Şanlı Seyidzadələr nəslinin
iki görkəmli nümayəndəsinin 100
illiyi qeyd edilmişdir
Noyabrın 2-də
Dövlət Film Fondunda
Azərbaycanın elm, mədəniyyət,
sənət və mətbuat tarixinə görkəmli şəxsiyyətlər
bəxş etmiş şanlı Seyidzadələr
nəslinin iki məşhur nümayəndəsinin
- tanınmış ictimai xadim,
Azərbaycan tərcümə məktəbinin banilərindən
biri Bağır Seyidzadənin və məşhur
kinorejissor Hüseyn
Seyidzadənin 100 illik yubileylərinə həsr
edilmiş mərasim keçirilmişdir.
Tədbir Mədəniyyət
və Turizm Nazirliyi,
Dövlət Film Fondu,
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqı və Azərbaycan Dövlət Teleqraf
Agentliyinin (AzərTAc) birgə təşkilatçılığı
ilə reallaşdırılmışdır.
AzərTAc xəbər
verir ki, mərasim
iştirakçıları əvvəlcə fondun
foyesində hər iki şəxsiyyətin
həyat və yaradıcılığını əks etdirən
fotoşəkillərdən ibarət sərgi ilə
tanış olmuşlar.
Gecədə
Dövlət Film Fondunun
direktoru, əməkdar incəsənət
xadimi Cəmil Quliyev,
mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev, əməkdar incəsənət xadimi,
kinoşünas Aydın Kazımzadə,
Azərbaycan Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anar, Miniatür Kitab Muzeyinin yaradıcısı və
rəhbəri, əməkdar incəsənət xadimi Zərifə Salahova,
tanınmış memar, akademik
Rasim Əliyev, AzərTAc-ın baş redaktoru Tamilla Nuriyeva və AzərTAc-ın
baş direktorunun müavini, əməkdar jurnalist
Dağbəyi İsmayılov, xalq artisti, kinorejissor, professor Tofiq
İsmayılov, Salman Mümtaz
adına Azərbaycan Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru Maarif Teymur və xalq artisti Fuad Poladov
çıxış edərək, hər iki
şəxsiyyətin mənalı ömür
yolundan, zəngin yaradıcılıq
axtarışlarından söz
açmışlar.
Bildirilmişdir ki, bu görkəmli şəxsiyyətlər -
Bağır Seyidzadə və Hüseyn
Seyidzadə milli mətbuatımızın
və kino sənətimizin müqtədir
simalarıdır.
Mənalı
ömrünün böyük
bir hissəsini Azərbaycanda nəşriyyat-poliqrafiya
işinin, mətbuatın, tərcümə
məktəbinin inkişafına həsr etmiş
Bağır Seyidzadə haqqında fikirlərini
bölüşən natiqlər onu həm
də bir diplomat kimi səciyyələndirmişlər.
Diqqətə
çatdırılmışdır ki,
Bağır Seyidzadə çox az yaşamış, cəmi 56 il
ömür sürmüşdür.
Lakin bu 56 illik ömür yolu böyük bir epoxanı əhatə etmişdir.
Bu şərəfli ömür yolu deportasiyalar, iyirminci əsrin əvvəllərinin təlatümləri,
1937-ci ilin repressiyaları, eyni
zamanda, faşizm
üzərində qələbənin sevinci,
haqsız təqiblər, həmçinin böyük
uğurların şövqü,
ehtirası ilə dolu bir
epoxa olmuşdur.
Yəqin elə buna görə də 56 illik
jurnalist, diplomat, nazir, tərcüməçi ömrü
bir əsrin çərçivəsinə
sığmayan dəyərli işləri özündə ehtiva edir.
Bağır
Seyidzadə ixtisasca mühəndis-texnoloq
olmasına baxmayaraq, o,
mənalı ömrünü mətbuat,
mədəniyyət, ən başlıcası isə tərcüməçilik
işinə həsr etmişdir.
