Sərbəst toplaşmaq
azadlığı ilə bağlı hüquqi disbalans aradan
qaldırılmalıdır
Sərbəst toplaşmaq
azadlığı tarix boyu insan hüquqları uğrunda
mübarizənin əsas leytmotivini təşkil etmiş,
ayrı-ayrı cəmiyyətlərdə demokratiyanın
mühüm göstəricisi kimi dəyərləndirilmişdir.
İnsanlar onları narahat edən, qayğılandıran məsələləri
ictimailəşdirərək mərkəzi hakimiyyətin diqqətinə
çatdırmaq, eləcə də hər hansı məsələyə
sivil qaydada etiraz etmək baxımından sərbəst
toplaşmaq azadlığına yüksək dəyər
vermiş, fundamental hüquq kimi təminatını vacib
saymışlar. Müasir dövrdə də sərbəst
toplaşmaq azadlığı vətəndaş fəallığının
və təşəbbüskarlığının
mühüm vasitəsi kimi nəzərdən keçirilir.
İnsanların qarşılaşdıqları problemlərin
həlli məqsədilə bir araya gəlməsi, ortaq
görüş və düşüncələrini
paylaşması, istənilən məsələ ilə
bağlı mövqelərini ortaya qoyması sərbəst
toplaşmaq azadlığının ictimai əhəmiyyətini
şərtləndirən mühüm amillərdir.
Sərbəst
toplaşmaq azadlığı demokratiyanın vacib
ünsürü olan vətəndaş cəmiyyətinin
formalaşması və inkişafı baxımından zəruri
hüquq hesab olunur. Məhz bu azadlıq vasitəsilə
insanlar hər cür zorakılıqdan, vandalizmdən kənar,
sivil çərçivədə etirazlarını ifadə
edir, özünütəsdiq imkanı əldə edirlər.
Sərbəst toplaşmaq azadlığı sivil siyasi
mübarizənin vacib elementi kimi çox əsrlər bundan əvvəl
formalaşsa da, onunla bağlı ilk mükəmməl nəzəriyyələr
XIX əsrdə yaranmağa başlamışdır.
Dövrünün böyük filosofları Jan Jak Russo, Con
Lokk və digərlərinin əsərlərində sərbəst
toplaşmaq azadlığı demokratik inkişaf baxımından
təminatı vacib olan hüquq kimi dəyərləndirilmişdir.
Hesab olunurdu ki, sərbəst toplaşmaq azadlığı
mahiyyəti etibarilə çox zəngin bir haqq olub, söz,
fikir, məlumat azadlıqlarından heç də az əhəmiyyət
daşımır. Azad fikirli insanlar öz düşüncələrini,
mövqelərini bildirmək, etiraz etmək məqsədilə
bir yerdə toplaşmaq istəklərini piketlər,
yürüşlər, mitinqlər vasitəsilə
reallaşdırırlar. Bu azadlıqlar bir-birini şərtləndirir
və bir-birindən doğur. Plüralist demokratiya
üçün vacib şərt təkcə müxtəlif
fikirlilik deyil, həm də bu fikirləri çatdırmaq
üçün müxtəlif alətlərin, mexanizmlərin
formalaşdırılmasıdır. Bu mənada, sərbəst
toplaşmaq azadlığı insanlara söz və fikir
azadlığından bir addım irəliyə getməyə
imkan verir. Eyni düşüncələri paylaşan
insanların bir araya gələrək təşkilatlanması
isə bu düşüncələrin cəmiyyətə
çatdırılmasına və həyata keçirilməsinə
imkan verir.
Sərbəst
toplaşmaq azadlığı əsas insan hüquqlarından
biri kimi müxtəlif milli və beynəlxalq aktlarda öz
dolğun əksini tapmışdır. Müasir qanunvericilik
aktlarında vətəndaşların siyasi və ictimai fəallığının
formaları kimi toplaşmaq azadlığının mitinq,
yığıncaq, nümayiş, piket və digər
üsullarla həyata keçirilməsi öz əksini
tapmışdır. İnsanların bir yerə toplaşaraq
öz fikirlərini açıq ifadə etməsi heç də
həmişə siyasi maraqlarla bağlı olmasa da, bir
sıra hüquq ədəbiyyatlarında dinc toplaşmaq
azadlığı siyasi hüquq və azadlıqların tərkib
hissəsi kimi nəzərdən keçirilir. Sərbəst
toplaşmaq azadlığı ən müxtəlif məsələlər
üzrə fikir ifadə etmə və fikir mübadiləsi
üçün əlverişli üsullardan biridir. Sərbəst
toplaşmaq azadlığı yalnız dinc və silahsız
yığıncaqları nəzərdə tutur. Yəni,
insanların hər hansı məsələ ilə
bağlı keçirdikləri toplantılar dinc xarakterli
olmalı, həmin toplantını təşkil edənlər
tərəfindən heç bir qanun pozuntusuna yol verilməməli,
ictimai asayiş pozulmamalıdır.
