Şairin adına layiq məbəd

 

 Hüseyn Cavidin ev-muzeyi gündən-günə zənginləşir

 

 Bir qayda olaraq insanlar şəhərləri, ölkələri ilə tanınırlar. Məsələn, Puşkin, Lermontov, Dostayevski, Çexov, Tolstoy, Qorki Rusiya ilə, Napaleon Bonapart, XV Lüdoviq, Viktor Hüqo Fransa ilə, Bethoven, Kant, Nitşe Almaniya ilə, Şekspir, Cek London, Vilson İngiltərə ilə tanınırlar. Amma az da olsa, bəzən ölkələr, şəhərlər, kəndlər insanlarla tanınır, məşhurlaşırlar, Naxçıvan kimi. Doğulduğu şəhərin yaşı beş min ildən çox olsa da, onu daha çox yetişdirdiyi, bəslədiyi, böyütdüyü Əcəmi Əbubəkir oğlu, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Bəhruz Kəngərli, Heydər Əliyev kimi şəxsiyyətləri ilə tanıyırlar.

Adları çəkilən şəxsiyyətlərin hər biri qədim Naxçıvana əlavə şöhrət gətirmiş, onu şərəfləndirmişdir. Amma biz onlardan biri - Hüseyn Cavid haqqında danışacağıq.

9 iyun 1984-cü il tarixdə Naxçıvanın ədəbi-mədəni həyatında yeni bir səhifə yazıldı. Yarım əsrə yaxın bir keçmişdə Azərbaycan tarixindən silinib atılmağa çalışılan bir şəxsiyyətin, iyirminci yüzilliyin Azərbaycan ədəbiyyatının dahilərindən biri, Stalin repressiyasının qurbanlarından olan Hüseyn Cavidin ev-muzeyi açıldı.

Muzeyin açılışı çox təntənəli qeyd edildi. Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Mirzə İbrahimov, xalq yazıçısı Hüseyn Abbaszadə, görkəmli ədəbiyyatşünas tənqidçi Qulu Xəlilov, akademik Bəkir Nəbiyev, xalq artisti Vera Şirye, əməkdar artistlər Hamlet Xanızadə, Ramiz Məlikov, Əminə Yusifqızı və Hicran Mehbalıyeva, həmçinin qonşu respublikalardan gəlmiş qonaqlar - Özbəkistanın xalq yazıçısı Səid Əhməd, Ukraynanın xalq artisti Anna Nikolaya, Litvadan gəlmiş yazıçı Pronas Raşşyus, Gürcüstandan Roman Miminoşvili, Süleyman Süleymanov və başqaları iştirak edirdilər.

Keçən əsrin 80-ci illərini Azərbaycanın intibah dövrü adlandırsaq, səhv etmərik. Çünki bu onillik, sözün həqiqi mənasında, XX əsrin qanlı-qadalı ilk onilliklərindən çırpınıb çıxmaq, özünü toplamaq və irəliyə doğru sıçramaq dövrü olmuşdur: "İnqilab" adlandırılan, əslində, dünyanın alt-üst olduğu əsrin ilk iki onilliyi, kollektivləşmə və islahatlar adı ilə keçən sonrakı iki qanlı onillik, bundan sonra gələn və yalnız "iblisin hökmranlığı" deyə biləcəyimiz, repressiya və müharibələrlə tarixin qan yaddaşına çevrilən 30-40-cı illər və nəhayət, bəşəriyyətin özünə gəlməsi üçün keçən üç onillik.

XX əsrin əvvəllərindən başlayaraq xalqımızın yaşadığı faciə 80-ci illərdən, Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra başa çatdı və bundan sonra bir çox islahatlar kimi, həm də hafizə bərpası ilə yeni bir mərhələyə qədəm qoydu. Məhz həmin dövrdə Cəlil Məmmədquluzadə, Fürudin bəy Köçərli, Mirzə Ələkbər Sabir, Molla Pənah Vaqif, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Ruhulla Axundov, Ülvi Rəcəb, Tağı Şahbazi, Hüseyn Cavidonlarla başqa ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri yeni sovet nəslinin pozulmuş, silinmiş hafizəsinə yazılmağa başladı. Əsərlər nəşr edildi, səhnəyə qoyuldu, ekranlaşdırıldı, heykəlləşdi...

Azərbaycan xalqı daha sonrakı illərdə artıq XX əsr nəhənglərini, o cümlədən də təkrarsız Hüseyn Cavid əfəndini özü üçün kəşf etməyə başladı.

