Ceyhun Hacıbəylinin Vətən
xiffəti
Həyatının ən gözəl
çağında - 28 yaşında qürbətə
düşən, 71 baharlı ömrünün 43 ilini vətəndən
uzaqlarda başa vuran Ceyhun Hacıbəyli Azərbaycan mədəniyyətinin
ən parlaq və unudulmaz, eyni zamanda ictimai-siyasi mühitinin də
görkəmli simalarından biridir. Doğrudur,
yaradıcılığı o qədər də ətraflı
tədqiq olunmayıb. İstər mühacirətdən əvvəl,
istərsə də sonrakı illərdə müxtəlif qəzetlərin
səhifələrində dərc edilmiş yazıları, ədəbi
düşüncələri özünün həyatı
kimi iztirablı bir taleyə düçar olub. Həm
Bakıda, həm də Parisdə, Münhendə, eləcə
də Avropanın digər şəhərlərində Ceyhun
Hacıbəylinin işıq üzü görmüş əsərlərini
bir yerə toplayaraq mükəmməl şəkildə
oxuculara çatdırmaq çox vacibdir. Burada bir məsələni
də qeyd edək ki, onun arxivini diplomat Ramiz Abutalıbov
1990-cı ildə Fransadan Bakıya gətirib. Bu qiymətli sərvət
Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinə təhvil verilib. Hazırda həmin arxivdə 20-dən
artıq qovluqda Ceyhun Hacıbəylinin 500-dən çox sənədi
var. Akademik Bəkir Nəbiyev yazırdı: "Bu sənədlərdən
məlum olur ki, Ceyhun Hacıbəyli povest və hekayələr
yazmış, elmi-tədqiqat işi ilə məşğul
olmuşdur. Onun Azərbaycanın tarixi, etnoqrafiyası,
folkloru, ədəbiyyatı və dili sahəsində
maraqlı araşdırmaları, "Hacı Kərimin səhəri"
adlı povesti vardır. Sonuncu əsər Bakıda
çıxan "Kaspi" qəzetində dərc
edilmişdir".
O,
1891-ci ildə Şuşada anadan olub. Dahi bəstəkar Üzeyir
Hacıbəylinin kiçik qardaşıdır. İlk təhsilini
doğma şəhərdəki "Rus-tatar" məktəbində,
davamını isə Bakıda alıb. Milyonçu Murtuza
Muxtarovun vəsaiti ilə Peterburqa gedərək orada
universitetin hüquq fakültəsinə daxil olub. Sonra təhsilini
Parisin Sorbona Universitetində davam etdirib.
Ceyhun Hacıbəyli
yaradıcılığının ilk dövründə qələmini
felyeton janrında sınayıb. Belə bir fakt da var ki, o,
öz felyetonlarını "Daqestanskiy" imzası ilə
çap etdiribmiş. Müntəzəm və mükəmməl
şəkildə mətbuatda dərc olunan Ceyhun Hacıbəyli
sonrakı illərdə mədəniyyət, maarif, din, dil,
xeyriyyəçilik, qaçqınlar mövzularında məqalələr
də yazırdı. Araşdırmalar göstərir ki, onun
yüzlərlə publisistik məqaləsi, hekayəsi dərc
edilib. Uzun illər "Kaspi" qəzetinin ən fəal
müəlliflərindən biri olub. Ceyhun Hacıbəyli həm
də "İttihad" və "Azərbaycan" qəzetlərinin
redaktoru missiyasını da yerinə yetirib.
1919-cu ildə Əlimərdan
bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə
heyətinin tərkibində Versal Sülh Konqresinin işində
iştirak etmək üçün Fransaya getmişdir. 1920-ci
ilin baharında Bakı, bütövlükdə Azərbaycan
rus ordusu tərəfindən işğal edildi. Vətəndə
baş verən faciəli hadisələrlə əlaqədar
olaraq Ceyhun Hacıbəyli məmləkətinə qayıda
bilmədi. Ömrünün sonuna kimi qürbət ellərdə
yaşamalı oldu. "Ceyhun bəy Parisə özü ilə
birgə daim həsrətini çəkdiyi, ömrünün
sonuna qədər xəyallarında yaşatdığı
Qarabağı da gətirmişdir. O, qürbətdə iki həyat
yaşayırdı - bir real Paris həyatını, bir də
xəyallarında qurub-yaratdığı nisgillərdən,
gümanlardan, xatirələrdən ibarət vətən həyatını"
(Bayram Ağayev).
