Təsir əks-təsirə bərabərdir

 

 BAŞ REDAKTORDAN

 

 Biz iyirmi il ərzində təkbaşına mübarizə aparırıq. Bəzi hallarda bizdən qat-qat böyük qüvvələr qarşısında öz maraqlarımızı təmin edirik, heç kimin qarşısında geri çəkilmirik.

 

 İlham ƏLİYEV,

Azərbaycan Prezidenti

 

 

 Qanunlar obyektiv və subyektiv olmaqla iki yerə bölünür.

Obyektiv qanunlar təbiəti, dünyanı idarə edən qanunlardır. Onlar insanların iradəsindən kənar fəaliyyət göstərir.

Subyektiv qanunları insanlar özləri özləri üçün yaradırlar. Normal yaşayışı, cəmiyyətin düzgün inkişafını təmin etməkdən ötrü.

Obyektiv qanunları nəzərə almadan, subyektiv qanunlara əməl etmədən inkişaf  və tərəqqiyə çatmaq mümkün deyildir!

Bəzən obyektiv qanunlar cəmiyyət həyatındakı münasibətlərdə də öz təsdiqini tapır! Məsələn, Nyutonun mexanikanın əsas qanunlarından biri sayılan "təsir əks-təsirə bərabərdir" qanununa dünyada gedən proseslərin şərhi baxımından yanaşsaq, qəribə mənzərənin şahidi olarıq. Bir qədər bu  istiqamətdə düşünək.

Dünyadakı dövlətləri bir sıra əlamətlərə görə iki qrupa bölmək mümkündür:

inkişaf etmişlər və geridə qalmışlar;

varlı  dövlətlər və kasıb yaşayanlar;

güclülər (hərbi cəhətdən) və zəiflər;

söz sahibi  sayılanlar və qapazaltılar...

və ən nəhayət,

xaçpərəstlər və müsəlmanlar.

Bu sayaq bölgünün sayını bir qədər də artırmaq mümkündür. Ancaq mahiyyəti birdir: öz iradələrini diktə edənlər və başqalarının dedikləri ilə hesablaşmaq məcburiyyətində qalanlar!

İndi gəlin Nyutonun qanununu tətbiq edək.

Öz iradələrini diktə edənləri "təsir göstərənlər" kimi qəbul etsək, onda tabe olmaq məcburiyyətində qalanlar "əks-təsir" yerini tutacaqlar.

"Əks-təsir" nə zaman başlayır və haçanacan davam edir? - Bu barədə bir qədər sonra danışarıq. Əvvəlcə "təsir"in bəzi forma və metodlarını nəzərdən keçirək.

Bu məqamda cənab İlham Əliyevin məşhur bir fikrini xatırlatmaq istərdik: "Neft insanlara xoşbəxtlik də gətirir, fəlakət də! Mən çalışacağam ki, neft Azərbaycan xalqının firavanlığına xidmət etsin!"

Bu müdrik deyimə dünyada hələ başa çatmamış "ərəb baharı" müstəvisində yanaşsaq, çox mətləblərə aydınlıq gələr. Amma indi bizi "ərəb inqilabları"nın (düzgün ad məhz belədir) səbəbləri yox, doğurduğu nəticələr maraqlandırır.

Tunis,

Yəmən,

Misir,

Liviya,

indi isə Suriya!

Bu, sondurmu?..

"İnqilabi" dəyişikliklərin bahardan sonrakı qışı başlayıb. Bu "qışın" əlamətləri hamısında eynidir:

- qan;

- dağıntı;

- sabitliyin uzun müddətə pozulması;

- vətəndaş müharibəsi;

- dalbadal hakimiyyət dəyişiklikləri;

- səfalət və yoxsulluğun artması;

- dövlətlərin parçalanma prosesinin başlanması...

Təbiidir ki, "inqilab qazanı" qaynadanlara bunlar əl verir!

Onlar məhz bunu istəyirdilər!

Amma sonadək belə vəziyyət onlara da sərf edəcəkmi?

Axı dünyamız çox kiçikdir!

Hətta o qədər kiçikdir ki, eyni vaxtda partladılan bir neçə atom bombası onu məhvərindən çıxara bilər!