Sərbəst
toplaşmaq azadlığı vasitəsilə siyasi, ictimai və
mədəni həyatın inkişafı təmin edilir. Sərbəst
toplaşmaq azadlığının
reallaşdırılması vasitələri müəyyən
bir kütlənin, azlığın və ya çoxluğun
iradəsini oprtaya qoymaq baxımından da əhəmiyyətlidir.
Bu vasitələrlə eyni baxışlara sahib olan
ayrı-ayrı fərdlər özlərini təqdim etmək
üçün daha geniş resurs və imkanlara malik qruplarda
təmsil olunurlar. Fikirlər bir insana yox, insanlar qrupuna aid
olduqda isə onların eşidilmək, qarşı fikirlərlə
rəqabət aparmaq, müzakirə olunmaq, qərarlar verilərkən
nəzərə alınmaq imkanları daha çox olur. Sərbəst
toplaşmaq azadlığının bütün şərtlərinin
təminat altına alınmadığı şəraitdə
plüralist demokratiyadan danışmaq mümkün deyildir.
BMT tərəfindən
qəbul edilmiş 1948-ci il 10 dekabr tarixli "İnsan
hüquqları haqqında ümumi bəyannamə"də
deyilir ki, "Hər bir şəxs dinc yığıncaqlar və
assosiasiyalar azadlığı hüququna malikdir".
BMT-nin 1966-cı
il 16 dekabr tarixli "Mülki və siyasi hüquqlar
haqqında beynəlxalq pakt"ının 21-ci maddəsində
göstərilir ki, "Dinc yığıncaqlar keçirmək
hüququ qəbul edilir. Bu hüquqdan istifadəyə qanuna
müvafiq surətdə qoyulan və demokratik cəmiyyətdə
dövlətin və ictimaiyyətin təhlükəsizliyi,
ictimai asayiş, əhalinin sağlamlığının və
mənəviyyatının və yaxud başqa şəxslərin
hüquq və azadlıqlarının qorunması mənafeləri
üçün zəruri olan məhdudiyyətlərdən
başqa, heç bir məhdudiyyət qoyula bilməz".
Avropa İnsan
Hüquqları Konvensiyasının 11-ci maddəsində
göstərilir ki, "1. Hər kəsin dinc toplaşmaq
azadlığı və öz maraqlarını müdafiə
etmək üçün həmkarlar ittifaqları yaratmaq və
onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə
birləşmək azadlığı hüququ var. 2. Bu
hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik
və ictimai asayiş
maraqları naminə, iğtişaşın və cinayətin qarşısını
almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi
üçün və ya digər şəxslərin hüquq
və azadlıqlarının müdafiəsi üçün
qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə
zəruri olanlardan başqa heç bir məhdudiyyətlər
qoyula bilməz".
Beynəlxalq
hüquqa həssaslıqla yanaşan, milli qanunvericiliyini
dünya standartlarına uyğunlaşdıran Azərbaycanda
insanların sərbəst toplaşmaq
azadlığının maksimum səviyyədə təminatı
üçün bütün zəruri tədbirlər
görülür. Azərbaycan Respublikasının 1995-ci il 12
noyabr tarixli Konstitusiyasının 49-cu maddəsində bu
azadlıq təsbit olunmuşdur. Həmin maddədə deyilir
ki, "Hər kəsin başqaları ilə birlikdə sərbəst
toplaşmaq azdalığı vardır. II. Hər kəsin
başqaları ilə birlikdə müvafiq dövlət
orqanlarını qabaqcadan xəbərdar etməklə dinc,
silahsız yığışmaq, yığıncaqlar, mitinqlər,
nümayişlər, küçə yürüşləri
keçirmək, piketlər düzəltmək hüququ
vardır".
