Bakıda Regional Rabitə Birliyi Administrasiya Rəhbərləri Şurasının 47-ci və MDB-nin iştirakçısı olan ölkələrin İnformasiyalaşdırma üzrə Əlaqələndirmə Şurasının 18-ci birgə iclası keçirilmişdir

 

Noyabrın 5-də Bakıda Regional Rabitə Birliyi (RRB) Administrasiya Rəhbərləri Şurasının 47-ci və MDB-nin iştirakçısı olan ölkələrin İnformasiyalaşdırma üzrə Əlaqələndirmə Şurasının 18-ci birgə iclası keçirilmişdir.

Noyabrın 6-dan 9-dək Bakıda keçiriləcək "Bakutel-2012" sərgi və konfransının, VII İnternet İdarəçilik Forumunun, eləcə də RRB Administrasiya Rəhbərləri Şurasının və MDB-nin iştirakçısı olan ölkələrin İnformasiyalaşdırma üzrə Əlaqələndirmə Şurasının birgə iclasının iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər güllər düzülmüşdür.

Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifovun, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun, Beynəlxalq Telekommunikasiya İttifaqının baş direktoru Hamadun Turenin, Rusiya Federasiyasının kommunikasiyalar və rabitə naziri Nikolay Nikiforovun, həmçinin üzv ölkələrin rabitə administrasiyalarının nümayəndə heyətlərinin, RRB müşahidəçilərinin, regional və beynəlxalq təşkilatlardan olan yüksək səviyyəli qonaqların iştirakı ilə keçirilən birgə iclasda MDB ölkələrinin rabitə və informasiyalaşdırma sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

İclasda müzakirə olunacaq məsələlər barədə məlumat verən Nikolay Nikiforov, informasiya təhlükəsizliyinin, internetin inkişafının tədbirin gündəliyində duran əsas məsələlərdən olduğunu bildirmişdir.

İclasda çıxış edən Abid Şərifov son illər Azərbaycanda əldə olunan uğurlardan danışaraq informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin ölkə iqtisadiyyatının aparıcı sektorlarından biri olduğunu demişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 7-8 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalının 3 dəfə artdığını vurğulayan A.Şərifov qeyd etmişdir ki, ötən dövrdə bu göstərici sənayedə 4 dəfə, kənd təsərrüfatında 1,3 dəfə, inşaat sektorunda 3,1 dəfə, nəqliyyat və İKT sektorunda isə 3 dəfə artmışdır.

"2004-cü ildən başlayaraq, bütün maliyyə mənbələrindən Azərbaycan iqtisadiyyatına kapital yatırımları 102 milyard dollar təşkil etmişdir" - deyən Baş nazirin müavini bildirmişdir ki, investisiyaların 49,8 faizini daxili sərmayələr təşkil etmişdir. Bu dövrdə neft-qaz sektoruna 38,1 milyard dollar sərmayə qoyulmuş, ümumilikdə iqtisadiyyata və qeyri-neft sektoruna 60 milyard dollardan çox vəsait yatırılmışdır.

Baş nazirin müavini bu dövrdə Azərbaycan əhalisinin gəlirlərinin 5,3 dəfə, orta əməkhaqqının 4,7 dəfə, minimum əməkhaqqının 10,4 dəfə artdığını, yoxsulluq səviyyəsinin isə 2004-cü ildəki 44,7 faizdən 2011-ci ilin yekunları üzrə 7,6 faizədək azaldığını deyərək, ölkədə sahibkarlıq sektorunun inkişaf etdiyini və sahibkarlıq subyektlərinin sayının 2 dəfə çoxaldığını vurğulamışdır.

A.Şərifov diqqətə çatdırmışdır ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da telekommunikasiya xidmətləri və informasiya texnologiyalarının xidmətləri sürətlə inkişaf edir. İndi Azərbaycanda bəzi rabitə növləri qabaqcıl mövqe tutur. Hər 100 nəfərdən 65-i internet istifadəçisi və 30-u genişzolaqlı internet istifadəçisidir. Bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, sonra isə bütün telefon şəbəkəsinin elektronlaşdırılması ən əhəmiyyətli nailiyyətlərdən biridir. Respublikanın mobil rabitə sektoru da dinamik inkişaf edir və hazırda respublikada hər 100 nəfərə 110 mobil telefon düşür.

Baş nazirin müavini bildirmişdir ki, Azərbaycanın ilk telekommunikasiya peyki 2013-cü il fevral ayında işə salınacaqdır. Peykin əhatə zonasına Avropa, Asiya, Afrika, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının ölkələri düşəcəkdir. Beləliklə, telekommunikasiya peykinin xidmətləri təşkilata üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaqdır.

Sonra tədbir müzakirələrlə davam etdirilmişdir. Məruzələrlə davam edən tədbirdə ötən müddətdə görülən işlər, qarşıya çıxan problemlər və perspektiv məsələlər müzakirə olunmuşdur.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 6 noyabr.- S.2.