Bəzən hansı ölkədəsə püskürməyə başlayan adi bir vulkan təyyarələrin uçuşunu həftələrlə iflic edir, Yer kürəsində hərəkəti az qala dayandırır!

Dünyanın hansı yerindəsə kiminsə tərəfindən internetə yerləşdirilən adi bir informasiya göz qırpımında bütün dünyaya yayılır, gözlənilməz reaksiyalar (əks-təsir) verir!

Belə balaca dünyada risklər etməyə, odla oynamağa dəyərmi?

Axı bu, çox qorxuludur!

Həm varlılar və güclülər üçün!

Həm kasıblar və zəiflər üçün!

Bütövlükdə bütün dünya üçün!

İtirməyə daha heç nəyi qalmayanlar qorxulu qüvvəyə çevrilirlər!

Arı yuvasına çöp uzatmaq bəzən təhlükəli olur!

Bəs arı yuvasına tuşlanan "çöplər" necə olur?

"Çöp"ün birinin adı "ikili standart"dır!

Bir daha onun təzahür formasını nəzərdən keçirək.

Qərb dünyasının "demokratiya", "mətbuat və söz azadlığı", "insan  hüquqları", "siyasi məhbus", "demokratik seçki" adlı "çöp"ləri var. Əslində bu, demokratik proseslərə, beynəlxalq hüququn norma və prinsiplərinə özünəməxsus yanaşmadır.

Təəssüf ki, bu yanaşma vahid mövqedən - haqq, ədalət, obyektivlik, qərəzsizlik mövqeyindən baş vermir.

Ən azı iki nöqteyi-nəzərdən, ikili standartlardan qiymətləndirilir:

biri özününkülərə - seçilmişlərə,

digəri özgələrə - müəyyən maraqları olan ölkələrə.

NƏTİCƏDƏ:

bir yerdə demokratiyanın "səviyyəsi" qənaətbəxş, başqa yerdə "problemli";

bir yerdə mətbuatdakı təhqirlərin cəzalandırılması məhkəmə hakimiyyəti  tərəfindən qanunun aliliyinin "təmini", başqa yerdə "söz azadlığının boğulması";

bir yerdə keçirilən icazəsiz aksiya zamanı iştirakçıların həbsi "xuliqanlığın və zorakılığın qarşısının alınması, başqa yerdə "sərbəst toplaşmaq hüququnun pozulması";

bir yerdə "konkret cinayət əməlinə görə verilən cəza", başqa yerdə "siyasi məhbus" kimi QİYMƏTLƏNDİRİLİR!

 

BİR DAHA XATIRLADIRIQ: BÜTÜN BUNLAR EYNİ HADİSƏLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ ZAMANI BAŞ VERİR!

 

Digər "çöp" mənəvi amillərin qiymətləndirilməsində baş verir.

Bir sıra xalqların "öz tarixi keçmişlərinə münasibətləri", "milli-mənəvi dəyərlərini qorumaları", "mentalitetlərini qabartmaları" məqbul qəbul edildiyi halda, başqa xalqlara bunlar "demokratiyaya uyğun gəlməyən addımlar", "Avropa dəyərlərindən imtina", "beynəlxalq norma və prinsiplərlə hesablaşmamaq niyyəti" kimi irad tutulur.

Və beləliklə, müəyyən təpkilər, təzyiq cəhdləri başlayır.

Xalq arasında bunu "çörəyi dizinin üstündə olmaq" adlandırırlar!

Ən xoşagəlməz hal isə "söymə hambal dədəmi, söyməyim bəy dədəni" misalının unudulmasıdır.

Tarix göstərir ki, müxtəlif xalqlar və mədəniyyətlər öz dəyərləri ilə yanaşı başqalarının da dəyərlərinə hörmət və ehtiramla yanaşanda sakitlik, əmin-amanlıq və əməkdaşlıq baş verir. Əks halda qarşıdurmalar və toqquşmalar, uzun illər ərzində yaranıb formalaşmış münasibətlərin korlanması qaçılmazdır!

Mübahisəli adalarla bağlı Çin və Yaponiya arasında baş verən qarşıdurma, habelə ABŞ-da Məhəmməd Peyğəmbər Əleyhissəlamın təhqir olunduğu filmin çəkilməsi nəticəsində dünyada şiddətlənən antiamerika əhval-ruhiyyəsinin güclənməsi söylədiklərimizə misaldır.