Mühacirət
həyatının son illərini daha da ağır nisgillə
keçirən Ceyhun Hacıbəyli xatirələrində
çox xəfif və kövrək bir şəkildə
ötənlərə boylanaraq yazırdı:
"Doğmalarımdan ayrılmağımın həsrətini
bu qırx il ərzində tez-tez çəkirəm. Ən
çox da yadıma düşən bacılarımdı. Bəzən
də anamın və ortancıl qardaşımın
(Üzeyir bəy nəzərdə tutulur - F.X.) surətləri
bacılarımın surətlərini əvəz edirdi.
Yadımdadı, mən Fransaya gələndə
bacılarım necə acı göz yaşları
tökdülər. Anamın dolu gözləri xəyalımdan
çəkilmir. Mən onları inandırırdım ki, cəmisi
iki aylığa gedirəm. Nə üçün
ağlayırsınız? Amma mən özüm də bilmədən
onları aldatmışam. İndi məmləkətimdən
ayrılmağımın 41 ilini yaşayıram. Onları bir
daha görmədim və heç vaxt da görməyəcəyəm.
Doğmalarım - kişilər və qadınlar bir-birinin
ardınca dünyadan köçürlər. Elə mən
özüm də köçəcəyəm..."
Ceyhun bəy Fransada
yaşayarkən "La Revul du Mond Müsulman", "La
Fiqaro" kimi məxfi orqanlarla əməkdaşlıq
etmiş, müxtəlif jurnallarda çalışmış,
Parisdə fransız dilində nəşr olunan, Qafqaz və
Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan"
jurnalının redaktoru olmuşdur. "Azadlıq"
radiostansiyasının yaradıcılarından sayılan
Ceyhun Hacıbəyli Münhendəki "SSRİ-ni öyrənən
universitetin müxbir üzvü seçilmişdir. 1925-ci ildə
Ceyhun Hacıbəylinin tərcüməsində və onun
rejissorluğu ilə Parisin "Femina" teatrında
Üzeyir Hacıbəylinin "Arşın mal alan"
operettası tamaşaya qoyulmuşdur. Bir alim kimi Ceyhun Hacıbəylinin
maraq dairəsi geniş idi. Avropada yaşamasına baxmayaraq,
fikri Azərbaycan, qibləsi Qarabağ idi. Tarixi mövzularda əsərlər
yazaraq məmləkətini Avropada tanıtmağa
çalışırdı. Ceyhun Hacıbəyli "Babək
və qədim Arran hökuməti", "Bakı və Bərdə
şəhərlərinin tarixi" mövzularında tədqiqatlar
aparmış, Şərqin böyük şairləri Firdovsi
və Şirazinin yaradıcılıqları haqqında
mükəmməl məqalələr yazmışdır.
Ömrünün sonuna kimi əqidə və amalına sadiq
qalan, mübarizəsini davam etdirən Ceyhun Hacıbəylinin ən
böyük arzusu Azərbaycanı müstəqil görmək
idi. O, 1962-ci ildə vətəndən uzaqlarda
dünyasını dəyişmiş, elə Parisdə də
dəfn edilmişdir.
Ceyhun Hacıbəylinin
qiymətli və maraqlı əsərlərindən biri də
"Qarabağın dialekti və folkloru"dur. 1934-cü ildə
Parisdə "Asiya" jurnalında çap edilmiş həmin
əsəri Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı,
filoloq - alim Bayram Ağayev nəşrə hazırlayıb. Əsər
rus dilində yazılmışdır. Hətta Qarabağ
dialekti, folkloru və etnoqrafiyasına dair nümunələr
belə bəzi hallarda tərcümə
edilməmişdir. Bu əsəri bütün Avropa ictimaiyyətinə
təqdim etməkdən ötrü Ceyhun Hacıbəyli onu
sonradan fransız dilində işləmişdir. Əlbəttə,
Azərbaycanı, onun bir parçası olan Qarabağın
etnoqrafiyasını öyrənmək istəyən
avropalılar üçün bu əsər olduqca zəngin məxəzdir.
Adət-ənənələrimiz, xalq ədəbiyyatımız
və dialektlərimizlə əlaqədar elə səciyyəvi,
ümumiləşdirilmiş məlumatlar təqdim olunub ki, həmin
məlumat o vaxtadək nəinki Fransada, Rusiyada, hətta Azərbaycanın
özündə belə bu cür geniş və sistemli şəkildə
araşdırılıb nəşr edilməmişdir.
