Bu ömür
ki var...
Azərbaycanlı cüdoçu
- Mövlud Mirəliyev
Azərbaycanda cüdonun
inkişafından söhbət düşəndə onun adı hörmətlə çəkilir. Onu həm də acı və uzun
bir tale yolu keçən insan kimi sevir və hörmət
edirlər. Bu tale yolu ona insanları necə
sevməyi və sevilməyi də öyrədib. Atası Mustafa kişi 1944-cü
ildə bir gecədə Gürcüstandan
Orta Asiyaya sürgün olunan minlərlə
axıskalının arasında idi. Mövlud özü də
elə Orta Asiyada,
1974-cü il fevralın 29-da Özbəkistanda
doğulub. Amma bir vaxt ata,
əmi və dayılarının, bütün
nəslinin çəkdiyi məşəqqəti illər
sonrası o da çəkməli
olub.
Sovetlər birliyi dağılanda Fərqanədə baş verən hadisələr onu
yenidən nəsillikcə Azərbaycana qaytardı. Başqa cür ola da bilməzdi. Axı elə
onlara da həmişə
bir türk, bir azərbaycanlı,
kimi baxıblar. Bəlkə də
çəkdikləri zillətin, məşəqqətin çoxu da bununla bağlı idi...
Artıq
neçə ildir Şəmkirdə yerləşiblər.
Bir vaxtlar yük vaqonlarında buradan
gözüyaşlı keçib getdiklərini
xatırlayan Mustafa kişinin
o illərlə bağlı qəmli
söhbətləri isə hələ də bitib
tükənmir. Ac-susuz yollarda
qırılan, soyuqdan donan
insanların ahı, fəryadı hələ də onun yaddaşındadır. Hər gecə yenə
yuxularından qatarlar keçir,
hər gün vaxtsız dünyadan
köçən insanlarla, doğmalarla üz-üzə qalır.
M.Mirəliyevi idmana, cüdoya, samboya gətirən
də bəlkə elə bunlar oldu - milləti, xalqı kimi
dözmək, dayanmaq və hər şeyə yenidən
başlaya bilmək hissi. Bütün bunlar onun xarakterinə, həyat
tərzinə çevrilib. Üzündəki zahiri sakitlik və
təmkin, içindəki təlatümlər onun idman
seçimində də özünü göstərdi. Əvvəlcə sambo,
daha sonra cüdo ilə məşğul olmağa başladı. O, ömrünü
həsr etdiyi bu
idmanın tarixini də yaxşı bilirdi, fəlsəfəsini də. Bu idman növünün
dünyadakı yerini,
respublikamızdakı inkişaf
yollarını və bu illər ərzində
tanınan, seçilən idmançıları da yaxşı tanıyırdı.
Bu cüdo
ki var...
Azərbaycan Cüdo
Federasiyasının yaranması və inkişafı 40 ildən
artıqdır. Hələ 1972-ci
ildə SSRİ Nazirlər Soveti
yanında Bədən Tərbiyəsi və İdman
Komitəsinin cüdonun SSRİ ərazisində
yayılması haqqında qərarı ilə elə həmin
il, yəni 1972-ci ildə SSRİ-nin
hər yerində olduğu kimi,
respublikamızda da cüdo
idman növü kimi yayılmağa, təbliğ olunmağa başladı və tezliklə Cüdo Federasiyası təşəkkül
tapdı. Əvvəlcə ona Arif Ələkbərov, 1980-ci ildən isə
Rəhim İsmayılov rəhbərlik
edib. 1996-cı ildən Fizuli
Ələkbərov Azərbaycan Cüdo
Federasiyasının prezidentidir.
Respublikamızda cüdo
yarışlarına da elə o vaxtdan - 22 noyabr 1972-ci ildən
start verilib. Bakı, Sumqayıt və Gəncə şəhərlərində
cüdo klubları fəaliyyət göstərməyə
başlayıb. İsmayıl Əhmədov, Sabir Hüseynov, Əhməddin
Rəcəbli, Ağarza Əhmədov, Rauf Şəfiyev,
Viktor Kuznetsov, Ənvər İskəndərov, Tərlan Həsənov,
Cərulla Şinqarov, Səməd Şəhniyarov Azərbaycanın ilk cüdo məşqçiləridir.