1956-cı ildə ölümündən sonra hüquqi bəraət alan Hüseyn Cavid həqiqi, mənəvi bəraətini Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk illərində - 1980-ci ildə aldı.  Onun birbaşa tapşırığı əsasında 1980-ci ilin axırları və 1981-ci ilin əvvəllərində H.Cavidin 1919-cu ilədək fasilələrlə yaşadığı Naxçıvan şəhərinin qədim Əlixan məhəlləsindəki evdə təmir işləri aparılaraq ədibin ev-muzeyinin təşkili işinə başlanıldı. 1981-ci ilin iyul ayının 21-də isə Heydər Əliyevin Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında verdiyi və imzaladığı 1980-ci il 25 dekabr tarixli qərar və Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 13 fevral tarixli müvafiq sərəncamı Hüseyn Cavidin ev-muzeylərinin təşkil olunması üçün əsas oldu. Beləliklə, 30 il əvvəl verilən bir qərar Azərbaycan ədəbi, mədəni, fikir tarixində xüsusi yeri olan muxtar respublikanın mədəniyyət ocaqlarının sırasına daha bir müqəddəs ocaq - Hüseyn Cavidin ev-muzeyini əlavə etdi.

Ev-muzey mədəniyyət abidələri arasında xüsusi yerirolu olan bir ocaqdır. Ev-muzey aid olduğu şəxsin həyat aynasıdır, bura gələnlər doğulub boya-başa çatdığı hər qarışda təkcə onun deyil, ana-atasının, baba-nənəsinin, qohum-əqrəbalarının da nəfəsini duyur, səsini eşidirlər. "Bax, o, burada doğulmuşdur, burada ilk addımlarını atmış, burada, bu qabda xörək yemiş, paltarlarını bu dolabda saxlamış, bu pəncərədən həyatın reallıqlarına baxmışdır. Hələ bu xalça! Onun üstündə nənə ona hansı nağılları danışmış, baba ona hansı nəsihətləri etmişdir... O, anasının bu samovarda qaynatdığı çayı, bax, bu stəkanda ləzzətlə içmiş, həyətdəki bu heyva ağacına çıxmış, anası "aşağı en, indicə yıxılacaqsan!" - deyə xəbərdarlıq etmişdir..." Bax, bu masa, bu qələm, bu mürəkkəbqabı gecələr sübhədək onun iztirablarını kağıza köçürmüş, bu lampa onun qələminin gəzdiyi kağızın üzərinə işıq salmışdır.

Hüseyn Cavid əfəndinin ev-muzeyi barədə bir qədər ətraflı danışmaq, onun həyat vəsiqəsi almasında xidməti olanlara da vəfa borcumuzu-yad etməmiz lazım gəlir.

Muzey ekspozisiyasının mövzu-tematik planı Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun əməkdaşı, teatrşünas Tamilla Təhmasibə həvalə olunmuşdu, bədii tərtibatı isə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən "Muzeylərin və sərgilərin bədii tərtibatı və layihələşdirilməsi" emalatxanası tərəfindən icra olunurdu.

Muzeyin yaradılması ərəfəsində şairin qızı, Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Turan Cavidin çox böyük köməyi oldu. O həm muzey otaqlarının qurulması və tərtibatında dəyərli məsləhətlər vermiş, həm də Cavidin əsərlərinin ilk nəşrlərini - "Keçmiş günlər", "Şeyda", "İblis", "Topal Teymur", "Uçurum", bunlardan əlavə də 100-ə yaxın fotoşəkillər, sənədlər və xatirə əşyalarını muzeyə hədiyyə etdi.

Cavidlə əlaqələr müxtəlif sənədlər, fotoşəkillər, qəzet və jurnal materialları, kitablar, xatirələrin əldə edilməsində Cavid əfəndinin yaxın dostu olmuş, görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin xüsusi rolunu qeyd etmək yerinə düşər. Onun 1983-cü ildə ev-muzeyə təqdim etdiyi hədiyyə özünün 1977-ci ildə çapdan çıxmış və üzərində avtoqrafı olan "Keçmiş günlərdən" kitabından və bir dəftərdən ibarət idi. Məktubda deyilirdi: "...Məndə qalan  bircə bu dəftərdir ki, vaxtilə mən Cavidin atama yazdığı məktubların surətini oraya köçürmüşəm. Bu dəftər mənim üçün nə qədər qiymətli olsa da, onu unudulmaz dostum və böyük qardaşımın ev-muzeyinə göndərməyi mümkün bildim".

Vaxtilə Cavid əfəndinin qonşusu və tələbəsi olmuş professor Əli Sultanlının bacısı Bətulə xanımın muzeyə  hədiyyə etdiyi, üzərində müəllifin avtoqrafı olan, 1924-cü ildə nəşr olunmuş "İblis" əsəri ev-muzey üçün çox qiymətli idi.