"Sərbəst
toplaşmaq azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanunu 1998-ci ilin 13 noyabrında qəbul
edilmişdir. Avropa Şurası Venesiya Komissiyasının
müsbət rəyini almış bu qanun Azərbaycan
Respublikasının Konstitusiyasına, Azərbaycanın
qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq qəbul
edilmişdir. Toplantıların
keçirilməsi üçün müvafiq icra hakimiyyəti
orqanından icazə alınmaması qanunun əsas xarakterik cəhətidir.
Kütləvi aksiyaların keçirilməsi
üçün xəbərdarlıq prosedurları, yerin
müəyyənləşdirilməsi, toplantıların məhdudlaşdırılması
və ya dayandırılması əsasları qanunda dəqiq
təsbit edilmişdir. İctimai və dövlət təhlükəsizliyi
mənafelərinin qorunması, ictimai asayişin
pozulmasının qarşısının alınması,
iğtişaş və ya cinayətlərin baş verməməsi,
əhalinin sağlamlığının mühafizəsi, əxlaq
normalarının və mənəviyyatın mühafizəsi,
habelə başqa şəxslərin hüquq və
azadlıqlarının müdafiəsi məqsədilə sərbəst
toplaşmaq azadlığının məhdudlaşdırılması
hüquqi əsaslar kimi qanunun 7-ci maddəsində öz əksini
tapmışdır.
"Sərbəst
toplaşmaq azadlığı haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərinin pozulmasına
görə bu gün qüvvədə olan Azərbaycan
qanunvericiliyi ilə inzibati və cinayət məsuliyyətləri
müəyyən edilmişdir. Azərbaycan
Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində
məsuliyyət müəyyən edən maddələrin
dispozisiya və sanksiya hissələrində hüquqi
uyğunsuzluq mövcuddur.
İnzibati Xətalar
Məcəlləsinin bu gün qüvvədə olan 298-ci maddəsi
bir hissədən ibarətdir və maddənin
dispozisiyasında "Yığıncaqların, mitinqlərin,
nümayişlərin, küçə yürüşlərinin
və piketlərin təşkilnin və keçirilməsinin
qanunvericiliklə müəyyən edilmiş qaydasının
pozulmasına görə" inzibati-hüquqi məsuliyyət
müəyyən edilir.
Göründüyü
kimi, toplantıların təşkili və keçirilməsi
qaydalarının pozulmasına görə yalnız təşkilatçılar
üçün inzibati məsuliyyət nəzərdə
tutulmuşdur. Lakin belə toplantıların
iştirakçılarının məsuliyyətindən isə
söhbət getmir. Qanunsuz toplantıların bilavasitə
iştirakçılarının inzibati məsuliyyətinin
istisna olunması bu qəbildən olan qanun pozuntuları ilə
inzibati-hüquqi mübarizənin effektliyini azaldır. Qanunsuz
toplantıların hərəkətverici qüvvəsi olan
iştirakçıların inzibati məsuliyyətdən kənarda
qalması həmin maddənin hüquqi
natamamlığını daha da qabardır. Nəzərə
alsaq ki qanunsuz toplantıların əsas hərəkətverici
qüvvəsi iştirakçılardır,
iştirakçıların hərəkətlərinə təşkilatçının
tam nəzarət imkanları məhduddur, qanunsuz toplantılar
ictimai asayişin kütləvi şəkildə pozulması və
digər insanların hüquqlarının əhəmiyyətli
dərəcədə pozulması təhlükəsi
yaradır, onda qanunsuz toplantıların ictimai təhlükəlilik
dərəcəsinin yüksək olduğu aşkar
görünür. İctimai təhlükəlilik dərəcəsi
yüksək olan xətalarda təşkilatçı ilə
yanaşı, iştirakçı üçün də
inzibati məsuliyyətin müəyyən edilməsi zəruridir.
Qanunvericiliyin tələblərini
pozaraq təşkil edilib keçirilən toplantılar
zamanı təşkilatçı ilə yanaşı
iştirakçı üçün də inzibati məsuliyyətin
müəyyən edilməsi dünya təcrübəsinə
uyğundur. Belə ki Belarus, Moldova, Qazaxıstan, Rusiya,
Tacikistan, İtaliya, Almaniya, Böyük Britaniya, Fransa və
s. ölkələrin analoji qanunlarında qanunsuz
toplantıların iştirakçıları
üçün də inzibati məsuliyyət müəyyən
edilmişdir.
