Gözəlləşən Göygöl

 

 Bir-birindən gözəl binalara baxdıqca göz yorulmaq bilmir. Bura nə sanatoriyadır, nə də istirahət mərkəzi. Göygöl rayonunda "sadə" küçələrdəki "adi" evlərdir. Həmin evlərin çoxu vaxtilə almanlar tərəfindən tikilmişdi. O vaxtdan bəri əsaslı təmir-bərpa işləri görülməmişdi.

Evlərin damları, fasadları yararsız vəziyyətə düşmüş, çala-çuxurlu küçələr toz-palçıq məskəni olmuşdu. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun bütün ictimai binalar, fərdi yaşayış evləri əsaslı surətdə bərpa edilir. Heydər Əliyev prospekti ilə bərabər altı küçə başdan-başa yenidən qurulur. Təbii qaz, sukanalizasiya xətləri yerin altına keçirilir, işıqlandırma sistemi təzələnir. Küçələr, yollar nizamlanır, səkilər düzəldilir, binaların fasadları və dam örtükləri başdan-başa  yeniləşir.

Şəhərdə təxminən 800-ə yaxın evin görkəmi dəyişir. İqtisadiyyatı yüksəldikcə quruculuq işləri geniş miqyas alır.

Cari dərs ilində Firuzabad qəsəbəsində, Zurnabadda, Qızılca, Quşqara kəndlərində məktəb binaları istifadəyə verilib. Hazırda daha bir neçə yerdə müasir quruluşlu məktəb binaları inşa olunur.

Rayonda yol təsərrüfatı və su təchizatı məsələsi həmişə ön plandadır. Yeni istifadəyə verilən Xəqani-Cümşüdlü-Haçaqaya avtomobil yolu 6 yaşayış məntəqəsini birləşdirir. Hər yana asfalt döşənmiş, mühafizə zolaqlarına düşən elektrik xətləri dəyişdirilmiş, yol kənarlarında olan obyektlər əsaslı təmir edilmişdir. Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən 36 kilometrlik hissəsində yenidənqurma və bərpa işləri davam edir.

Son vaxtlarda Göygöl şəhərinə Kürəkçaydan yeni magistral su kəməri çəkilib. İndi isə şəhər daxilində küçələrə kranlar qoyulur, kanalizasiya sistemi yaradılır.

Göygöl rayonu səfalı guşədə yerləşir. Yaxınlıqdan dağ çayı axır. Həmin yaraşıqlı guşədə Olimpiya İdman Komleksi inşa olunur. Heydər Əliyev mərkəzi tikilir, Gənclər mərkəzi ucaldılır. Bu obyektlərin yerləşdiyi geniş sahədə istirahət parkının yaradılmasına başlanılıb.

Ən baxımlı yerdə - əfsanəvi Göygöl-Hacıkənd yaylağının yolu üstündə, hündür bir təpənin başında isə Bayraq meydanı yaradılır. Yanında da möhtəşəm dövlət gerbi, İstiqlal-azadlıq muzeyi. Bu, bəlkə də bölgədə ən maraqlı, ən məzmunlu kompleks olacaq. Bir sözlə, rayonun hər yerində qızğın gedir. Havaların xoş keçən hər günündən səmərəli istifadə olunur. Mühüm ictimai-sosial obyektlərin vaxtında işə salınması üçün əsaslı tədbirlər görülür. Göygölün füsunkar təbiətinə  son vaxtlarda insan əli yeni sığal çəkir. Rayon gündən-günə gözəlləşir, tanınmaz olur. Gözəlliklər məskəni, bax, beləcə yeni görkəmdə sabaha boylanır.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2012.- 3 noyabr.- S.6.