«Bakıya uçuş»
sərgisinin Berlində təntənəli
açılışı olmuşdur
Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva açılış mərasimində
iştirak etmişdir
Almaniya paytaxtının məşhur
"Collectors room" sərgi mərkəzində Heydər Əliyev
Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və
"Baku international" jurnalının birgə təşkilatçılığı
ilə "Bakıya uçuş" müasir Azərbaycan
incəsənət sərgisinin açılış mərasimi
keçirilmişdir.
Noyabrın 17-dək
davam edəcək sərginin
açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.
Berlində Azərbaycan
incəsənəti sərgisinə çox
böyük maraq var idi. Sərginin
açılışına Almaniyanın nüfuzlu
şəxsləri, ictimai xadimləri, incəsənət
adamları, dünyanın müxtəlif ölkələrindən
qonaqlar gəlmişdilər.
Açılış
mərasimində çıxış edən Heydər Əliyev
Fondunun vitse-prezidenti,
"Baku" jurnalının baş redaktoru Leyla xanım Əliyeva "Bakıya uçuş" sərgisi haqqında qonaqlara məlumat verdi. Fondun vitse-prezidenti bildirdi ki, indiyədək bu sərgi dünyanın müxtəlif paytaxtlarında,
o cümlədən Londonda
və Parisdə keçirilib, böyük maraqla
qarşılanıb. Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin
və "Baku international"
jurnalının təşkilatçılığı ilə
Berlində keçirilən sərgi çox
zəngindir. Burada Azərbaycanın müasir incəsənətinin faktiki olaraq bütün istiqamətləri öz
əksini tapıb. Sərgidə 21 sənət adamının
94 işi nümayiş
etdirilir.
Leyla xanım Əliyeva bu
gün bütün
dünyanı sürətli inkişafı və
çiçəklənməsi ilə heyran
qoyan Azərbaycanın qədim və zəngin tarixə malik
ölkə olduğunu bildirdi.
Azərbaycanlıların bütün müsəlman Şərqində ilk demokratik respublika qurduqlarını, Şərqdə ilk baleti, operanı
yaratdıqlarını və bu cür bir sıra böyük nailiyyətlərə imza atdıqlarını söylədi. Qonaqlara Azərbaycanı tanımaq üçün Heydər Əliyev Fondunun, "Baku"
jurnalının mühüm işlər gördüyünü bildirdi.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva dedi:
"Azərbaycan elə bir ölkədir ki, burada müxtəlif mədəniyyətlər, millətlər
və dinlər sülh şəraitində
vahid bir ailə kimi yaşayırlar. Biz bu faktdan çox
qürur duyuruq.
Şübhəsiz ki, incəsənət
Azərbaycan həyatının və mədəniyyətinin əhəmiyyətli
bir hissəsidir. Sizin
hər birinizi Azərbaycana dəvət
edirəm. Gəlin ölkəmizi özünüz
üçün kəşf edin".
Sonra sərginin kuratoru Erve
Mikaeloff, uzun illər Almaniya Tarix Muzeyinə rəhbərlik
etmiş tanınmış mədəniyyət
xadimi, hazırda Vaymar
Ali Musiqi Məktəbinin
prezidenti, professor dr.Kristof Stolzel
dünyanın müxtəlif ölkələrində keçirilmiş "Bakıya uçuş" sərgisinin Berlində də
təşkil olunmasının Azərbaycanı dünyaya müasir, inkişaf edən
və zəngin mədəni irsə malik
ölkə kimi
tanıtdığını bildirdilər.
Elə ilk gündən "Bakıya uçuş"
sərgisinə böyük maraq var idi.
Sərgidə Leyla xanım Əliyevanın
müəllifi olduğu əsərlər
də iştirakçılar tərəfindən xüsusi diqqətlə izlənildi və
yüksək qiymətləndirildi. Sərgiyə gələn
tamaşaçılar öz
heyranlıqlarını gizlətmədilər.
Almaniyanın Şimali Afrika və
Yaxın Şərq Dövlət Mərkəzinin direktoru Udo Ştaynbax
dedi:
- Sərgi Almaniya ilə Azərbaycanın mədəniyyət
sahəsindəki əlaqələrinin inkişafı ilə
yanaşı, Azərbaycanı müasir
incəsənətin inkişaf etdiyi Avropa ölkəsi kimi bizlərə təqdim etdi.
Çox bəyəndim.
Mərasimə gələn
daha bir qonaq - xanım Müjgan Əhrari
vurğuladı:
- Sərgi sübut etdi ki, Azərbaycan rəssamları universal dəyərlərə malikdirlər.
Onların mənəvi mühitləri çox
zəngindir və dünyəvi dəyərləri
bölüşürlər.
Sərgidən
aldığı təəssüratı diqqətə
çatdıran xanım Mişel Viktor Adamski dedi:
- Azərbaycanın
zəngin musiqisi, poeziyası olduğunu bilirdim. İndi isə Azərbaycanı müasir incəsənət ölkəsi kimi də kəşf etdim.
Noyabrın 17-dək davam edəcək sərgi
dünyanın digər şəhərlərində olduğu
kimi, Almaniya paytaxtında da Azərbaycanı layiqincə
tanıdacaq və ölkəmizə marağı
artıracaqdır.
Vüqar
SEYİDOV,
AzərTAc-ın
xüsusi müxbiri
Berlin
Azərbaycan.-2012.-
4 noyabr.- S.3.