Dünyada hər şey istehsal və təkrar istehsal olunur. - Bircə torpaqdan başqa!

Heç kim bir qarış torpağından belə keçmək istəmir. - Düşməni nə qədər güclü olsa da!

Təhqir etiraz və zorakılıq doğurur. - Təhqir edənin kimliyindən asılı olmayaraq!

Bütün bunlar nəticəsi bilinməyən və gözlənilməyən xoşagəlməz hadisələrlə yekunlaşır!

Qurani-kərim özündən qabaqkı bütün müqəddəs kitabları və peyğəmbərləri qəbul edib, onlara hörmət və ehtiramla yanaşmağın vacibliyini göstərib.

Müsəlman dünyası indiyədək öz peyğəmbərinin tövsiyələrinə əməl edərək heç bir dini təhqir etməyib, heç bir dinin peyğəmbərini aşağılamayıb!

Bəs sonuncu Peyğəmbərimizin və müqəddəs Kitabımızın bu sistemli və ardıcıl addımlarla ictimai şəkildə təhqirində məqsəd nədir?

Məhəmməd Peyğəmbərlə bağlı vaxtaşırı mətbuata çıxarılan karikaturalar, çəkilən yaramaz filmlər, hansısa keşişin Qurani-kərimi yandırması və bunun televiziya vasitəsilə nümayişi nə deməkdir?

İndi dünyadakı problemlərin həllini bir kənara qoyub müxtəlif dinlərə məxsus peyğəmbərlərin təhqirinin yarışına başlamalıyıq?

Dini tolerantlıqdan dini toqquşmalara keçməliyik?

Axı dünya bu qarşıdurmanın acı nəticələrini əsrlər boyu sınaqdan keçirərək imtina edib!

Əsl inkişaf mədəniyyətlərin bir-birini  zənginləşdirməsindən  yaranır, inkarından yox!

Bir məqamı da unutmaq olmaz:

Dövlətlər arasında sərhədlər mövcud olsa da, dindarlar arasında belə sərhəd yoxdur!

Bütün dinlərə sitayiş edənlər bir dövlətdə, bir şəhərdə, bir məhəllədə, hətta bəzən bir binada yaşayırlar.

Onları necə ayırmaq olar?

Xalqlar və dövlətlər arasında etimadı və dostluğu yaratmaq üçün illər, bəzən əsrlər gərək olur! Onların pozulması isə çox asan və qısa müddətdə baş verə bilir!

Yaxın Şərqdə demokratiya uğrunda mübarizə başlayanda ABŞ və digər dövlətlər buna dəstək verdilər. "Ərəb baharı" adlandırılan bu dəyişikliklərdə Tunis, Misir, Sudan, Liviya vətəndaşları ABŞ-ın dəstəyini dost jesti kimi qəbul edərək ona güvənirdilər. Hərçənd ki, "bahar" adı ilə ölkədə başlayan hərəkat daha çox ölüm, dağıntı, xaos və iqtisadi geriləmə törədirdi.

İnqilabdan sonrakı dövrdə ölkələrin dirçəldilməsində ABŞ-ın köməyinə ehtiyac duyulurdu və belə köməyin göstəriləcəyi vəd olunmuşdu. Ancaq birdən-birə "demokratiya və ədalət simvolu" sayılan ABŞ-da müsəlman dini inanclılarının heysiyyətini təhqir edən filmin meydana gəlməsi vəziyyəti büsbütün dəyişdi. Liviyadakı ABŞ səfirliyinə hücum edilərək səfir öldürüldü, digər ərəb ölkələrindəki ABŞ səfirlikləri də kütləvi hücumlara məruz qaldı!

Onu da deyək ki, müsəlman dininin peyğəmbərinə təhqiramiz münasibət bəslənilən filmin çəkilişi və nümayişinin hansı reaksiya doğuracağı irəlicədən bəlli idi.

Niyə belə qeyri-dost, qıcıqlandırıcı hərəkətlərə yol verilir?

Niyə dövlətlər və dinlər arasındakı etimada zərbə vurulur?

Niyə əməkdaşlığın qarşıdurmaya çevrilməsinə səbəb olan addımlar atılır?

