Bakıda «Qloballaşma
şəraitində insan və vətəndaş
hüquq və azadlıqlarının mühafizəsinin aktual
problemləri: nəzəriyyə və təcrübə»
mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Noyabrın
2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında
"Qloballaşma şəraitində insan və vətəndaş
hüquq və azadlıqlarının mühafizəsinin aktual
problemləri: nəzəriyyə və təcrübə"
mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. AzərTAc
xəbər verir ki, Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının,
Azərbaycan Hüquqşünasları
Konfederasiyasının, AMEA-nın İnsan Hüquqları
üzrə Elmi-Tədqiqat İnstitutunun və Polis
Akademiyasının birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə Milli Məclisin
deputatları, Daxili İşlər, Milli Təhlükəsizlik,
Ədliyyə, Fövqəladə Hallar nazirliklərinin
akademiyalarının, Baş Prokurorluğun, Konstitusiya Məhkəməsinin
və beynəlxalq təşkilatların nümayəndələri
iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə
ümummilli lider Heydər Əliyevin büstü önünə
əklil qoymuş, xatirəsini ehtiramla anmışlar.
Polis Akademiyasının rəisi,
hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru
Nazim Əliyev tədbiri açaraq bildirmişdir ki, bu konfrans
respublikamızda qloballaşma dövründə insan
hüquqlarının müdafiəsi sahəsində bir
sıra problemlərin həllində mühüm rol
oynayacaqdır.
Nazim Əliyev vurğulamışdır
ki, müasir dövrdə qloballaşma dövlət və cəmiyyət
həyatının hər bir sahəsinə təsir göstərdiyi
kimi, insan hüquqlarına da əsaslı təsir göstərən
amillərdəndir. Ümummilli lider Heydər Əliyev
xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə gəldikdən sonra demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğunu respublikamız əsas
inkişaf yolu seçmiş, insan hüquq və
azadlıqlarının qorunmasını ön plana çəkmişdir.
Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan
institutların formalaşdırılması və azad
siyasi fəaliyyət
üçün hər cür şərait
yaradılmışdır.
Polis Akademiyasının rəisi
demişdir ki, ölkəmiz bu sahədəki uğurları ilə
uzun illər demokratik yolla
inkişaf etmiş Avropa dövlətləri ilə bir
sıradadır. Azərbaycanın yaşadığı yeni
inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində
aparılan ardıcıl islahatların davam etdirilməsini
şərtləndirir.
Elmi-praktiki konfransda ombudsman Elmira
Süleymanova çıxış edərək bildirmişdir
ki, artıq dünyada insan hüquqlarının müdafiəsi
sahəsində beynəlxalq standartlar tətbiq olunur. Ölkəmizdə
də bu sahədə mühüm işlər
görülür. Bu gün çox sevindirici haldır ki,
insan hüquqlarının müdafiəsini həyata
keçirmək üçün Polis Akademiyasında təcrübəli
kadrlar hazırlanır.
İnsan hüquqlarının təmin
olunması sahəsində birgə fəaliyyətin daha da təkmilləşdirilməsi
ilə bağlı tövsiyələrini verən Elmira
Süleymanova ombudsmanın insan hüquqlarının müdafiəsi
üzrə fəaliyyətini Daxili İşlər Nazirliyi, o
cümlədən Polis Akademiyası ilə sıx əməkdaşlıq
əsasında qurduğunu vurğulamışdır.
Konfransın kifayət qədər aktual
bir mövzunu əhatə etdiyini söyləyən Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
və Azərbaycan Hüquqşünasları
Konfederasiyasının sədri Əli Hüseynli
vurğulamışdır ki, qloballaşma şəraitində
insan hüquqlarının
qorunması təkcə keçmiş SSRİ
respublikalarında deyil, həmçinin Avropanın
aparıcı dövlətlərində də ciddi problemə
çevrilmişdir. Bu konfrans ona görə əhəmiyyətlidir
ki, insan hüquqları sahəsində nəzəri və
praktiki baxışlar arasında çox böyük fərq
vardır.
Əli Hüseynli qeyd etmişdir ki,
Avropada başlamış iqtisadi böhran insan hüquqları
məsələsinin nə dərəcədə həssas
olduğunu nümayiş etdirmişdir. Azərbaycan insan
hüquqlarının qorunması sahəsində nəzəri
cəhətdən yüksək təcrübəyə
malikdir. Bununla bağlı onlarla
beynəlxalq konvensiyaları ratifikasiya etmişik. Eyni
zamanda, son vaxtlar ölkəmizdə insan hüquqlarının
müdafiəsi sahəsində bir neçə fundamental
qanunlar qəbul edilmişdir.
Ölkəmizdə insan
hüquqlarının qorunması sahəsində görülən
işlərdən danışan AMEA-nın İnsan
Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun
direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva
bildirmişdir ki, Azərbaycanda əsas insan hüquqları və
azadlıqları ölkə rəhbərliyi səviyyəsində
qorunur. Demokratik dövlət quruculuğu yolu ilə irəliləyən
respublikada bütün sahələrdə hüquqi bazanın
möhkəmləndirilməsi və təkmilləşdirilməsi
üçün müvafiq islahatlar aparılmaqdadır.
A.Mustafayeva Azərbaycanın insan
hüquq və azadlıqlarının qorunması sahəsində
əhəmiyyətli uğurlar əldə etdiyini də
vurğulamışdır.
Konfransda "Azərbaycan Respublikası
Konstitusiyasında insan və vətəndaş
hüquqları, azadlıqları konsepsiyası",
"Qloballaşma, insan və vətəndaş hüquq və
azadlıqları, cinayətkarlıq: sosial- kriminoloji problemləri",
"İnsan hüquqlarının təminatında məhkəmə
konstitutsionalizmi", "DİO-nun fəaliyyətində
insan hüquq və azadlıqlarının təminatı",
"İnsan hüquqları və polis" və digər
mövzularda çıxışlar dinlənilmiş,
müzakirələr aparılmışdır.
Azərbaycan.-2012.-
3 noyabr.- S.3.