Misgərlik qədim xalq sənətidir
Qədim xalq sənət
növlərindən biri də Dəmir
dövründən qalma misgərlikdir. Aparılan tədqiqatlar və həmin sənətin
bu gün də sevilə-sevilə
yaşadılması təsdiqləyir ki,
Azərbaycanda misgərliyin
yaradılması çox erkən
dövrlərə təsadüf edir və
ölkəmiz onun inkişaf
edən mərkəzlərindən biri olub. O da məlumdur ki, bu ərazilərdə
tapılan ilk mis metal işləmələrin
tarixi Neolit
dövrünə aiddir. Miladdan
əvvəl VI minillikdə mis əldə
edildikdən sonra ondan
müxtəlif əşyalar hazırlanıb. Bir
sənət kimi
onun təşəkkülü
artıq orta əsrlərdə böyük şəhərlərin misgərlik
mərkəzinə çevrilməsinə gətirib
çıxarıb. Azərbaycanda misgərliyin hələ erkən
dövrlərdən yüksək inkişaf
etdiyini bir sıra Avropa ölkələrində, o
cümlədən Rusiya muzeylərində
saxlanan mis eksponatlar da sübut edir.
Ağqoyunlu hökmdarı Uzun
Həsənin sarayında olmuş venesiyalı səyyah Kontarinin
yazdığına görə, burada hər
gün hökmdarın ətrafındakı
təxminən 400 nəfərə mis qablarda yemək verilirmiş.
XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin
hazırladığı məmulatlar müxtəlif sərgilərdə nümayiş
etdirilərkən yüksək qiymətləndirilib və
mükafatlandırılıb.
Mis üzərində işləyən
sənətkarlar imzalarını onun
üzərinə həkk etdikləri üçün
dünya muzeylərində saxlanan
Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz
incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil. Misdən
hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilib:
xörək, süfrə, su-ağartı qabları və məişət
əşyaları.
Azərbaycanda
misgərlik sənətinin mərkəzlərinin Təbriz, Gəncə,
Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil,
Lahıc (İsmayıllı) və s. olduğu söylənilir. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə
çevrilib. Lahıc
ustalarının misdən hazırladıqları, mürəkkəb və incə
naxışlarla bəzədikləri dolça,
satıl, sərnic, sərpuc, güyüm,
teşt, məcməi, sini,
dolça, aşsüzən, kəfkir, kasa, cam, qazan,
çıraq və s. məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə
tanınıb.
Azərbaycan
xalqı özünün çoxəsrlik
tarixi boyunca zəngin
və özünəməxsus mədəniyyət yaradıb.
Müxtəlif vaxtlarda əcnəbi tacirlər,
səyyahlar və diplomatlar bu diyarda olub,
burada sənətkarlığın
inkişafı haqqında çoxlu
maraqlı faktlardan söz
açıblar. Misgərliyin əsas mərkəzi hesab olunan Azərbaycanda bu qədim sənət növünün
yaşadılması üçün bütün dövrlərdə müəyyən
səbəblər olub. Son
illər isə həmin səbəblərin sayı
azaldıqca misgərlik məişətdə əhəmiyyətini
itirmək təhlükəsi ilə üz-üzə
qalıb. Görəsən, hazırda bu
sahədə vəziyyət necədir? Ümumiyyətlə, qədim
sənətkarlıq sahəsi olan misgərliyin
əhəmiyyəti bu gün
də olduğu kimi dəyərləndirilirmi?
Tədqiqatçı
Elnur Həsənov deyir
ki, görkəmli şəxsiyyətlərin
doğma yurdu olan qədim Gəncənin mədəniyyət
mərkəzi kimi 3 min
illik tarixə malik olduğunu sübuta yetirən
mənbələr sırasında, şübhəsiz ki, sənətkarlıq əsərlərinin, daha doğrusu, mənəvi cəhətdən əvəzsiz sayılan maddi mədəniyyət nümunələrinin
çox böyük əhəmiyyəti
var: "...Qədimlərdən Gəncədə
sənətkarlıq o qədər zəngin
ənənələrə, tarixə malikdir
ki, hətta onların təsnifatını
da aparanda çox böyük bir siyahı alına bilər".
Misgər Şəmsəddin Məmmədov
isə bu sənətin harada
meydana gəlməsindən və
inkişafından söz açır:
"Şərqdən Şimali Azərbaycana
gətirilən misgərlik sonralar cənuba
- İrana keçib, ordan isə Orta Asiya respublikalarına.
Misgərliyin kökü Azərbaycanda çox qədimlərə
qədər gedib çıxır: 500 il bundan öncələrə.
Bu sənət nümunələrinin hər
biri tədqiq
olunmalı əsərdir. Bir qabın
üstündə ki sənətkar iki il işləyib, ona, sadəcə, qab demək
olmaz".
