İnsan alverinə
qarşı mübarizə üzrə Milli coordinator parlamentdə
hesabat verdi
Noyabrın
2-də Milli Məclisin növbəti iclası keçirildi.
Gündəlikdəki məsələlərin müzakirəsinə
keçməzdən əvvəl deputatlar bir sıra məsələlərlə
bağlı fikirlərini bildirdilər. İlk söz alan
deputat Fazil Mustafa dedi ki, "Diffamasiya haqqında" qanunla
bağlı söhbətlər getsə də, ölkə mətbuatı
belə bir qanunun qəbuluna hazır deyil. Onun sözlərinə
görə, bunu bəzi mətbuat orqanlarında yer alan təhqir
və böhtanlar təsdiq edir. F.Mustafa buna misal olaraq
"Azadlıq" qəzetini misal göstərdi.
Deputat Etibar Hüseynov isə bildirdi ki,
radikal müxalifət mətbuatında
bir qrup iqtidarı və onun nümayəndələrini
davamlı şəkildə təhqir edir. Müxalifəti təmsil
edən həmin mətbu orqanlar sosial şəbəkələrdə
barələrində hansısa tənqidi mülahizə
yazılanda isə hay-küy
qaldırırlar, amma, əslində, özlərinin səhifələri
şantaj və böhtanla doludur. "Müxalifətin elə
bir orqanı yoxdur ki, orada şantaj olmasın", - deyən
Etibar Hüseynov onu da əlavə etdi ki, belələri hətta
avtoqəza törətməklə insan ölümünə
səbəb olmuş müxalifətçiləri "siyasi məhbus"
elan edirlər. Deputat bütün bu hallara qarşı ciddi münasibətin ortaya
qoyulmasının vacibliyini bildirdi.
Deputat Siyavuş Novruzov bildirdi ki, Azərbaycanın
qüdrəti artdıqca xaricdən və daxildən müəyyən
qüvvələr hərəkətə keçir. Birdən
yadlarına düşür ki,
aksiya keçirmək azadlıqları var. Müxalifətin
keçirməyə cəhd göstərdiyi icazəsiz
aksiyaya münasibət bildirən Siyavuş Novruzovun sözlərinə
görə, bu aksiyanı nə cəmiyyət, nə təbiət,
nə də Allah qəbul edir.
Milli Məclisin Sədri Oqtay Əsədov
qeyd edilən məsələlərə münasibət bildirərək
dedi ki, bəzi mətbuat orqanlarının əlindən qara
yaxmaqdan başqa iş gəlmir və daxilimizdə də Azərbaycanla
bağlı düzgün olmayan xəbərlər yayırlar.
Milli Məclis Sədri dedi ki, bu qəzetlərin qeyri-obyektiv
yazılarından ölkəmizə qarşı istifadə
olunur. Bunun da nəticəsində bəzi dairələr Azərbaycana
təzyiq göstərməyə çalışırlar. Azərbaycan
dövləti təzyiqlərdən çəkinmir və
ölkəmiz müstəqil siyasətini bundan sonra da
uğurla həyata keçirəcək.
Oqtay Əsədov daha sonra
çıxışında bildirdi ki, hələ
"Diffamasiya haqqında" qanun qəbul olunmayıb, amma mətbuatda
bu qədər təhqirlər, cəfəngiyatlar
yazılır. "Görün, qanun qəbul olunandan sonra nə
olacaq? Cəmiyyətimiz buna hazır olmalıdır".
Sonra gündəlikdəki məsələlərin
müzakirəsi başladı. İlk olaraq insan alverinə
qarşı mübarizə üzrə Milli koordinatorun illik məlumatı
dinlənildi. Milli koordinator, respublika daxili işlər nazirinin
müavini general-leytenant Vilayət
Eyvazov ötən dövrdə Azərbaycanda insan alveri ilə
mübarizə sahəsində görülən işlər
barədə məlumat verdi. Bildirdi ki, insan alverinə
qarşı mübarizədə mütərəqqi və məqsədyönlü
siyasət reallaşdıran ölkəmizdə sözügedən
cinayətlərin qarşısının alınması, insan
alveri qurbanlarının müdafiəsi, hüquqlarının
bərpası, sosial reabilitasiyası və təhlükəsiz
repatriasiyasını təmin etmək istiqamətində
böyük fəaliyyət göstərilmişdir.
