Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal
Məclisi arasında əməkdaşlıq üzrə
Parlamentlərarası Komissiyanın 10-cu iclası olmuşdur
Noyabrın 2-də Milli Məclisdə
Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya
Federasiyası Federal Məclisi arasında əməkdaşlıq
üzrə Parlamentlərarası Komissiyanın X iclası
keçirilmişdir.
İclası açan Parlamentlərarası
Komissiyanın Azərbaycan tərəfdən həmsədri,
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov
demişdir ki, Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında çox yüksək səviyyədə
dostluq və əməkdaşlıq əlaqələri
vardır. Keçirilən müştərək tədbirlər,
aparılan müzakirələr münasibətlərimizin daha
da genişlənməsinə və möhkəmlənməsinə
təkan verəcəkdir. Əminik ki, Parlamentlərarası
Komissiyanın bu iclasında müzakirə olunan məsələlər
siyasi, iqtisadi-ticari, humanitar və digər sahələrdə əlaqələrimizin
daha da genişlənməsinə xidmət edəcəkdir.
V.Ələsgərov komissiyanın
iclasının uğurlu, məhsuldar, qarşılıqlı
etimad və hörmət şəraitində keçəcəyinə,
qarşıya qoyulmuş məqsədlərə çatmaq
üçün səmərəli olacağına əminliyini
bildirmiş, iclasın işinə uğurlar
arzulamışdır.
Parlamentlərarası Komissiyanın
Rusiya tərəfdən həmsədri, Federal Məclisin
Federasiya Şurası sədrinin müavini Svetlana Orlova yenidən
Bakıda olmaqdan məmnunluğunu ifadə etmişdir. O
demişdir ki, bu gün ölkələrimiz arasındakı
siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə
əlaqələr inkişaf edir, münasibətlərimiz
bütün sahələrdə genişlənir və möhkəmlənir.
Ticarət dövriyyəmiz ilbəil artır. Ən
başlıcası odur ki, münasibətlərimiz strateji əməkdaşlıq
xarakteri daşıyır.
Bakıda on nəfər Nobel
mükafatı laureatının da iştirakı ilə
keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən
danışan S.Orlova demişdir ki, bu cür mötəbər
məclislərdə aparılan müzakirələr, əldə
olunan razılaşmalar bizi daha da yaxınlaşdırır.
Rusiyalı həmsədr demişdir ki,
Azərbaycan Prezidenti İlham Əliyev ilə
görüşdə ölkələrimiz arasındakı əlaqələrin
daha da genişləndirilməsi barədə fikir mübadiləsi
apardıq. Dövlət başçısı ilə
görüşdə əməkdaşlığımızın
bütün sahələrdə inkişafının vacibliyi
qeyd olunmuşdur. İqtisadi, kənd təsərrüfatı,
maşınqayırma və innovasiya sahələrində əməkdaşlığın
daha da dərinləşməsi üçün geniş
imkanların olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, əlaqələrimizin
genişlənməsində parlamentlərin rolu
böyükdür. MDB Parlament Assambleyasında da biz sıx əməkdaşlıq
edirik. Deputatlarımız beynəlxalq təşkilatlarda, o
cümlədən Avropa Şurası Parlament Assambleyasında
səmərəli əməkdaşlıq edirlər. Bəzən
hər iki tərəf ikili standartlarla üzləşir. Biz bu
cür yanaşmaların əleyhinəyik. İnanırıq
ki, Parlamentlərarası Komissiyanın iclasında səmərəli
müzakirələr aparacağıq və faydalı qərarlar
qəbul edəcəyik.
Sonra iclas öz işini davam etdirmişdir.
İclas başa çatdıqdan
sonra komissiyanın həmsədrləri brifinq
keçirmişlər.
Valeh Ələsgərov demişdir
ki, iclasda ölkələrimiz arasında
iqtisadi, siyasi, humanitar, mədəniyyət
və digər sahələrdə əlaqələrin
inkişafına dair məsələlər müzakirə
olunmuşdur. İnanırıq ki, iclasın nəticələri ikitərəfli
əlaqələrin inkişafına
mühüm töhfə
verəcəkdir.
Svetlana Orlova bildirmişdir ki, komissiyanın işi parlamentlərin fəaliyyətinə
təkan verən mühüm elementdir. Komissiya çox ciddi səylə çalışmış
və ikitərəfli
əlaqələrə dair
mühüm məsələləri
müzakirə etmişdir.
İclasda təhsil, ticarət dövriyyəsinin
artması, miqrasiya, gənclərlə iş və digər sahələrə dair çox açıq və səmimi müzakirələr aparılmışdır.
Bildirilmişdir ki, iki ölkə arasında mövcud olan bəzi bürokratik problemlərin həllində
müsbət nəticələr
əldə olunmuşdur. Qeyd edilmişdir ki, bu gün dünyada
gedən proseslərlə
əlaqədar hər
iki ölkənin təhsil sistemində bir sıra islahatlar
həyata keçirilir.
Eləcə də sərhəd
keçid məntəqələrində
əhalinin sərbəst
hərəkətində bürokratik
problemlər yaranır.
Komissiya bu məsələləri
bir daha nəzərdən keçirmiş
və yaranmış problemlərin həllinə
kömək məqsədi
ilə həmin sahələr üzrə işçi qrupları yaradılmışdır. Hər iki ölkənin deputatlarının həmsədrliyi
ilə fəaliyyət
göstərəcək bu
qruplar aidiyyəti üzrə problemləri araşdıracaq, onların
həlli ilə bağlı komissiyaya müraciət edəcəkdir.
Komissiya da həmin problemin
həllinə çalışacaqdır.
Komissiyanın iclasında Dağlıq Qarabağ münaqişəsinin
həlli, eləcə
də Azərbaycanın
ermənilər tərəfindən
işğal olunmuş
ərazilərində Rusiyadan
olan iş adamlarının, firma və
şirkətlərin qanunsuz
fəaliyyəti barədə
məsələyə də
baxılmışdır. S.Orlova demişdir
ki, Rusiya tərəfi bu məsələni araşdıracaqdır.
Eyni zamanda, tərəflər münaqişənin sülh
yolu ilə ədalətli həllinin vacibliyini vurğulamışdır.
AzərTAc
Azərbaycan.-2012.-
3 noyabr.- S.3.