Fitrətən jurnalist, söz adamı olan Bağır Seyidzadə gənclik illərindən
jurnalistikaya bağlanmış, "Kəndli"
və "Gənc işçi" qəzetlərində
çalışmış, redaktor olmuşdur.
Bağır
Seyidzadə çox fəal ictimaiyyətçi
idi. Onun bu məziyyətini nəzərə alaraq komsomol işinə
irəli çəkmiş, Azərbaycan Komsomolunun
Mərkəzi Komitəsinin büro üzvü, daha sonra katibi seçmişlər.
Bağır Seyidzadə istedadlı
diplomat idi. Moskvada diplomatiya
kurslarını bitirdikdən
sonra onu İranın Maku şəhərində vitse-konsul,
Təbriz şəhərində
konsul vəzifələrinə
təyin etmişlər.
Milli hökumət onu "21 Azər" medalına layiq görmüşdür.
Bağır Seyidzadə yüksək
dərəcədə təşkilatçı
idi. O, Azərbaycanda
kinematoqrafiya naziri təyin edilmiş və qısa müddətdə bu sahəni keçmiş İttifaqda qabaqcıllar sırasına çıxarmışdır.
Həmin
illərdə ekranlaşdırılmış
Azərbaycanın "Xəzər
neftçiləri haqqında
dastan" filmi ilk dəfə Kann festivalında beynəlxalq
mükafata layiq görülmüşdür.
Bağır Seyidzadə
Azərbaycanda Nəşriyyat-Poliqrafiya
İdarəsini yaratmış
və o dövrün
qəzet-nəşriyyat işinin
bilicisi kimi tanınmışdır. Mədəniyyət nazirinin müavini işləyəndə də
bu sahənin inkişafına böyük
əmək sərf etmişdir.
Bağır Seyidzadə milli
tərcümə məktəbinin
banilərindəndir. Onun "Görkəmli adamların
həyatı" silsiləsindən
tərcümə etdiyi
kitabları oxuyarkən
B.Seyidzadənin sözə
necə həssas münasibət bəslədiyinin,
orijinal dilin və Azərbaycan dilinin incəliklərini çox yüksək səviyyədə bildiyinə
heyran qalırsan.
Bağır Seyidzadənin tərcüməçilik
fəaliyyətinin ən
qaynar mərhələsi
AzərTAc ilə bağlıdır. O, bu agentlikdə direktorun müavini olmaqla bərabər, tərcümə işinin
təşkilinə cavabdeh
şəxs idi. Onu AzərTAc-da canlı ensiklopediya adlandırırdılar.
Bağır Seyidzadə
ictimai-siyasi mətnləri
çox yüksək
səviyyədə tərcümə
və redaktə edər,
iş yoldaşlarından
dəyərli məsləhətlərini
əsirgəməzdi.
Ömrünün son illərini operativ
siyasi materialların tərcüməsinə həsr
etmiş Bağır Seyidzadəni AzərTAc-ın
tərcüməçilik məktəbində müstəsna
örnək olan bir insan kimi
xatırlayırlar. O, öz tərcümələrində
dilə çox həssas yanaşır, Azərbaycan dilinin gözəlliyindən, zənginliyindən
geniş istifadə edirdi.
Azərbaycan tərcümə məktəbinin
baniləri arasında
Bağır Seyidzadənin
adı xüsusi ehtiramla çəkilir, çünki onun bu sahədə xidmətləri çoxdur.
O, "Əməkdar mədəniyyət işçisi"
fəxri adına
layiq görülmüş,
"Qırmızı Əmək
Bayrağı" və
"Şərəf nişanı"
ordenləri ilə təltif edilmişdir.
Bağır Seyidzadə ailəsini
çox sevən insanlardan idi. Üç övladı vardı: oğlu Fuad, qızları Dilarə və Xoşqədəm. Onlar da Azərbaycan elminə, mədəniyyətinə dəyərli
töhfələr vermişlər.
