Göyçayda
keçirilən VII Nar bayramı möhtəşəmliyi
ilə yerli və xarici qonaqlarda böyük maraq
doğurmuşdur
Noyabrın
3-də Göyçay şəhərində VII Nar bayramı
keçirilmişdir. AzərTAc xəbər verir ki,
Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə keçirilən bayram tədbirində Milli Məclisin
deputatları, 15-ə yaxın ölkənin Azərbaycandakı
səfirləri, beynəlxalq təşkilatların,
"İrəli" İctimai Birliyinin və bir sıra gənclər
təşkilatlarının təmsilçiləri,
tanınmış elm və mədəniyyət xadimləri, ətraf
rayonların icra hakimiyyətlərinin
başçıları, yerli və əcnəbi iş
adamları, Azərbaycanda təhsil alan xarici tələbələr,
eləcə də Azərbaycan, Türkiyə və
Rusiyanın aparıcı KİV-lərinin nümayəndələri
iştirak etmişlər.
Əvvəlcə nar formasında
hazırlanmış paltarlar geyinmiş məktəblilər
qonaqları üç dildə salamlamış, milli geyimli
oğlan və qızlar tədbir
iştirakçılarına nar şirəsi və
bayramın emblemi olan döş nişanlarını təqdim
etmişlər.
Sonra qonaqlar və rayon ictimaiyyətinin
nümayəndələri ulu öndər Heydər Əliyevin
abidəsini ziyarət edərək önünə gül dəstələri
düzmüşlər. Bayram iştirakçıları Heydər
Əliyev Mərkəzinin fəaliyyəti ilə də
yaxından tanış olmuşlar.
Tədbirdə rayon icra hakimiyyətinin
başçısı Mənsur Məmmədov, BMT-nin Azərbaycandakı
rezident-əlaqələndiricisi Antonius Broek, Milli Məclisin
aqrar məsələlər, elm və təhsil komitələrinin
sədrləri Eldar İbrahimov və Şəmsəddin
Hacıyev məhsul bayramı münasibətilə
göyçaylıları təbrik etmiş,
narçılıqla məşğul olan insanlara
cansağlığı, süfrələrinə ruzi-bərəkət
arzulamışlar.
Qeyd
edilmişdir ki, Azərbaycanın rayonlarının hər biri
özünəməxsus meyvə-tərəvəzi ilə
tanındığı kimi, Göyçay da qocaman
çinarları və qeyri-adi dada malik narı ilə məşhurdur.
Nar Azərbaycanda, İranda, Hindistanda, Türkiyədə,
Özbəkistanda, ABŞ-da və Latın Amerikası ölkələrində
yetişsə də, Göyçay yeganə rayondur ki, burada həmin
meyvənin 67 sortu becərilir. Dünya bazarında çox
böyük tələbat duyulan narın bir çox müalicəvi
xüsusiyyətləri vardır. Nar cənnət meyvəsi
sayılır və "Qurani-kərim"də onun adı
çəkilir.
Bildirilmişdir ki, 2006-cı ilin
noyabrından başlayaraq ənənəvi olaraq 7-ci dəfədir
ki, keçirilən Nar bayramı rayonda bu sahənin
inkişafına, məhsul istehsalının artımına və
onun satış şəbəkəsinin genişlənməsinə
səbəb olmuşdur. Ötən il rayonda 38 min ton nar tədarük
edilmişdir. Cari ildə məhsuldarlığın daha
çox olacağı gözlənilir.
Bildirilmişdir ki, bir çox rayonlarda məhsul
bayramlarının, o cümlədən Göyçayda ənənəvi
olaraq hər il Nar bayramının keçirilməsinin əsas
məqsədi regionların təbliği, mədəni,
sosial-iqtisadi potensialın nümayişi və turizmin
inkişaf etdirilməsidir.
Mərasimdə qeyd olunmuşdur ki, nar
bir meyvə olmaqla yanaşı, həm də cəmiyyətdə
böyük mədəni hadisəyə çevrilmişdir.
Narla bağlı bədii əsərlər, şeirlər
yazılmış, bayatılar deyilmiş, bu ecazkar meyvənin
şəninə mahnılar bəstələnmiş, festival təşkil
edilmişdir. Narla bağlı xalqımızın zəngin adət-ənənələri
vardır və onun beynəlxalq səviyyədə geniş təbliğinə
ehtiyac duyulur.
Dünyanın müxtəlif ölkələrində
meyvə-tərəvəz məhsulları ilə bağlı
belə festivalların keçirildiyini qeyd edən natiqlər
nar kimi dəyərli bir meyvənin şərəfinə Azərbaycanda
beynəlxalq səviyyədə tədbirin keçirilməsini
tədqirəlayiq hesab etmişlər.
Vurğulanmışdır ki, ermənilər tarixən Azərbaycana
və azərbaycanlılara məxsus olan bütün maddi mədəniyyət
nümunələri kimi, nar meyvəsindən də təbliğat
kimi istifadə edərək ölkələrini bu yolla
tanıtmağa çalışırlar. Guya nar onların mədəniyyətində
ən qədim bir meyvə olmuşdur. Göyçay Rayon
İcra Hakimiyyəti ermənilərin bu yalanına cavab olaraq
builki Nar bayramını daha çox xarici qonağın
iştirakı ilə keçirməyə nail olmuş, təşkil
edilən nar və nar məhsullarının sərgisi vasitəsilə
dünyanın ən dadlı nar sortlarının məhz
Göyçayda yetişdiyini sübut etmişdir.