Əsər 33
bölmədən ibarətdir. Hər bölmənin də
öz adı var. Məlum olur ki, qürbətə düşməzdən
öncə Ceyhun Hacıbəyli rus şərqşünasları
ilə birlikdə tədqiqatlar aparırmış. Xüsusilə
də görkəmli türkoloq M.Samayloviçin məsləhəti
ilə Qarabağın etnoqrafiyasına aid materiallar
toplayırmış. Toplunun "sözönü"ndə
müəllif bildirib: "Qarabağda keçirdiyim günlər
zamanı mən öz tədqiqatlarımı
tamamlayırdım. Lakin müharibənin və sonradan inqilabın
nəticələri mənə öz toplumu sistemləşdirməyə
və bitirməyə mane oldu. Digər tərəfdən dəE
baş vermiş siyasi dəyişikliklər və Fransa səfəri
məni şərqşünaslıq mühitindən
uzaqlaşdırdı". Əslində o, məsafə
baxımından bu muhitdən uzaqlaşmışdı. 43 il
Avropada yaşayan bir türk oğlu anasından eşitdiyi
bayatılardan tutmuş şahidi olduğu hadisələri, adət-ənənələri,
mərasimləri, oxşamaları olduğu kimi qələmə
alıb. Bir qələm sahibinin araşdırmalarında
alqışların, qarğışların,
yalvarışların, laylaların, ağıların, zarafatların,
lətifələrin toplanıb təsnif edilməsi ilk
baxışda bəlkə də sadə təsir
bağışlayar. Bir qədər dərinə getdikdə
açıq-aydın hiss olunur ki, Ceyhun Hacıbəyli
çox halda içində çəkdiyi Qarabağ xiffətinin
ağır dərdlərini soyutmaq üçün el
arasında gəzən, ədəbi dildə səslənməyən
elə ifadələr, sözlər var ki, onları da öz
kitabına salıb. Həqiqətən də Qarabağ
dialekti səslənməsinə görə çox zəngin,
formasına görə isə çox cazibədardır. Bir məsələ
də maraqlıdır ki, Ceyhun Hacıbəyli Azərbaycanda
olan bölgələrin, demək olar ki, hamısının
dialektini çox gözəl bilirmiş. Bir-birindən fərqlənən
əyalətlərdə eyni sözün müxtəlif tərzdə
işlənməsini, ifadə olunmasını ustalıqla qələmə
alıb. Məsələn, nümunə üçün -
"gəlmək" feilini götürək; tələffüz
zamanı bu feil Qarabağda "gəlifdi"; Bakıda
"gəlibdü", Şamaxıda "gəlübdü",
Şəkidə "gəlitdi", Quba-Dərbənddə
"gələtdi" kimi tələffüz olunur.
"Gedibdir" sözü də həmin qaydada tələffüz
edilir.
Əslində,
Ceyhun bəyin çox şeyi var idi. Gözəl ailəsi, cəmiyyətdə
mövqeyi, nüfuzu, yaxşı dostları, həmrəy
olduğu insanlar, Avropanın bütün ölkələrinə
açılan qapısı... Müstəqil
yaşayırdı, azad düşüncə sahibi idi. Amma vətən
həsrəti içini acı qurd kimi yeyirdi. Bu səbəbdən
də Qarabağla əlaqədar yaddaşında olanların
hamısını nöqtəsinə, vergülünə
toxunmadan yadigar qalsın deyə, kağızlara
köçürürdü. O, heç vaxt ağlına gətirə
bilməzdi ki, həsrətini soyutmaq üçün bildiklərinin
hamısını qələmə alması gələcəkdə
həmvətənlərinə də çatacaq, onun nisgili
ürəklərdə alışıb yanacaq. Bayatılarla əlaqədar
bölümdə onun sıraladığı bu el sərvətinin
sarı simi yenə də Qarabağdı. Oxuduqca istər-istəməz
yad məmləkətdə doğma yurdun intizarında qovrulan
vətən oğlunun bu bayatıları qələmə
almaqda məqsədini dərhal anlayırsan. Əslində o,
bayatı çağırırmış. Kimsə onu
başa düşmədiyindən yazmağa
üstünlük verib:
Qarabağda talan var,
Zilfin üzə salan var.
Mən burda çox əyləndim,
Gözü yolda qalan var.
Bu, onun illərlə sinəsində gəzdirdiyi
dərdi idi. Qırx ildən artıq ürəyində
sağalmayan yaraya çevrilmiş vətən dərdi.
Ömrü boyu bu bayatını çağırdı.
Ömrü boyu içindəki ağrını,
acını, çəkilməz dərdlərini Qarabağda
eşitdiyi bayatılarla ovutdu:
Dəryada gəmim qaldı,
Biçmədim, zəmim qaldı.
