşkil edir. Dərindən düşünülmüş sosial siyasət nəticəsində əhalinin rifahının yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı tədbirlər ardıcıllıqla reallaşdırılır.

Bu ilin doqquz ayında da sosial proqramların icrası sahəsində mühüm tədbirlərin həyata keçirilməsi və əhalinin sosial müdafiəsinin yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanılıb. Bu baxımdan Azərbaycanda 2012-ci ilin reallıqları həm də ondan ibarətdir ki, davamlı inkişaf dövlətin sosial siyasətinin də yüksək səviyyədə həyata keçirilməsini təmin edib. Əhalinin sosial rifahının yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən mühüm uğurlar qazanılıb.

Təbii ki, sosial siyasətin dinamik həyata keçirilməsini şərtləndirən amillərdən birini büdcədə sosialyönümlülüyün saxlanılmasıdır. Xatırladaq ki, bu il dövlət büdcəsində sosialyönümlü xərclərin çəkisi 2011-ci illə müqayisədə çoxdur. Konkret ifadə etsək, sosialyönümlü xərclər üçün dövlət büdcəsində 4 milyard 713 milyon manat vəsait nəzərdə tutulmuşdu. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa müvafiq olaraq bu vəsaitin ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və digər sosial məqsədlər üçün istifadəsi bütövlükdə dövlətin sosial siyasətinin uğurla reallaşmasını təmin edib.

Sosial siyasətin başlıca istiqamətlərindən biri  vətəndaşların sosial təminatıdır. Aztəminatlı əhaliyə verilən ünvanlı sosial yardımlardan  tutmuş əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına qədər bütün sosial təminat tədbirləri mövcud sosial çətinliklərin aradan qaldırılmasına xidmət etməklə yanaşı, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin sosial mahiyyət daşıdığını təsdiq edib. Xüsusilə diqqəti çəkən məqamlardan biri müharibə əlilləri və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin yeni mənzillə təmin olunmaları üçün mənzil tikintisinin getdikcə sürətlənməsidir. Artıq 5 minə yaxın mənzil tikilərək istifadəyə verilib. Cari ilin sonunadək ölkənin müxtəlif bölgələrində ümumilikdə 411 mənzil əlil və şəhid ailələrinə təqdim olunacaq. Yaxın aylarda ayrı-ayrı bölgələrdə 510 mənzildən ibarət binaların inşasına başlanacaq. Bu ondan xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqətindədir.

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar məsələlər də diqqət mərkəzindədir.   Son bir neçə ildə qaçqın və məcburi köçkünlər üçün müasir tipli, hər cür şəraiti olan 71 yeni qəsəbə salınıb, 120 minə yaxın məcburi köçkün həmin qəsəbələrdə məskunlaşıb. Əvvəllər çadırlarda, yük vaqonlarında, yataqxanalarda dözülməz şəraitdə məskunlaşan məcburi köçkünlər yeni qəsəbələrdə, çoxmərtəbəli binalarda geniş mənzillərlə təmin olunublar. Ən əsası Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsinin 2001-ci ildən başlayan ləğvi prosesi 2007-ci ilin sonunda başa çatdırılıb.

Son olaraq oktyabrın 18-də Bərdə rayonunun ərazisindəki Fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195 məcburi köçkün ailəsi üçün rayonun Xam torpaq adlanan ərazisində salınmış yeni qəsəbənin açılışı olub. Yeni qəsəbə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş əlavənin müvafiq bəndinə əsasən tikilib. Burada məskunlaşacaq ailələrdən 129-u Laçın, 46-sı Ağdam, 20-si Kəlbəcər rayonlarındandır. 195 evdən 15-i bir, 98-i iki, 72-si üç, 10-u isə dördotaqlıdır. Qəsəbənin ərazisində 198 yerlik məktəb, 25 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, feldşer-mama məntəqəsi poçt binası da inşa olunub.

Xatırladaq ki, yeni qəsəbənin istifadəyə verilməsi çərçivəsində əhalinin sosial təminatının digər göstəricisi kimi Laçın, Kəlbəcər Ağdam rayonlarından məcburi köçkün olan 16 nəfər müharibə əlilinə "NAZ Lifan" markalı yeni minik avtomobilləri təqdim olunub. Onlardan 13 nəfəri hazırda 97-100 yaşlarında olan Böyük Vətən müharibəsi əlilləri, 3 nəfəri isə Qarabağ əlilləridir.

Cari ilin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək. Bu qəsəbələrdə 20 min məcburi köçkün məskunlaşacaq. Məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisi növbəti illərdə davam etdiriləcək. Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə "məskunlaşdırma prosesi" "qayıdış proqramı" ilə əvəz olunacaq.

Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı ölkə əhalisinin hər bir üzvü kimi qaçqın məcburi köçkünlərin həyatında da real şəkildə öz əksini tapır. Ölkəmizin qüdrəti, ona rəhbərlik edən liderin qətiyyəti həyata keçirdiyi siyasət isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacağını əminliklə söyləməyə əsas verir. Elə məcburi köçkünlər tezliklə ata-baba torpaqlarına qayıdacaqlarına əmindirlər. Doğma yurdlarına qovuşduqdan sonra da bu insanlar dövlətin, onun başçısının dəstəyini hər zaman öz üzərlərində hiss edəcəklərini yaxşı bilirlər.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.8.