Savaş Azərbaycan
əsgərinin qələbəsi ilə başa
çatacaq
"Mən hərbi hissələrdə
tez-tez oluram. Cəbhə
xəttində də tez-tez oluram. Döyüşçülərlə səngərlərdə
görüşürəm, söhbət aparıram.
Görürəm ki, həqiqətən,
Azərbaycan əsgərinin Vətənə çox
böyük bağlılığı
vardır. Vətən sevgisi, vətənpərvərlik
ruhu bizdə çox
yüksəkdir. Əminəm ki, dediyim bütün bu amillər - bizim siyasi gücümüz, iqtisadi inkişafımız, hərbi gücümüz, Vətənə olan sevgimiz məsələnin
həllinə gətirib çıxaracaq, Azərbaycan öz ərazi bütövlüyünü
bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaqdır".
İlham ƏLİYEV
Düşmənlə üz-üzə
dayanan qürurlu Azərbaycan əsgəri
...Deyirlər Vətən səngərdən
başlayır. Bu səngərdə Vətənin
keşiyində duranlar isə ən şərəfli
vəzifənin daşıyıcılarıdır. Cəbhə
bölgəsində düşmənlə
gecə-gündüz üz-üzə dayanan
Azərbaycan əsgəri hər an
ayıq-sayıqdır. Çünki erməni
səngəri cəmi 50-250 metr
aralıdadır.
Tərtərin
"N" saylı hərbi hissəsinə səfər edən
Milli Məclis Sədrinin müavini
Bahar Muradova,
AMEA-nın vitse-prezidenti Akif
Əlizadə, parlamentin Regional
məsələlər komitəsinin sədri Arif
Rəhimzadə, deputatlar Musa
Quliyev, Bəxtiyar Sadıqov, Sahibə Qafarova, hüquq müdafiəçiləri
Novella Cəfəroğlu, Səadət Bənənyarlı
və Müdafiə Nazirliyinin Şəxsi
Heyət Baş İdarəsinin Tərbiyə
İşləri İdarəsinin rəisi, general
mayor Vaqif Məmmədov,
general mayor Nizam Osmanov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun daxil olduğu nümayəndə heyəti və media nümayəndələrilə səngərə
daxil oluruq.
Bölük komandiri bizi qarşılayır. Zabit
böyük komandirlərə məruzə
etdikdən sonra postdakı döyüş
mövqeyində dayanan əsgərlərə
baş çəkirik. Ordunun
qarşısında duran vəzifələri
uğurla yerinə yetirməsi üçün ən əsas şərtlərdən
biri şəxsi heyətin mənəvi-psixoloji
vəziyyətidir. Əgər əsgərin psixoloji
durumu yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş
düşmənə belə qalib gələ
bilər. Fərəhli haldır ki, bu gün ölkəmizdə
həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində
xalqımızın maddi rifahına təsir
edən bütün tədbirlər, Azərbaycan
Silahlı Qüvvələrinin şəxsi heyətində də
böyük ruh
yüksəkliyi yaradıb. Növbədə duran
əsgərlərin də mənəvi-psixoloji vəziyyəti
ürəkaçan idi.
Həmsöhbət
olduğumuz əsgərlər və zabitlər
ciddi nizam-intizamı qorumaqla
yanaşı, onlara daim
diqqət və qayğı göstərildiyini də xüsusi qeyd etdilər.
Əsgər Fuad Quluzadə 13 aydır
ki, burada qulluq edir. Tərxis olunmasına cəmi 5 ay qalıb.
Hərbi xidmətə başlamağından qürur hissi
duyan əsgər zabitlərdən razılıq edir:
"Zabitlərimizin bizlərə hərb elminin sirlərini
öyrətmələri ilə barəbər, mənəvi dəstəklərini
də qeyd etmək istəyirəm. Biz öz həyatları ilə
daim orduya bağlı olan zabitlərimizdən
ilhamlanırıq. Fürsətdən istifadə edib öz
yaxınlarıma, ailəmə, dostlarıma salamlar göndərirəm.