Fələyin gözündə qalsın
Nejə ki mənim qaldı.
Maraqlıdır ki, şifahi xalq ədəbiyyatı
ilə bağlı topladığı bütün inciləri
ədəbi dildə yox, məhz eşitdiyi kimi - ləhcədə,
xüsusilə də şirin Qarabağ şivəsində qələmə
almağa daha üstünlük verib.
Arazam, Kürə bəndəm,
Bilbiləm, gülə bəndəm.
Qəribəm elkənizdə,
Bir şirin dilə bəndəm.
Ceyhun Hacıbəyli də ayların, illərin
ayrılığını bir bülbül kimi Fransada dilə
gətirirdi. Onun şifahi xalq ədəbiyyatından
topladığı nümunələr arasında qafiyəli
xalq deyimləri əsas yer tutur.
Maraqlıdır ki, müəllif bu deyimlərin əksəriyyətini
Şuşada eşitdiyini bildirib. Məsələn:
"Qaladan gəldim aşsız, bir alma kəsdim
daşsız". Ceyhun bəy xatırladıb ki, Qarabağda
"Qala" sözü deyildikdə xanlar dövründə
Qala olmuş Şuşa şəhəri nəzərdə
tutulur. "Xalq məzhəkələri"
bölümündə isə Ceyhun Hacıbəyli
Şuşada yaranmış ayamaların, ləqəblərin
mənasını açıqlayaraq, el arasında dolanan lətifələrdən
danışıb. Bəzi bəy arvadlarının
ünvanına deyilmiş gülməcələri yada
salıb. Məsələn, "Hasan bəyin arvadı
göydə uçan durnadı", "Hüseyn bəyin
arvadı yoluxmuşca qarğadı".
Ceyhun Hacıbəylinin təqdim etdiyi
beşik nəğmələri də maraqlıdır. İlk
dəfə anasından eşitdiyi bu bədii nümunələri
təqdim edərək həm də mənasını
açıqlayan müəllif sanki özünə təsəlli
vermək istəyir:
Balam gəlir ellərdən,
Başında var tellərdən.
Balamı Allah saxlasın,
Yaman gözdən, dillərdən.
Bu toplunun bütün ovqatında bir
ayrılıq nəğməsi çalınır. Çox
güman ki, elə bu toplunun özü də həsrətin nəticəsidir.
Vətənini, millətini, xalqını ürəkdən
sevən, bu yolda sitəmlərə dözən, yaşayan,
yaradan Ceyhun Hacıbəyli qürbət ağrısından
qovrularaq görün nə deyirdi: "Xalx gül əkdi,
gül dərdi, mən gül əkdim, kül dərdim".
Gülüstanını batıran, könlünü qaraldan
bu rüzgarın hardan əsdiyini, selin hardan gəldiyini bilsə
də, hər bir qəzavü-qədəri, möhnəti fələyin
ünvanına yazırdı. Vətən həsrəti ona elə
güc gəlmişdi ki, hətta Qarabağdakı itlərin
adlarını da yada salırdı: "Alabaş",
"Qarabaş", "Bozdar". "Topuş", "Pələng..."
Bu, folklor nümunələri toplamaqdan çox
yaddaşını silkələmək, onu yoxlamaq deməkdir.
Çünki Ceyhun Hacıbəyli Fransaya gedəndə
özü ilə heç bir əlyazmasını
aparmamışdı. O, rəsmi iş üçün
getmişdi. Bu yazdıqları isə yaddaşından
süzülənlərdir.
Avropa mühitində yaşayan və təbii
ki, avropalı sayılan övladlarına ailə şəcərəsini
öyrədirdi. Ailə üzvləri kimlər sayılır,
qohum kimə deyilir, Qarabağda müraciət formaları necədir.
Hətta bəzi səciyyəvi ifadələri işlədəndə
onun hansı vaxt, nə zaman söylənməsini də
göstərirdi. Məsələn, "ağlına keçə
yamayım" bir şəxsin axmaqlığını bildirmək
üçün işlənir. "Başı
küllü" yoxsul, bəxti gətirməyən bir
adamın bədbəxtliyini bildirmək üçün
deyilir. "Evdə qalıf un çuvalına tay olmayajam
ki..." ərə getmək arzusunda olan gənc qızlar
haqqında deyilir.
