Bəşəri hikmətin
milli ünvanı
Milli düşüncə tariximizdə
az sözlə çox fikir deyə bilmək həmişə
xüsusi məharət hesab olunmuşdur. Nizaminin tövsiyəsini
yada salaq:
Az sözün inci tək mənası
solmaz,
Çox
sözün kərpic tək qiyməti olmaz.
Yazanın məharəti fikri az sözlə
çatdırmaq qabiliyyətindədir. Bu şərti ödəyən
deyimlər əsrlərin sınağından çıxaraq,
dillərdə əzbər olmuş, atalar sözü və ya
aforizmlər kimi nəsildən-nəslə
ötürülmüşdür.
Amma öncə
fikir gəlir. Fikir olmayanda, sanki onun yoxluğunu
ört-basdır etmək üçün çox
danışılır. Fikir dərin olduqca, onun çox
sözə ehtiyacı qalmır. Elmdə də belədir.
Böyük kəşflər çox yığcam qanunlarla
ifadə edilir. Fəlsəfədə də əgər ideya
aydındırsa, onu çox qısa demək
mümkündür. İdeya müəllifin özünə aydın olmayanda, cildlərlə
kitabda da onu çatdırmaq mümkün deyil.
Azərbaycan
filosofu Səlahəddin Xəlilovun bütün əsərləri
dilinin aydınlığı, üslubun səlisliyi və
fikrin qətiyyəti ilə seçilir. Fikrin məhz həmin
dildə yoğrulub-yapıldığına şübhə
yeri qalmır. Bunun nəticəsidir ki, onun
yaradıcılığında fəlsəfə ilə hikmət
arasında sərhədlər götürülür və
müəllifin akademik fəlsəfi təhlildən nə
zaman milli fəlsəfi fikrə və oradan da hikmət
dünyasına keçdiyini izləmək çətin olur. Əslində,
söhbət hansısa diskret keçiddən deyil, elmi və
bədii üslubların çox ahəngdar vəhdətindən
gedir.
Professor S.Xəlilovun
milli fəlsəfi fikir axtarışlarında folklora
müraciəti qanunauyğun bir haldır. Belə ki, o,
türk fəlsəfi fikri dedikdə, milliyyətcə türk
olan bir mütəfəkkirin, məsələn, Fərabinin,
Biruninin, Nizaminin yazdıqlarını deyil, müəllifi ilk
növbədə xalqın özü olan, min illərin
süzgəcindən keçib gəlmiş və məhz
öz dilimizdə çalxalanıb nəhrini tapmış
fikirləri nəzərdə tutur. Dillə fikrin potensialı
birləşərək sanki yeni bir üslub, janr meydana gətirir.
Bu da XXI əsrdə bir millətin dünya fəlsəfi fikir
xəzinəsinə töhfə edə biləcəyi ən
qiymətli incilərin üzə çıxmasına imkan
yaradır.
Səlahəddin
Xəlilovun yaradıcılığını izlədikcə
dünyaya, elmə, fəlsəfəyə tamamilə yeni bir
baxışın şahidi oluruq. Onun fikrinə görə,
müasir dövrdə bütün sahələrə ciddi fəlsəfi
yanaşma tələb olunur. Belə ki, bu gün "biz elmin
planetar xəritəsində
öz yerimizi heç olmasa müəyyən təxminliklə
bilməsək, ölkəmiz üçün optimal
inkişaf modeli hazırlaya bilmərik". Doğrudur, bu
gün Azərbaycanın bir çox sahələrdə
artıq öz inkişaf modeli
formalaşmışdır. Lakin bu modellərin daimi
inkişafı üçün ümumi
qanunauyğunluqları, fəlsəfi yanaşmanı həmişə
diqqətdə saxlamalıyıq.
Professor S.Xəlilov
dünyaya fəlsəfi yanaşmanın bir çox sahələrində
nəinki Azərbaycanda, habelə beynəlxalq fəlsəfi
dairələrdə önəmli mövqe tutan orijinal təfəkkür
sahibidir. Onun indiyədək çap olunan 50-yə yaxın
kitabının və 500-dən çox məqaləsinin hər
birində yeni konsepsiyaları öz əksini tapır. Alimin bu təlimlərini
daha populyar və daha aydın şəkildə ortaya qoyan bir
"Əbu Turxan təlimi" də var. Səlahəddin Xəlilovun
fəlsəfəyə yeni yanaşma məqamını
özündə ifadə edən Əbu Turxan təlimi onun
"Əbu Turxanın hikmət dünyası" kitabında
geniş oxucu kütləsinə təqdim olunur.