Həmin ərəfədə akademik Məmmədcəfər Cəfərova, professor Abbas Zamanova, Yaşar Qarayevə, görkəmli jurnalist, tədqiqatçı Qulam Məmmədliyə, xalq artisti, professor Mehdi Məmmədova, Cavidşünas Zahid Əkbərova, Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Ələsgər Şərifova, Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinə, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına, hətta Gürcüstan, Türkmənistan və Özbəkistan dövlət arxivlərinə məktublarla müraciət olundu və muzey ekspozisiyası qurulduğu vaxt Cavidlə bağlı müəyyən qədər sənəd, fotoşəkil, qəzet və jurnal materialları, kitablar əldə olundu ki, bunlar hamısı muzey ekspozisiyasında öz layiqli yerini tutdu.

Ev-muzeylərin fərqli bir xüsusiyyəti var. Bu abidələr başqaları kimi qurulub başa çatmır, daima yeni eksponatlarla zənginləşərək həyatlarını davam etdirirlər. Cavid əfəndinin muzeyinin həyatı da belə davam edir. Fəaliyyətə başladığı 1981-ci ildən bu günədək muzeyin fonduna 8500-dən artıq eksponat toplanmışdır. Bunların içərisində Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, sənədlər, xatirə əşyaları, təsviri sənət və heykəltaraşlıq nümunələri, ilk nəşrləri, üzərində qardaşı qızı Rəna Rasizadəyə avtoqrafla hədiyyə etdiyi, 1934-cü ildə nəşr olunmuş "Səyavuş" əsəri, Turan Cavid tərəfindən son vaxtlar hədiyyə olunmuş "Knyaz"ın əlyazması, atasının pensnesi (gözlüyü), yazı dəsti, Ərtoğrol Cavidin hərbi xidmət illərində, 1942-ci ilin 28 fevralından başlayaraq 1943-cü ilin 7 oktyabr tarixinə kimi, Abxaziyadan, Tbilisi hospitalından və Naxçıvandan Bakıya anası Mişkinaz Cavidə və bacısı Turan Cavidə yazdığı 71 ədəd məktubu və Turan Cavidə məxsus xatirə əşyaları da vardır.

Cavid əfəndinin həmyerliləri, qohumları, dostları, yoldaşları onun məruz qaldığı ədalətsizliyi aradan qaldırmaq üçün hamı bir nəfər kimi çalışır, ev-muzeyə əllərindən gələn köməkliyi göstərirdilər. Ev-muzeyi ilə uzun illərlə çox yaxından əməkdaşlıq edən bir sıra elm və mədəniyyət xadimləri, ziyalılar muzeyin eksponatlarını zənginləşdirmişlər.

2000-ci ildə ev-muzeydə əsaslı təmir və bərpa işləri aparılmış, muzeyin binası əvvəlki görkəminə qaytarılmış, maddi-texniki bazası gücləndirilmişdir. Bu dəfə ekspozisiya əvvəlkindən fərqli olaraq muzey kollektivinin qüvvəsi ilə Cavid əfəndinin yaşadığı dövrdə necə var idisə, o cür qurulmuşdur.

Cavid ev-muzeyinin bir hissəsi adlandırdığımız Cavid məqbərəsi Heydər Əliyevin əsəridir. 1991-ci ildə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçildikdən sonra Cavid əfəndinin anadan olmasının 110 illiyi  münasibətilə şairin məzarı üstündə xalqa belə bir söz verdi: "Mən sizə söz verirəm, Cavid əfəndini Sibir meşələrindən alıb buraya, Vətəni Naxçıvana gətirdiyim kimi, onun məzarı üstündə ona layiq bir məqbərə tikdirəcəyəm. Cavid əfəndi buna layiqdir".

Söz verdi və təqribən bir ildən sonra xalqın tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdandan az sonra Hüseyn Cavid məqbərəsinin inşasına başlandı və açılışını - 1996-cı ilin 29 oktyabr tarixdə Heydər Əliyev özü həyata keçirdi.

Bu günHüseyn Cavid irsinə olan diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkə başçısının görkəmli şair-dramaturq Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında 16 fevral 2012-ci il tarixdə imzaladığı sərəncamın doğulduğu torpaqda icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Republikası Ali Məclisi Sədrinin bu il fevral ayının 20-də imzaladığı sərəncamla təsdiq edilmiş "Tədbirlər planı"na uyğun olaraq, muxtar respublikada müxtəlif tədbirlər həyata keçirilir.

Bu gün 8500-dən artıq eksponatla zənginləşən ev-muzeyinin ekspozisiyasında yeni eksponatlar əsasında əlavə və dəyişikliklər edilmiş, xeyli zənginləşdirilmişdir. Ev-muzey Hüseyn Cavidin 130 illik yubileyi ərəfəsində muzeyə gələn qonaqları dahi şairin əbədi irsi, zəngin yaradıcılığı ilə daha ətraflı tanış edəcəkdir.

 

 

Bəhruz AXUNDOV,

H.Cavidin ev-muzeyinin

direktoru, Naxçıvan Muxtar

Respublikasının əməkdar

mədəniyyət işçisi

 

Azərbaycan.-2012.- 3 noyabr.- S.7.