Ustaların misdən
hazırladıqları, mürəkkəb və incə
naxışlarla bəzədikləri məmulatlar Türkiyə,
Orta Asiya,
Dağıstan, Gürcüstan, İran və digər yerlərdə uzun illər ərzində tanınıb. Bu qədim sənət növü
mis dövründən cilalana-cilalana
bu günədək yol
gəlib. Onu davam etdirənlərdən
biri də Kamal Mustafayevdir. Atasından öyrəndiyi sənətlə
məşhurlaşan usta Kamal
deyir: "Misgərliyin itib-batmaması üçün atam məni
məcbur etdi ki, onu öyrənim.
İstədi ki, bu sənət
gələcək nəsillərə də çatsın. Düzdür, ağır, çətin sənətdir.
Ancaq unutmaq lazım deyil, bir sənət ki Azərbaycan xalqının maddi
mədəniyyətindən bəhs edir, onu yaşatmaq
lazımdır".
Əslində bu sənət nə qədər
maraqlıdırsa, bir o
qədər də çətindir. Ustalar
deyirlər ki, onu
öyrənənlərin marağı yoxsa, nəyin və
kimin xatirinə
bu sənətə gəlmək istəyirsə,
ondan misgər olmaz.
Misgərlər səbrli, incə, zərif, zövqə malik olmalıdırlar. Alın təri tökmək
hər sənətdə olduğu kimi, burada da
vacib hesab edilir. Sözügedən mis qabların
hazırlanması üçün
ağır əmək sərf etmək lazımdır. Bu şərtlər hələ tam və hamısı deyil
ki, misgərlər ona
əməl etməlidirlər. Savad da misgərlikdə vacibdir.
Xüsusən riyaziyyat, kimya,
fizika, bir sözlə,
bütün texniki fənləri
bilmək tələb olunur. Çünki istifadə olunan
material kimyəvi maddələrdən
hazırlanır. Hətta vurulan
naxışlar belə müxtəlif həndəsi fiqurlar üzərində başa
gəlir.
Misgərlik də digər qədim sənət
növləri kimi, problemlərlə üzləşməli
olub. Mis qab-qacaqların sayının və çeşidinin
azalması təkcə peşəkar misgərlərin barmaqla
sayılmasından irəli gəlmir.
Şüşə və digər, məsələn,
keramika məmulatlarından hazırlanan məhsullara maraq
artdıqca mis qablar kolleksiyaçılar tərəfindən
toplanır və nəticədə onlar muzey eksponatına
çevrilirlər.
Onu da deyək ki, metalişləmə sənəti
digərlərindən fərqli olaraq, azərbaycanlı
ustaların öz istedadlarını bütün dolğunluğu
ilə ifadə edə bildiyi sahələrdən
sayılır. Azərbaycanda metalişləmə sənəti
qədim tarixə malik olsa da, misgərlik orta əsrlərdən
formalaşmağa başlayıb. Bir sıra mənbələr
göstərir ki, Azərbaycanda misgərlik sənəti əsasən
XVIII əsrdə inkişaf edib. Bu yerlərə həmin
dövrlərdə səfər etmiş səyyahlar da bir
çox şəhərlərdə xüsusi misgərlik
kücəsi olduğunu, orada misdən bəzəkli, orijinal
formalı qab-qacaq düzəldildiyini qeyd edirlər. O da
xüsusi olaraq bildirilir ki, Azərbaycanda elə yerlər olub
ki, orada nəinki bir-iki kücədə, hətta misgərliklə məşğul
olma kütləvi hal alıb. Belə mərkəzlərdən
biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc
(hazırda İsmayıllı rayonunun ən qədim sənətkarlıq və
yaşayış məntəqəsidir) idi. Lahıcda bu əsrdə
kulli miqdarda məişət əşyası və ev
avadanlığı hazırlanırdı. Buradakı məhsullar
həm keyfiyyət, həm də kəmiyyət
baxımından o dövrün mərkəzi şəhərlərində
hazırlanan məişət əşyalarından hec də
geri qalmayıb. Hələ XIX əsrin ortalarında Lahıcda
180-190-a yaxın mis karxanası olub. XIX-XX əsrlərdə
Rusiyadan ucuz qiymətə gətirilən qab-qacaq bu sənətə
təsir etsə də, böyük tarixə malik olan misgərlik
yenə metalişləmədə əsas yerlərdən
birini tutub. Həmin dövrlərdə mis qablara hətta
qonşu ölkələrdə də böyük ehtiyac
duyulurdu. Təəssüf ki, əvvəlki dövrlərə
nisbətən son illər mis məmulatlarının
həm forması, həm də bəzək motivləri xeyli
sadələşib. Artıq XX əsrin əvvəllərində
bu məişət əşyalarının kəmiyyəti
kimi, keyfiyyəti də getdikcə aşağı
düşüb. Asan və ucuz başa gələn
şüşə, saxsı, çuqun, dəmir qablar getdikcə
mis məmulatlarını aradan çıxarmağa
çalışır. Lakin bütün bunlara baxmayaraq, misgərlik
əvvəlki gücünü saxlamasa da, bu qədim el sənətinin
daşıyıcıları tərəfindən
yaşadılır.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2012.-
4 noyabr.- S.7.