Bosniya və Herseqovina ilə Azərbaycan
arasındakı münasibətlər möhkəmlənir
Azərbaycanla bosniyalıların
taleyində və tarixində bir çox oxşarlıq
mövcuddur. Hər iki xalq uzun müddət başqa bir
imperiyanın tərkibində yaşayıb. Hər iki dövlət
müstəqilliyinə qovuşarkən problemlərlə, təcavüzlə
qarşılaşıb, işğal və
dağıntılardan əziyyət çəkib,
soyqırımına məruz qalıb. Ölkənin
parçalanmasına yönələn xəyanətlərlə
üzləşib, sərhədləri güc vasitəsilə
dəyişdirilməyə cəhd edilib. 1992-ci ilin
fevralında müstəqilliyini elan edən
Bosniya-Herseqovinanı aprelin 7-də ABŞ və digər Qərb
dövlətləri tanıyır. Həmin il mayın 22-də
BMT-yə üzv olmaq üçün etdiyi müraciət də
qəbul edilir.
Tarixi və taleləri
oxşar olan iki dövlət bundan sonra dostluq əlaqələrini
möhkəmləndirmək, əməkdaşlığını
inkişaf etdirmək məqsədilə müxtəlif beynəlxalq
təşkilatlarda bir araya gəlib. Amma
qarşılıqlı tərəfdaşlığın
gündəliyində ikitərəfli münasibətlərin
inkişaf etdirilməsi zərurəti həmişə
aktuallığı ilə seçilmişdir. Həmin əlaqələri
inkişaf etdirmək və ona yeni ahəng gatmaq niyyəti ilə
oktyabrın 18-də Bosniya-Herseqovinanın Rəyasət Heyətinin
Sədri Bakir İzetbeqoviç ölkəmizə səfərə
gəlmişdi. Azərbaycan Prezidenti ilə keçirilən
görüşlərdə iki ölkə arasında siyasi əlaqələrin,
həmçinin iqtisadi, humanitar və digər sahələrdə
əməkdaşlıq imkanları nəzərdən
keçirildi. Bu səfəri dostluğun və
qardaşlığın göstəricisi kimi dəyərləndirən
Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, səfər
münasibətlərimizdə yeni səhifələr
açacaq: "Qırx il öncə - Sovet İttifaqı
dövründə Bakı ilə Sarayevo şəhərləri
arasında saziş imzalanaraq qardaşlaşmış şəhər
olmuşlar. Lakin hər iki ölkə başqa bir dövlətin
tərkibində yaşayıb. Bu, bizi birləşdirən cəhətdir.
Buna görə biz bir-birimizi çox yaxşı başa
düşürük, bir-birimizin problemlərini anlayırıq.
Biz bir-birimizi yenidən kəşf etməkdəyik. Əminəm
ki, regional əməkdaşlığın nümunəsi
olacaq tərəfdaşlıq quracağıq. Əlaqələrimiz
bu dəfə yeni mərhələdə və yeni müstəvidə
bərpa edilir. Bu dəfə iki müstəqil dövlət
kimi".
Prezident İlham
Əliyev görüş zamanı BMT Təhlükəsizlik
Şurasına üzv seçilməyimizlə bağlı
göstərdiyi dəstəyə görə Bosniya və
Herseqovina dövlətinə minnətdarlığını
bildirdi və qeyd etdi ki, biz də öz tərəfimizdən
sizin ölkənizi beynəlxalq təşkilatlarda, beynəlxalq
forumlarda dəstəkləyirik. Regional vəziyyətə
toxunan ölkəmizin başçısı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan
üçün ən vacib məsələ olduğuna diqqət
çəkdi: "Uzun illərdir ki, bizim ölkə Ermənistanın
işğalından əziyyət çəkir. Bu, bir milyon
azərbaycanlının doğma torpaqlarından sürgün
edilməsi ilə nəticələnib. Biz etnik təmizləmə,
işğal ilə üzləşdik. İyirmi ildən
artıqdır ki, Azərbaycanın beynəlxalq səviyyədə
tanınan ərazisinin 20 faizi işğal altındadır.
Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik
Şurası və Baş Məclisi erməni hərbi birləşmələrinin
Azərbaycan torpaqlarından qeyd-şərtsiz və təxirəsalınmadan
çıxarılması ilə bağlı bir çox qətnamə
qəbul edib. Təəssüf ki, bu qətnamələr hələ
də icra olunmur. Bu münaqişənin beynəlxalq hüquq
və ərazi bütövlüyü çərçivəsində
tez bir zamanda həlli bütün ölkələr
üçün əlverişli olacaqdır". Ölkə
başçısı iqtisadi fəaliyyətin müəyyən
istiqamətlərindən, birgə layihələrdən də
danışdı.
Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir
İzetbeqoviç Azərbaycan rəhbərinə minnətdarlığını
bildirərək: "Əlaqələrimizin niyyətdən
konkret hərəkətə keçməyinin vaxtı
çatıb, - dedi. - Sizin yüksək keyfiyyətli və
münasib qiymətə təklif etdiyiniz təbii
qazınız vardır. Böyük qaz
istehlakçısı olduğumuza görə biz alternativ
axtarmalıyıq. Eyni zamanda, sizin sərmayələrinizə
də maraqlıyıq. Bosniya və Herseqovinada kənd təsərrüfatı
sənayesinin müxtəlif sahələrinin inkişafına
maraq vardır. Bizdə turizmin inkişafı üçün
imkanlar mövcuddur. Bunun üçün ilk növbədə,
qarşılıqlı səfərlər həyata
keçirməliyik. Bu gün bir sıra sənədlər
imzaladıq ki, bunlar da ölkələrimiz arasında daha asan
münasibətlər qurmağa, nümayəndə heyətlərinin,
iş adamlarının qarşılıqlı səfərlərini
və digər məsələləri mümkün edir. Əlaqələrimizin
indiki vəziyyəti xalqlarımızın istəyini tam əks
etdirmir, biz hər bir sahədə əməkdaşlığımızı
genişləndirməliyik. Bakir İzetbeqoviç əmin
olduğunu bildirdi ki, bizi qarşıda daha yaxşı
münasibətlər gözləyir: "Bu gün
apardığımız müzakirələr və
imzaladığımız sənədlər ikitərəfli
münasibətlərin inkişafına çox yaxşı zəmin
yaradacaq. Hökumətlərimiz arasında daha çox
razılaşmalara nail olmaq üçün bundan sonra da
qanunvericilik formatı ilə bağlı fəal iş
aparmalıyıq. Bu, bizim əməkdaşlığımız
üçün vacibdir. Lakin bizim bütün səviyyələrdə
daha çox təmaslara ehtiyacımız vardır: siyasi,
işgüzar, ictimai və mədəniyyət xadimləri səviyyəsində. Biz
tammiqyaslı əməkdaşlığa nail ola bilərik.
Düşünürəm ki, gələcəyimiz daha parlaq və
daha yaxşı olacaqdır. Atalarımız həmin
ağrılı-acılı, eyni zamanda, şərəfli dövrlərdə
ölkəmizi şərəflə idarə ediblər.
Ölkələrimizin suverenliyinin bünövrəsini
qoyublar. Demək olar ki, tariximizin keşməkeşli
dövrünü yaşayıb, hazırda davamlı
inkişaf yolundayıq. Biz daha parlaq gələcək qurmaq əzmindəyik".
Dövlət başçılarının
görüşündə ikitərəfli regional məsələlərlə
bağlı maraqlı fikir mübadiləsi keçirildi. Bu
müzakirələrdə nümayəndə heyəti də
iştirak edirdi.
Görüş
başa çatdıqdan sonra iki ölkə arasında hərtərəfli
əlaqələrin inkişafına yönəlik müqavilələrin
imzalanması mərasimi keçirildi. "Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Bosniya və
Herseqovinanın Mülki İşlər Nazirliyi arasında əməkdaşlıq
haqqında Saziş", "Azərbaycan Respublikası
hökuməti ilə Bosniya və Herseqovina Nazirlər
Şurası arasında gəlirlərə və əmlaka
görə vergilərə münasibətdə ikiqat
vergitutmanın aradan qaldırılması və vergidən
yayınmanın qarşısının alınması
haqqında Konvensiya" imzalandı. Bundan başqa, hər iki
ölkə arasında diplomatik xidməti pasportlara malik şəxslərin
viza tələbindən azad edilməsi haqqında saziş imzalandı.
Tərəflər belə bir əminlik
ifadə etdilər ki, yeni güclə və əzmlə
başlayan əməkdaşlığın hər bir sahəsinin
parlaq gələcəyi var. Bu əlaqələr bizə dostluğumuzu və
qardaşlığımızı daha da
yaxınlaşdırmaq imkanı verəcək.
Rəsmiyyə
RZALI
Azərbaycan.-2012.-
3 noyabr.- S.5.