Çırağı söndürülən ocaqlar

 

   Repressiya qurbanları

 

 Abbas Süleyman ağa oğlu 1910-1911-ci illərdə Gəncə sənaye məktəbində oxuyub. Hərbçi peşəsinə marağı üstün gəlib bu məktəbi yarımçıq qoyub. Çevikliyi, boyu və bədən quruluşuna görə qardaşlarından fərqlənən Abbası atası da hərbçi görmək istəyirdi. Oğlu Gəncə sənaye məktəbinə getməzdən əvvəl də onunla bu barədə söhbətləri olmuşdu...

 

Abbasın evdəkilərə deyə bilmədiyi "sirrinin" üstünü bacısı Böyükxanım açdı. Kürsülü evin pilləkənlərini qaça-qaça qalxıb anasına dedi:

- Abbas dostuna söylədi ki, daha Gəncəyə, oxumağa getməyəcəm.

Bu xəbər Əzət xanımı hövsələdən çıxartsa da, Süleyman ağa halını pozmadı. Çünki oğlunun bu peşəyə meyilli olduğunu bilirdi... Abbası Tiflis zabitlər məktəbində yerbəyer edib qayıdanda da məmnun görünür, oğlunun gələcəkdə hərbçi olacağından qürur duyurdu.

Abbas Bədirbəyli Tiflis zabitlər məktəbini bitirdikdən sonra - 1914-cü ildən 1918-ci ilə kimi Gəncə quberniyasının Şəmkir şöbəsində  pristav, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində isə baş yazar işləyib.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra minlərlə azəri türkü kimi Abbas bəyin də soyadı ruslaşdırılır -  Bədirbəyli olur Bədirbəyov. Özü də rus ordusuna vzvod komandiri təyin edilir və az müddət ərzində əsgər və zabitlər arasında bacarıqlı hərbçi kimi tanınır. Xidməti yaş həddi başa çatanda - 1930-cu il aprelin 12-də ehtiyata buraxılır...

Ehtiyata buraxılmazdan ay yarım əvvəl, fevralın 5-də Abbas bəyi kolxoz quruluşunun əleyhinə təbliğat apardığına və banditlərlə əlaqəsinə görə həbs etsələr də, Xalq Daxili İşlər Komissarlığınin əməkdaşları sorğu-sual zamanı onun orduda xidmətini və yaxşı qulluğa görə ehtiyata buraxılmasını nəzərə alaraq iki gündən sonra - aprelin 7-də azadlığa buraxırlar.

Abbas bəy Şəmkirdə yaşayan alman əsilli Xristina Yakovlevna ilə evlənmişdi, iki uşaq atası idi. Ordudan tərxis olunandan az sonra rayon icraiyyə komitəsində torpaq şöbəsində katib işləyir, hərbi məsələlərə baxırdı. Sovetləşmə illərində əkin sahəsini, üzüm bağını, xeyli qoyun-quzusunu, mal-qarasını, atını, arabasını, kotan, mala və digər əkin-biçin alətlərini, rayon bazarındakı ət dükanını, parça dükanını bolşeviklər əlindən alıb yeni hökumətin nəfinə keçirmişdilər. Gözləmək olardı ki, bundan sonra Abbas bəyin ordudakı xidmətlərini nəzərə alıb bolşeviklər onu sakit buraxarlar. Amma sən saydığını say...

Abbas bəyi ikinci dəfə - 1931-ci il dekabrın 20-də NKVD əməkdaşları  iş yerində həbs edirlər. Bəhanə də bu olur ki, Abbas bəyin rayon mərkəzindəki bazarda qardaşı İsfəndiyar bəylə, yaxın dostu Bəylər, Əli və Mirzə Əli oğulları ilə bir yerdə kolxoz quruculuğunun əleyhinə söhbət etdikləini eşidən olub. Hətta bu zaman onlar ya Dəllər, ya da Şəmkir stansiyasına gedib, oradan da Kür çayının sahilində, "Osman bozu" deyilən meşə ərazisində qaçaq Əbdüləli və Paşa Xasməmmədoğlunun bandası ilə görüşəcəklər. Bundan başqa, Abbas bəy adı çəkilən dostları ilə kənd adamları arasında şura hökumətinin əleyhinə təbliğat apararaq onları kolxoz quruculuğundan uzaqlaşdırmağa çalışırlar...

