Parlamentlərarası
İttifaqın toplantısı başa
çatmışdır
2012-ci il
oktyabrın 21-26-da Kanadanın Kvebek şəhərində
Parlamentlərarası İttifaqın 127-ci Assambleyası keçirilmişdir. Assambleyada
iştirak etmək üçün
Azərbaycan Respublikası Milli Məclisinin
deputatları İlham Əliyev, Əhliman
Əmiraslanov, Sevinc Hüseynova
və Fuad Muradovdan
ibarət nümayəndə heyəti bu
ölkəyə səfər etmişdir. Səfər çərçivəsində
nümayəndə heyətimiz 26 ölkənin təmsilçiləri
ilə görüşlər keçirmiş,
Azərbaycan parlamenti ilə müvafiq ölkələrin qanunvericilik
orqanları arasında ikitərəfli və çoxtərəfli
əsasda, o cümlədən Parlamentlərarası
İttifaq çərçivəsində
əməkdaşlıq imkanlarını müzakirə etmişdir.
Azərbaycan
Respublikası Milli Məclisinin Parlamentlərarası
İttifaqda əsasən Avropa
dövlətlərinin nümayəndələrini birləşdirən
"12 Plyus" geosiyasi
qrupuna üzvlüklə bağlı
müraciətinə baxılması üçün
Assambleya çərçivəsində qrupun xüsusi iclası keçirilmişdir. Azərbaycan nümayəndə
heyətinin üzvləri ölkəmizdə mövcud
olan ictimai-siyasi vəziyyət,
həyata keçirilən islahatlar və
atılan mütərəqqi addımlar barədə qrupun üzvlərinə ətraflı məlumat
vermiş, onların suallarını
cavablandırmışlar.
Daha sonra Azərbaycanın
üzvlüyü ilə bağlı
müzakirələr davam etdirilmiş
və səsvermə keçirilmişdir.
Təəssüf ki, Almaniya
nümayəndə heyətinin rəhbəri cənab Norbert Lammert hələ iclasdan əvvəl Azərbaycanın
üzvlüyünə qarşı açıq
çıxış etmiş və bəzi
digər deputatları da onunla
eyni mövqe tutmağa sövq etmişdir. Narahatlıq doğuran
bütün məqamlara aydınlıq gətirilməsinə
baxmayaraq, Almaniya
nümayəndə heyətinin rəhbəri iclas
zamanı da Azərbaycana qarşı qərəzli
hücumlarını davam etdirmişdir.
Bununla belə, səsvermədə Azərbaycanın qrupa daxil olmasının
lehinə 29 səs, əleyhinə isə 25 səs verilmişdir. Üzvlüyə qəbul olunmaq üçün iclas zamanı 2/3 səs çoxluğu
şərtinin irəli sürülməsi Azərbaycanın
"12 Plyus" geosiyasi
qrupunun üzvü
olmasına imkan verməmişdir. Məsələyə Parlamentlərarası
İttifaqın 2013-cü ildə keçiriləcək
növbəti 128-ci Assambleyasında bir daha baxılması qərara
alınmışdır.
Səsvermədən
sonra qrupda təmsil olunan bir çox
deputatlar Azərbaycan nümayəndələrinə
yaxınlaşmış və səs çoxluğunu
qazandığı halda qeyri-müəyyən
prosedurların Azərbaycanın üzvlüyünə mane olmasından təəssüfləndiklərini
bildirmişlər. Azərbaycan Respublikası Milli Məclisinin
Parlamentlərarası İttifaqdakı nümayəndə heyəti "12
Plyus" geosiyasi qrupunun iclasında keçirilən səsvermədə
ölkəmizin üzvlüyünü dəstəkləyən
çoxluğa öz
minnətdarlığını bildirmiş
və Norbert Lambert (Almaniya), Filip Mao (Belçika), Klass Dijkof (Niderland)
kimi deputatların tutduqları
anlaşılmaz mövqenin təəssüf
doğurduğunu bəyan etmişdir.
Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Milli Məclisinin Parlamentlərarası
İttifaqdakı nümayəndə heyəti ümid
edir ki, 2013-cü ildə
Ekvadorda keçiriləcək 128-ci Assambleyada Azərbaycan "12 Plyus"
geosiyasi qrupuna üzv qəbul olunacaqdır.
Məlum olduğu kimi, Parlamentlərarası
İttifaq 1889-cu ildə
yaradılmışdır və müxtəlif dövlətlərin
parlamentlərini birləşdirir. Qərargahı Cenevrə
şəhərində yerləşir. Azərbaycan
Respublikasının Milli Məclisi
1993-cü ilin aprel
ayından bu mötəbər beynəlxalq
qurumun üzvüdür.
Parlamentlərarası İttifaqda siyasi,
ictimai, mədəni və digər dəyərlərin
ortaqlığı əsasında formalaşdırılan 6
geosiyasi qrup fəaliyyət
göstərir. Bunlar Afrika, Asiya-Sakit Okeanı, Avrasiya, Ərəb,
Latın Amerikası və "12 Plyus" geosiyasi
qruplarıdır. İttifaqın üzvləri ortaq dəyərləri
nəzərə almaqla, geosiyasi qruplardan hər hansı birinə
üzv ola bilərlər.
Milli Məclisin
mətbuat xidməti
Azərbaycan.-2012.-
3 noyabr.- S.3.