Mir Cəlalın əsəri beynəlxalq simpoziumda

 

 Bu günlərdə Türkiyənin Ədirnə şəhərində fəaliyyət göstərən Trakya Universitetində Beynəlxalq dil, yazı simpoziumu keçirildi. Simpoziuma dünyanın müxtəlif ölkələrindən 200-dən çox alim gəlmişdi. Onların arasında ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya, Misir, İran, Hindistan, Pakistan, Əfqanıstan, Banqladeş, Azərbaycan, Bolqarıstan, Yunanıstan, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən alimlər vardı. Simpoziumda Azərbaycandan 10-a yaxın alim iştirak edirdi.

Əskişəhər Osman Qazi Universitetinin dosenti T.Əliyeva və Azərbaycan Diplomatiya Akademiyasının müəllimi, fəlsəfə elmləri doktoru F.Əliyeva "Mir Cəlalın və Huriyə Saraçın əsərlərində uşaqlara edilən zorakılıq (şiddət)" haqqında məruzə etdilər. Bu gün dünyada uşaqlara edilən sözlüfiziki zorakılıq məsələsi ön plandadır. Alimlər bu mövzunu müxtəlif əsərlər vasitəsilə dilə gətirir, eyni zamanda uşaqlara edilən zorakılıq haqqında statistik araşdırmalar aparmaqla problemi cəmiyyətin diqqətinə çatdırırlar. Azərbaycanlı alimlər T.Əliyeva və F.Əliyeva Mir Cəlalın "Bir gəncin manifesti" əsərində Baharın zülmünü Türkiyənin məşhur qadın yazıçısı, eyni zamanda dəfələrlə Azərbaycanda olan, Odlar Yurdunu çox sevən Huriyə Saraçın "Öyrətmən Benisa" əsərindəki Benisaya edilən şiddətlə müqayisə etdilər. Məlum oldu ki, əsərlər ayrı-ayrı dövrlərdə, müxtəlif ölkələrdə yazıçılar tərəfindən yazılsa da, hər ikisində uşaqlara eyni cür təzyiq edilmişdir. Əsərin qəhrəmanları olan Baharla Benisanın taleyi də bir-birinə bənzəyir. Hər iki uşağa həm sözlü, həm də fiziki zorakılıq vardır. Hər iki əsərdəki qəhrəman insanlar tərəfindən təhqiredici sözlərə məruz qalırlar: Benisanın ölən anası, Baharın isə haqq dünyada olan atası təhqir olunur. Hər iki uşaq yaxınlarının təhqir olunmasına göz yaşı tökür. Amma bu insanlarla bacara bilmirlər. Uşaqları sözlə təhqir edən böyüklər bununla kifayətlənmir, onlara fiziki təzyiq tətbiq edirlər. Bu günahsız varlıqlar daş qəlbli böyüklərin yumruğu, qapazı altında inləyirlər. "Bir gəncin manifesti" əsərində insanların Bahara etdiyi zülmü təbiət "sona çatdırır". Baharı donduraraq öldürür. Kiçik Benisanın taleyi Bahardan fərqli olur. Benisa müəllimliyə başlamaqla ögey ananın zülmündən xilas olur.

Bu gün ədəbiyyatşünaslıqda müqayisəli ədəbiyyata geniş yer verildiyi üçün bu mövzu simpoziumda hər kəsin diqqətini çəkdi, dünyanın müxtəlif yerlərindən gələn alimlər Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri ilə maraqlandılar, çox sayda suallar verdilər. Bolqarıstandan gələn alim bildirdi ki, ötən əsrin 50-ci illərində Sofiya Universitetinin türkologiya fakültəsində oxuyarkən bizə Azərbaycandan gələn alimlər dərs deyirdilər. Mir Cəlalın yaradıcılığı, xüsusilə onun əsəri ilə o illərdə tanış olduq.

Simpoziuma gələn Huriyə Saraç çıxış edərək Mir Cəlal və "Bir gəncin manifesti" əsəri haqqında xoş sözlər söylədi. Dedi ki, çox fəxr edirəm ki, mənim əsərim Mir Cəlalın "Bir gəncin manifesti" ilə müqayisə olunmuşdur. Simpoziumun təşkilat komitəsinin sədri, dosent Lütfiyə Çingizxan çıxış edərək Mir Cəlalın romanındakı Bahardan danışdı və dedi ki, bu gün dünyada diqqət mərkəzində olan uşaqlara edilən zorakılıq məsələsi ilə bağlı mövzunun işlənilməsi çox vacibdir: "Hələ Mir Cəlal bu məsələni XX əsrin əvvəllərində ortaya qoymuşdur. Doğrudan da Mir Cəlal kimi yazıçılar hər zaman uzaqgörən olmuş, sadəcə, Azərbaycan üçün deyil, dünyada aktual olan mövzuya toxunmuşdur". Bu simpoziumun önəmli cəhətlərindən biri də tələbələrimizin Azərbaycanın ünlü yazıçısının yaradıcılığı ilə tanış olmalarıdır ki, artıq onlar Mir Cəlalın əsərlərini arayıb-axtaracaq və mütaliə edəcəklər.

Əskişəhər Osman Qazi Universitetindən gələn alimlər professor Əli Gültəkin, dosent Mədinə Sivri, Məhmət Səmərçi, Veysel Lidar, Bətül Yılmaz çıxış edərək Mir Cəlal və Huriyə Saraçın yaradıcılığı haqqında dəyərli fikirlər söylədilər. Əskişəhər Osman Qazi Universitetinin Müqayisəli ədəbiyyat kafedrasının müdiri professor Əli Gültəkin gələcəkdə Mir Cəlalın yaradıcılığına həsr olunmuş toplantı keçiriləcəyini söylədi.

 

 

Tamilla ƏLİYEVA,

"Azərbaycan" qəzetinin

Türkiyə təmsilçisi

Ədirnə

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.11.