Azərbaycan əsrlər boyu mədəniyyətlərin
qovuşduğu məkan olub
Tolerantlıq
sivil dünyanın demokratik dəyərlər uğrunda
mübarizə salnaməsində xüsusi yer tutur. Hələ
qədim zamanlardan insanlarda bir-birinin fərqli
baxışlarına, fikir və düşüncələrinə
dözümlü yanaşma mədəniyyəti
formalaşmağa başlamış, zaman keçdikcə
tolerantlıq hər bir cəmiyyətdə sivil
harmoniyanın, sülh və barışın təmin
olunmasında həlledici amilə çevrilmişdir.
Qloballaşma
meyilləri gücləndikcə, xüsusən də bəzi
Avropa dövlətlərində milli mövcudluğu qoruyub
saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət
olunur. Dövlətlər səviyyəsində islamın və
müsəlmanların sıxışdırılmasına
yönəlmiş cəhdlər son nəticədə
"daha çox tolerant olmaq" şüarı ilə
çıxış edən Avropada dözümsüzlük əhval-ruhiyyəsini
gücləndirir. Bunun nəticəsidir ki, son zamanlar müsəlman
mühacirlərin kütləvi şəkildə Avropadan
çıxarılmasına açıq
çağırışlar artır. Norveçdə 77 dinc
insanın ölümü ilə nəticələnən terror aktı Avropada antiislam
kampaniyasının gücləndiyini,
bu coğrafi arealda müsəlmanlara qarşı tolerant olmayan
münasibətin hökm sürdüyünü göstərdi.
Həmin gün onlarla insanın qətli ilə bağlı həbs
edilən Anders Breyvikin islam dini və ümumən müsəlman
mühacirlər əleyhinə sərt mövqedə dayanan
xristian fundamentalisti olduğu da üzə çıxmışdır.
Avropanın ən firavan və dinc ölkələrindən
birində baş vermiş bu dəşhətli faciə yeni
postsosialist dövlətlərinə "demokratiya
ixracı"na çalışan bəzi Qərb ölkələrində
"islamafobiya" meyillərini qabarıq şəkildə təzahür
etdirir.
Bu, bir neçə
il əvvəl Məhəmməd Peyğəmbərin müsəlmanların
heysiyyətinə toxunan karikaturasının çəkilməsi
və hicab qadağasının genişlənməsi ilə
başlanan qarşıdurmanın yenidən gücləndiyini
göstərir. Bu, həm də sözügedən coğrafi ərazidə
milli kökə qayıtmaq adı altında, qatı millətçilik
ovqatının genişlənməsinə işarədir. Bir
qayda olaraq islam dininin, müsəlmanların terrorla əlaqələndirilməsi
də daha çox etnik-dini ziddiyyətlərin təzahürü
kimi özünü göstərir. Hələ 2001-ci ilin məlum
11 sentyabr hadisələrindən sonra sivilizasiyalararası
qarşıdurma yaratmaq istəyən bəzi qüvvələr
islamı guya "terrorçuluğa zəmin yaradan" din
kimi qələmə verməyə çalışsalar da,
mütərəqqi dünya bu yanaşmanı əsassız və
təhlükəli sayaraq qəbul etmədi. Şübhəsiz,
heç bir səmavi din terror aktlarına, zorakılığa
haqq qazandırmır. Bu baxımdan terrorçuların fəaliyyətini
hansısa monoteist dinlə əlaqələndirmək də
kökündən yanlışdır. İslam dininin terrora
qarşı olduğu isə məlumdur.
İslamda
tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir,
müqəddəs "Qurani-Kərimdə" bununla bağlı
bütpərəstlərə xitabən buyrulur: "Sizin
öz dininiz var, mənim də öz dinim"
("Kafirun" surəsi, 6). Bu ayədən insanların
müxtəlif inamda və fikirdə ola biləcəyi və həmin
insanlara qarşı münasibətin necə
formalaşacağı aydın görünür. İslama
görə, tolerantlıq güclü qarşısında
dözümlülük nümayş etdirmək deyildir, əksinə,
özündən zəifə, yaxud bərabər olana eyni
cür münasibəti bəsləməyi bacarmaqdır.
Ulu öndərin
əsasını qoyduğu azərbaycançılıq
ideologiyası milli həyatın ahəngdarlığının,
konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə
yaşayan bütün etnosların qardaşcasına
qarşılıqlı əlaqəsi və təsirinin
çoxəsrlik ənənəsi, onların ümumi taleyi və
müstəqil Azərbaycanın bütövlüyü,
inkişafı və firavanlığı uğrunda birgə
mübarizəsinin tarixi təcrübəsidir. Əhalisinin tərkibi
etnik, dini və məzhəb baxımdan zəngin olan Azərbaycanda
indiyədək dini və milli zəmində heç bir
qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi
şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini
icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
Prezident İlham
Əliyev ölkədə insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də
imzaladığı sərəncamla "Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı"nı təsdiq etmişdir.
