Bolluq, bərəkət mənbəyi

 

 Hər dəfə Tovuzun adı çəkiləndə onu tanıyanların gözü önünə əsrarəngiz gözəlliklər - göz işlədikcə yamyaşıl çöllər, rahat yollar, güngörməz dərələrin, başı qarlı dağların arası ilə uzanan məxməri vadilər, yamyaşıl meşələr, şırhaşır axan çaylar gəlir. Bütün bunlar gözəldir, ürəkaçandır. Amma bu yerlərin ən böyük sərvəti ulu öndər Heydər Əliyevin dediyi kimi: "Tovuzun gözəl təbiəti, qiymətli sərvəti vardır. Bu qiymətli sərvət onun əməksevər adamlarıdır". Həmin əməksevər adamlar Tovuzu aybaay, ilbəil gözəlləşdirir, ucaldır, tanınmaz edirlər.

Bu barədə cari ilin doqquz ayının yekunları müzakirə olunarkən geniş söhbət açıldı. Əvvəlcə icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun məruzəsi dinlənildi. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn tövsiyə və tapşırıqlara uyğun olaraq rayonda görülən işlər ətraflı təhlil edildi, sonra çıxışlar oldu.

Yekdilliklə qeyd edildi ki, Tovuzda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edildi. Cari ilin ötən doqquz ayı ərzində 5,2 milyon manatlıq sənaye, 154 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalı strateji əhəmiyyətli olduğu üçün dövlət başçısı ölkənin tələbatının daxili məhsul hesabına ödənilməsini bir vəzifə kimi irəli sürmüşdür. Tovuzlular bu sahədə sistemli surətdə işlər görürlər. Doqquz ay ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının istehsalının həcmi 8,3 faiz artmışdır.

Bu yerlərin taxılı da çoxdur, ikinci çörək sayılan kartofu da. Arada üzümçülük bir növ, unudulmuşdu. "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq rayonda təsərrüfatın bu mühüm sahəsinə xüsusi diqqət yetirilir. Qısa müddət ərzində yeni salınan bağların sahəsi 600 hektara çatmışdır. Digər məhsulların istehsalı da daim diqqət mərkəzindədir. Məhsul boldur. Ona görə də üzüm və meyvə məhsullarının saxlanılması üçün rayonda ümumi tutumu dörd min tona yaxın iki soyuducu kamera istifadəyə verilmişdir. Daha iki kameranın və qarışıq yem dəyirmanının inşası davam edir. Bütün bunlar il ərzində bölgə əhalisini təzə halda üzüm, meyvə və digər məhsullarla təmin etməyə imkan yaradır.

Tovuz həm də tarixən maldarlıq məskənidir. Hazırda burada 94 min baş mal-qara bəslənilir. Keçən ilin müvafiq dövründəkinə nisbətən qoyun quzuların sayı 16,4 faiz artmışdır. Ötən doqquz ay ərzində beş min ton ət, 26 min ton süd, on bir milyon ədəd yumurta, 327 ton yun istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən xeyli çoxdur.

Maldarlığın inkişafı ilə əlaqədar olaraq rayonda emal müəssisələrinin inşasına xüsusi diqqət yetirilir. Keçən il dövlət başçısı İlham Əliyevin iştirakı ilə Bozalqanlı kəndində müasir süd emalı zavodunun açılışı olmuşdur. Bu, qərb bölgəsi üçün çox dəyərli müəssisədir. Zavodda qatıq, kəsmik, ayran, dovğa, xama pendir istehsal edilir. Hazırda müəssisənin emal gücü sutkada 20 tondur. Yaxın vaxtlarda isə istehsalın iki dəfə artırılması nəzərdə tutulmuşdur.

Sahibkarlıq inkişaf etdikcə rayonda əhalinin qazancı artır, güzəran daha da yaxşılaşır. Toplantıda belə bir fakt səsləndi. Cari ilin doqquz ayı ərzində yerli gəlirlər üzrə büdcəyə 6,7 milyon manata qarşı 8,6 milyon vəsait daxil olmuş, proqnoz tapşırığı 127,3 faiz ödənilmişdir.

