Düzgün seçilən yolun uğurları

 

 Son aylarını yaşadığımız 2012-ci il Ağcabədi rayonunun sosial-iqtisadi  həyatında mühüm inkişaf mərhələsinə çevrilməkdədir. Son illər dinamik inkişaf yolunda böyük uğurlara imza atan ağcabədililər regionların yüksəlişində nail olduqları öncül mövqeyi əzmlə qoruyub saxlayırlar. Hələ başa çatmayan cari ilin nailiyyətləri daha fərəhli, daha sevindiricidir. İlin əvvəlindən indiyədək rayonda 1114-ü daimi olmaqla 2.187 yeni yerinin açılması, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan vəzifələrin icrasına sanballı töhfədir.

Ötən dövr ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 204.5 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 14.2 milyon manat çoxdur. Kənd təsərrüfatında, sənayedə, tikintidə, nəqliyyatda rabitə və ticarətdə diqqət çəkən göstəricilər qazanılmışdır. Dövlətin davamlı qayğısı, ildən-ilə güclənən dəstəyi rayonda taxılçılığın sürətli inkişafını təmin edən əsas şərtdir. Bu il rayonun təsərrüfatlarında 70 min tona yaxın buğda istehsal olunmuşdur. Nəzərə alsaq ki, bu, keçən ildəkindən 21.7 min ton çoxdur, onda qazanılan nailiyyətin mahiyyəti daha da aydınlaşar. Respublika Prezidenti İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə iri taxılçılıq təsərrüfatları yaratmaq barədə verdiyi tapşırıqların icrasına Ağcabədidə son dərəcə məsuliyyətlə və eyni zamanda yaradıcılıqla yanaşırlar. Rayon rəhbərliyinin əlaqədar mərkəzi icra orqanları ilə birgə səmərəli fəaliyyəti sayəsində aydın məqsədə doğru inamlı addımlar atılmışdır. Qısa müddət ərzində rayonda 3.300 hektar dövlət fond torpağının təyinatı dəyişdirilərək özəl pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Həmin ərazidə əvvəllər icarə müqaviləsi əsasında fəaliyyət göstərmiş 69 nəfər torpaq istifadəçisinə kompensasiya şəklində 1.252 min manat vəsait ödənilmişdir. Yeni pilot təsərrüfatında 250-dən çox yeni yeri açılacaqdır. Dövlətin hər cür qayğı və diqqəti ilə əhatə olunan yeni taxılçılıq təsərrüfatı öz fəaliyyəti dövründə ilk səpin kampaniyasına son hazırlıq işlərini davam etdirir. Gələn ilin məhsul bolluğuna etibarlı bünövrə qoymaq üçün keyfiyyətli toxumdan istifadə olunacaq, aqrotexniki tələblərə ciddi əməl ediləcəkdir. Əhalini narahat edən sosial problemləri aradan qaldırmaq, adamların dolanışığını, həyat səviyyəsini daha da yaxşılaşdırmaq üçün rayon rəhbərliyi zəruri tədbirlər görür.

Carı ilin  ötən dövrü ərzində əhalinin bu sahədəki ehtiyaclarını ödəmək üçün təqdirəlayiq işlər görülmüşdür. Bu il Yuxarı Qiyaməddinli, Mirzəhaqverdili, Avşar, Köyük və Mehrablı kəndlərinin hər birində bir ədəd içməli artezian quyusu qazılmışdır. AranArazbar kəndlərində isə yeni artezian quyusunun qazılması davam etdirilir. Yaxın günlərdə daha iki artezian quyusunun qazılmasına başlanacaqdır. Hindarx qəsəbəsində qazılıb istifadəyə verilən yeni artezian quyusu min nəfərin içməli suya olan ehtiyacını dolğun şəkildə ödəyəcəkdir.

Son yeddi ildə rayon ərazisində 150 ədəd subartezian quyusunun qazılıb istismara verilməsini bölgə əhalisi dövlətin böyük qayğısı kimi minnətdarlıqla qarşılayır. Təkcə bu il 20 subartezian quyusu qazılmışdır. İlin sonunadək daha 3 quyunun qazılacağı realdır.

Sosialyönümlü layihələrin icrasına artan diqqət rayonun yaşayış məntəqələrinin sürətlə qazlaşdırılmasında özünü daha qabarıq göstərir. Bu il rayonun Minaxorlu, Kürdlər və Sarvanlar kəndlərinə təbii qaz verilmişdir. Təbii qazdan istifadə edən abonentlərin sayı artıq 12 minə çatır. Hazırda Salmanbəyli, Xocavənd, Şənlik və Aşağı Avşar kəndlərinə daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilişi davam etdirilir.