İlk idman ustası Sahib İsmayılov, ilk beynəlxalq dərəcəli
idman ustası Qüdrət Pəncəliyev, ilk əməkdar
idman ustası adına isə Nazim Hüseynov layiq
görülüb. Respublikanın ilk əməkdar məşqçisi
Əhməddin Rəcəbli, keçmiş SSRİ-nin ilk əməkdar
məşqçisi adını isə Ağayar Axundzadə
alıb. Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk
beynəlxalq dərəcəli idman ustası isə
Gülşən Şirinova, ilk ümumittifaq dərəcəli
hakim Rauf Şəfiyev, ilk beynəlxalq
dərəcəli hakimlər isə Zair Məmmədov və Valeh Məhərrəmov
olub. Keçmiş SSRİ
birinciliklərində Ələkbər İsmayılov 1975-ci
ildə qızıl, Sahib İsmayılov 1972-ci ildə
bürünc, Ənvər Əhmədov 1982-ci ildə
gümüş mükafata layiq görülüblər. Fərhad
Rəcəbli isə Azərbaycan cüdoçuları
arasında İlk dəfə Avropa miqyaslı yarışlarda
medal qazanaraq 1978-ci ildə Macarıstanda gənclər
arasında keçirilən Avropa birinciliyində III yerə
layiq görülüb.
Bu Pekin
ki var...
Mövlud 2008-ci ilin avqustunda Pekində
keçirilən Olimpiya Oyunlarında 100 kq çəki dərəcəsində ilk olaraq əlcəzairli Həsən
Azzuannanı, ikinci görüşdə
isə gürcü idmançı Levan Jorjoliyanini xal hesabı ilə məğlub edib. Yarımfinal mərhələsində isə
rəqibinə məğlub olaraq bürünc medal
qazanıb. Amma o
günə - o qələbəyə gətirib
çıxaran yol çox
çətinliklərin şahidi olub.
"Artıq 25 ildən çoxdur idmandayam. Əvvəllər məşğul olduğum samboda bütün nailiyyətləri
qazanmışam, Dünya və Avropa çempionatlarında mükafatlara
sahib çıxmışam. Özümü Olimpiya növü olan cüdoda 2002-ci ildən yoxlamaq
qərarına gəldim. Təbii ki, Yay Olimpiya Oyunlarından medalla qayıtmaq və adını tarixə
yazdırmaq bütün
idmançıların arzusudur. 2004-cü
il Afina
Olimpiadasında da medal
qazanmağa yaxın idim.
Bürünc medal uğrunda görüşdə almaniyalı cüdoçuya uduzaraq
5-ci yeri tutdum. Pekin Yay Olimpiya
Oyunlarına isə məşqçilərimizlə birgə daha ciddi hazırlaşmışdıq.
Əldə etdiyimiz bir
qızıl, bir bürünc
medal düzgün
hazırlıq proqramı qurduğumuzu sübuta yetirdi",- deyə
Mövlud bildirir.
Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan 10 idman növü üzrə
44 idmançı ilə təmsil olunaraq
1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanmışdı.
Mükafat qazananlar
bunlardır: cüdoda 73 kq
çəkidə Elnur Məmmədli
(I yer), 100 kq çəkidə
Mövlud Mirəliyev (III yer), yunan-Roma güləşində Rövşən Bayramov, Vitali Rəhimov, sərbəst güləşdə Xetaq Qazyumov, boksda Şahin İmranov. Qadınlar arasında isə Mariya Stadnik fərqlənərək
medala layiq görüldü.
Mövlud o günü belə xatırlayır: "Monqolustan idmançısı Naydan,
demək olar ki, bütün güclü
idmançılara qalib gəlmişdi. Onun məğlub etdiyi cüdoçular arasında Olimpiya
və Dünya çempionları da var idi.
O, yorulmaq nədir bilmirdi.