Qanun pozuntusuna
qarşı hüquqi mübarizənin effektliyinin ən vacib
şərtlərindən biri qanun pozuntusu ilə bu pozuntuya
görə tətbiq edilən inzibati tənbeh tədbiri və
ya cinayət cəzası arasında hüquqi uyğunluğun
olmasıdır. Konkret halda inzibati xəta ilə bu xətaya
görə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri
arasında hüquqi disbalansın olması faktiki olaraq inzibati
tənbeh tədbirinin öz məqsədinə nail ola bilməməsini
sərgiləyir. Çünki Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə
əsasən inzibati tənbeh tədbirinin məqsədi,
"...inzibati xəta törədən şəxsi qanunlara əməl
edilməsi ruhunda tərbiyələndirmək, habelə həm
inzibati xəta törətmiş şəxs, həm də
başqa şəxslər tərəfindən yeni inzibati xəta
törədilməsinin qarşısını
almaq"dır. "Sərbəst toplaşmaq
azadlığı haqqında" qanunun tələblərinin
pozulmasına görə inzibati məsuliyyət nəzərdə
tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
298-ci maddəsinin sanksiya hissəsində xəbərdarlıq
və çox cüzi məbləğdə cərimənin
(7 manatdan 13 manatadək) nəzərdə tutulması həmin
məcəllənin 22-ci maddəsində təsbit olunan
inzibati tənbeh tədbirinin məqsədlərinə ziddir.
Çünki qanunsuz toplantıların təşkili və
keçirilməsinə görə xəbərdarlıq və
ya 7 manatdan 13 manata qədər cüzi inzibati cərimə
inzibati xəta törədən şəxsi nə tərbiyələndirə,
nə də onu və digərlərini
yeni xətalar törətməkdən çəkindirə
bilər. Xəbərdarlıq inzibati tənbeh tədbirləri
sistemində ən yüngül tənbeh tədbiridir. Xəbərdarlıq
və ya 7 manatdan 13 manatadək cərimə kimi çox
yüngül inzibati tənbeh tədbirləri törədilən
inzibati xətanın (qanunsuz yığıncaq,
nümayiş, küçə yürüşü, piket)
ictimai təhlükəlilik dərəcəsi ilə
hüquqi uyğunluq təşkil etmir. Törədilən əməllərlə
tətbiq edilən tənbeh tədbirləri arasında
mövcud hüquqi disbalans Azərbaycanda hüquqi dövlət,
demokratik cəmiyyət qurulması və ictimai asayişin
etibarlı qorunması arzusunda olan şəxsi qane etdiyini
düşünmürəm. Bu gün qüvvədə olan
qanunvericiliyə görə qanunsuz toplantıların təşkili
və keçirilməsində təkrarlıq cinayət məsuliyyətinə
səbəb olmur. Biz belə bir müddəanı bu maddəyə
gətirmək fikrində deyilik. Amma Qazaxıstan, Tacikistan,
Belarus, Ukrayna, Türkmənistan və s. ölkələrin
analoji məcəllələrində inzibati xətanın il ərzində
təkrar törədilməsi cinayət məsuliyyətinə
səbəb olur.
Qanun statik bir təsisat
olduğu üçün cəmiyyətin dinamik
inkişafı ilə ayaqlaşmır. Bu, təbii bir
haldır. Qanunun, cəmiyyətin inkişaf səviyyəsinə,
formalaşmış və ya formalaşmaqda olan ictimai
münasibətləri tənzimləyə biləcək vəziyyətə
gətirilməsi qanun
yaradıcılığı fəaliyyətinin əsas
elementlərindəndir. Burada hüquqi çevikliyin
nümayiş etdirilməsi vacib məsələdir.