İcrası məqsədyönlü şəkildə davam
etdirilən Milli Fəaliyyət Planına uyğun olaraq,
hesabat ilində, Cinayət Məcəlləsinə hüquqi
şəxslərin məsuliyyətini, uşaq
pornoqrafiyasının dövriyyəsini cinayət tərkibi
kimi müəyyən edən normalar əlavə edilmiş,
habelə insan alverinin və məcburi əməyin
qurbanları da daxil olmaqla çətin həyat şəraitində
yaşayan şəxslərə dövlət
qayğısının hüquqi, iqtisadi və təşkilati
əsaslarını tənzimləyən "Sosial xidmət
haqqında" qanun qəbul olunmuşdur. Diqqət çəkən
məsələlərdən biri də hökumətin qərarı
ilə, insan alverinin qurbanlarına reinteqrasiya dövründə
ödənilən müavinətin məbləğinin iki dəfə
artırılaraq 400 manat müəyyən edilməsidir.
Vilayət Eyvazovun sözlərinə
görə, insan alveri qurbanlarına təxirəsalınmaz
tibbi, psixoloji, sosial və hüquqi yardımların göstərilməsində,
məşğulluqlarının təmin edilməsində,
maarifləndirmə və təbliğat işlərinin
aparılmasında qeyri-hökumət təşkilatlarının
fəaliyyəti də effektli olmuşdur. Səmərəli fəaliyyətlərinə
görə Daxili İşlər Nazirliyi tərəfindən
15 qeyri-hökumət təşkilatı
mükafatlandırılmış, habelə onların insan
alverinə qarşı mübarizəyə dair təqdim etdikləri
beş layihənin icrası üçün Azərbaycan
Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası 33.500 manat qrant
ayırmışdır.
Həyata keçirilən profilaktik tədbirlərdə
işçi qrupun üzvü olan dövlət
orqanlarının əhəmiyyətli rolu da qeyd edilməlidir. Gənclər və İdman
Nazirliyi ilə birgə, cari ilin aprel ayında Saatlı, Salyan,
Neftçala, Ağcabədi və Beyləqan rayonlarında mədəni-kütləvi
aksiyalar keçirilmiş, tədbir
iştirakçılarına maarifləndirici materiallar
paylanmışdır. Uşaqların
baxımsızlığına şərait yaradan səbəblərin
aşkar edilib aradan qaldırılması yollarına dair
sosial, hüquqi, pedaqoji və digər tədbirlər toplusu
hazırlanıb yayılmışdır. Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili Aparatının nümayəndələri insan
alveri qurbanları ilə bağlı monitorinqlər keçirərək,
belə şəxslərin problemləri ilə yerində
tanış olmuşlar.
Hesabat dövründə digər dövlətlərin
hüquq-mühafizə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin
genişləndirilməsinə də önəm verilmişdir.
Ayrı-ayrı vaxtlarda
ABŞ-ın Azərbaycandakı səfirliyinin, Beynəlxalq
Miqrasiya Təşkilatının və ATƏT-in Bakı Ofisi
nümayəndələrinin iştirakı ilə
görülmüş işlər müzakirə olunmuş,
fikir mübadiləsi aparılmışdır.
General-leytenant Vilayət Eyvazov daha sonra
bildirdi ki, cari ilin ötən 10 ayında həyata
keçirilmiş tədbirlər zamanı 85 insan alveri
faktı aşkar edilmiş, 2 mütəşəkkil dəstə
və 6 cinayətkar qrup zərərsizləşdirilmişdir.
Bu növ hüquqazidd əməllərə görə 20 nəfər
tutulmuşdur ki, onlardan da 10-u məhkəmələr tərəfindən
5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum
olunmuşdur. Beynəlxalq axtarışda olan təqsirləndirilən
şəxslərdən 3-nün yeri İnterpol xətti ilə
müəyyən olunaraq istintaq orqanlarına təhvil
verilmiş və hazırda 22 nəfərin axtarışı
davam etdirilir. Müəyyən edilmiş insan alverinin
qurbanlarından 19-u Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş
Ərəb Əmirliklərinə, 14-ü Rusiya
Federasiyasına aparılmış, 6-sı ölkə daxilində
istismara cəlb olunmuşdur. Sığınacağa yerləşdirilmiş
43 nəfərin hər birinə zəruri yardımlar göstərilmişdir.