Abbas bəy Morul kənd məktəbindəki milis idarəsinin zirzəmisində saxlanılırdı. Bir vaxtlar atasının əlindən tutub məktəbə getdiyi, cümhuriyyət dönəmində saxlanıldığı zirzəminin üst mərtəbəsindəki otağa pristav kimi gəlib-gedən Abbası atası Süleyman ağa, demək olar, hər gün yoluxurdu. Atası yaşlı olmasına baxmayaraq, qıvraq idi, ata minib-düşməkdə çətinlik çəkmirdi. Amma hamı bilirdi ki, şura hökumətinin onun torpaqlarını, var-dövlətini müsadirə etməsi, eldə-obada böyük hörmət sahibı olan oğlanlarının səsinin alınmsı, o cümlədən Abbasın hamının gözü qarşısında nahaqdan zindana salınması kişini yaman əymişdi. "Bazardan tənbəki alıb-qayıdıram" bəhanəsi ilə yol aşağı gedəndə də, gələndə də məktəbin həyətundəki milis idarəsinə baş çəkirdi. Nə illah etsə də, oğlu ilə görüşə bilmirdi, günlərlə aparıb-gətirdiyi bağlamanın içindəkilərini dilənçilərə, ac-yalavaclara paylayırdı.

İki ay 10 gün get-gəldə olan Süleyman ağa oğlu ilə göruşə bilmədiyindən milis idarəsinin qabağında halı dönür, qonşunun köməyi ilə həyətinə çatsa da, evin astanasında, həyat yoldaşı Əzət xanımın gözləri qarşısında dünyasını dəyişir.

Bundan sonra kəndin ağsaqqalları, dost-tanış milis idarəsinə gəlib nə qədər xahiş-minnət, yalvar-yaxar edirlər ki, bir-iki saatlığa, neçə adam deyirsiz, gətirək, salın Abbas bəyin yerinə, zamin dursunlar, onu buraxın, atasının tabutunu yerdən götürsün, qəbiristanlıqdan qayıdan kimi gətirib yenə sizə təhvil verərik desələr də, milis işçiləri razılıq vermirlər.

Süleyman ağanın vəfatından üç gün sonra, Xristina Yakovlevna  Abbas bəyin atasının ölümünə görə bəlkə bolşeviklərin ürəyi yumşalar, rəhmə gələrlər ümidiylə Azərbaycan Dövlət Siyası İdarəsinin Şamxor rayon  şöbəsinin rəisinə belə bir ərizə ilə müraciət edir: "Mənim ərim Abbas Bədirbəyov üç aydır ki, siz tərəfdən tutulub və hazırda Morul məktəbində saxlanılır. Mən onun nədə günahlandırıldığının mahiyyətinə toxunmuram, çünki Abbas Bədirbəyovun istintaq işinin gedişatı ilə tanış deyiləm. Bununla yanaşı, nəzərinizə çatdırıram ki, Azərbaycanda sovetləşmə başlayan zaman ərim hərbi xidmətdə olub, hər hansı işdə təqsirli bilinməyib. Doğrudur, keçən il anlaşılmazlıq üzündən həhs olunub, ancaq tezliklə həbsdən buraxılıb, hərbi xidmətini davam etdirib. Birinci həbsinə qədər orduda xidmət edib...

Mən tamamilə əminəm ki, bu dəfə də onun günahsızlığı sovet qanunları çərçivəsində üzə çıxacaq.

O, həbs olunandan sonra mən və iki azyaşlı uşağı qoca atasının himayəsində qalıb, o da bu il fevralın 12-də vəfat etmişdir. Beləliklə, iki uşaqla acından ölməyə məcburam. Ona görə mənim vəziyyətimi nəzərə alaraq, xahiş edirəm, Abbas Bədirbəyovun istintaq işini sürətləndirəsiniz, beləliklə, həqiqəti və onun günahsızlığını ortaya çıxarıb, həbsdən azad edəsiniz".                                                                    

Üç aydan artıq Morul kənd məktəbindəki zirzəmidə saxlanılan Abbas Bədirbəyovun özü də Siyasi İdarənin müstəntiqinə sübut edə bilmir ki, qaçaqlarla onun heç bir əlaqəsi olmayıb və yoxdur. Onların dediyi vaxtda o, nə işdə, nə də bazarda olub, deyilən adamları nə həmin gün, nə ondan əvvəl, nə də sonrakı günlərdə görüb. Həmin gün rayon icraiyyə komitəsinin tapşırığına əsasən Gəncəyə hərbi iş üçün göndərilmişəm. Bunu torpaq şöbəsinin müdiri Nəsir Süleymanov da təsdiq edə bilər, onun tapşırıgı ilə getmişəm, ondan icazə almışam desə də, müstəntiq heç cür onun dedikləri ilə razılaşmır. "İşi" daha ətraflı araşdırıb başa çatdırmaq üçün dustağı Gəncə həbsxanasına aparırlar.

