Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun iştirakçılarına
Hörmətli Forum
iştirakçıları!
Sizi BMT və Azərbaycan Hökumətinin
birgə təşkilatçılığı ilə
Bakıda keçirilən VII İnternet
İdarəçilik Forumunun
iştirakçılarını böyük
məmnuniyyətlə salamlayıram.
İnternet bu gün təkcə informasiya
mübadiləsi məkanı deyil, həmçinin
dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi
və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan
mühitdir.
İnsan azadlıqlarının qorunması
müasir internet şəbəkəsinin
vacib fəaliyyət istiqamətlərindən
biridir. İnternet
mediasının inkişafı, internetdə fikir
və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi,
hökumətin açıq və şəffaf fəaliyyətinin
təmin olunması, vətəndaşların idarəçilik proseslərinə
cəlb edilməsi qlobal şəbəkənin
insanlara verdiyi yeni imkanlardır.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və
internetin inkişafına xüsusi
diqqət yetirilir. Respublika
əhalisinin təxminən 65 faizi internet istifadəçisidir, ölkəmizdə
ən yeni texnologiya -
4G artıq tətbiq edilir.
Təqdirəlayiq
haldır ki, Azərbaycanda internet
azadlığı mövcuddur. Ölkəmizdə
internet-radio və internet-televiziya
proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr
geniş yayılmışdır. Minlərlə
bloqqer Azərbaycanın internet
məkanında sərbəst fəaliyyət göstərir.
Biz internetin insanlar və xalqlar
arasında dostluq əlaqələrinin
yaranmasına, bərabərhüquqlu qarşılıqlı
hörmət əsasında münasibətlərin
qurulmasına yönəlmiş istənilən xoşməramlı
fəaliyyətini dəstəkləyirik.
Sizə Forumun işində uğurlar
arzulayıram. İnanıram ki, Forumunuz qlobal inkişafa öz töhfəsini
verəcəkdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
6 noyabr.- S.2.