Natiqlər bildirmişlər ki,
ümumiyyətlə, Seyidzadələr
nəslinin hər bir nümayəndəsi haqqında ayrıca danışmaq lazımdır. Onlardan Moskvada təyyarə zavodunun direktor müavini işləmiş
İbrahim Seyidovun, Bağır Seyidzadənin
bacıları
- Azərbaycanın ilk torpaqşünas
alimi Hüzrə xanımın və baytarlıq sahəsində
görkəmli mütəxəssis
Firuzə xanımın,
Azərbaycanın ilk mühəndis
qadınlarından olan
Zəhra Seyidovanın,
Azərbaycanın ilk qadın
alim-travmatoloqu, professor Həqiqət
Seyidovanın və başqalarının xidmətlərindən
söhbət açılmışdır.
Bildirilmişdir ki, Seyidzadələr
nəslinin iki nümayəndəsinin - Həqiqət
xanımın və Hüseyn Seyidzadənin adları Azərbaycan Ensiklopediyasına düşmüşdür.
Gecədə digər yubilyar
- görkəmli kinorejissor
Hüseyn Seyidzadə haqqında da ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Azərbaycanda
ilk rəngli filmin çəkilməsi Hüseyn
Seyidzadənin adı ilə bağlıdır. O, Moskvada, Ümumittifaq Kinematoqrafiya İnstitutunda
A.Kuleşovun və S.Eyzenşteynin sinfində
oxumuşdur. V.Petrov, S.Yutkeviç, Q.Aleksandrov,
M.Romm, V.Pudovkin kimi tanınmış ustalarla çiyin-çiyinə
çalışmışdır.
Hüseyn Seyidzadə
Azərbaycan kino sənətinin qızıl
fonduna daxil olmuş, dahi Üzeyir bəyin ölməz musiqili komediyası əsasında
çəkilmiş "O olmasın,
bu olsun", genişformatlı "Koroğlu",
"Yenilməz batalyon",
"Dəli Kür",
"Qayınana" kimi
məşhur ekran əsərlərinin rejissoru
olmuşdur.
Tədbirdə Bağır və Hüseyn Seyidzadələrin 100 illik
yubileylərinə həsr
edilmiş miniatür kitabların təqdimatı
olmuşdur.
Azərbaycan Respublikası
"Kitab" Cəmiyyəti
tərəfindən "İndiqo"
nəşriyyatında yüksək
poliqrafik səviyyədə
çap edilmiş kitablar haqqında danışan Miniatür Kitab Muzeyinin yaradıcısı
və rəhbəri Zərifə Salahova xüsusi vurğulamışdır
ki, həmin nəşrlərdən biri
AzərTAc-ın, digəri
isə Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuşdur. Diqqətə çatdırılmışdır
ki, yubiley nəşrlərinə daxil
edilmiş oçerklərin
müəllifləri Tamilla
Nuriyeva və Aydın Kazımzadədir. Hər iki kitaba yubilyarların həyat və fəaliyyətlərinin
müxtəlif anlarını
əks etdirən xeyli fotoşəkil daxil edilmişdir.
Gecədə iştirak edən
dövlət və hökumət nümayəndələri,
tanınmış elm və
sənət adamları
hər iki yubilyarın ömür yolundan bəhs edən və ölməz bəstəkarımız
Cahangir Cahangirovun
"Füzuli" kantatasının
musiqisinin sədaları
altında hazırlanmış
fotolardan ibarət videoçarxa maraqla baxmışlar.
Gecədə həmçinin Bağır
Seyidzadənin Azərbaycanda
kinematoqrafiya naziri işlədiyi illərdə
ekranlaşdırılmış və Hüseyn Seyidzadənin çəkdiyi
filmlərdən fraqmentlər
nümayiş etdirilmişdir.
Sonda
Seyidzadələr ailəsi adından
çıxış edən Ülvi Seyidzadə milli mədəniyyətimizin
inkişafında xidmətləri olan sənət
adamlarına göstərilən
diqqət və qayğıya görə Azərbaycan Prezidenti
İlham Əliyevə, həmçinin tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirmişdir.
Azərbaycan.-2012.-
4 noyabr.- S.5.