Sanki hər döyüşə yeni qüvvə ilə
çıxırdı. Onunla görüşüm 7 dəqiqəyədək
çəkdi. Əsas vaxtda heç birimiz xal qazana bilmədik.
Ardından qızıl xal prinsipi
üzrə mübarizə apardıq. Görüş
vaxtı onun dopinq qəbul
etdiyini duymuşdum".
Çox güman ki, rəqibi dopinq qəbul
etməsəydi, Mövlud onu
məğlub edərək finalda
qazaxıstanlı Asxat Jitkeyevlə güləşəcəkdi.
Bu isə qızıl medal
qazanmaq şansını bir
az da
artırırdı...
"...Düzü, mən Jitkeyevlə
bir neçə dəfə üz-üzə gəlmişəm
və həmişə qələbə qazanmışam. Elə
Afina Olimpiadasında da onu məğlub etmişdim. Bu dəfə
də finala çıxsaydım, qazaxıstanlı
cüdoçunu üstələyəcəkdim. Amma nə etmək
olar? Qayda belədir ki, dopinq-testi müsbət nəticələnən
idmançı medaldan məhrum olunarsa, onun mükafatı
özündən sonrakı yeri tutana verilməlidir. Biz də
qaydalara əməl etməliyik".
XIX Pekin Yay Olimpiya Oyunlarında
çıxış edən Mövlud Mirəliyev ardıcıl üç qələbə
qazanıb.
Şöhrətin və yaşın belə
bir vaxtında Pekin Olimpiadasının bürünc
mükafatçısı Mövlud Mirəliyev
idmançı karyerasını bitirdiyini bəyan edir. Uzun
müddət cüdo üzrə Azərbaycan
yığmasının şərəfini qoruyan 38
yaşlı Mövlud bunu zədə problemi ilə əlaqələndirir:
" Aldığım zədədən yaxa qurtara bilmirdim.
Onurğa sütunumda problem yaranmışdı. Müalicə
etdikdən sonra tatamiyə qayıdırdım, amma yenə zədəm
özünü göstərirdi. Buna görə də
idmançı kimi karyeramı başa vurmağı qərara
aldım". Bu onun ən böyük qərarlarından
biridir - vaxtında kənara çəkilə bilmək, şəraiti
və gücünü dəqiq hesablaya bilmək qabiliyyəti
hamıya nəsib olmur. O, yorulmasaydı və daim onu narahat edən
zədələri olmasaydı, yəqin ki, Londondakı Olimpiya
Oyunlarına qatılacaqdı. Bunu dəfələrlə
demişdi.
Bu işlər ki var...
Müxtəlif
illəri əhatə edən qəzetləri, jurnalları vərəqlədikcə
onunla bağlı xeyli məlumata rast gəlirsən: "Cüdoçumuz sentyabrın
9-da Yaponiyanın paytaxtı Tokioda start götürəcək
dünya çempionatında iştirak etməyəcək",
"Onun çəkisində - 100 kq-da tatamiyə Avropa
çempionu Elmar Qasımov çıxacaq. Mirəliyev bildirib
ki, planetin ən mötəbər yarışını
buraxmaq məcburiyyətində qalsa da, növbəti turnirlərdə
qüvvəsini sınamağı planlaşdırır:
"Zədəmin sağalması üçün vaxt
lazımdır. Ağırçəkili olduğum
üçün məşqləri buraxa bilmirəm.
Çünki istəyirəm ki, daima formada olum. Dünya
çempionatında yığmamızın digər
üzvü - Elmar Qasımov mübarizə aparacaq. O,
güclüdür və mən lisenziya qazana bilməsəm də,
gənc idmançımızın Londona yollanmaq şansı
var". Yenə qəzetlər: "M.Mirəliyev London-2012-yə
lisenziyaya sahib ola bilməsə, karyerasını bitirmək
barədə düşünür. O, artıq özünə
yeni iş yeri də tapıb: "Hələ dəqiq
heç nə deyə bilmərəm. Ola bilsin, Olimpiadaya gedə
bilməsəm, karyeramı bitirəm. Artıq yeni planlar
üzərində də iş gedir. Azərbaycan Cüdo
Federasiyasının prezidenti Fizuli Ələkbərovla
söhbətim olub. Gəncəbasar zonasında məşqçi
işləməyi və perspektivli cüdoçular
yetişdirməyi planlaşdırıram. Fizuli müəllim
bunun üçün artıq avtobus verib və tatamilər də
göndərəcəyini deyib".