Narahat olmasınlar, bir əsgər kimi dövlətimizin daimi
qayğısını hiss edirik. Qidalanmağımız,
geyimimiz yüksək səviyyədədir. İnşallah, hərbi
xidməti layiqincə başa vuraraq alnıaçıq,
başıuca onların yanına qayıdacağıq. Amma
bizim üçün fəxr olardı ki, ordudan qələbə
müjdəsi ilə tərxis olunaq! Biz gənc əsgərlər
müharibə başladığı təqdirdə
döyüşə atılmağa və lazım gələrsə,
canımızı belə fəda etməyə hazırıq.
Çünki Vətən bizə arxalanır! Bu gün biz onu
göz bəbəyimiz kimi qoruya bilməsək, işğal
altında olan torpaqlarımızı azad edə bilməsək,
gələcək nəsil bunu bağışlamaz".
Qalib əsgər kimi ailəmizin
yanına dönmək hər birimiz üçün ən
böyük şərəf olardı
Əsgər
Rüfət Dadaşov da deyir ki, onlar səngərdə xidmət
etməyi özləri üçün şərəf bilirlər:
"Çünki vətən səngərdən başlanır.
Hərbi xidmətə gələnə qədər əsgər
həyatının özəllikləri barədə müəyyən
məlumatım olsa da, ümumilikdə təsəvvürüm
az idi. Bu hərbi hissədəki vəziyyəti, əsgərlər
üçün yaradılan şəraiti görəndə həqiqətən
də qüdrətli dövlətin vətəndaşı
olduğumu özüm üçün bir daha yəqin etdim.
Ordumuzun günbəgün qüdrətlənməsi, əsgərə
olan xüsusi diqqət və qayğı bizim
hamımızın mənəvi-psixoloji vəziyyətimizə
də birbaşa təsir edən amildir. Arxamızda
güclü dövlətin durduğunu hiss edəndə daha
mübariz olur, torpaqlarımızın işğaldan azad edilməsi
üçün alışıb-yanırıq. Bütün əsgərlərin
arzusu budur ki, torpaqlarımızın düşməndən
azad edilməsi bizim hərbi xidmət dövrümüzə təsadüf
etsin! Qalib əsgər kimi ailəmizin yanına dönmək hər
birimiz üçün ən böyük şərəf
olardı".
Əsgərlərlə söhbət etdikdən
sonra onların istirahət etdiyi "blindaj"a daxil oluruq. Hər
bir əsgər iki saat döyüş növbəsində
olduqdan sonra burada dincəlir. Onun rahatlığı
üçün hər cür şərait var. Bir vaxtlar
torpaqdan qurulan "blindaj"larda əsgərlər bir nəfərlik
yataq xurcununda yatırdısa, indi müasir Azərbaycan
Ordusunda "blindaj"lar taburda xidmət çəkən əsgərlərin
yataqxanasından fərqlənmir. İstirahət
üçün bütün şərait var. Soyuq qış
aylarında isə "blindaj" dizel yanacağı ilə
işləyən soba ilə qızdırılır. Bir
sözlə, burada əsgər heç nədən korluq
çəkmir. Gördüyümüz mənzərə bizi
çox fərəhləndirir. Eyni zamanda, Azərbaycan əsgərinin
hərbi xidməti ilə bağlı söylədiyi fikirlər
qürur yaradır. Bu, həm də silahlı qüvvələrdə
aparılan uğurlu hərbi islahatların real nəticələri,
bəhrələridir.
Beləcə, görüşdən
doğan yüksək-əhval ruhiyyə ilə geiryə - hərbi
hissəyə dönürük. Şıxarx kəndində
yerləşən qərargahda bizi hərbi hissənin şəxsi
heyəti qarşılayır. General-mayor Vaqif Məmmədov
şəxsi heyətə nümayəndə heyətinin
üzvlərini təqdim edir.
