Sehrli ilmələr sərgisi
Azərbaycan xalçaları
Özbəkistanda heyranlıqla qarşılandı
Xalqlar arasında sülhpərvər missiyanın yerinə
yetirilməsində, asudə vaxtın səmərəli
keçirilməsində, adət-ənənələrin, mədəni
və tarixi abidələrin qorunub saxlanılmasında mühüm
işlər görən muzeylərdən biri
də Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyidir. Muzeyin
zəngin kolleksiyasının əsasını, adından da göründüyü kimi, nəfis tərtibatlı xalçalar
təşkil edir.
Burada gedən elmi-texnoloji
inkişaf, iş strukturu, əldə olunan
nailiyyətlər muzeyin qonaqlarının, o
cümlədən sənət adamlarının diqqətindən
yayınmır. Muzeyin beynəlxalq əlaqələrinin
və əməkdaşlıq
şəbəkəsinin genişlənməsinin nəticəsidir
ki, xarici dövlətlərdə
təşkil olunan bir
çox tədbirlərdə Azərbaycan
xalçalarının sərgisinə xüsusi
diqqət yetirilir. Bu
isə xalçalarımızın geniş
təbliğ olunub daha
da yaxından tanınmasına xidmət edir. Qarşılıqlı surətdə həyata
keçirilən belə layihələr mədəni dialoq və mübadilənin canlı nümunəsidir.
Muzey daim xarici dövlətlərin mədəniyyət
xadimləri, sənət adamları ilə sıx əlaqə
qurur və bu, ikitərəfli
münasibətlərin fəal inkişafına şərait
yaradır.
Bu gün Azərbaycanın
Özbəkistanla da münasibətləri
yüksək səviyyədə inkişaf
edir. Müstəqilliyini bərpa etdikdən
sonra ölkələr
arasında dostluq, qardaşlıq, mədəni
tərəfdaşlıq münasibətləri yaranıb.
Xalqlarımız arasında qarşılıqlı əlaqələrin
isə çoxəsrlik tarix var. Həm Özbəkistan, həm də Azərbaycan
qədim mədəniyyətə malik olan ölkələrdir. İki
dövlət arasında daim qarşılıqlı
mədəni əlaqələr mövcud olub. Son dövrlərə nəzər salsaq,
2011-ci il 29 mart-1 aprel
tarixlərində Bakıda "Azərbaycan
Xalçaçıları" İctimai
Birliyi tərəfindən "Özbəkistan
bədii sənətkarlığı: ənənələr
və müasirlik" və 2012-ci ilin 22-26 may tarixlərində MDB-yə üzv
dövlətlərin iştirakı ilə keçirilən
"Bir ocaqda parlayar min ürəyin
işığı" adlı sərgilər bu əlaqələrin ən gözəl
nümunəsi sayıla bilər. Bu tədbirlərdə
Özbəkistan sənətkarları öz
sənət nümunələri ilə yaxından iştirak etmişlər.
Cari il aprelin 4-dən
12-dək Bakıda Özbəkistanın xalq
rəssamı Akmal Nuriddinovun
da yüksək səviyyəli fərdi sərgisi
keçirildi. Bu əlaqələrin
davamı kimi, 2012-ci ilin
oktyabr ayında Daşkənddə "Art Week Style.uz"
layihəsi çərçivəsində keçirilən
VI Daşkənd Beynəlxalq Biennaleyə Azərbaycan mədəniyyətini
təmsil edən nümayəndələr də dəvət
edilmişdilər.
VI Daşkənd
Beynəlxalq Biennale incəsənət həftəsində
yerli və xarici
ölkələrdən olan rəssamlar,
dizaynerlər, fotoqraflar, müasir
və ənənəvi sənət ustaları, incəsənət
xadimləri yaxından iştirak edirdilər.
Həftə ərzində şəhər müxtəlif sərgilər,
ən gözəl qalereyalar mərkəzinə
çevrilmişdi. Biennalenin
təntənəli açılışı oktyabrın 4-də Gənclərin
Yaradıcılıq Sarayında keçirildi.
Özbəkistan
Rəssamlıq Akademiyası və Forum Fondu tərəfindən təşkil olunan Biennaledə dünyanın ən məşhur
rəssamlarının əsərləri nümayiş
olunurdu.
Biennale "Mən dünyadayam:
dünya da məndə"
devizi altında keçirilirdi.
Layihənin əsas xüsusiyyəti insanın və ətraf mühitin əksolunma spektoru
təkcə qloballaşmada deyil, həm də dünyanın müxtəlif
regionlarında millət, din, mentalitet və dünyagörüşündən
qaynaqlanan spesifik vəziyyətdir.
VI Daşkənd
Beynəlxalq Biennale çərçivəsində
oktyabrın 8-də "Sehrli ilmələr"
(Azərbaycan) adlı sərgi keçirildi.
Sərgi Azərbaycanın Özbəkistandakı səfirliyinin
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
və Milli İncəsənət Mərkəzi
ilə birlikdə təşkil olunmuşdu.
