Vu Hunqbo: Azərbaycan belə mötəbər tədbirə ev sahibliyi etməklə dünyada internetin inkişafına töhfə verir

 

 Azərbaycan belə mötəbər tədbirə ev sahibliyi etməklə dünyada internetin inkişafına töhfə verir. Biz BMT adından Forumun keçirilməsinə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk.

Bu sözləri BMT-nin Baş katibinin müavini Vu Honqbo VII İnternet İdarəçiliyi Forumu çərçivəsində Bakı Sərgi Mərkəzində keçirilən mətbuat konfransında bildirmişdir.

"Biz kommunikasiya texnologiyalarının bütün dünyada bərabər şəkildə inkişafa təminat verməsinə əmin olmalıyıq. Biz mobil texnologiyalardan istifadə etməklə ətraf mühiti də qorumuş olarıq. Belə texnologiyalar insanların həyat səviyyəsinin yüksəlməsinə də xidmət etməlidir" - deyə Vu Honqbo bildirmişdir. BMT-nin Baş katibinin müavini qeyd etmişdir ki, Azərbaycan regionda İKT-nin inkişafı sahəsində lider ölkədir. Azərbaycanda bu sahədə vacib layihələr həyata keçirilir.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, yeni texnologiyalar dünyada tamamilə yeni virtual reallıq yaratmışdır. Nazir demişdir: "Bu virtual dünyanın öz qaydaları formalaşmış və belə tədbirlərin keçirilməsi bunları müzakirə etmək üçün vacibdir. Kibertəhlükəsizlik, internetin azadlığı kimi çağırışlara cavab tapılması baxımından Forum böyük əhəmiyyətə malikdir".

 

 

Azərbaycan.-2012.- 6 noyabr.- S.2.