Silahlı
Qüvvələrimizin maddi-texniki bazası yüksək səviyyədə
möhkəmlənib
Şəxsi
heyət qarşısında çıxış edən
Milli Məclis Sədrinin müavini Bahar Muradova isə bildirdi
ki, müstəqil Azərbaycanın ümid, pənah yeri onun
Milli Ordusudur. Düşmən torpaqlarımızın bir hissəsini
işğal altında saxlasa da, bu gün Azərbaycanın
yüksələn iqtisadi potensialı, əldə etdiyi nailiyyətlər,
bütün sahədəki inkişaf Silahlı Qüvvələrin
yüksək səviyyədə maddi-texniki bazasının
möhkəmlənməsinə, onun döyüş
texnikası ilə təmin olunmasına çox böyük
şərait yaradıb və bu gün ordumuz bölgədə
ən güclü ordu hesab olunur: "Biz bu sözü qətiyyətlə
söyləyirik. Çünki biz bunu sizin xidmətinizdən,
davranışınızdan hiss edirik. Qüdrətli ordu
qüdrətli dövlət deməkdir. Azərbaycanın da bu
gün buna ehtiyacı var. Bizim ordumuz qarşısında
dayanan bütün hədəflərə çatmağa imkan
verən bir silahlı birləşmədir. Onun gücü yetər
ki, əmr olduğu təqdirdə ildırım sürəti
ilə düşməni geri oturtsun.
Hazırda Azərbaycan Prezidentinin
yürütdüyü siyasət ondan ibarətdir ki, biz
torpaqlarımızı sülh yolu ilə geri qaytaraq. Ancaq
bizim də səbrimiz tükənə bilər. Azərbaycan
Ordusu bütün mənalarda qüdrətli olduğunu
sübut etməyə hazırdır! Ali Baş Komandan
İlham Əliyev sizlərə güvənir. Sizin də
hazırlığınız bizi çox sevindirir və bundan
qürur duyuruq".
Dinamik inkişaf edən Azərbaycanın dinamik ordusu
AMEA-nın vitse-prezidenti Akif Əlizadə isə bildirdi ki, bu
səfərə gələrkən
böyük həyəcan
keçirib: "Ancaq
öz gözlərimlə
gördüklərim məni
çox sevindirdi! Düşünürəm ki,
dinamik inkişaf edən Azərbaycanın dinamik ordusu bu gün göz
qabağındadır. Burada
silahlar, cihazlar və bəzi hərbi avadanlıqları
gördüm və onları elmi baxımdan təhlil etdim. Azərbaycan Ordusunun ən müasir ordu olduğunu gözlərimlə
gördüm. Bu ordu istənilən tapşırığı
yerinə yetirməyə
qadirdir və tam hazırdır".
Deputat Musa Quliyev isə bildirdi ki, Azərbaycan
xalqı bu gün öz ordusuna güvənir. Çünki ordu xalqın qürur, güvənc yeridir: "Bizim qüdrətli ordumuz var və
inanıram ki, Silahlı Qüvvələrimiz
işğal altında
olan torpaqlarımızı
azad edəcək. Həqiqətən, Vətən
səngərdən başlayır.
Qapanlı kəndinin bir tərəfində insanlar təsərrüfatla
məşğul olurlar,
digər tərəfində
isə əsgərlər
bu insanları qoruyurlar. Ona görə də deyirəm ki, bu Vətən onu qoruyan əsgərindir".
M.Quliyev şəxsi heyət qarşısında
vətənpərvərlik ruhlu şeirlər də söylədi.
Son çıxışı
edən Vaqif Məmmədov isə bütün şəxsi heyət adından söz verdi:
- Biz dövlətimizin
göstərdiyi qayğını
hiss edirik və söz veririk ki, bundan da
yaxşı xidmət
edəcəyik, bundan da güclü hazırlıqlar keçəcəyik,
verilən ən müasir texnikaları daha da yaxşı
öyrənəcəyik və
silahlarımızı daim
döyüşə hazır
saxlayacağıq. Yaşasın
Azərbaycan Ordusu!
Yaxın vaxtlarda torpaqlarımızın işğaldan
azad edilməsinin şahidi olacağıq
Səfərin sonunda isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu mətbuat konfransı keçirdi.
2012-ci ilin 10 ayı ərzində atəşkəsin 1178 dəfə
pozulduğunu deyən
mətbuat xidmətnin
rəisi ən çox gərginliyin Füzuli, Tərtər və Ağdam istiqamətində yaşandığını
bildirdi. Hər iki tərəfdən itkilər olduğunu diqqətə çatdıran
Eldar Sabiroğlu atəşkəsin pozulması
nəticəsində Azərbaycan
Ordusunun ötən 10
ay müddətində 12, qarşı
tərəfin isə
32 döyüş itkisi
verdiyini söylədi:
"Qoşunların təmas
xəttində ən gərgin vəziyyət iyun ayında yaşanıb. Ötən
ay ərzində qoşunların
təmas xəttində
19 monitorinq keçirilib
və insidentsiz başa çatıb. Adətən, monitorinq iştirakçıları yerlərini dəyişən kimi həmin ərazidə ermənilər atəşkəsi
pozurlar. Biz əsgərik
və birinci vəzifəmiz müharibə
vasitəsilə də
olsa, torpağımızı
işğaldan azad etməkdir. İkinci savaş regionda bütövlükdə böyük
alovun yaranmasına səbəb olacaq. Savaş Azərbaycan əsgərinin qələbəsi
ilə başa çatacaq!".
