Boz
çöllərdə meşə massivləri və meyvə
bağları salınır
Naxçıvan Muxtar
Respublikasında 15 ildən artıqdır ki,
yeni meyvə bağları və meşə massivləri
salınır. Bu sahədə Babək rayonu xüsusilə fərqlənir. Rayon icra hakimiyyəti
başçısının müavini Abbas Əliyevin sözlərinə görə,
təkcə bu ilin ilk 9 ayı ərzində 13 hektar
meyvə bağı salınıb, 1,3 hektar
meşə massivləri artırılıb.
Cari ilin fevralında qəbul olunmuş "2012-2015-ci illərdə
Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin
və tərəvəzçiliyin inkişafı üzrə
Dövlət Proqramı"nın icrası çərçivəsində
Babək rayonunda da tədbirlər
planı hazırlanaraq bir çox
əməli tədbirlər görülüb. Tədbirlər planına əsasən,
yeni bağların salınması üçün rayonun
müxtəlif ərazilərində əkin atlası
hazırlanıb. Həmin atlasa uyğun olaraq, Əshabü-Kəhf
ziyarətgahına gedən yolun sağ tərəfində 3600 ərik tingindən
ibarət 4 hektar yeni
meyvə bağı salınıb. Bundan əlavə,
həmin yolun yaxınlığında 10 hektar yararsız ərazidə bağ
salınması məqsədilə 9 min
müxtəlif meyvə ağacı əkilib.
Abbas Əliyev onu da bildirdi ki,
Naxçıvan-Culfa avtomagistralının Babək rayonunun Şəkərabad kəndi ərazisindən
keçən hissəsi boyunca 1,3 hektar ərazidə yeni
yaşıllıq zolağı salınıb. Naxçıvan-Şahbuz
avtomobil yolunun Babək
rayonunun Didivar kəndi
ərazisindən keçən hissəsinin sol
tərəfindəki təpəliklərdə isə "terras" əkin üsulu
ilə salınan yaşıllıq zolaqları muxtar respublikada ilkin təcrübə kimi
təqdirəlayiqdir. İndi həmin ərazilərdə
sıralanan meşə massivləri boz təpəciklərə
yaşıl don geydirib.
Yaradılan
yaşıllıqların, əkilən tinglərin
suvarılmasına xüsusi nəzarət
edilir. Damcı üsulu
ilə suvarılan yaşıllıqlardakı hər
ağacın dibinə çəkilmiş plastik
borularla onlara su verilir. Ümumiyyətlə,
ərazilərin suvarılması üçün
rayonun ümumi
ehtiyatından lazımi və səmərəli şəkildə
istifadə olunur.
Yaşıllıq
zolaqlarının salınması, artırılması
işində rayon sakinləri köməklərini
əsirgəmirlər. Yaşıllaşdırma İdarəsinin
işçilərinin üzərinə də bu
sahədə böyük iş
düşür.
Bir məqamı qeyd edək ki, ötən
il Babək rayonu üzrə 21,4 hektar ərazidə
yaşıllıq zolaqları, meşə massivləri, meyvə
bağları, güllüklər salınıb. Ötən
il 20,7 hektar ərazidə isə meşəbərpa işləri
həyata keçirilib. Nəticədə bu gün rayonun hər
tərəfində yaşıllıqlar göz oxşayır,
meyvə bağlarından bol məhsul yığılır.
Elxan MƏMMƏDOV
Azərbaycan.-2012.- 3 noyabr.-
S.6.