Uğurumuzun davamlı olması üçün bütün bölgələr sürətlə inkişaf etməlidir

 

 Bu fikri Prezident İlham Əliyev Saatlı, Beyləqan və İmişli rayonlarına səfəri zamanı bildirib

 

 "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" deyərək səlahiyyətlərinin icrasına başlamış cənab İlham Əliyev ötən 9 ildə respublikamızda dinamik sosial-iqtisadi tərəqqiyə zəmin yaradan ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ictimai həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində bir sıra mühüm addımlar atmışdır.

Ötən dövrün sosial-iqtisadi uğurlarla müşayiət olunan inkişaf göstəriciləri  Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi sahədə də yüksək dinamizmlə inkişaf etdiyini təsdiqləyir. Azərbaycanın ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilməsi ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin elmi əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını göstərir. Dövlət rəhbəri İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini, vaxtını dəqiq müəyyənləndirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir.

Azərbaycanı regionda əsas söz sahibinə çevirmiş qlobal enerji layihələrinin reallaşdırılmasında ardıcıllığın təmin olunması, iqtisadiyyatda liberallaşdırma Prezident  İlham Əliyevin ötən 9 ildə xüsusi diqqət yetirdiyi məsələlərdəndir. İstər sosial-iqtisadi inkişaf göstəriciləri, istərsə də demokratik ənənələrin cəmiyyət tərəfindən əxz olunması baxımından "Avropa ailəsi"nin nüfuzlu üzvü kimi tanınan Azərbaycan qitə dövlətlərinin enerji təhlükəsizliyində də mühüm rol oynayır.

Respublikamızda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ana xətti kimi diqqəti çəkir. Yeni neft strategiyası çərçivəsində böyük iqtisadi-siyasi dividendlərə yol açan qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılması, qeyri-neft sektoruna diqqətin artırılması hesabına iqtisadi inkişafdakı yüksək dinamizmin neftdən asılılıq dərəcəsinin azaldılması, regionların tarazlı və davamlı inkişafı, yeni müəssisələrin yaradılması, bölgələrin tarixi məşğulluq ənənələrinin bərpası yolu ilə yeni iş yerlərinin açılması, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi üçün hər il cənab İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdən olmuşdur.

Regionların qeyri-proporsional inkişafının qarşısının alınması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı sənədlərin icra vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərləri cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin üstün istiqamətlərindən biridir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, problemlərin həlli üçün müvafiq tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Dövlət başçısı 2003-2012-ci illərdə demək olar ki, ölkənin bütün rayonlarına səfərlər etmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işlərlə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.

Prezident İlham Əliyevin bu günlərdə Saatlı, Beyləqan və İmişli rayonlarına səfərləri də mühüm sosial obyektlərin açılışı ilə əlamətdar oldu. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının, eləcə də rayonda Gənclər Mərkəzinin, tarix-diyarşünaslıq muzeyinin yeni binasının və şahmat məktəbinin açılışı bu sırada qeyd oluna bilər. Ölkə başçısı səfəri çərçivəsində əsaslı yenidən qurulan Saatlı Rayon Mərkəzi Xəstəxanası ilə də tanış oldu. Ən müasir  avadanlıq və tibbi ləvazimatlarla təmin edilən xəstəxanada cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım, infeksion şöbələri fəaliyyət göstərir. Xəstəxanada 58 həkim və 125 orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur. Burada yaradılan şərait nəinki Saatlı sakinləri, eləcə də digər rayonların əhalisinə də ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verəcək. Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpünün yenidənqurmadan sonra açılışı da bu səfərə təsadüf etdi. Qəzalı vəziyyətdə olan körpünün tamamilə yenidən qurulması Saatlı-İmişli və əks-istiqamətə hərəkət edən çoxtonnajlı və minik avtomobillərinin, o cümlədən piyadaların təhlükəsizliyini indi tam təmin edib.

Ölkə başçısı Beyləqanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, sahibkarlarla görüş keçirmişdir. Bu səfər zamanı Beyləqanda əsaslı təmir olunan və yenidən qurulan Mədəniyyət sarayının, Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışı olmuş, Beyləqan şəhər su və kanalizasiya kompleksinin təməli qoyulmuşdur. Prezident İlham Əliyev bildirib: "Ölkəmiz hərtərəfli inkişaf edir. Bu inkişaf haradasa daha da sürətlidir, haradasa o qədər sürətli deyildir. Ancaq elə bölgə, elə rayon yoxdur ki, orada quruculuq-abadlıq işləri aparılmasın, inkişaf özünü göstərməsin. Bu, Azərbaycanın reallıqlarıdır. Azərbaycan hətta dünyanı bürümüş maliyyə və iqtisadi böhran illərində öz uğurlu inkişafını təmin etmişdir, bu böhrandan şərəflə, üzüağ çıxmışdır. Demək olar ki, Azərbaycan sakinləri böhranın acı fəsadlarını hiss etməmişlər. Çünki bizim düşünülmüş iqtisadi siyasətimiz vardır".

İmişlidə ölkə başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, rayon mərkəzi xəstəxanasında aparılan təmir və Heydər Əliyev Parkında görülən yenidənqurma işləri ilə də tanış olmuşdur. Səfər zamanı İmişlidə "Araz" damazlıq quşçuluq fabrikinin və "Kraun KO" taxıl anbarı kompleksinin də açılışı olmuşdur. Fabrikdə illik 10 milyon damazlıq yumurta istehsalı nəzərdə tutulub. Müəssisədə istehsal gücü saatda 10 ton olan yem istehsal sexi və tutumu 3,5 min ton olan yem anbarı fəaliyyət göstərir. Müəssisədə 80 nəfər işlə təmin olunub.

"Kraun KO" taxıl anbarı kompleksi isə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, İmişli rayonunun Şahverdili kəndi ərazisində inşa edilib. 50 min tonluq taxıl anbarı hər birinin tutumu 8,3 min ton olmaqla 6 silodan ibarətdir. Müasir texnologiyanın tətbiqi yolu ilə kompleksdə taxıl məhsullarını uzun müddət ərzində itkisiz saxlamaq mümkün olacaqdır.

Prezident İlham Əliyev İmişli su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Ölkə başçısı əldə olunan uğurları belə səciyyələndirib: "Sosial sferada nəzərdə tutulmuş bütün layihələr icra edilir. Bu layihələrin icrası insanların ildən-ilə artan maddi rifahında özünü göstərir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi artıq başa çatmaq üzrədir, gələn il başa çatacaqdır. Artıq növbəti 10 illik üçün yeni proqram hazırlanır vaxt gələndə proqram ictimaiyyətə təqdim ediləcəkdir.

Bütün infrastruktur layihələri icra edilir. Bir sözlə, biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycan dövləti müstəqillik dövründə özünü dünya xəritəsində təsdiq edib. İqtisadi siyasi cəhətdən müstəqil Azərbaycan dövləti uğurla inkişaf edir. Uğurumuzun dayanıqlı, davamlı olması üçün bütün bölgələr sürətlə inkişaf etməlidir".     

Qazanılan nailiyyətlər belə bir qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi çox uğurlu nəticələr verir. Bu kursa sadiq qalan dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraqları uca tutur, ölkə vətəndaşlarının arzu istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Çünki Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Odur ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirərək qabaqcıl dövlətlər arasında daha layiqli yerini tutacaqdır.

 

 

Azərbaycan.-2012.- 4 noyabr.- S.1.