Zərər çəkmiş 35 nəfərə birdəfəlik,
18-nə isə Kömək Fondundan müvafiq müavinətlər
verilmişdir. İbtidai istintaq və məhkəmə prosesləri
dövründə bütün belə şəxslər
müdafiəçilər ilə təmin olunmuşlar.
İnsan alveri cinayətlərinin profilaktikası
çərçivəsində ictimai mənəviyyat əleyhinə
olan 115 cinayət aşkarlanaraq 85 nəfər məsuliyyətə
cəlb edilmişdir. Bu hüquqpozmalarla bağlı barəsində
inzibati tənbeh tədbiri görülmüş 450-dək
qadının hər biri müvafiq indikatorlar əsasında
sorğulara cəlb edilmiş, lakin onların insan alverinin
qurbanı olması təsdiqlənməmişdir.
Keçirilmiş reydlər zamanı risk qrupuna aid 267 nəfər
müəyyən edilərək 89-u insan alverinin qurbanları
üçün Yardım Mərkəzinə, Təhsil, Səhiyyə
və Ədliyyə nazirliklərinə, digərləri qeyri-hökumət
təşkilatlarına istiqamətləndirilmişdir. Potensial
qurbanlardan 67-nə tibbi, 151-nə hüquqi, 112-nə psixoloji
yardımlar göstərilmiş, 50-si işlə təmin
edilmişdir.
İnsan alveri, əxlaqsızlıq
yuvaları saxlama, xarici ölkələrdə işə
düzəlmə, təhsil, əcnəbilərlə nikahdan
ortaya çıxan problemlər və sair məsələlər
ilə əlaqədar "Qaynar xətt" telefon xidmətinə
daxil olmuş 13 minə yaxın məlumat
araşdırılaraq təşəbbüskarlara lazımi
izahlar verilmişdir.
İnsanların məcburi əməyə
cəlb edilməsi ilə bağlı 2 cinayət faktı qeydə
alınmışdır. Məcburi əmək
hallarının müəyyən edilməsi məqsədilə
Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan
Sahibkarlar Konfederasiyası və qeyri-hökumət təşkilatları
ilə birgə müxtəlif tikinti şirkətlərində,
sənaye müəssisələrində və daş karxanalarında
monitorinqlər davam etdirilmişdir.
Dövlət Miqrasiya Xidmətinin 484 obyektdə
apardığı yoxlamalar zamanı iki mindən çox əcnəbinin
və vətəndaşlığı olmayan şəxsin
işə cəlb edilməsi qaydalarını pozmuş 235
hüquqi və fiziki şəxs barəsində müvafiq tədbirlər
görülmüşdür. Bununla bərabər, polis tərəfindən
keçirilən reydlər zamanı küçə həyatına
məruz qalan, o cümlədən dilənçilik edən və
qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən
edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan
alverinin qurbanı olması təsdiqlənməmişdir. Lakin
övladlarının təlim-tərbiyəsi ilə
bağlı vəzifələri yerinə yetirməyən,
onları hüquqazidd əməllərə təhrik edən
200-ə yaxın valideyn barəsində qanunauyğun tədbirlər
görülmüşdür. Nərimanov, Nizami və Xətai
rayonlarında yaradılmış icma əsaslı
"Uşaq polisi otaqları"nda qeydiyyatda olan 27
azyaşlı hüquqi yardım tədbirləri ilə əhatə
olunmuş, habelə insan alverinin qurbanı və potensial qurban
olan 19 yetkinlik yaşına çatmayan - şəxsiyyəti
təsdiq edən sənədlərlə təmin
edilmişdir.