Gəncədə Abbas bəyi tanımayan az adam tapılardı. Odur ki, səhər bu xəbər bütün şəhərə yayıldı, eşidən-bilən təəccüb etdi ki, görəsən, Abbas bəyi niyə tutublar desələr də, səbəb məlum idi - Abbas Bədirbəyov bəy nəslindəndir, atası, babası Şəmkirin adlı-sanlı bəylərindən olub, bir tərəfi tanınmış Şamxorskilər, bir tərəfi məşhur Zülqədərovlardır. Onların bəziləri sovet hökumətinin zülmündən, haqsızlığından baş götürüb İrana, Türkiyəyə, Orta Asiya ölkələrinə getsələr də, ələ keçənlərini bolşeviklər güllələmiş, ailələrini-uşaqlarını məhv etmiş, mülklərini, var-dövlətlərini, torpaq sahələrini sovet hökumətinin nəfinə keçirmişdilər. O da məlum idi ki, Abbas bəydən bir gün sonra həbs olunan əkiz qardaşı Səməd ağanı NKVD-nin Şəmkir idarəsinin əməkdaşları Gəncə həbsxanasına aparanda yarı yoldan buraxmışdılar.

Səməd ağanın həyat yoldaşı Zinaida xristian olduğundan onun Moskvaya, Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsinin sədrı M. Kalininə yazılan ərizəsində "Həyat yoldaşı milliyyətcə rus olduğuna görə həbsdən azad edilsin" dərkənarı Səməd ağanı sürgündən qurtarmışdı.

Abbas bəyin köməyinə isə köhnə hərbçi yoldaşları çatır, ona dəstək olurlar. Beləliklə, bir neçə həftə Gəncə həbsxanasında Siyasi İdarənin müstəntiqləri tərəfindən fəaliyyəti "ələkdən keçirilən" Abbas bəyin işində əsaslı bir şey tapa bilmədiklərindən məcbur olub onu da azadlığa buraxırlar.

Güllələnmədən, yaxşı halda sürgündən canını qurtaran Abbas bəy Şəmkirdə çox qala bilmir. Atasının, qardaşlarının, əmilərinin, digər doğmalarının güllələnmə, sürgün, işgəncə xəbərləri onu ağrıdır... Bu üzüntülərdən can qurtarmaq üçün 1934-cü ildə RİK-dən işdən çıxır, Bakıya gəlir, İçərişəhərdə, Kiçik Qala küçəsi 137 nömrəli evdə ikiotaqlı mənzil alır, həyat yoldaşı Xristinanı, oğlu Tofiqi və qızı Füruzəni də Bakıya gətirir, özü də yaşadığı əraziyə yaxın ərzaq mağazasına işə düzəlir. Bir neçə il beləcə Şəmkirdən, bolşeviklərin qarayaxmasından, işgəncəsindən, orda-burda Bakıya, NKVD-yə danos yazanlardan uzaq düşür.

1936-cı ildə üçüncü övladı dünyaya gəlir. Uşağın adını alman əsilli anasının yaxınlarından birinin şərəfinə Oskar qoyurlar. Orta təhsilli Füruzə şəhərdəki 1 nömrəli ikiillik diş (stomatoloji) məktəbinə qəbul olur.  Məktəbi qurtarana yaxın tələbə yoldaşı Əsəd Babayevə nişanlanır və onlar tezliklə ailə qururlar. Bundan əvvəl isə Abbas Bədirbəyov iş yerini  dəyişmişdi - Bakı Soveti Yerli Sənaye Malları İdarəsinə ekspeditor düzəlmişdi...

