Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində «Qala payızı»

 

           III Beynəlxalq ailəvi etnoekoloji festivalı keçirilmişdir

 

 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində  "Qala payızı" III Beynəlxalq ailəvi etnoekoloji festivalı keçirilmişdir. AzərTAc xəbər verir ki, "Qala payızı" III Beynəlxalq ailəvi etnoekoloji festivalı bu dəfə uşaqların ifasında payızın əsas atributlarından olan, məhsul yığımına həsr olunan tamaşa ilə başlanmışdır.

Tədbirdə milli adət-ənənələrimiz, kənd həyatı, folklorumuza söykənən deyimlərimiz təqdim edilmişdir. Festivalda milli musiqi və rəqslərimiz maraqla qarşılanmışdır.

"Ekosfera" sosial-ekoloji mərkəzinin rəhbəri Firuzə Sultanzadə bildirmişdir ki, tədbir Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə övladları ilə birgə gələn ailələrin diqqətini adətlərimizə cəlb etmək məqsədilə keçirilir. Payız fəslinə həsr edilən rəsmlər də diqqəti cəlb etmişdir.

 Mərasimdə iştirak edən uşaqlar yaşadığımız mövsümə və müxtəlif məhsullara həsr edilən rəsmlər çəkmişlər. Qədim qala hücrələrində uşaqlar araqçınlara naxışlar vurmuş, balaca ziyarətçilər taxıl dənələrindən müxtəlif rəsm və düzmə işləri hazırlamışlar. Qala mətbəxinin nümayişi üçün isə xüsusi guşə yaradılmışdır. Burada qurulan təndirdə yerli ustalar çörək və lavaş bişirmişlər.

 

 

Azərbaycan.-2012.- 4 noyabr.- S.7.