Çünki cəmiyyətin inkişaf səviyyəsinə
uyğun gəlməyən qanun çox çevik şəkildə
dəyişdirilməsə və ya yeni qanunla əvəzlənməsə,
ictimai münasibətlərin həmin sferası ya tənzimlənməyəcək,
ya da qüsurlu şəkildə tənzimlənəcək. Bu
da hər bir halda daha böyük qanunsuzluqlara yol
açır. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 298-ci maddəsi yeni redaksiyada verilməli
və qanunsuz toplantıların təşkilatçıları
ilə yanaşı, iştirakçıları
üçün də inzibati məsuliyyətin müəyyən
edilməsi bu sahədə hüquqi tənzimlənməni daha
da dəqiqləşdirər. İctimai təhlükəlilik
baxımından təşkilatçının əməlinin
iştirakçının əməlinə nisbətən
daha təhlükəli olması nəzərə alınmaqla
təşkilatçıya tətbiq ediləcək inzibati tənbeh
tədbiri də iştirakçı üçün nəzərdə
tutulacaq inzibati tənbeh tədbirindən ağır
olmalıdır.
Tərəfimdən
298-ci maddənin sanksiya hissəsinə ictimai işlər
adlı yeni bir tənbeh növünün də daxil edilməsi
təklif edilmişdir. İctimai işlər bu gün Cinayət
Məsəlləsində cinayət cəzasıdır. Bu cəza
növünün İnzibati Xətalar Məcəlləsinə
inzibati tənbeh növü kimi daxil edilərək 298-ci maddənin
də sanksiya hissəsində nəzərdə tutulması məhkəməni
tənbeh növünü təyin edərkən inzibati cərimə,
yoxsa inzibati həbs kimi "primitiv dilemma"
qarşısında qalmaqdan xilas edər. Çünki bu
gün İnzibati Xətalar Məcəlləsində əsas
və işlək tənbeh növləri kimi inzibati cərimə
və inzibati həbsdən istifadə edilir ki, bu da hüquqi məqsədəuyğunluq
baxımından düzgün hesab edilə bilməz.
İctimai işlərin İnzibati Xətalar Məcəlləsinə
daxil edilməsi məhkəmələrin əməlin ictimai təhlükəlilik
dərəcəsinə daha çox uyğun olan ədalətli
tənbeh növünü seçmək imkanlarını
genişləndirər.
Qanunsuz
toplantıların iştirakçıları
üçün üç yüz manatdan altı yüz
manatadək inzibati cərimə və ya yüz altmış
saatdan iki yüz saatadək ictimai işlər və ya on
beş günədək inzibati həbs tənbeh tədbirlərinin
müəyyən edilməsi daha məqsədəuyğun
olar. Təşkilatçı fiziki şəxslər
üçün isə min beş yüz manatdan üç
min manatadək cərimə və ya iki yüz saatdan iki
yüz qırx saatadək ictimai işlər və ya on beş
günədək inzibati həbs, təşkilatçı vəzifəli
şəxslər üçün üç min manatdan
altı min manatadək cərimə, təşkilatçı
hüquqi şəxslər üçün isə on beş
min manatdan otuz min manatadək cərimə müəyyən
edilməsi həmin əməlin ictimai təhlükəlilik dərəcəsinə
daha çox uyğundur.
Qanunla müəyyən
edilmiş qaydada təşkil edilməyən
toplantıların təşkilatçıları ilə
yanaşı, iştirakçıları üçün də
inzibati məsuliyyətin müəyyən edilməsi, habelə
sanksiyaların sərtləşdirilməsi qanunauyğun şəkildə
təşkil edilmiş toplantıların keçirilməsinə
mane olmağa görə inzibati məsuliyyət nəzərdə
tutan 49-cu maddəyə də yenidən baxılması zərurətini
yaratdı. Amma bu maddəyə edilən dəyişikliklərlə
bağlı ümumiyyətlə, maraqlanan yoxdur.
Çünki bu maddə, obrazlı desək, "siyasi şou
düzəltmək üçün yararsız" maddədir.
Həmin maddədə "Qanunvericiliklə müəyyən
edilmiş qaydada təşkil edilən
yığıncaqların, mitinqlərin, nümayişlərin,
küçə yürüşlərinin və piketlərin
keçirilməsinə mane olmağa görə" inzibati məsuliyyət
müəyyən edilmişdir. Fiziki şəxslər
üçün beş manatdan otuz manatadək, vəzifəli
şəxslər üçün isə əlli manatdan
yetmiş manatadək miqdarda cərimələr nəzərdə
tutulmuşdur. Əməlin ictimai təhlükəlilik dərəcəsi
ilə nəzərdə tutulmuş cüzi cərimələr
arasında hüquqi uyğunluğun olmaması burada da
özünü aydın göstərir. Ona görə də
cərimələrin artırılaraq əməlin ictimai təhlükəlilik
dərəcəsinə uyğunlaşdırılması zərurəti
kəskin şəkildə görünür. Qanunla müəyyən
edilmiş qaydada təşkil edilən toplantıların
keçirilməsinə mane olmağa görə fiziki şəxslər
üçün min beş yüz manatdan üç min manatadək,
vəzifəli şəxslər üçün üç
min manatdan altı min manatadək, hüquqi şəxslər
üçün isə on beş min manatdan otuz min manatadək
miqdarda cərimə təklif edilmişdir.