Kitabın
çox maraqlı bir strukturu var: müəllif əvvəlcə
həyatın önəmli və xüsusi fəlsəfi
yanaşma tələb edən sahələrinə elmi-fəlsəfi
təhlil verir və bunların hər biri Əbu Turxanın
aforizmləri ilə tamamlanır. Kitabı diqqətlə
oxuduqda düşünürsən ki, müəllifin
mövqeyi harada daha aydın üzə çıxır: hər
bir mövzuda müəllifin ciddi elmi yanaşma fonunda
yazdığı bu mətnlərdəmi, yoxsa onları
tamamlayan hikmətli sözlərdə - aforizmlərdəmi?
Diqqətlə yanaşdıqda, məlum olur ki, əslində,
hər bir mətnlə ona "qoşulan" aforizmlərin
daşıdığı hikmət yükü üst-üstə
düşür, eyniləşir.
"Əbu
Turxanın hikmət dünyası" onun müəllifinin,
bir vaxtlar Məhəmməd Hadinin söylədiyi kimi,
"imzalar içində millətinin imzası"nı
görmək arzusundan doğub. Kitaba yazdığı
"Ön söz"də müəllif bunu oxucuya belə
bildirir: "Fəlsəfə dünyasına girdikcə, onu vərəq-vərəq
açdıqca bu dünyanın yeni-yeni hikmətlərini mənimsəməklə
bərabər... gizli bir doğmalıq nisgili ilə millətimin
imzasını da axtardım". Hər axtarış bir
gün nəticə verir: "Nəhayət, günlərin
bir günü fikir ənginliyinin səmasında bir səs mənə
doğma gəldi. O mənim dilimdə danışırdı.
O mənim kimi düşünürdü. O mənim qəlbimin
bir parçası idi, mənmi onun, - fərqi yoxdur. Sanki o mən
idim. - Budur doğmalıq duyğusu. Bu, Əbu Turxan fəlsəfəsi
idi". Müəllifin fikrincə, "fəlsəfənin
doğmalaşması hikmətdən keçir. Hikmətdə
ən kamil şəkildə üzə
çıxır". Və ona görə də S.Xəlilovun
Əbu Turxan dünyasına səyahəti onun aforizmlərindən
başlayır.
Əsərin
çox maraqlı məqamlarından biri aforizm janrının
təhlili ilə bağlıdır. Aforizmlər böyük
fəlsəfi təlimlərin nəticələri, xülasələri
kimi, yaddaşlarda daha çox qalmaq imkanı olan fikir kimi qiymətləndirilir.
Həm də "aforizm kimi yalnız o fikirlər məşhurlaşa
bilmiş və dillər əzbəri olmuşdur ki, onlar fikir
zəncirindən, mətndən ayrılıqda, müstəqil
surətdə, təkbaşına "yaşamaq" əzmində
olduğunu sübuta yetiriblər". Bu yerdə mən təbii
olaraq S.Vurğunun "Vaqif" pyesini xatırlayıram. Ədəbi
tənqidin vaxtilə çox yüksək qiymət verdiyi sənətkarlıq
keyfiyyətini - Vaqifin dialoqundakı aforizmləri yada salmaq istəyirəm:
"Qızılı udsa da qara torpaqlar, yenə qiymətini
özündə saxlar"; "Qaranlıq zindana zinətdir
insan"; "Vicdan dedikləri bir həqiqətdir, Beşiyi,
məzarı əbədiyyətdir". Bu fikirlər ona
görə dillər əzbəri olmuşdur ki, onlar fikir zəncirindən,
mətndən ayrıldıqda, müstəqil surətdə, təkbaşına "yaşamaq əzmində
olduğunu sübuta yetiriblər". Məhz bu fikirdən
çıxış edərək aforizmlər haqqında
müəllifin daha bir postulatını qeyd etsək yerinə
düşər: "Hər hansı bir aforizm
özlüyündə gözəl ola bilər, amma o hansı
isə fikri əsaslandırmaq, gücləndirmək
üçün istifadə edildikdə, məqamında elmi mətnə
və bədii əsərə, məruzəyə,
çıxışa daxil edildikdə aktuallaşır, yeni nəfəs
əldə edir". Kitabı vərəqlədikcə və
buradakı aforizmlərə diqqət yetirdikcə dərk edirsən
ki, doğrudan da fəlsəfə həqiqəti bütöv
halda mənimsəmək yolunu, hikmət isə bu həqiqətin
konkret məsələyə aid hissəsini
işıqlandırır və bu məqamda həmin konkret məsələnin
həqiqətinə çatmağın ən qısa yolunu göstərir. Əlbəttə,
müəllif daha çox həqiqəti bütöv halda mənimsəmək
istəyində olan fəlsəfənin tərəfindədir,
çünki "fəlsəfə dərk olunmuş həqiqətdir".