İnsan alverinə qarşı mübarizə
üzrə Milli koordinator onu da qeyd etdi ki, ölkəmizdə
insan alverinin bütün formalarının aradan
qaldırılması istiqamətində mövcud olan yüksək
siyasi iradə, Prezident İlham Əliyevin rəhbərliyi ilə
uğurla davam edən inkişaf və iqtisadi tərəqqi
prosesləri Milli Fəaliyyət
Planından irəli gələn tədbirlərin məqsədyönlü
şəkildə həyata keçirilməsinin əsas təminatıdır.
Qarşıya qoyulmuş vəzifələr aidiyyəti
dövlət orqanları və vətəndaş cəmiyyəti
ilə birgə ardıcıllıqla yerinə yetirilir. Eyni
zamanda, beynəlxalq qurumların insan alverinə qarşı
mübarizə tədbirlərinin təkmilləşməsinə
yönəlmiş təklif və tövsiyələri diqqətlə
öyrənilərək əlaqədar perspektiv planlara
lazımi korrektələr edilir. Sözsüz ki, həyata
keçirilən bu və digər tədbirlər hansısa
bir dövlətin və ya beynəlxalq qurumun təqdirini
qazanmaq naminə deyil, respublikada hüquq qaydasının,
qanunçuluğun, insan hüquq və
azadlıqlarının, bütövlükdə milli
maraqların etibarlı təmin edilməsi sahəsində
ölkə Prezidentinin müəyyən etdiyi strateji vəzifələrin
tam yerinə yetirilməsinə, o cümlədən insan alveri
kimi təhlükəli sosial təzahürə qarşı
mübarizə standartlarının yüksəlməsinə
yönəlmişdir.
Bu baxımdan növbəti hesabat
dövründə, insan alverinə qarşı mübarizəyə
dair qanunvericiliyin və cinayət təqibinin təkmilləşdirilməsi,
məcburi əməyin bütün formalarının
qarşısının alınması, hüquqi, siyasi və
sosial-iqtisadi tədbirlərin daha məqsədyönlü
icrası, vətəndaş cəmiyyəti və beynəlxalq
təşkilatlarla əlaqələrin genişləndirilməsi,
risk qrupuna aid şəxslərin məlumatlandırma tədbirləri
ilə tam əhatə olunması, kütləvi informasiya vasitələrinin,
özəl sektorun, internet şəbəkəsinin
imkanlarından geniş istifadə edilməsi,
bütövlükdə insan alverinə qarşı mübarizənin
yeni keyfiyyət səviyyəsinə qaldırılması -
qarşıda duran əsas vəzifələrdən olaraq
davamlı surətdə həyata keçiriləcəkdir.
Müzakirələr zamanı Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli, deputatlardan Aydın Mirzəzadə,
Azay Quliyev və başqaları çıxış edərək
hesabatla bağlı fikirlərini bildirdilər. Hesabatı təqdir
edən deputatalar xüsusilə insan alverinə qarşı
mübarizədə vətəndaş cəmiyyəti ilə əməkdaşlığı yüksək qiymətləndirdilər.
İnsan alverinə qarşı mübarizə üzrə
Milli koordinator Vilayət Eyvazov deputatları maraqlandıran məsələlərə
münasibət bildirdikdən sonra hesabat səsə qoyuldu və
nəzərə alındı.
Sonra Milli Məclisin Aqrar siyasət komitəsinin
sədri Eldar İbrahimov "Mərkəzi Asiya və Qafqazda
balıqçılıq təsərrüfatı və
akvakultura sahəsində Regional Komissiyaya dair" Sazişin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
barədə məlumat verdi. Bildirdi ki, Saziş 2012-ci il
martın 19-da imzalanmışdır. Qanun layihəsi təsdiq
olundu.
Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
isə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə
görə", "Miqrasiya orqanları ilə səmərəli
əməkdaşlığa görə" və
"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə"
Azərbaycan Respublikası medallarının təsis edilməsi
ilə əlaqədar" Azərbaycan Respublikasının
orden və medallarının təsis edilməsi haqqında Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi haqqında məlumat
verdi. Qısa müzakirədən sonra qanun layihəsi təsdiq
olundu.
Deputatlar Əli Hüseynlinin təqdimatından
sonra Azərbaycan Respublikasının Cinayət-Prosessual və
Cəzaların İcrası məcəllələrinə dəyişikliklər
edilməsi haqqında qanun layihələrinə də müsbət
münasibət bildirdilər.
Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında qanun layəhəsini
də diqqətə çatdırdı. Bildirdi ki, yol hərəkəti
qaydaları ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə
təklif olunan dəyişikliklər kifayət qədər
fundamentaldır. Bu dəyişikliklərə əsasən
ictimai təhlükəli xətalarla bağlı cərimə
sanksiyalarının artırılması təklif olunur. Komitə
sədri onu da əlavə etdi ki, ictimai təhlükəsizlik
dərəcəsinə görə avtonəqliyyat vasitələri
ilə törədilən xətalarla əlaqədar sanksiyaların
artırılması məqsədəmüvafiqdir.
Müzakirələr zamanı deputatlardan
Rafael Cəbrayılov, Tahir Rzayev, Mübariz Qurbanlı, Zahid
Oruc, Siyavuş Novruzov dəyişiklikləri dəstəklədilər
və bəzi təkliflərlə çıxış etdilər.
Yekunda qanun layihəsi təsdiq olundu.
İclasda parlamentin Regional məsələlər
komitəsinin üzvü Tahir Rzayev "Azərbaycan
Respublikasının bəzi şəhər və
rayonlarının inzibati ərazi bölgüsündə qismən
dəyişikliklər edilməsi haqqında" və
"Naxçıvan Muxtar Respublikasının
Naxçıvan şəhərinin inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilməsi
haqqında" qanun layihələrini diqqətə
çatdırdı. Hər iki məsələ təsdiq
olundu.
Sonra iclasda "Sərbəst toplaşmaq
azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikası qanununun layihəsi
müzakirəyə çıxarıldı. Məsələ ilə
bağlı məlumat verən Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin üzvü Rafael
Cəbrayılov bununla əlaqədar Azərbaycan
Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə
təklif olunan dəyişiklikləri də diqqətə
çatdırdı.
Deputat bildirdi ki, "Sərbəst
toplaşmaq azadlığı haqqında" qanun layihəsi
1998-ci ildə qəbul olunub və bu gün inkişaf etmiş
Azərbaycan dövlətində həmin sənədə dəyişiklik
edilməsinin vaxtı çatıb. Onun sözlərinə
görə, həmin qanundakı bəzi müddəalar
köhnəlib. Deputat öncə
"Sərbəst toplaşmaq azadlığı
haqqında" qanuna dəyişikliklər edilməsi barədə
qanun layihəsini təqdim etdi. Dedi ki, sənədə edilən
ilk dəyişiklik qanunun 5-ci və 6-cı maddələri ilə
bağlıdır. Qanunun 5-ci maddəsi "Toplantının
keçirilməsi barədə xəbərdarlıq"
adlanır. Təklif olunan varianta toplantı təşkilatçıları
barədə məlumat (fiziki şəxsin adı, soyadı,
atasının adı və ünvanı) daxil edilib. Layihənin
6-cı maddəsinə təklif olunan dəyişiklik isə
ondan ibarətdir ki, yığıncağın, mitinqin,
küçə nümayişinin və piketin təşkilatçısı,
dinc toplantını təşkil edən, adı müvafiq
icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda
göstərilən bir və ya bir neçə hüquqi və
fiziki şəxsdir. 18 yaşına çatmamış şəxslər
valideynlərinin və ya digər qanuni nümayəndələrinin
yazılı razılığı olmadan dinc
toplantının iştirakçısı ola bilməzlər.
Cinayət Məcəlləsinə edilən
dəyişikliklərə gəlincə, deputat diqqətə
çatdırdı ki, təklif edilən dəyişikliklərdə
məhkumların ictimai işlərə cəlb olunması ilə
bağlı əlavələr öz əksini tapıb. Həmin
dəyişikliklərə əsasən, ictimai işlər
ayda 80 saatdan 320 saatadək müddətdə müəyyən
edilir və gün ərzində 4 saatdan çox ola bilməz.
Bu cəzaya məhkum olumuş şəxs həmin işləri
yerinə yertirməkdən qərəzli boyun qaçırsa,
məhkəmə ictimai işlərin çəkilməmiş
hissəsini müəyyən müddətə azadlıqdan məhrumetmə
növündə cəza ilə əvəz edə bilər.