Göründüyü kimi, 49-cu maddənin təsir dairəsi
genişləndirilmişdir. Bu gün qüvvədə olan
redaksiyada maddənin subyekti yalnız fiziki və vəzifəli
şəxslər hesab edilir. Lakin belə toplantıların
keçirilməsinə hüquqi şəxslərin də
mane ola biləcəyini nəzərə alaraq hüquqi şəxslərin
də subyektlər sırasına daxil edilməsi təklif
edilmişdir. Fikrimizcə, subyektlərin dairəsinin genişləndirilməsi
və sanksiyanın sərtləşdirilməsi qanuni
toplantıların keçirilməsinə mane olan şəxslərlə
mübarizənin kəskinliyini artırmış olar.
Başqa bir cəhətə də fikir vermək
lazımdır. Qanunsuz toplantıların təşkilatçılıarı
üçün və qanuni toplantıların keçirilməsinə
mane olan şəxslər üçün eyni məbləğdə
cərimələr təklif edilmişdir. Çünki qanunla
müəyyən edilmiş qaydada təşkil edilən
toplantıların keçirilməsinə mane olan şəxslərlə
kəskin mübarizənin aparılması da dövlətin
maraqları daxilindədir.
Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə görə
qanunsuz toplantılar "vətəndaşların hüquq və
qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb
olduqda" 169-cu maddənin 1-ci hissəsi ilə cinayət məsuliyyəti
meydana çıxır. "Toplantıların keçirilməsi
zamanı toplantıda iştirak edənlər tərəfindən
odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və
qurğular, eləcə də ətrafdakıların həyat
və sağlamlığı üçün təhlükə
törədən sair maddə və əşyaları gəzdirmə"
isə həmin maddənin 2-ci hissəsi ilə cinayət məsuliyyətinə
səbəb olur. Maddənin 1-ci hissəsində cərimənin
məbləği üç yüz manatadək, 2-ci hissəsində
isə yüz manatdan beş yüz manatadəkdir. Fikrimcə,
bu məbləğdə cərimələr həmin maddədə
nəzərdə tutulmuş iki-üç il azadlıqdan məhrumetmə
cəzasının alternativi ola bilməz. Burada da nəzərdə
tutulmuş cərimələr cinayət əməlinin ictimai
təhlükəlilik dərəcəsinə uyğun deyil. Bu
səbəb üzündən də bu maddənin hər iki
hissəsində cərimənin beş min manatdan səkkiz min
manatadək müəyyən edilməsi təklif
edilmişdir.
Qanun dövlətin
hüquq siyasətinə uyğun olmaqla yanaşı, cəmiyyətdə
ictimai münasibətləri daha dəqiq, dolğun və
çevik şəkildə tənzimləmək kimi
mühüm bir funksiyanı icra edir. Hüquqi məsələlərə
"tipik müxalifətçi" mövqeyindən
yanaşmaq, mənsub olduğu siyasi partiyaya siyasi "dividendlər"
qazandırmaq, özünü və partiyasını xalqa
"sevdirmək" yolunu tutan bəzi soydaşlarımız
qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən
toplantıların iştirakçıları
üçün də inzibati məsuliyyətin təklif edilməsinin
dünya təcrübəsinə uyğun olmadığını
söyləməklə bunu az qala, "hüqüqi
sensasiya" kimi qələmə verməyə
çalışırlar. Qanunsuz toplantıların
iştirakçılarının da inzibati məsuliyyətə
cəlb edilməsi dünya təcrübəsinə
uyğundur.
