Hökumət Rabitəsi üzrə MDB Əlaqələndirmə Şurasının XXI iclası Bakıda keçirilib

 

 Bakı şəhərində Hökumət Rabitəsi üzrə MDB Əlaqələndirmə Şurasının XXI iclası keçirilib. Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, iclasın işində MDB ölkələrinin xüsusi xidmət orqanlarının şifrələmə və qapalı rabitə xidmətlərinin nümayəndə heyətləri iştirak edib.

Qeyd edək ki, Hökumət Rabitəsi üzrə MDB Əlaqələndirmə Şurası Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr tərəfindən 1992-ci ildə yaradılıb. Şura beynəlxalq təşkilatdır və iştrakçı dövlətlərin hökumətləri tərəfindən müəyyən edilmiş məsul dövlət orqanı vasitəsilə özünün fəaliyyətini həyata keçirir. Təşkilatın ali orqanı Əlaqələndirmə Şurasıdır. Şuranın iclası ildə bir dəfə keçirilir və qəbul edilmiş qaydalara əsasən, iclasın keçirildiyi dövlətin səlahiyyətli orqanının başçısı  Əlaqələndirmə Şurasının sədri olur. 2012-cil ildə Əlaqələndirmə Şurasının sədri Azərbaycandır.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov iclasın hökumət rabitəsi üzrə əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi işində əhəmiyyətini qeyd edib. Nazir Eldar Mahmudov Hökumət Rabitəsi üzrə MDB Əlaqələndirmə Şurasının iclasında dövlətlərarası hökumət, idarələrarası qapalı rabitə sistemlərinin və şifrələmə vasitələrinin istismarının təhlükəsizliyinin təmin edilməsi, təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində aktuallıq kəsb edən məsələlərin bu formatda müzakirəsinin ümumilikdə beynəlxalq rabitə sahəsində əməkdaşlığın daha yüksək səviyyədə təmin olunmasına konkret töhfələr verəcəyinə əminliyini bildirib.

Sonra iclasda dövlətlərarası hökumət, idarələrarası qapalı rabitə sistemləri və şifrələmə vasitələri üzrə elmi-texniki nailiyyətlərin tətbiqi, müvafiq ixtisaslı kadrların hazırlanması, səmərəli əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

XXI iclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq protokol imzalanıb, Şuranın gələn il üçün fəaliyyət planı təsdiq edilib, Hökumət Rabitəsi üzrə MDB Əlaqələndirmə Şurasının 2013-cü il üçün nəzərdə tutulan tədbirlər siyahısı razılaşdırılıb. Hökumət Rabitəsi üzrə MDB Əlaqələndirmə Şurasının növbəti iclasının gələn il Özbəkistanda keçirilməsi qərara alınıb.

 

 

Azərbaycan.-2012.- 3 noyabr.- S.3.