Lakin Bədirbəyovların sakit günləri çox çəkmir. Bu dəfə bolşevik-çekistlər onu 1938-ci il fevralın 11-də Bakıda, yaşadığı mənzildə yaxalayırlar. Abbas Bədirbəyovun Şəmkirdə qardaşlarının mütəmadi olaraq yeni quruluşun əleyhinə danışdıqları, "kolxozçular arasında aclıq çəkənlər var" deyə kolxozun işini pozduqları və digər əks-inqilabi fəaliyyətlə məşğul olduqları üçün həbs olunduqlarını səbəb gətirirlər. Bu ittihamlara "bəli", "elədir" demədiyi üçün ÇK zirzəmisində ağır işgəncələrə məruz qalan Abbas Bədirbəyov istintaq zamanı müstəntiq Dudiyev onun valideynlərini, qardaşlarını söydüyünə və təhqir etdiyinə görə oturduğu taburetkanı qəfildən götürüb onun başına vurub öldürür. Səsə içəri girən keşikçilər dərhal döşəməyə uzanmış müstəntiqin nəbzini tuturlar... Sakit dayanmış Abbas bəy təmkinini pozmadan keşikçilərə deyir ki, "leşinizə yiyə durun, indi məni güllələsəniz də, of demərəm".

Hadisədən bir gün sonra Abbas Süleyman ağa oğlu Bədirbəyovun adına açılmış 15304 N-li cinayət işindən məlum olur ki, Azərbaycan Xalq Daxili İşlər Komissarlığı "Üçlüyünün" 1 mart 1938-ci il tarixli qərarına əsasən əks-inqilabi fəaliyyətinə görə Abbas Süleyman ağa oğlu Bədirbəyov əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilib. 

Düşünmək olardı ki, insan qanına susayan imperiya nökərləri bununla sakitləşərlər. Təəssüf  ki, belə olmadı. 1941-ci il iyunun 22-də Böyük Vətən müharibəsinin başlanması Sovet İttifaqı ərazisində yaşayan almanların həyatında böyük təşviş yaratdı. Rusiyanın qərb torpaqlarını sürətlə zəbt edərək Moskva ətrafına yaxınlaşan alman ordusunun yerli almanlarla əlaqəsindən ehtiyat edən Stalinin əmri ilə 1941-ci ilin avqust ayından başlayaraq Rusiyanın alman sakinləri təcili şəkildə Sibir, Qazaxıstan və Orta Asiyanın ucqar rayonlarına deportasiya edildi. Zaqafqaziyada, o cümlədən Bakıda, Gəncədə, Xanlarda (indiki Göygöl), Şəmkirdə, Gədəbəydə, Ağstafada və respublikamzın digər ərazilərində yaşayan bütün alman əhalisi də deportasiyaya məruz qaldı. Azərbaycanlı kişi ilə evləndiyindən, azərbaycanlı soyadı qəbul etdiyindən və mülkü müsadirə olunduqdan sonra orda-burda kirayə yaşadığından Xristina Yakovlevna sanki "unudulmuşdu". Amma çuğul hər yerdə çuguldur. NKVD-yə və digər hökumət idarələrinə Şəmkirdən, Morul kəndindən gələn donoslar vasitəsilə 4 il 7 aydan sonra "xalq düşməni" Abbas Bədirbəyov və onun ailəsi yenidən gündəmə gətirilir. "Azərbaycan torpağına azadlıq, müstəqillik və firavan həyat gətirmişəm" deyə, yalan vədlərlə ziyalıların axırına çıxmağa can atan milləti məlum olmayan hüquq-mühafizə işçiləri beş il bundan əvvəl güllələnmiş Abbas Bədirbəyovun həyat yoldaşı Xristina Bədirbəyovanı, övladları Tofiqlə Oskarı kirayədə yaşadıqları mənzildən çıxarılıb Keşlə dəmir yolu stansiyasında yük vaqonlarına mindirəndə hara getdiklərini bilmirdilər...

Qazaxıstanın Karakanda şəhərinə gəlib çatanadək yolda minbir əziyyətlər görən sərnişinlər əli avtomatlı sovet əsgərlərinin "vaqonlardan tökülün!" əmrinə sevinən sürgün-sərnişinlər elə bilirdilər ki, yük vaqonundan düşməklə "cənnətin qapısını" açırlar.

