İmişli rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramlarının yerinə yetirilməsi sahəsində
ölkənin bütün bölgələrində olduğu
kimi, İmişli rayonunda da bir sıra tədbirlər həyata
keçirilmiş, mühüm infrastruktur layihələri
yerinə yetirilmiş, həmçinin ən müasir tələblərə
cavab verən Olimpiya İdman Kompleksi və digər sosial
yönümlü obyektlər inşa olunmuş, istehsal müəssisələri
açılmış, yeni yollar çəkilmiş,
abadlıq-quruculuq işləri geniş miqyas
almışdır.
İmişli şəhərində
abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda
rayon üzrə müəyyən olunmuş tədbirlərin
həyata keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. İmişli
rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədi
ilə İmişli Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2012-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
2 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
2 noyabr.- S.1.