Deputat Rafael Cəbrayılov onu da bildirdi
ki, bu gün mövcud olan qanunvericilikdə təyin olunan cərimələrin
aşağı səviyyədə olması onları ödəyənlərin
maddi durumuna heç cür təsir etmir və cüzi bir cəriməni
illərlə qanunsuz toplantı keçirib ödəmək
olar. Ona görə də Cinayət Məcəlləsinə
ediləcək dəyişiklikdə qanunvericiliklə
qadağan olunmuş hallarda toplantılar təşkil etmə,
keçirmə və ya belə toplantılarda iştirak etmə
vətəndaşların hüquq və qanuni mənafelərinin
əhəmiyyətli dərəcədə pozulmasına səbəb
olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə
tutulur. Toplantıların keçirilməsi zamanı
toplantıda iştirak edənlər tərəfindən odlu və
ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə
də ətrafdakıların həyat və
sağlamlığı üçün təhlükə
törədən maddə və əşyaları gəzdirənlər
üçün də 5000-8000 manat cərimə nəzərdə
tutulub.
Cinayət Məcəlləsinin
233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə
pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə
tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə,
idarə və təşkilatın normal fəaliyyətinin
pozulmasına səbəb olan hərəkətlərin bir qrup
şəxs tərəfindən törədilməsini təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal
iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə
tutulur (bu məbləğ indiyədək 500 manat olub).
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" qanun layihəsinə edilən dəyişikliklə
bağlı deputat qeyd etdi ki, sənəd üzərində
iş aparılarkən dünyanın 30-a qədər ölkəsinin,
bütün MDB respublikalarının analoji qanunları və
təcrübəsi öyrənilib. Bu dəyişikliklər
edilərkən hüquq elminin bugünkü inkişafı,
onun tənzimlənmə mexanizminin müasirliyi, dəqiqliyi əsas
götürülüb. Dəyişiklik isə əsasən
298-ci maddə ilə bağlıdır. Qanun layihəsinin
298-ci maddəsi "Sərbəst toplaşmaq
azadlığı haqqında" qanunun tələblərinin
pozulmasına görə inzibati məsuliyyəti müəyyən
edir. Qanunsuz toplantıların keçirilməsi ilə
bağlı inzibati tənbeh tədbirləri olaraq xəbərdarlıq
və 7 manatdan 13 manatadək cərimə nəzərdə
tutulur. Maddə iki hissəyə bölünüb. İlk hissəsi
qanunsuz mitinqləri keçirən təşkilatçılara,
ikinci hissəsi isə iştirakçılara aiddir. Yeni dəyişikliyə
əsasən qanunsuz aksiyaya görə mitinq təşkilatçısı
olan fiziki şəxslər 1500 manatdan 3000 manatadək,
hüquqi şəxslər isə 15 000 manatdan 30 000 manatadək
miqdarda cərimə edilir. Qanunsuz mitinqdə, küçə
yürüşündə iştirak edənlərə isə
300 manatdan 600 manatadək miqdarda cərimə tətbiqi nəzərdə
tutulur.
Sonda R.Cəbrayılov bildirdi ki, bu qanun
layihələri hazırlanarkən dünyanın bir çox
ölkəsinin təcrübələri öyrənilsə də,
heç bir ölkənin analoji qanunu etalon kimi
götürülməyib. Çünki Azərbaycan Prezidenti
İlham Əliyevin dediyi kimi: "Biz heç kimi təqlid
etmirik, Azərbaycan xalqının və dövlətinin mənafelərinə,
inkişaf xüsusiyyətlərinə uyğun qabaqcıl təcrübədən
istifadə edirik". Deputatın sözlərinə görə,
bu layihələr Azərbaycan qanunvericiliyinin daha da təkmilləşdirilməsi,
hüquqi tənzimləmənin dəqiqləşdirilməsi
məqsədilə görülən işin tərkib hissəsidir.
Sonra müzakirələr başlandı.