Məsələyə daha elmi
yanaşıldığını nəzərə alsaq, S.Xəlilovun
Əbu Turxan təlimində fəlsəfədən hikmətə,
hikmətdən də fəlsəfəyə keçid
yollarının açıq olduğu görünür, yəni
"bu iki təfəkkür səviyyəsinin əlaqə və
vəhdətinin şahidi oluruq". Bütün bunlardan sonra
müəllif "fəlsəfədən hikmətə,
müdrik fikirlərə, aforizmlərə keçidi təmin
edən əsas mühakimələri
və mülahizələri qısaca şərh" etməyi vacib sayır. Filosof hər şeydən
əvvəl "Fəlsəfə və hikmətin
görüş məqamı"ndan başlayır. Burada
"Mən" anlayışı və insan
özünüdərk kontekstində açılır və
Əbu Turxan fəlsəfi təlimi "Mən"
anlayışının təhlilindən keçir. Burada
çox maraqlı, orijinal və həm də cəsarətli
bir fikirlə rastlaşırıq. Məlum olur ki, Əbu
Turxan təlimi fəlsəfənin elmlə eyni kökənli
olması düşüncəsini qəbul etmir. Niyəsini
müəllifin öz izahında cavablandırmaq istərdim:
"Fəlsəfə lap əvvəldən elmlə əks
qütbdən başlayır. Belə ki, elmin əsas məqsədi
cismani dünyanı, obyektiv gerçəkliyi subyektiv təsirlərdən,
yəni tədqiqatçının öz müdaxiləsindən
azad edərək öyrənməkdir. Yəni söhbət
insanlaşmış, daha doğrusu, mənsizləşmiş,
ruhsuzlaşmış dünyadan gedir. Fəlsəfədə
isə dünya "Mən"in vasitəsilə, "Mən"
prizmasından keçirilməklə öyrənilir,
çünki onun mövzusu xarici aləm yox, daxili aləm,
iç dünyası - "Mən"dir".
Əbu Turxan təlimi
əsl böyük dünyanı əbədi, sonsuz və
tükənməz imkanlar dünyası kimi tanıyır. Və
bu yerdə insan və ideya, ideya və yaradıcılıq
kimi maraqlı məsələlər təhlil olunur. Bu
dünyanın və həyatın mənası kimi problemlər
fəlsəfi düşüncənin tamamilə yeni süzgəcindən
keçir.
Yuxarıda qeyd
etdiyim kimi, S.Xəlilovun Əbu Turxan təlimi bizi əhatə
edən və bizim yaşadığımız dünyanın
ən önəmli sahələrinə fəlsəfi
yanaşma ilə bu sahələrin mahiyyətini izah edir. Əbu
Turxan təliminin əsas obyektləri: "İnsan",
"Mədəniyyət", "Din, inam, iman",
"Yer-göy, zaman-məkan", "Tale-həyat,
ölüm", "Gözəllik, məhəbbət",
"Ailə, qadın, kişi", "Dostluq", "Tarix,
cəmiyyət, şəxsiyyət", "Dövlət,
millət, vətən", "İdeya, hikmət, fəlsəfə",
"Ziyalılıq, müdriklik, dahilik", "Zəka,
ağıl, hiss", "Dil, nitq, söz", "Ədəbiyyat
və incəsənət", "Azadlıq, haqq, ədalət",
"Həqiqət və bilik", "Elm, təhsil,
kitab", "İş və əməl",
"Güclü-zəif, aqil-cahil", "Ruh və bədən",
"Var-dövlət" mövzularıdır. Oxucu bu
mündəricata diqqətlə baxıb kitabın necə
böyük bir elmi-mənəvi yük
daşıdığını elə mənim bu kiçik məqaləmdən
də hiss edə bilər.
Beləliklə,
bu mövzuların təhlili və onun bir növ yekunu kimi
görünən aforizmlər Əbu Turxanın fəlsəfi
təliminin vəd etdiyi fəlsəfədən hikmətə,
hikmətdən də fəlsəfəyə yolun həmişə
açıq olduğunu sübut edir.
