Yüksək səhiyyə xidmətinin
təşkili yaradılan şəraitdən çox
asılıdır
Azərbaycanın sosial-iqtisadi qüdrətinin
ildən-ilə daha da artması bölgələrin hərtərəfli
inkişafını təmin edir. Ölkə Prezidenti İlham
Əliyevin dəfələrlə vurğuladığı
kimi, həyata keçirilən proqram və layihələrin
bütün sferaları əhatə etməsi çox əhəmiyyətli
məsələdir. Bu baxımdan təhsil, mədəniyyət,
səhiyyə və digər sahələrlə bağlı
infrastruktur layihələrin sistemli şəkildə gerçəkləşdirilməsi
də diqqətçəkəndir.
Son dövrlər abadlıq-quruculuq işlərinin
geniş vüsət aldığı Qobustan rayonunda əhaliyə
səhiyyə xidmətinin təşkili ilə maraqlandıq.
Açığını deyək ki, bu sahədə həllini
gözləyən məsələlər çoxdur.
Qobustan Mərkəzi Rayon Xəstəxanasının
baş həkimi Elşən Rəcəbov söhbət
zamanı bildirdi ki, xəstəxana binası çox köhnədir.
Avadanlıqlar müasir olmasa da, çalışırlar ki, əhaliyə
normal tibb xidməti göstərsinlər.
1959-cu ildə inşa edilmiş mərkəzi
rayon xəstəxanasının 3 korpusundan 2-si birmərtəbəli,
1-i ikimərtəbəlidir (xəstəxana 1991-ci ilədək
Şamaxı Mərkəzi Rayon Xəstəxanasının tərkibində
olub). 2005-ci ilin noyabr ayında Fövqəladə Hallar
Nazirliyinin köməyi ilə əsaslı təmir olunan xəstəxananın
dam örtüyü dəyişdirilib, yeni plastik qapı-pəncərələr
qoyulub. Həmin vaxtlar bərk və yumşaq avadanlıq
alınsa da, yetərli olmayıb. Indiyə qədər də
heç bir yeni tibbi avadanlıq alınmayıb - mövcud
olanın hamısı köhnədir.
90 çarpayılıq bu köhnə xəstəxanada
terapiya, cərrahiyyə, uşaq xəstəlikləri,
poliklinika, doğum, infeksion xəstəliklər, təcili və
təxirəsalınmaz yardım şöbəsi fəaliyyət
göstərir. Burada 58 həkim, 138 orta tibb işçisi
çalışır. Kadr
çatışmazlığı yaşayan xəstəxananın
travmatoloqa, cərraha, oftalmoloqa ciddi ehtiyacı var. İşləmək
üçün göndərilən həkimlər müəyyən
müddətdən sonra çıxıb gedirlər. Yerli kadrların
hazırlanması barədə düşünmək də
çıxış yollarından biridir.
Qobustan
Bakı-Şamaxı-Gürcüstan sərhədi avtomobil
magistralının kənarında yerləşdiyinə
görə qəzalar zamanı xəsarət alanlar rayon xəstəxanasına
gətirilir. Bu baxımdan cərrahiyyə və travmatologiya
işini gücləndirmək daha vacib məsələdir.
Kənd təsərrüfatı rayonu
olduğuna görə, Qobustanda infeksion xəstəliklərə
həssaslıq yüksəkdir. Heyvandarlıq sahəsində
çalışanların brüselyoz xəstəliyinə
tutulma ehtimalı çoxdur. Ancaq aparılan maarifçilik
işi və həyata keçirilən qabaqlayıcı tədbirlər
sayəsində bu xəstəlik 2006-2007-ci illərə nisbətən
40 faizə qədər azalıb.
Qobustanda 2 kənd sahə xəstəxanası
(15 çarpayılıq Təklə və 20
çarpayılıq Sündü), 10 həkim məntəqəsi
və 5 tibb məntəqəsi fəaliyyət göstərir.
Dövlət proqramına əsasən daha 3 kənddə -
Çalovda, Poladlıda və Cəmcəmlidə də həkim
məntəqələrinin tikilməsi nəzərdə
tutulub.
Baş həkim E.Rəcəbov bildirdi
ki, rayondakı imtiyazlı xəstələrə, onların
müvafiq dərmanla təmin olunmalarına lazımi diqqət
yetirməyə çalışırlar. 6 talassemiyalı xəstəyə
yardım məqsədilə hər il qanköçürmə
aksiyaları keçirilir.
Onu da qeyd edək ki, "Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nda Qobustan Mərkəzi Rayon Xəstəxanasının
əsaslı təmiri də nəzərdə tutulub. Ancaq mütəxəssislərin
bildirdiyinə görə həddindən artıq köhnə
binanın xeyli vəsait tələb edən təmirindənsə
80 çarpayılıq yeni xəstəxana binasının
tikilməsi daha məqsədəuyğun olardı. Köhnə
binanın şərait imkanları yeni tibb
avadanlıqlarının yerləşdirilməsi və quraşdırılması
baxımından da əlverişli deyil. Rayon icra hakimiyyətindən
aldığımız məlumata görə artıq bu barədə
müvafiq qurumlara müraciət olunub.
Qobustan Gigiyena və Epidemiologiya Mərkəzi
2008-ci ildə inşa edilmiş yeni ikimərtəbəli
binada yerləşir. Mərkəzin direktoru Məlikağa Əhədov
bildirdi ki, hər cür avadanlıq və texnika ilə təmin
olunublar. Burada da həkimlərə ehtiyac var. Ancaq
çalışırlar ki, yaradılmış şəraitin
müqabilində əhaliyə daha yüksək xidmət
göstərsinlər.
Şübhəsiz ki, xidmətin səviyyəsi
yaradılmış şəraitdən də çox
asılıdır. İnanmaq olar ki, Qobustan rayonunda da əhalinin
yüksək səhiyyə xidməti ilə hərtərəfli
təmin olunması üçün gərəkli tədbirlər
həyata keçiriləcək.
Telman Nəzərli
Azərbaycan.-2012.-
2 noyabr.- S.9.