Bildirilmişdir ki, xalqımızın
öz qədim narçılıq ənənələrini təbliğ
etməyə və min bir dərdin dərmanı olan bu meyvəni
dünyada tanıtmağa mənəvi haqqı vardır. Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü və
xeyir-duası ilə keçirilən Nar bayramı ildən-ilə
daha da genişlənərək beynəlxalq tədbirə
çevrilir. Bu gün strateji məhsul sayılan narın və
ondan hazırlanan məhsulların xarici ölkələrə
ixrac edilməsi hamını sevindirir.
Tədbirdə
məlumat verilmişdir ki, son 5 ildə Göyçayda nar
bağlarının ümumi sahəsinin 3 dəfə artaraq
3200 hektara çatması, eləcə də fermerlərin ailə
büdcəsinə hər il 8 milyon manata yaxın vəsaitin məhz
nar məhsulunun satışından daxil olması bu sahənin
perspektivliliyindən xəbər
verir. Son vaxtlar iqtisadi cəhətdən gəlirli sahə olan
narçılığın ölkədə, o cümlədən
Göyçayda inkişafı geniş vüsət
almışdır. Azərbaycan Elmi-Tədqiqat
Bağçılıq və Subtropik Bitkilər
İnstitutunun Göyçayın Şəhadət kəndindəki
meyvəçilik dayaq məntəqəsində yeni nar
sortları yetişdirilir və əkin üçün fermerlərə
verilir.
Festivalda nara həsr olunmuş şeir və
mahnılar səsləndirilmiş, bədii özfəaliyyət
kollektivlərinin, aşıqların,
meyxanaçıların, musiqi məktəbində təhsil
alan şagirdlərin çıxışları
alqışlarla qarşılanmışdır.
Qonaqlar nar sərgisində rayonun 32 kəndində
bu sahə ilə məşğul olan insanların
yetişdirdikləri müxtəlif sort nardan hazırlanmış
məhsulların dadına baxmış, yerli müəssisələrdə
istehsal edilmiş şirə və cövhərlərin keyfiyyəti
ilə maraqlanmışlar. Heydər Əliyev parkında rəmzi
olaraq nar ağacları əkilmiş, yeni ailə quran gənclərə,
qızıl toylarını qeyd edən baba və nənəyə
hədiyyələr verilmişdir.
Heydər Əliyev prospektində
idmançıların, sehrbaz və kəndirbazların,
mahnı-rəqs qruplarının çıxışları
olmuş, müxtəlif mədəni-əyləncəli
proqramlar təşkil edilmişdir. Tədbir
iştirakçılarına bayram münasibətilə
hazırlanmış milli xörəklər, şirniyyatlar da
təqdim olunmuşdur.
Göyçay narını dünyaya
tanıtmaq üçün budəfəki bayram bir çox
yenilikləri ilə də yadda qalmışdır. Builki Nar
bayramının xüsusi özəlliyindən biri də orada
ilk dəfə olaraq İtaliyanın milli yeməyi sayılan
pizza müsabiqəsinin keçirilməsi olmuşdur. Bayram tədbirində
Bakının tanınmış mütəxəssisləri tərəfindən
xüsusi hazırlanmış nar reseptindən pizzalar qonaqlara
təqdim olunmuşdur.
Mərasimdə ən böyük pizza
da nümayiş olunmuşdur. Bundan əlavə,
İtaliyanın Patisseri şirniyyat şəbəkəsinin
sahibi Gianni de Carlonun xüsusi olaraq Nar bayramı
üçün hazırladığı nar şirəsi
qatılmış dadlı və ləzzətli piroq və
tortlar mərasim iştirakçılarının
marağına səbəb olmuşdur.
Sonra folklor qrupları
çıxış etmiş, məktəblilərin əl
işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbirdə qonaqlar əl ilə
yüksək ustalıqla hazırlanmış nar şirəsinin,
nar şərabının, nardançanın, gilələnmiş
narın dadına baxmışlar. Nar məhsullarının
istehsalı ilə məşğul olan müəssisələrin
məhsullarından ibarət yarmarka, müxtəlif sort narlardan
hazırlanan məhsulların sərgisi, eləcə də nar
ilə bağlı müsabiqələr, oyunlar təşkil
edilmişdir. Həkim-terapevt qonaqlara narın şirəsindən
və qabığından 20-dək xəstəliyin müalicəsində
istifadə olunması barədə geniş məlumat
vermişdir.
Sonra şadlıq sarayında yerli və
xarici qonaqların şərəfinə ziyafət
verilmişdir.
Bayram tədbiri Azərbaycanın 30-a
yaxın tanınmış incəsənət
ustasının, istedadlı müğənnilərin
iştirak etdikləri konsert proqramı ilə davam etmişdir.
Tanınmış şoumen Murad
Dadaşovun aparıcılığı ilə davam edən
möhtəşəm konsertdə səhnəyə
hamının səbirsizliklə gözlədiyi Türkiyənin
tanınmış müğənnisi Doğuş
çıxmışdır. O öz möhtəşəm
ifası ilə Nar bayramının
iştirakçılarını sevindirmişdir.
Konsert atəşfəşanlıqla
başa çatmışdır.
Azərbaycan.-2012.-
4 noyabr.- S.3.