Gecə ikən Karakandadan şimala doğru piyada istiqamət götürən bu günahsız insanlar 85 kilometrdən artıq yol qət edəndən sonra "mənzil başına" çatırlar. Yollarda ölənlər siyahıdan silindikdən sonra məcburi köçkünlərin bəzisi 1942-ci ildən əvvəl burada sürgündə olmuş ölənlərin baraklarına yerləşdirildi, bəzilərinə də özlərinə barak tikib uşaqlarını başına yığmağı tapşırdılar. Yeri qazıb yarımzirzəmi halında balaca bir daxmanın əmələ gəlməsində 13 yaşlı Tofiqin, 7 yaşlı Oskarin əməyi daha çox idi. Döşəməsi, divarları və üst örtüyü qamışdan olan qazma-barakda nə qədər peç yansa da, içəridə istilik 5-6 dərəcədən yuxarı qalxmırdı. Çöldəki 40-45 dərəcə şaxtayla müqayisədə barakdakılar buna da şükür edirdilər. Yayda isə burada əsl cəhənnəm əzabı yaşanırdı. İri mığmığalar insanların qənimi idi. Ərazisi göz işlədikcə uzanan qumsallıq, qamışlıq, bataqlıq, alçaqboylu ağaclardan və kol-kosdan ibarət bu islah əmək düşərgəsində "xalq düşmənlərinin", "vətən xainlərinin" sürgün olunmuş ailələrindən ibarət sovxoz yaradılmışdı. Yerli əhali hesab olunan qazaxlar daş evlərdə, bir az imkanlı - köhnə gəlmələr taxta-faner evlərdə, təzə gələnlər isə qamışdan düzəldilmiş qazmalarda yaşayırdılar.

Abbas bəyin ömür-gün yoldaşı da uşaqları ilə bir qarın yemək, habelə sovet əsgərlərinin qəzəbinə və gülləsinə tuş gəlməmək üçün gecə-gündüz sovxoz tarlasında işləyirdilər. Dörd ildən sonra Tofiq 2 illik kənd təsərrüfatı texnikumuna qəbul olunur, Oskar da sovxozda işləyə-işləyə sürücülük peşəsinə yiyələnir. 1945-ci ildən sonra gizli də olsa, Tofiq az-az Bakıya, bacısı Füruzənin evinə gəlib-gedir, bununla, qismən anasını və bacısını ovuda bilirdi. Sürgün qəsəbəsində 11 il məşəqqətlərlə ömür sürən Xristina Bədirbəyova 1952-ci ildə burada dünyasını dəyişir...

1953-cü ildə Stalinin ölümündən az sonra imperiya sərhədləri daxilində "xalq düşmənlərinə", "vətən xainlərinə", onların sürgünə göndərilən ailələrinə münasibət yumşalır. 1937-ci ildə ailə qurmaqla sürgündən xilas olan Abbas Bədirbəylinin qızı Füruzə xanımın oğlu Teymur Babayev deyir ki, anam həmişə onlara olan ədalətsizlikdən yana-yana danışırdı, atasının günahsız güllələnməsinin, anasının, qardaşlarının haqsız sürgün edilməsinin xiffətini çəkirdi. Stalinin ölümündən sonra, demək olar ki, evimizdə hər gün bu mövzuda söhbət gedirdi.

Həmsöhbətim köksünü ötürüb söhbətinə davam etdi:

- 1956-cı ildə anamın ikinci müraciətinə əsasən 1938-ci ildə atasının adına açılmış 15304 N-li cinayət işinə yenidən baxılmışdır. Proses hərtərəfli araşdırıldıqdan sonra həmin il avqustun 9-da Azərbaycan SSR Ali Məhkəməsinin qərarı ilə Azərbaycan SSR XDİK Fövqəladə Üçlüyün Bədirbəyov Abbas Süleyman ağa oğlu haqqında 1 mart 1938-ci il tarixli hökmü ləğv edilmiş, işi sübüta yetirilmədiyinə görə xətm olunmuş, özünə isə bəraət verilmişdir.

1959-cu ildə 21 yaşım var idi, tələbə idim, III kursda oxuyurdum. Yay tətilində anamın və atamın razılığı ilə Qazaxıstana getdim. Nənəmin və dayılarımın sürgündə olduqları "Çlinni" sovxozu  Karakanda şəhərindən 90 kilometr aralıda yerləşir. Dayım Tofiq o zaman həmin sovxozun direktoru idi, kiçik dayım Oskar isə sürücü işləyirdi. Kənddə məskunlaşan ailələrin əksəriyyəti vaxtilə SSRİ-nin müxtəlif respublikalarından sürgün olunmuş xalq düşmənlərinin ailələri, uşaqları və onların törəmələri idi. Nənəmin və çoxsaylı azərbaycanlıların məzarlarını ziyarət etdim. Orada 10 gün qaldım, nənəmin qəbrinin üstündən götürdüyüm torpağı 1971-ci ildə anam rəhmətə gedəndə məzarının üstünə tökdüm... 

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2012.- 4 noyabr.- S.7.