"Əbu
Turxanın hikmət dünyası" - Əbu Turxan təliminin
əsasları "İnsan" elmi-fəlsəfi oçerki
ilə başlayır. Əbu Turxan təlimindən gələn
bu sətirləri bir də diqqətlə oxudum: "İnsan
bir kitabdır ki, zaman keçdikcə başqaları tərəfindən
səhifə-səhifə oxunur və nə qədər diqqətlə
oxunsa da, açılmayan, oxunmayan səhifələrin
sayı daha çoxdur. İnsan özü isə əksər
hallarda öz kitabını oxumaq və dinləmək
imkanına malik olmur. O öz nitqi
və əməlləri ilə başqaları
üçün açılsa da, başqaları tərəfindən
oxunsa da, onun içində daha nələr olduğu, sabah nələr
etməyə qadir olduğu və bu dünyaya nə kimi bir
missiya ilə gəldiyi bilinmir. Bunu bilmək üçün
o öz iç dünyasına nəzər salmalıdır.
İç dünya isə əvvəl-əvvəl
qaranlıq olur və onu işıqlandırmağın yeganə
yolu iman yoludur". Və bu müdrik fikir Əbu Turxanın
hikmət postulatı ilə bitir: "Xarici aləm əqllə,
daxili aləm imanla işıqlanır". İnsan
haqqında bu elmi oçerk, digər
obyektlərin təqdimatında olduğu kimi, elə insan
kontekstində söylənmiş aforizmlərlə bitir. Lakin
xüsusi qeyd etməyi lazım bilirəm ki, oçerkdə
bütün mətn boyu müəllifin özünün
aforizm kimi təqdim etmədiyi saysız-hesabsız hikmət sətirləri
var.
Professor S.Xəlilov dəb adamı deyil. Mən
onu uzun illərdir ki, tanıyıram və onun təkcə
elminə deyil, mənəvi dünyasına da bələdəm.
Dünən - ən azı sovet dövründə ateizm təbliğatçısı
kimi tanınan "alimlərin" bu gün islam dəyərlərindən
dəm vurduğunu görürük; dünən hansısa
izmləri fetişləşdirən bir kəsin bu gün
antiizmlər aləmində üzdüyünü
görürük. S.Xəlilov isə lap cavan
vaxtlarındakı əsərlərində nə qədər
səmimi olmuşsa, bu gün də o səmiyyətlə
işini davam etdirməkdədir. "Əbu Turxanın hikmət
dünyası" bu elmi yanaşmanın və səmimiyətin
ortaya qoyulmuş faktıdır və bu faktın içərisindən
"Din, inam, iman" bölməsi onun hər ikisini aydın
sübut edən hadisə təsiri bağışlayır. Bu
bölmə cəmi 5 səhifədir. Amma bu 5 səhifədə
din, inam, imanın elə fəlsəfi anları təqdim
olunmuşdur ki, bu təqdimatlardakıları anlayıb, dinə
iman gətirməmək mümkünsüzdür. Dinə
münasibətin və həm də səmimi münasibətin
fəlsəfi anlamına fikir verək: "Din həyatın mənasını
bilavasitə təyin edir, dini dəyərlərin isbata
ehtiyacı yoxdur. Burada həqiqət hissi təcrübə, məntiqi
təfəkkür və ya bədii obraz vasitəsilə deyil,
qəlbin nuru və mənəvi işıqlanma ilə
açılır" (kursiv mənimdir - B.B.). S.Xəlilov dinə
münasibətin fəlsəfi təhlilində təkcə
özünün iman gətirdiyi islamdan deyil,
bütövlükdə dinə elmi yanaşmanın sərhədlərindən
çıxış edir: "Dini ayinlər mükəlləfiyyət
kimi, yaxud, sadəcə, plan kimi icra oluna bilməz. Din
insanları öz ilahi başlanğıcını dərk
etməyə çağırır. Bu, təkcə islama
deyil, bütün dinlərə aiddir". Qeyd edək ki,
özünün fundamental elmi araşdırmalarında Şərq-Qərb
düşüncələrindən tutmuş fəlsəfi məktəbləri
və cərəyanları mükəmməl bildiyini
çoxdan sübut etmiş S.Xəlilov həyata həmişə
və birmənalı olaraq həqiqət gözü ilə
baxmağı üstün tutur. Elə həqiqətlər var
ki, orada "mənim", "sənin"
anlayışlarına söykənməyin həqiqətə
zərbə vura biləcəyini yaxşı bilən filosof bu
tipli hadisələrə birmənalı olaraq elmi ümumiləşdirmə prizmasından yanaşır. Onun dinə
fəlsəfi baxışı da bu yanaşmanın məhsuludur.