Deputatlardan Fazil Mustafa, İqbal Ağazadə layihə ilə
bağlı bəzi iradlar səsləndirsələr də,
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov,
deputatlar İlham Məmmədov, Leyla Abdullayeva, Siyavuş
Novruzov və Mübariz Qurbanlının məsələyə müsbət
münasibəti fikirləri dəyişdi. Deputatlar qeyd etdilər
ki, son günlər bəzi qüvvələr dəyişikliklərlə
bağlı ajiotaj yaratmağa çalışırlar. Ancaq
hüquqi dövlət olan Azərbaycanda qanunların
pozulması gərginlik yarada bilər. Bu əlavə və dəyişikliklər
isə qanunvericiliyə müsbət təsir göstərəcək.
Vitse-spiker Ziyafət Əsgərovun
sözlərinə görə, bəzi şəxslər bu dəyişiklikləri
yalnız cərimələrin artırılmasına aid edirlər.
Bu isə dövlətçilik təfəkkürünün
olmamasından irəli gəlir: "Əgər biz ölkədə
təhlükəsizliyin qarşısını almaq məqsədilə
bu tədbirləri nəzərdə tuturuqsa, burada cərimələrin
əhəmiyyətindən söhbət gedə bilməz.
Burada söhbət sərbəst toplaşmaq
azadlığının qarşısını almaqdan getmir.
Bu dəyişikliklə sərbəst toplaşmaq
azadlığının qaydası müəyyənləşdirilir.
Bütün ölkələrdə toplantıların
keçirilmə qaydaları var. İnsan hüquqları və
azadlıqları haqqında Avropa Konvensiyasının 11-ci maddəsində
göstərilir: toplaşmaq azadlığı və birləşmək
azadlığı. Hər bir kəs yığışıb
dinc toplaşmaq azadlığına malikdir. Bu hüquqların
həyata keçirilməsi ölkənin təhlükəsizliyi
və ictimai qaydanı qorumaq, iğtişaşların və
cinayətlərin, habelə insanların digər hüquq və
azadlıqlarının pozulmasının
qarşısını almaq məqsədi ilə məhdudlaşdırılır.
Bu cür qanunazidd halların qarşısının
alınmasında inzibati orqan və polis haqlıdır.
Bütün bunlar hər şeyi sübut
edir. Amma deyirsiniz ki, Azərbaycana
təzyiqlər olunur. Azərbaycana belə məsələlərə
görə təzyiq edilmir. Hər kəs bilir ki, bütün
təzyiqlər Azərbaycanın müstəqil siyasət
yürütməsinə qarşıdır. Bizim siyasətimiz
bəzilərinin xoşuna gəlmir".
Çıxışlardan sonra hər 3 sənədə
edilən dəyişikliklər səsə qoyularaq qəbul
edildi.
Sonra iclasın gündəliyindəki
axırıncı məsələ - "Mədəniyyət
haqqında" qanun layihəsi (ikinci oxunuş) müzakirəyə
çıxarıldı. Sənədlə bağlı məlumat
verən Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov
bildirdi ki, qanun layihəsi yaz sessiyasında 1-ci oxunuşdan
keçib. Ancaq həmin zaman deputatların bir çoxu irad və
təkliflərini səsləndiriblər. Sənəd yenidən
işlənib və 2-ci oxunuş üçün tam yeni bir
qanun layihəsi hazırlanıb. Onun sözlərinə
görə, 1-ci oxunuşda qanun layihəsi 44 maddə 9 fəsil
idisə, 2-ci oxunuşda sənəd 63 maddə 12 fəsildən
ibarətdir.
Müzakirələrdə
çıxış edən İnsan hüquqları komitəsinin
sədri Rəbiyyət Aslanova, deputlar Jalə Əliyeva, Leyla
Abdullayeva, Aqil Abbas və Asim Mollazadə bildirdilər ki, qanun
layihəsi xeyli təkmilləşdirilib. Yeni variant tam mükəmməl
hazırlanıb və bir çox məsələlər
öz həllini tapıb.
Sonda deputatlar "Mədəniyyət
haqqında" qanun layihəsini (ikinci oxunuş) fəsil-fəsil
səsə qoyaraq qəbul etdilər.
Azərbaycan.-2012.-
3 noyabr.- S.2.