TürkPA-nın Hüquq
Komissiyasının ikinci iclası keçirilib
Noyabrın 5-də Bakıda Türkdilli Ölkələrin Parlament
Assambleyasının (TürkPA) Hüquq Komissiyasının 2-ci iclası keçirildi. Azərbaycan, Türkiyə, Qazaxıstan və
Qırğızıstan parlamentlərinin deputatlarının
və TürkPA katibliyinin
əməkdaşlarının iştirak etdiyi iclasda "TürkPA üzv dövlətləri
parlamentlərinin reqlamentləri və millət vəkillərinin
səlahiyyətləri" və "TürkPA
üzv ölkələri arasında qanunvericilik məsələləri
üzrə əməkdaşlıq" mövzusu
ilə bağlı hesabat və tövsiyə
qərarları müzakirə olundu.
TürkPA Hüquq
Komissiyasının sədri, Türkiyə Böyük
Millət Məclisinin deputatı Haluk
İpək iclası açaraq dedi ki, bu
cür tədbirlər üzv
ölkələr arasında əlaqələrin
inkişafında, qanunvericilik sahəsində
əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Komissiyanın birinci iclasında TürkPA-ya
üzv ölkələrin
konstitusiyaları müzakirə olunub, hər
bir üzv ölkənin
konstitusiyası digər dillərə tərcümə olunaraq ayrıca kitab
halında nəşr etdirilib. Bu iclasda parlamentlərin
reqlamentləri və deputatların səlahiyyətləri, qanunvericilik sahəsində əməkdaşlıq
və s. məsələlər müzakirə
olunacaq. Düşünürük
ki, komissiyanın iclasında müzakirə
edilən və qəbul olunan qərarlar təşkilatımıza
üzv ölkələr arasında əlaqələrin
inkişafına müsbət təsir göstərəcək.
Haluk İpək göstərilən
qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə
təşkilinə görə qonaqlar
adından Azərbaycan tərəfinə minnətdarlığını
bildirdi.
Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət
Əsgərov qonaqları Milli Məclisin
rəhbərliyi adından salamlayaraq dedi ki, TürkPA-ya
üzv ölkələrin hamısı demokratik, dünyəvi dövlət qurublar. Bu ölkələrin konstitusiyalarının 4 dilə tərcümə
olunması təkcə parlament
diplomatiyası, demokratiyanın, parlamentlərarası əlaqələrin
inkişafı deyil, bizim
beynəlxalq əməkdaşlığımızın
möhkəmlənməsi üçün
də əhəmiyyətlidir. Bizi ümumi dəyərlər birləşdirir və
hesab edirik ki, bugünkü iclasda müzakirə olunacaq
məsələlər də əlaqələrimizin hərtərəfli
inkişafı baxımından çox vacibdir.
Azərbaycanın
TürkPA-nın fəaliyyətinə verdiyi
əhəmiyyətdən danışan Ziyafət Əsgərov
komissiyanın işinə uğurlar
arzuladı.
TürkPA-nın
Baş katibi Ramil Həsənov Hüquq
Komissiyasının ikinci iclasının
Azərbaycanda keçirilməsini yüksək qiymətləndirdi.
Bildirdi ki, bu iclaslarda müzakirə olunan məsələlər və qəbul olunan qərarlar ümumi işin xeyrinədir. Baş
katib TürkPA-nın həyata keçirdiyi layihələrdən
danışaraq görülən işlərə üzv dövlətlərin
başçılarının və parlament
rəhbərlərinin verdiyi dəstəyi
yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev
təşkilatın işinə daim diqqət
və qayğı göstərir. Dövlət
başçısının tapşırığına əsasən
TürkPA katibliyi üçün yeni bina tikiləcək. Yeni bina üçün torpaq sahəsi də ayrılıb və
yaxın vaxtlarda tikinti
işlərinə başlanacaq.
Sonra iclas öz işini davam etdirdi. Əvvəlcə iclasın gündəliyi
təsdiq olundu. İclasda
"TürkPA milli parlamentlərinin prosedur qaydaları və parlament üzvlərinin mövqeyi" və "TürkPA üzv ölkələrinin qanunvericilik
sahəsində əməkdaşlığı"
mövzularında məruzələr
dinlənildi, TürkPA-nın
dördüncü ümumi
iclasına məruzəçi
təyin olundu. Daha sonra hər iki məsələ ilə bağlı milli parlamentlərə tövsiyələr qəbul
edildi. Bildirildi ki, bu tövsiyələr TürkPA-nın
2013-cü ildə Türkiyədə
keçiriləcək IV plenar
sessiyasında təsdiq
olunduqdan sonra üzv ölkələrin
parlamentlərinə göndəriləcək.
Milli parlamentlər həmin tövsiyələr əsasında
yeni qanun layihələri hazırlayacaqlar.
Bununla da iclas başa çatdı.
Azərbaycan.-2012.- 6 noyabr.- S.3.