Mərasimdə Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktorunun rəhbərliyi
ilə nümayəndə heyəti, Daşkənddə fəaliyyət
göstərən səfirliklərin nümayəndələri,
Özbəkistanın ədəbiyyat, incəsənət və
mədəniyyət xadimləri, respublikanın Özbəkistandakı diasporunun üzvləri və jurnalistlər iştirak edirdilər. Dünyanın müxtəlif
ölkələrindən olan qonaqlar sərgi vasitəsilə Azərbaycan
xalçasını bir daha
yaxından tanımaq imkanı qazandılar. Qonaqlar
həmçinin xalçaların mənsub olduğu
xalqın adət-ənənəsi, məişəti, mədəniyyəti
haqqında bilgilər əldə etdilər. Sərginin adı
təsadüfən seçilməmişdi. Çünki
"Zili", "Sumax",
"Kilim", "Şəddə",
"Cecim" kimi xovsuz və xovlu xalçalar üçün
xarakterik olan ilmələr
bir-birindən gözəl, nəfis, müxtəlif
naxış harmoniyası yaradır.
Milli İncəsənət Mərkəzinin
direktoru Elmira Əhmədova
açılış münasibətilə qonaqları salamlayaraq dünya
xalçaçılıq sənətində Azərbaycan xalçalarının
müstəsna yeri olduğunu
qeyd etdi.
Azərbaycanın
bu ölkədəki müvəqqəti
işlər vəkili Akif Əliyev
çıxışında bildirdi ki, hələ qədim zamanlardan
xalça Azərbaycanın, sözün əsl mənasında, pasportu olub. Azərbaycan
xalçaları dünyanın möhtəşəm
salonlarını bu gün
də bəzəməkdədir. Onlar
Sankt-Peterburqdakı Ermitaj, Parisdəki Luvr, İstanbuldakı Topqapı,
Vaşinqtondakı Tekstil muzeylərinin nadir eksponatları sırasındadır.
Maraqlı faktlara toxunan
A.Əliyev çıxışında Azərbaycan
xalçasının ən böyük uğurunu - onun UNESCO-nun Qeyri-Maddi Mədəni
Irs Reprezentativ
Siyahısına daxil olunmasını xüsusi vurğuladı.
Tədbirdə daha sonra xalça
muzeyinin yaranması, fəaliyyəti və
onun əsas eksponatı olan
xalçalarımız haqqında bilgilərlə qonaqları
məlumatlandırmağa çalışdıq.
Sərgidə
təbiətin, yaşadığımız dünyanın dili xüsusi işarələrlə
- totemlərlə, simmetrik həndəsi
naxışlarla bəzədilmiş xalçalar,
xalça məmulatları (çul, xurcun, məfrəş,
heybə), xammalın hazırlanmasından tutmuş
onun satışına kimi
bütün prosesi əks
etdirən fotoşəkillər, Azərbaycan xalçaları haqqında elmi ədəbiyyat, sənədli film nümayiş etdirildi.
XX əsrin əvvəllərinə
aid etnoqrafik şəkillərdə
o dövrün xalça emalatxanaları, satışı üçün piştaxtalar,
şəhər və kənd yerlərində onlardan
istifadə qaydaları tamaşaçıların xüsusi marağına səbəb oldu. Oktyabrın 12-də sərgi
çərçivəsində Milli
İncəsənət Mərkəzində Azərbaycan
Respublikasının Özbəkistandakı səfirliyinin ikinci katibi, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun slaydlarla
müşayiət olunan "Azərbaycan
xalçaları Avropa və Rusiya rəssamlarının əsərlərində"
adlı məruzəsi dinlənildi. Məruzə bütün iştirakçıların, o cümlədən Özbəkistan sənətşünaslarının
böyük marağına səbəb oldu.
Sərgi
haqqında ətraflı məlumat Özbəkistanın
kütləvi informasiya vasitələrində
geniş şəkildə işıqlandırılmaqdadır.
Eyni zamanda, Fond Forum tərəfindən
15 dəqiqəlik videoməlumat çarxı da
hazırlanaraq "Form-TV" kanalında nümayiş etdirildi.
Oktyabrın 17-də Özbəkistana
Rusiya estrada ulduzlarının böyük nümayəndə
heyətinin (100 nəfərdən artıq) gəlməsi sərginin
qonaqlarının sayını bir daha artırdı. Belə
ki, sərginin xüsusi maraq doğurmasını, həmçinin
Azərbaycan-Özbəkistan münasibətlərinin yüksələn
xətlə inkişaf etməsini nəzərə alaraq Fond
Forum Azərbaycanın Özbəkistandakı səfirliyinə
müraciət edərək oktyabrın 18-də qonaqlar
üçün sərginin xüsusi təqdimatının təşkil
olunmasını xahiş etdi. Beləliklə, Rusiya
Federasiyasından gəlmiş
musiqiçilərdən ibarət böyük bir
kollektiv də Azərbaycan xalçaları ilə yaxından
tanış olmaq imkanı qazandı. Sərginin qonaqlarda zəngin təəssürat
yaratdığını onların
söylədiyi fikir və rəylərdən aydın
hiss etmək mümkün idiE
Röya
TAĞIYEVA,
Beynəlxaq
Muzeylər Şurası (ICOM)
Azərbaycan
Milli Komitəsinin,
"Azərbaycan
Xalçaçıları" İctimai Birliyinin sədri,
sənətşünaslıq
doktoru, professor
Azərbaycan.-2012.- 3 noyabr.- S.7.