Dinə səmimi hissin aydın ifadəsini alimin
aşağıdakı düşüncələrində
görürük: "Dini hiss - insanın Allah
qarşısında məsuliyyət hissi mərhələ-mərhələ:
ailə qarşısında, millət qarşısında, bəşəriyyət
qarşısında məsuliyyət hisslərinin davamı
kimi ortaya çıxdıqda bu artıq dərk olunmuş, zəka
ilə qovuşmuş bir hissdir". Gördüyümüz
kimi, alimin bu postulatında da insanın ali hissləri, ali məsuliyyəti
ailədən bəşəriyyətə ucalan bir istiqamətdə
təkmilləşir, müqəddəsləşir.
Mən populyarlıq xarakterinə görə
kitabı və mətbuatı müqayisə edərkən ikinciyə üstünlük verirəm.
Ona görə də S.Xəlilovun bəlkə də
çoxlarının oxuya bilməyəcəkləri bu
kitabının insanı kamilləşdirən sətirlərini
məhz ona görə qəzet məqaləsinə çox
köçürməli oluram. Bu sətir - abzaslardan biri də
belə səslənir: "İnsan Xaliq qarşısında əyilir,
ona bəxş edilmiş bütün qabiliyyətlərə və
gözəlliklərə görə böyük yaradana minnətdarlığını
bildirir və bununla mənən yüksəlir, ucalır,
öz nəfsi və başqaları qarşısında əyilməz
olur (kursiv mənimdir - B.B). Təbiətdə, həyatda
heç kimdən asılı olmadan mövcud olan ahəngi,
gözəlliyi görmək, duymaq və bundan məmnun qalmaq,
minnətdar olmaq, əslində, onları öz daxilinə
köçürmək, həmin gözəllikdən, ahəngdən
mayalanmaq deməkdir". Alimin təbirincə, "Din - mənəviyyat
hadisəsidir. Dinin mahiyyəti
dini hisslə - Allaha inamla bağlıdır. Mütləqə
inam yolu nisbi inamlardan keçir. Məhdud miqyaslı,
cılız adam sonsuzluğa qədəm qoya bilməz". Və
bütün bunlardan sonra müəllif həmin fikirlərdən
doğan hikmətləri - aforizm səviyyəsinə yüksəlmiş
hikmətləri təqdim edir: "Ruh dünyasının dərinliklərinə
ancaq dini hissin köməyi ilə girmək mümkün
olur". "Müqəddəslik duyğusu itən yerdə
şər ağacı bitər". "Allahı sevməyin
yolu onun yaratdıqlarını sevməkdən keçir".
"Günahı ancaq savabla yumaq olar". "Allah
qarşısında əyilmək bu dünyada əyilməzliyin
təməl daşıdır". "Elm - beyini, sənət
- ürəyi, din - ruhu qidalandırır". "Əxlaq
hüquqdan, din əxlaqdan yüksəkdir"E
Professor S.Xəlilovun "Əbu
Turxanın hikmət dünyası" bütövlükdə
bu üslubda, bu tərtibatdadır. Əsərin məna
tutumunda zaman-məkan, tale, həyat, ölüm, millət, elm,
ruh və s. kimi onlarca mənəvi qida mənbəyimizi təhlil
edən elmi oçerk və bu oçerklərdən doğan
aforizmlər yer almışdır. Hikmət dolu bu kitabın
insanı kamil görmək, onu yaradıcılığa,
xeyirxahlığa çağırmaq, nəfsin
qarşısında əyilməmək, gözəlliyi dərk
etmək, ailə qədrini uca tutmaq, dostluğun parametrlərini
müəyyənləşdirmək, şəxsiyyətin
formalaşma prosesini dərk etmək, ziyalı
missiyasını anlamaq, dilin, nitqin, sözün cəmiyyətdə
yerini duymaq, elmin gücünü nəzərə almaq, mənəvi
dünyanın maddi dünyadan üstünlüyünü
bilmək, var-dövlətin ötəri, mənəviyyatın
əbədi olduğu qənaəti ilə yaşamaq kimi
çox ciddi fəlsəfi bir dünya təqdim olunur. Əlbəttə,
hər bir kitabın ünvanlandığı bir zümrə,
bir qrup olur. Bədii əsərlərdən tutmuş elmi
kitablara qədər hər kitabın öz oxucusu olur. "Əbu
Turxanın hikmət dünyası" isə bütövlükdə
insanın kamillik yolunu istiqamətləndirməyə, nura və
işığa ünvanlanıb. Bu ünvanda universitet
astanasına təzəcə qədəm qoymuş birinci kurs
tələbəsindən tutmuş ömrünün ixtiyar
çağını yaşayan hər kəsin ürəyinə
nurlu bir yol var.
Budaq BUDAQOV,
Akademik
Azərbaycan.-2012.-
2 noyabr.- S.10.