Fransızlar Azərbaycanla
bağlı sərgi və konsertə
böyük maraq
göstərmişlər
Azərbaycanı Fransada tanıtmaq, zəngin tarixi
və mədəni dəyərləri barədə
fransızlarda daha geniş
təsəvvür yaratmaq məqsədi ilə
Heydər Əliyev Fondunun təşkilatçılığı
və ölkəmizin səfirliyinin dəstəyi ilə
"Qafqazın mirvarisi olan
Azərbaycanın mədəni dəyərləri"
layihəsi çərçivəsində Azərbaycan günləri ilə
bağlı növbəti tədbir Dö
Sevr departamentinin Niort şəhərində keçirilmişdir.
Tədbir
şəhərin möhtəşəm "Le
Moulin du Bac Scene Nationale"
sarayında ölkəmizlə bağlı sərginin
açılışı ilə başlamışdır.
Şəhərin meri, departamentin
deputatı xanım Jenevyev Qayyard
niortluların az tanıdıqları Azərbaycan
mədəniyyəti və incəsənəti, habelə
mahnı və rəqsləri ilə ilk dəfə
yaxından tanış olmaq imkanı əldə
etdiklərini diqqətə çatdırmış, Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevanın Azərbaycan ilə Fransa
arasında diplomatik əlaqələrin
qurulmasının 20 illiyi münasibətilə
keçirilən tədbirlə əlaqədar Fransada
səfərdə olduğunu
xatırlatmış, iki ölkə
arasında mədəniyyət sahəsində əməkdaşlığın
gələcəkdə daha da inkişaf etdirilməsinin
vacibliyini vurğulamış, mətbəximizin
Azərbaycan zənginliyinin meyarlarından biri
olduğunu bildirmişdir.
Azərbaycanın
Fransa ilə bütün
sahələrdə, o cümlədən mədəni
sahədə əlaqələrinin inkişaf
etdiyini vurğulayan Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyov
Parisdə ölkəmizlə bağlı mədəni tədbirlərin
mütəmadi keçirildiyini,
Fransanın müxtəlif ali məktəblərində
yüzlərlə azərbaycanlı gəncin təhsil
aldığını, keçən il Qafqazda ilk dəfə olaraq Bakıda fransız məktəbinin təməlinin
qoyulduğunu bildirmişdir.
Hazırda
diplomatik səylərin iki ölkə
arasında mədəni və iqtisadi sahədə
əməkdaşlığın daha da inkişaf etdirilməsinə
yönəldildiyini deyən səfir Fransada
inkişaf edən üzümçülük
sahəsinə xüsusi maraq
göstərildiyini qeyd etmişdir.
E.Əmirbəyov
Azərbaycanın tarixi və mədəni
irsinin zənginliyindən söhbət
açmış, sərgidə nümayiş
etdirilən eksponatların ölkəmizin mədəni dəyərlərinin
bariz nümunəsi olduğunu
bildirmişdir.
Səfir
1991-ci ildə müstəqilliyini bərpa edən, müxtəlif
dinlərə, azsaylı xalqlara münasibətdə
tolerant ənənələrinə sadiq qalan Azərbaycanın
sivil cəmiyyətin yaranması və inkişaf etdirilməsi istiqamətində Avropa Şurası, BMT və digər beynəlxalq
təşkilatların irəli
sürdükləri
söz və fikir
azadlığı kimi demokratik
dəyərlərə əsaslandığını qeyd etmişdir.
XlX əsrin ikinci yarısında məşhur
fransız yazıçısı Aleksandr
Dümanın (ata) Azərbaycana səyahət
etdiyini xatırladan Elçin
Əmirbəyov bu gün
də Fransanın tanınmış şəxslərinin
ölkəmizə səfər etdiyini diqqətə
çəkmiş, bunun bariz
nümunəsi kimi məşhur aktyor Jerard Depardyenin
bir neçə dəfə Azərbaycanda olduğunu
bildirmişdir.
Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin
inkişafına toxunan səfir cari ilin sentyabr
ayında Parisdə səfirliyin nəzdində mədəniyyət
mərkəzinin açıldığını, Azərbaycanın
birinci xanımı, Milli
Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri, UNESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə iki ölkə arasında diplomatik
əlaqələrin qurulmasının 20 illiyi
münasibətilə Parisdə təntənəli tədbir keçirildiyini vurğulamış, Fransada Azərbaycan günlərinin iki ölkə arasında mədəni əlaqələrin
inkişafına yeni təkan verəcəyini
qeyd etmişdir.
Departamentin prefekti Pyer Lamber
çıxışında mədəniyyətlərin sərhəd
tanımadığını diqqətə çəkərək
belə tədbirləri mədəniyyətlərarası dialoqun meyarlarından biri kimi dəyərləndirmiş, xalqların birinin digərinin tarixi, mədəniyyəti
və incəsənəti ilə
tanışlığında sərgi və digər vasitələrin əhəmiyyətindən
danışmışdır.
Sərgidə nümayiş etdirilən qədim xurcun və fərşlər, musiqi
alətləri və digər eksponatlar
qonaqların marağına səbəb olmuşdur.
Sərgidə Azərbaycan tarixindən, Quba xalçaçılıq sənətindən,
Bakının qədim abidələrindən, turizm
imkanlarından bəhs edən kitab və
broşürlər, habelə Azərbaycanın mədəniyyətini,
incəsənətini, bənzərsiz təbiətini və
digər sahələri əks etdirən çarxlar
nümayiş etdirilmişdir.
Sonda Muğam İnstrumental
Ansamblının və respublikanın xalq artisti Afaq Məlikovanın
rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblının
ifasında mahnılar və rəqslər ifa edilmişdir. Fransız
tamaşaçılar xüsusilə oğlanların
ifasındakı milli rəqslərimizə maraq və
heyranlıqlarını sürəkli alqışlarla
büruzə vermişlər.
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Niort
Azərbaycan.-2012.-
2 noyabr.- S.11.