Hər bir demokratik cəmiyyətdə insan
hüquqlarının qorunması və demokratikləşmə
bu sahədə fəaliyyət göstərən təsisatların
quruculuğuna, aidiyyəti problemlərin həllinə və
zorakılığın qarşısının
alınmasına yönəlmiş davamlı bir proses kimi dərk
edilir. İnsan hüquqlarının müdafiəsi və
demokratikləşmə spontan şəkildə həyata
keçirilə və bu sahədə mövcud standartlar tətbiq
olunmayana qədər lazımı səmərə verə
bilməz. Milli Fəaliyyət Proqramının "İnsan
hüquqları sahəsində tədris, elmi-analitik və
maarifləndirmə tədbirləri"ndən bəhs edən
dördüncü fəslinin 4.11-ci maddəsində insan
hüquq və azadlıqlarına mühüm təhlükə
yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi
cinayətlərin qarşısının alınması, mədəniyyətlər
və dinlərarası dialoqun uğurlarının təminatında
tolerant münasibətin rolu xüsusi vurğulanır.
Xalqlararası və
mədəniyyətlərarası dialoqu inkişaf etdirmək,
ona dəstək vermək, bütün insanların gələcəyi
naminə mədəniyyətlərin və dinlərin
qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin
mühüm tərkib hissəsidir. Dövlət
başçısı İlham Əliyevin milli mədəniyyətin
və dini dəyərlərin qorunması, inkişaf etdirilərək
gənc nəsillərə çatdırılması ilə
bağlı siyasəti müasir dövrün
reallıqları ilə şərtlənir. Prezident İlham Əliyev
Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının
iclasına sədrlik edərkən bildirmişdi: "Azərbaycan
sivilizasiyaların dialoq işinə töhfə verməyə
çalışır. Ölkəmiz müxtəlif dinlərin
nümayəndələri arasında daha yaxşı
anlaşmanın yaradılmasına xidmət edən
çoxsaylı tədbirlər keçirir. Azərbaycan
çoxmillətli və çoxkonfessiyalı ölkədir,
bütün millətlərin və dinlərin nümayəndələri
ölkəmizdə sülh, anlaşma şəraitində
yaşayırlar.
Ölkəmizdə
aparılan çoxmədəniyyətli dialoq müxtəlif
dinlərə və mənşəyə malik olan insanlar
arasında sülh şəraitində birgəyaşayışın
yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan
tolerant ölkədir və biz keçmişin bu irsini yüksək
dəyərləndiririk. Bu gün isə biz bütün
xalqların və dinlərin nümayəndələri
arasında tərəfdaşlıq və qardaşlıq
ruhunu yaratmaq məqsədilə səylərimizi
artırmağa çalışırıq".
Azərbaycan Prezidenti İlham Əliyev
ilk gündən azsaylı xalqlara, milli-dini azlıqların
nümayəndələrinə həssaslıqla
yanaşır, onların problemlərinin həlli
üçün bütün lazımi tədbirləri həyata
keçirir. Dövlət
başçısı respublikamızda bütün milli və
dini azlıqların birgə yaşayışı
üçün kifayət qədər tolerant mühitin
olduğunu məmnunluqla bildirir.
Tolerantlıqla bağlı Qərb
ölkələrinə nümunə ola biləcək Azərbaycanda
bu günlərdə möhtəşəm şəkildə
təşkil olunmuş İkinci Beynəlxalq Humanitar Forum
keçirildi. Milli, irqi,
dini dözümlülüklə bağlı dünyaya
mesajı özündə ehtiva edən həmin forumun
açılış mərasimində ölkə Prezidenti cənab
İlham Əliyev bildirmişdi: "Azərbaycan əsrlər
boyu mədəniyyətlərin qovuşduğu bir diyar
olmuşdur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin
nümayəndələri Azərbaycanda bir ailə kimi,
sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma
şəraitində yaşamışlar. Bu müsbət meyillər
bu gün də davam edir. Mən əminəm ki, bu meyillər
gələcəkdə daha da gücləndiriləcək və
Azərbaycan uğurla inkişafına davam edəcəkdir".
E.HACALIYEV
Azərbaycan.-2012.-
3 noyabr.- S.5.