Artıq xeyli vaxtdır ki, Şəmkirdədir.
Cüdo üzrə Pekin olimpiadasınn bürünc
mükafatçısı Şəmkir Olimpiya Kompleksinin
direktorudur. Bu, Milli Olimpiya Komitəsi Prezidentinin, dövlət
başçısının ona olan böyük
inamının, etibarının bir nişanəsidir. O,
bütün bunları gözəl bilir və
gördüyü işin məsuliyyətini də
yaxşı dərk edir. Onu əhatə edən
qayğılar, problemlər indi tamam başqadır.
Böyük bir Olimpiya idman kompleksinə rəhbərlik etmək
nə qədər məsuliyyətli olsa da, Mövlud
üçün bu o qədər də çətin
olmadı. Çünki harada olursa-olsun işləmək istəyirdi:
"Təyinatdan sonra bir neçə idman növü üzrə
dərnək yaratdıq. Kompleksdə cüdo, güləş,
karate, üzgüçülük və futbol üzrə dərnəklər
fəaliyyət göstərir. Gənclərin diqqətini idmana
yönəltməyə çalışırıq. Futbolda
60-a yaxın gənc məşq keçir. Mən, təbii, tək heç nə edə bilmərəm. Mənim işim ancaq gənc istedadları tapıb ortaya çıxarmaq ola bilər. Faiq Cabbarov gələcək
üçün uşaqlar
hazırlayır. Uşaqlardan
ibarət komanda yaratmaq və həvəskarların çempionatına
buraxmaq fikrindəyik. Gənclərin böyük
potensialı var. Onlar futbolu sevir və
həvəslə məşqlərə
gəlirlər. Şəmkir
futbolunun tarixi hamıya yaxşı məlumdur. Biz o şöhrəti
qaytarmaq istəyirik. Peşəkar klubun sponsora ehtiyacı var... Amma mən
sponsorlara necə deyə bilərəm ki, gəlin, klub yaradaq. Sonra
deyəcəklər ki,
Mirəliyev çox pul istəyir. Kompleksdə uşaqlar üçün futbol dərnəyi qurmuşam. Şəmkirdə həyatını
futbola həsr etmək istəyən uşaqların sayı çoxdur. Buna görə
də hesab edirəm ki, klubla başqa adamlar məşğul olmalıdır".
O, hər həftə stadionda olur. Özü də məşq edir və yarışlara
hazırlaşır. Amma
yığma komandanın
və ya klubların beynəlxalq oyunları zamanı mütləq stadionda olmağa çalışır.
Çünki onların
- bizi təmsil edən futbolçuların
hamı kimi onun da dəstəyinə
çox ehtiyacı
var.
Bu dostlar ki var...
Onun dostları çox olmalıdır. İstər idmanda, istər həyatda. Elə çoxdur da. Amma ən
yaxşı dostu ailəsi və uşaqlarıdır. Onunla
bütün sevinci, məğlubiyyəti, acını-şirini
bölməyə hazır
olan, Gəncə, Bakı və Şəmkir arasında bütün yolları gedib-gələn onlardan savayı kim ola bilər ki? Bu dostluğu qiymətləndirmək, dəyərləndirmək
keyfiyyəti isə onun kimi illərdir
haqsız yerə qaçqın, didərgin
həyatı yaşayan
bütün həmvətənlərinə,
bütün
axıskalılara xasdır
- istər sürgündə,
qürbətdə olsun,
istər onun kimi idmanda, istər
hamının yaxşı
tanıdığı Topçu
İsgəndər kimi
Qarabağ savaşında...
Bəxtiyar QARACA
Azərbaycan.-2012.-
4 noyabr.- S.6.