Niyə  belə səhvlərin düzəldilməsi üçün dərhal tədbirlər görülmür?

Mərdi qova-qova namərd etmək yaramaz!

Dünənə qədər tiran rejimlərdən qurtulmaqda ABŞ-dan kömək gözləyən və yardım umanlar dini heysiyyətləri təhqir olunduqdan sonra baxış və mövqelərini dəyişirlər.

Artıq meydana çıxanlar əllərində demokratiya tələb edən şüarlar yox, Ben Ladenin şəkillərini tuturlar.

Hədəf prezident sarayları yox, ABŞ səfirlərinin iqamətgahları olur.

Bu, kimə və nəyə gərəkdir?!

Dostları qorumaq, qədrini bilmək daha ağıllı yoldur!

Dostu düşmənə çevirmək ikiqat itkidir!

Dosta dost münasibəti bəsləmək son dərəcə vacibdir!

Həm də ona görə ki, təsir əks-təsirə bərabərdir!

Bu, dünyanın obyektiv qanunudur!

Yaxud azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası və əfvi ilə bağlı məsələni götürək.

Azərbaycan qanuni əsaslarla ədaləti bərpa edib!

Əmələ qeyri-adekvat olan cəza obyektiv şəkildə qiymətləndirilərək dəyişdirilib!

Bu halda beynəlxalq konvensiyanın və Azərbaycan Konstitusiyasının müvafiq maddələrinə istinad edilib!

Hər şey qanun əsasında baş verib!

Bəs bu narahatlıq, ikili standartlara əsaslanan açıqlamalar nə deməkdir?!

Axı bütün bunlar qanunun, əməkdaşlığın, dostluğun və ədalətin prinsiplərinə uyğun gəlmir!

Narahatlığa layiq məqam isə indiyədək Azərbaycanın 20 faiz ərazisinin işğal altında qalmasıdır!

Bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurd-yuvasına qayıda bilməməsidir!

İşğal altındakı ərazilərdə kabus şəhərlərin yaranması, bütün infrastrukturun darmadağın edilməsidir!

Bütün qəbiristanlıqların, məscidlərin, tarixi və mədəniyyət abidələrinin yerlə yeksan edilməsidir!

Narahatlığa layiq məqam Ermənistanın danışıqlar prosesində arxayınlıq göstərməsi, ona bəslənən loyal münasibətdən ruhlanaraq Dağlıq Qarabağı özünə birləşdirmək niyyətindən hələ də daşınmamasıdır!

Bu, mümkün deyildir!

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan bir gün sonra İrəvan şəhərinin Ermənistan dövləti üçün paytaxt şəhəri olmasına razılıq verilmişdi.

Bir daha yeni erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına icazə verilməyəcəkdir!

Bu, qeyri-mümkündür!

Dağlıq Qarabağın müstəqil dövlət olmasına heç vaxt yol verilməyəcəkdir!

Bu, mümkünsüzdür!

Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır!

Status-kvo uzun müddət dəyişməz qala bilməz!

Azərbaycan 20 il bundan əvvəlki ölkə deyildir, qüvvələr və güc balansı dəyişib!

Azərbaycan özünü qorumaq iqtidarında olan dövlətdir!

Beynəlxalq təşkilatlar isə mənasız kağız parçalarına çevrilmiş qərarlarının  icrasının qayğısına qalmalıdırlar!

Heç olmazsa öz nüfuzları xatirinə!

Bu nə dostluqdur, nə də əməkdaşlıq!

NƏ VAXTA QƏDƏR DÜNYANIN ƏDALƏT TƏRƏZİSİ DAİMA BİR TƏRƏFƏ DOĞRU ƏYİLƏCƏK?!

NƏ VAXTSA BU PASLANMIŞ TƏRƏZİNİN DÜZGÜN GÖSTƏRƏN VAXTI OLACAQMI?!

Azərbaycan Respublikasının Konstitusiyasında insanların dini hissiyyatının qorunmasına xüsusi yer verilib. 47-ci maddədə deyilir: "İrqi, milli, dini, sosial ədalət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir".

Dünya gör-götür dünyasıdır!

Azərbaycandan da öyrənmək, nümunə götürmək vaxtıdır... cənablar!

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.-2012.- 6 noyabr.- S.4.