Milli Məclisdə görüş

 

 Noyabrın 3-də Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini və Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyasının həmsədri Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Spiker qonaqları səmimi salamlayaraq müstəqil Azərbaycanın Rusiya ilə həyatın bütün sahələrində əlaqələrin inkişafına böyük önəm verdiyini vurğuladı. Qeyd edildi ki, parlamentlər səviyyəsində münasibətlərimizin daha da dərinləşdirilməsi ölkələrimizin və xalqlarımızın ümumi mənafeyinə xidmət edir. Müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir.

Sədr Milli Məclis ilə Rusiya Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın X iclasının yekunlarını yüksək dəyərləndirdi. O qeyd etdi ki, komissiyada tərəfləri maraqlandıran bütün məsələlər geniş müzakirə olunmuş, açıq danışıqlar aparılmışdır. Hər iki tərəfdən komissiyaya parlament sədrlərinin müavinləri səviyyəsində rəhbərlik edilməsi ölkələrimizin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərir. Komissiyanın işinin məhsuldar, qarşılıqlı etimad şəraitində keçməsi münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir. Spiker komissiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Rusiya tərəfdən komissiyanın sədri Svetlana Orlova Azərbaycana səfərindən, burada keçirdiyi görüşlərdən və Parlamentlərarası Komissiyanın X iclasının yekunlarından məmnun qaldığını söylədi. O bildirdi ki, komissiya çərçivəsində aparılan müzakirələr münasibətlərimizin siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə günbəgün möhkəmləndiyinin göstəricisi oldu.

Svetlana Orlova əlaqələrimizin dərinləşməsində parlamentlərin mühüm rol oynadığını vurğuladı. O ümidvar olduğunu bildirdi ki, gələcəkdə Parlamentlərarası Komissiyanın iclaslarında səmərəli müzakirələr aparılacaq və əhəmiyyətli qərarlar qəbul olunacaqdır.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Sədrinin müavini, Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyasının həmsədri Valeh Ələsgərov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.-2012.- 4 noyabr.- S.3.