«Kaliforniyada Azərbaycan muğamı ayı» başlayır

 

 Milli muğam sənətimizin ABŞ-ın Kaliforniya ştatında təbliği və tanıdılması məqsədi ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü ilə 2012-ci ilin noyabr ayı "Kaliforniyada Azərbaycan muğamı ayı" elan edilmişdir.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AzərTAc-a bildirmişlər ki, ay ərzində mahir xanəndələrimizin, eləcə də kamança, tarnağara ustalarının iştirakı ilə Kaliforniyanın ən böyük şəhərlərində silsilə muğam konsert proqramlarının təqdim edilməsi nəzərdə tutulmuşdur.

"Kaliforniyada Azərbaycan muğamı ayı" noyabrın 1-də ABŞ-ın ən tanınmış universitetlərindən olan Los-Ancelesdəki UCLA Universitetinin tarixi Schoenberg zalında keçiriləcək muğam konserti ilə başlayıb.

"Azərbaycanın kosmik muğamının 35 illik kosmik səfəri" adlanan konsert 1977-ci ildə NASA tərəfindən Azərbaycan muğamının da daxil olduğu eksklüziv "Qızıl val"ın (yalnız 27 mahnıdan ibarət) kosmosa göndərilməsinin ildönümünə həsr olunmuşdur (http:voyager_mugham.eventbrite.com).

Eyni konsert proqramı növbəti gün - noyabrın 2-də Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində də keçiriləcəkdir (http:goo.gl/zAYwF) .

Noyabrın 10-da isə Azərbaycan muğam ustalarının ifasında San Fransisko şəhərində məşhur San Fransisko Dünya Musiqi Festivalı çərçivəsində  yalnız Kaliforniyada deyil, bütün ABŞ-da ilk dəfə olaraq "Leyli və Məcnun" operası ifa ediləcəkdir. Bundan əlavə, noyabrın 8-dən 11-dək keçiriləcək festival çərçivəsində muğam ustalarımız və digər musiqiçilərimiz dəfələrlə çıxış edərək Azərbaycan muğamının bütün çalarlarını tamaşaçılara çatdıracaqlar (http:www.sfworldmusicfestival.org).

Muğam ayı noyabrın 13-də Kaliforniyanın beynəlxalq münasibətlər sahəsində ixtisaslaşan ən nüfuzlu təşkilatı olan Los-Anceles Beynəlxalq Münasibətlər Şurasında keçiriləcək ölkəmizə həsr olunmuş tədbirdə Azərbaycan muğam ustalarının çıxışı ilə yekunlaşacaqdır (http:goo.gl/9TXCD).

 

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.11.