Özəl bölmənin, xüsusən, kənd təsərrüfatının daha sürətli inkişafı üçün rayonda hər cür şərait yaradılır. Aqrolizinqin imkanları getdikcə artır. Torpaqların su ilə təmin edilməsi üçün hərəsi 2500 kubmetrlik iki  anbarın inşası başa çatdırılıb, Tovuz çayı üzərində iri su anbarının tikintisi isə davam edir.

İqtisadiyyat inkişaf etdikcə əhalinin güzəranı daha da yaxşılaşır abadlıq-quruculuq işlərinin miqyası genişlənir. Heydər Əliyev prospektində, Musa Musayev, Səməd Vurğun küçələrindəki, habelə Qovlardakı doqquz ədəd yöndəmsiz obyekt götürülərək müasir tələblərə uyğun binaların inşasına başlanılmış, 35 obyektin fasadı yenidən qurulmuşdur. "Semzavod qəsəbəsi" adlanan ərazidə yerləşən heç bir kommunal şəraiti olmayan zirzəmilərdə yaşayan ailələrin yeni evlərlə təmin edilməsi məqsədilə 50 35 mənzilli beşmərtəbəli iki binanın inşasına başlanılmışdır.

Həyatın hər sahəsində, xüsusən, sosial problemlərin həllində xeyli işlər görülüb. Tovuzçay su anbarının inşasında işlər başa çatmaq üzrədir. Tovuz-Böyük Qışlaq-Qaralar yolu istifadəyə verilib. Əvvəllər Gəncə-Qazax yolu Tovuz şəhərinin ortasından keçir, müəyyən narahatlıq, gərginlik yaradırdı. Bu problem artıq həll olunub. Şəhərin kənarında dolama yol çəkilib, nəhəng körpü salınıb.

Hazırda Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolu yenidən qurulur. Ən əsası budur ki, şəhərdə su kanalizasiya sistemləri təzələnir. İl ərzində rayonun mərkəzindəki bir çox neçə-neçə küçələrə asfalt salınıb, qəsəbə kəndlərdə yollar çəkilib.

Rayonda səhiyyə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Keçən il səksən çarpayılıq xəstəxana binası istifadəyə verilib. İndi isə tibbi diaqnostika mərkəzi tikilir.

Yeni dərs ili ərəfəsində N.Tusi adına 1175, E.Məmmədov adına 360 yerlik Tovuz şəhər məktəbləri, Qazqulu, Meşədivəllər, Səfərli, Qovlar kənd məktəbləri üçün yeni binalar istifadəyə verilmişdir. Hazırda Bayramlı Papaqçılar kəndlərində təzə binaların inşası davam edir.

Bu günlərdə Tovuz çayının sahilində salınmış on hektarlıq mədəniyyət istirahət parkında dövlət müstəqilliyi günü münasibətilə kütləvi tədbir keçirilirdi. Əhalinin əhvalı, tədbirin xoş ovqatı, cənnətməkan parkın əvəzsiz gözəlliyi bir  daha göstərdi ki, qədim Tovuz torpağı əsl tərəqqi günləri yaşayır, gözəlliklər diyarı, bolluq bərəkət məskəni daha böyük uğurlara can  atır.

Kütləvi tədbirdə söhbət etdiyim Bəhram Pənahov dedi ki, bütün bu qayğı və köməyə görə tovuzlular birmənalı şəkildə Prezident İlham Əliyevin daxili və xarici siyasət xəttini ürəkdən bəyənir və dəstəkləyirik. Dövlət başçısının müəyyən etdiyi inkişaf hədəflərinə nail olunması üçün səylərimizi daha da artıracaq, əməli fəaliyyətimizlə Prezidentə həmişə sadiq olduğumuzu nümayiş etdirəcək və qarşıya qoyulan bütün vəzifələri şərəflə yerinə yetirəcəyik.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.9.