Ölkənin böyük iqtisadi potensiala malik rayonlarından olan Ağcabədi son illər dinamik sosial-iqtisadi inkişaf yolunda böyük uğurlara imza atır. Rayon mərkəzi də, kəndlər də sürətlə dəyişib gözəlləşir. Şəhərdə əhalinin sevimli istirahət yerinə çevrilən zümrüd libaslı parkxiyabanlar, yaşıl donlu, gül-çiçəkli abad küçələr bu payız günlərində baharı xatırladır. Dəyişən, yeniləşən təkcə şəhər və kəndlərin siması deyildir. Son illər bu bölgədə adamların düşüncəsi, həyata baxışı, dünyagörüşü də əsaslı şəkildə dəyişib, günümüzün real mənzərəsinə, bizi əhatə edən ətraf mühitin müsbət təsirlərinə uyğun bir şəkildə formalaşıb yeni məna və məzmun kəsb etmişdir. İndi adamlar bütöv şəhərə öz evləri, öz həyətləri kimi baxırlar. Bir yaşıl budağa qıyan  küçəyə siqaret kötüyü atan hər kəs ictimai qınağın hədəfinə çevrilir.

Son illər aqrar sahədə qazanılan böyük nailiyyətlər, taxıl, pambıq, meyvə-tərəvəz, ət, süds. kənd təsərrüfatı məhsulları istehsalının dəfələrlə artırılmasını göstərən rəqəmlər danılmaz faktlardır, Ərzaq Təhlükəsizliyi Dövlət Proqramına verilən sanballı töhfələrdir. Rayonun iqtisadi, ictimai, mədəni həyatı ilə yaxından tanışlıqdan sonra bütün sahələrdə qazanılan nailiyyətləri şərtləndirən amillər bir daha aydınlaşır. Dövlətin cəbhə bölgəsində yerləşən bu rayonun inkişafına yönələn davamlı, yetərli qayğısı və bu qayğıdan güc alıb ürəyinin odunu, əllərinin hərarətini doğma yurdu cənnətə döndərmək uğrunda mübarizəyə sərf etmək istəyən hər bir Ağcabədi sakininin əsl vətəndaş mövqeyi, yenilməz iradəsi qazanılan böyük uğurların mayasıdır. Seçilən yolun aydınlığı, doğruluğu daha çox ona görə qiymətlidir ki, dövlətimizin artan iqtisadisiyasi qüdrətinə, xalqımızın, vətənimizin işıqlı sabahlarına hesablanıb. Uğrunda çalışdığımız nurlu sabahları isə, əlbəttə, yüksək intellektə malik, vətənini, xalqını sonsuz məhəbbətlə sevən yeni nəsil gətirəcəkdir. Razılıq doğuran haldır ki, Ağcabədidə kənd təsərrüfatı məhsulları istehsalını artırmaqdan, abadlıq-quruculuq işlərini genişləndirməkdən də üstün diqqət, daha böyük önəm məhz hərtərəfli inkişaf etmiş yeni nəsil yetişdirilməsinə verilir. Bu aydın mövqeyin məntiqi nəticəsidir ki, son illər Ağcabədidə təhsil sürətlə inkişaf edir, dövlətin  böyük qayğısı sayəsində onun maddi-texniki bazası ildən-ilə daha da möhkəmlənir. Son 8 ildə rayonda 8280 şagird yerlik 28 yeni məktəb, 3 məktəbdə 19 əlavə sinif otağı tikilməsi, 10 məktəbin əsaslı təmir olunması, eyni zamanda həmin məktəblərin müasir inventar və avadanlıqla təmin edilməsi hər bir rayon sakini tərəfindən minnətdarlıqla qarşılanan dövlət qayğısının, respublika Prezidenti İlham Əliyevin bu bölgəyə xüsusi münasibətinin konkret göstəricisidir. Təkcə bu il M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyi üçün 960, Qaraxanlı və Şərəfxanlı məktəbləri üçün 180, Aran kənd 2 saylı ümumi orta məktəbi və Ağabəyli kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Hazırda Qaravəlli kənd orta məktəbi üçün 480, Qiyaməddinli kənd tam orta məktəbi üçün 260, Təzəkənd kənd tam orta məktəbi üçün 540, Rəncbərlər kənd tam orta məktəbi üçün 480, Aran kənd 1 saylı tam orta məktəbi üçün 220, Bilağan kənd tam orta məktəbi üçün 180, Avşar kənd 3 saylı ümumi orta məktəbi üçün  320, Mehrablı kənd 2 saylı ümumi orta məktəbi üçün 80 şagird yerlik məktəb binalarının tikintisi sürətlə davam etdirilir.

Təhsilin inkişafına göstərilən qayğının məntiqi nəticəsidir ki, rayondan ali məktəblərə qəbul olunan məzunların sayı ildən-ilə artmaqdadır. Cari ildə bu sahədə rekord nəticə  qazanılıb. Rayon üzrə 234 nəfər ali məktəblərə qəbul edilib. Fərəhlidir ki, məzunların 16 nəfəri 500-600 arasında bal toplayıb. 676 balla Bakı Ali Neft Məktəbinə daxil olan Eltun Sadıqov Prezident təqaüdünə layiq görülmüşdür. Tələbə adı qazanan gənclərlə görüşdə 500-dən çox bal toplayan gənclərə Ağcabədi Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Rayonda gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə də xüsusi fikir verilir. Aparılan məqsədyönlü ideoloji işin nəticəsidir ki, gənclərdə hərb peşəsinə maraq artır. Bu il rayondan üç nəfər C.Naxçıvanski adına hərbi liseyə qəbul olunmuşdur. Bu cəbhə bölgəsində gənclərin vətənə, dövlətə məhəbbət, düşmənə nifrət ruhunda tərbiyəsinə böyük önəm  verilir.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.9.