Eldar Sabiroğlunun
sözlərinə görə
10 ay ərzində müdafiə
naziri, general-polkovnik Səfər Əbiyevin başçılığı altında bütün hərbi birləşmələrdə
genişmiqyaslı təlimlər
keçirilib. Bu sınaqlardan
ordumuz pis çıxmayıb: "Hərdən
eşidirik ki, ermənilər də bizim işğal altında olan zonalarda həftədə bir-iki dəfə təlim keçirirlər.
Təlimi hazırlamaq,
həyata keçirmək
elə də asan deyil. Bunun
üçün ciddi
hazırlıq və böyük maliyyə mənbəyi lazımdır.
Ermənilər iki-üç
tank, bir artilleriya qurğusu çıxarıb
adını qoyurlar ki, təlim keçirirlər. Bunlar uydurmadır və Azərbaycana heç cür təsir edə bilməz. Bu gün Azərbaycan Ordusunun təmas xəttində ən müasir silahlar yerləşdirilib. Ermənistan
silahlı qüvvələrinin
təcavüzünü dəf
etmək qarşıda
duran əsas vəzifələrdəndir. Bu an uzaqda deyil. Daha
dözüm də qalmayıb. Düşünürəm
ki, yaxın vaxtlarda torpaqlarımızın
işğaldan azad edilməsinin şahidi olacağıq".
Onun sözlərinə
görə, Azərbaycanda
son illər ordu quruculuğu istiqamətində
böyük işlər
aparılıb. Bunun birincisi silahlanma, ikincisi isə şəxsi heyətin döyüş ruhunun yüksəldilməsidir. Polkovnik,
həmçinin qeyd etdi ki, 45 hərbi
şəhərcikdə təmir,
quruculuq işləri aparılıb.
Azərbaycan Silahlı
Qüvvələrinin bütün
ştat struktrunun NATO standartlarına uğunlaşdırıldığını
deyən Eldar Sabiroğlu, həmcinin bildirdi ki, NATO-nun mənzil qərargahlarında
Silahlı Qüvvələrimizin
zabitləri NATO zabitləri
kimi xidmət edirlər: "Bu gün
NATO qərargahlarında xidmət
edən zabitlərimizin
sayı artır. İngiltərənin Norfuld
şəhərindəki Hərbi
Dəniz Qüvvələrinin
qərargahına Azərbaycan
HDQ-nin zabiti göndəriləcək və
hazırda buna hazırlıq işləri
gedir". Polkovnik vurğuladı ki, Azərbaycanın 21 ölkədə
hərbi attaşesi və nümayəndəsi
var və 53 ölkə ilə hərbi əməkdaşlıq
edir. "Azərbaycanda
ali hərbi məktəblər o dərəcədə
inkişaf edib ki, hazırda burada Qazaxıstan, Qırğızıstan və
Tacikistandan təhsil alanlar var. Daha bir neçə ölkə də təhsil üçün
müraciət edib".
Ordumuzun düşmən
ordusu ilə müqayisəsinə gəlincə,
Eldar Sabiroglu dedi: "Elə radar sistemimiz var ki, düşmənin atdığı raketi yerindəcə təsbit edib, onu anında
zərərsizləşdirə bilirik".
Jurnalistlərin suallarını da cavablandıran Eldar Sabiroğlu sonda qeyd etdi ki,
cəbhə bölgəsində
yerləşən hərbi
hissələrə bu
cür səfərlər
davam edəcək.
Beləliklə, nümayəndə heyətinin
Tərtərdə yerləşən "N" saylı hərbi
hissəsinə səfəri başa çatdı.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2012.-
3 noyabr.- S.4.