Yuxarıda dediyimiz kimi, el arasında işlənən, ədəbi
dildə səslənməyən, yazıya gətirilməyən
elə sözlər, latayır ifadələr var ki, onları
da qələmə alıb Ceyhun Hacıbəyli. 43 il Fransada
yaşayan, iki ali təhsil alan, mötəbər bir ziyalı
və ictimai-siyasi xadim sayılan bir şəxsin leksikonunda bu
cür kəlmələrin olmasına adamın inanmağı
gəlmir. Xatirələrdən də, arxiv materiallarından
da bəlli olur ki, Ceyhun Hacıbəyli son dərəcə mədəni,
sözünün yerini bilən, ağır təbiətli,
ciddi bir şəxsiyyət olub. Ömrünün 60-cı illərində
belə bir toplunu qələmə alarkən eşidib bildiklərini
olduğu kimi yazması onun vətən həsrətinin
ağır əzablarında necə qovrulduğunu təsdiqləyir.
O, özü-özü ilə, qələmi ilə
danışırdı. O, yaddaşında olan doğma
lisanındakı sözlərin hamısını
ağına-bozuna baxmadan, mənasının fərqinə
varmadan kağıza ona görə naxışlayırdı
ki, məmləkəti üçün çox
darıxmışdı. Qarabağın adisini də görmək
istəyirdi, alisini də! Qarabağın tikanını da
sevirdi, gülünü də, itini də, atını da! O,
Qarabağa qayıtmaq istəyirdi! O, Azərbaycandan ötəri
saralıb-solurdu! Ceyhun Hacıbəyli üçün
qarğışın da, alqışın da, tərifin də,
söyüşün də fərqi yox idi! Təki
Qarabağdan danışsın! Qırx il yaddaşında
saxladığı sözləri birər-birər dilə gətirməklə
həsrətini soyudurdu Ceyhun Hacıbəyli! 43 il qürbətdə
yaşayan, doğma dilində danışmağa yetərincə
müsahibi olmayan Ceyhun Hacıbəyli Vətənin hər bir
məqamı üçün darıxırdı. Mənasından
asılı olmayaraq, dilimizin bütün sözləri ona bal
kimi gəlirdi. Ayrılığın ölümdən betər
zülmü ona çox əzab verirdi...
Xatirələrinin birində qürbətdə
saralmış Ağabəyim ağanın məşhur
bayatısını dərin kədərlə yada salıb:
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Könül
çırpıntılarını bağladığı bu
bayatıdan sonra Ceyhun Hacıbəyli ağır bir təlaşla,
nisgillə yazırdı: "Eh, Bəyim Ağamız, nəinki
Tehran, bütün bu dünya, aləm cənnətə
dönsə, yaddan çıxmaz Qarabağ..." Deyirlər
ki, zaman bir çox ayrılıqlara, itkilərə, müsibətlərə
sığal çəkir, unutdurur. Amma zamanın gücü
çatmadığı, yaddan çıxarda bilmədiyi
yalnız Vətən dərdidir. Yüz il qürbətdə
yaşasan da, doğma yurdun yaddan çıxmaz. Əksinə,
bu ayrılıq yaşlaşdıqca həsrəti daha da
cavanlaşaraq üstünə çalağan kimi
şığıyır. Xatirələrdən
bəlli olur ki, Ceyhun Hacıbəyli ömrünün
sonlarında tez-tez ana dilində bu sözləri
pıçıldayarmış: "Qarabağ, Qarabağ, bir
gün səndən ayrı tabım olmazdı. İndi oldum
illər ayrısı..." Əlbəttə, bu
ayrılıq bir gün sona yetdi. Ceyhun Hacıbəylinin
övladı, nəvəsi Azərbaycana gəldi. Amma həyatda
nə Ceyhunun özü var idi, nə də... Qarabağ erməni
quldurları tərəfindən işğal edilmişdi. Bu gəlişin,
bu görüşün bəlkə də ən ağır,
dözülməz məqamlarından biri də Ceyhun Hacıbəylinin
tez-tez xatırladığı qardaşı Üzeyir bəyin
Şuşadakı heykəlinin erməni vandalları tərəfindən
güllələnməsi oldu. Fransadan gəlmiş Hacıbəylilər
Bakıda İncəsənət Muzeyinin həyətində
yurda qayıdış gözləyən bu küskün abidələrə
- Natəvanın, Üzeyir bəyin, Bülbülün
büstlərinə baxarkən göz yaşlarını
saxlaya bilmədilər. Amma o gün mütləq gələcək,
Qarabağımızın üzü yenə güləcək.
Bütün soydaşlarımız - dirimiz də, heykəlimiz
də ruhumuzun əbədi qərar tutduğu Qarabağa
dönəcək!..
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.-
2 noyabr.- S.10.