Təklif edilən
inzibati cərimələrin orta aylıq əməkhaqqına
uyğun olmadığını söyləməklə
yuxarıda qeyd edilən "məqsəd"lərə nail
olmaq istəyən bəzi soydaşlarımızın bu
arqumenti də əsassızdır. İstər inzibati tənbeh
kimi, istərsə də cinayət cəzası kimi cərimə
qanun pozuntusu törətmiş şəxsin aylıq əməkhaqqına
və aylıq gəlirlərinə deyil, törətdiyi əməlin
ictimai təhlükəlilik dərəcəsinə uyğun
olmalıdır. Nəzərdən qaçırmaq olmaz ki, cərimə
inzibati qanunvericiliyə görə tənbeh, cinayət
qanunvericiliyində isə cəza tədbiridir. O, vergi
növü deyil ki, şəxsin gəlirlərinə
uyğunlaşdırılsın. Cərimə tərbiyələndirici
və çəkindirici məqsədləri güdən
inzibati tənbeh tədbiri və cinayət cəzasıdir! Tənbeh
və cəza tədbirini qanun pozuntusu törədənin gəlirlərinə
"uyğunlaşdırmaq" düzgün hesab edilə
bilməz! Bu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
22-ci, Cinayət Məcəlləsinin isə 41-ci maddəsinə
zidd olardı. Bu maddələrin tələblərinə
görə cərimənin məqsədlərindən biri də
həm qanun pozuntusu törədən şəxsi, həm də
digərlərini yenidən belə əməllər törətməkdən
çəkindirməkdir. Odur ki, cüzi cərimə belə
bir məqsədə nail ola bilməz. Cərimənin fəlsəfəsi
də qanun pozuntusu törədənin maliyyə vəziyyətinə
zərbə vurmaqdan ibarətdir. Azərbaycan Respublikası
CM-in 44.2-ci maddəsinə əsasən məhkəmə
yalnız cəza təyin edərkən məhkumun əmlak vəziyyətini
nəzər alır ki, bu da maddənin sanksiya hissəsində
nəzərdə tutulmuş alternativ cəzaların və cərimənin
minimum və maksimum hədləri daxilində edilir. Yəni, təyin
ediləcək cəriməni ödəyə bilməyəcək
şəxsə başqa tənbeh və yə cəza təyin
edilir.
Qanunsuz
toplantıların keçirilməsinə görə Avropa
ölkələrinin əksəriyyətində daha sərt məsuliyyətlər
müəyyən edilmişdir.
İtaliyanın
1931-ci ildə qəbul edilmiş "Mitinqlərin
keçirilməsinin tənzimlənməsi qaydaları"
adlı qanununa görə əyalət polisi ofisinin direktoru
(kvestor) tərəfindən icazə verilməmiş mitinqin təşkilatçısı
6 ay müddətinə həbs və 103 avrodan 413 avroyadək
cərimə ilə cəzalandırılır. Əgər
toplantı kvestor tərəfindən qadağan edilmişdirsə,
onda tabe olmayan hər kəs 1 ilədək həbs və 206
avrodan 413 avroyadək cərimə ilə cəzalandırılır.
Mitinqin dayandırılması qaydasına riayət etməyənlər
isə 1 aydan 1 ilədək həbs və 30 avrodan 413 avroyadək
cərimə ilə cəzalandırılırlar.
Almaniyanın
1978-ci il redaksiyasında olan "Toplantılar və
küçə yürüşləri haqqında"
qanununa görə təşkilatçıların icazə
alması zəruridir. Əgər toplantıya icazə verilməmişdirsə,
toplantını keçirməyə cəhd edən hər kəs
polis tərəfindən tutulur və 1 aylıq əməkhaqqı
qədər cərimə edilir. İctimai qayda kobud şəkildə
pozularsa və ya zorakılıq hərəkətləri edilərsə,
bu, cinayət məsuliyyətinə səbəb olur. İcazə
verilməyən mitinqlərin təşkilatçıları
1 ilədək həbs ilə cəzalandırılırlar.
Toplantının məqsədinə uyğun olmayan
şüarların səsləndirilməsi qadağandır və
toplantının dağıdılmasına səbəb olur.
Böyuk
Britaniyada bu məsələlər "İctimai qayda
haqqında" aktla tənzimlənir. Təşkilatçılar
hakimiyyəti 6 gün əvvəl yazılı xəbərdar
edirlər. Bu tələbin pozulması 1000 funt cərimə ilə
cəzalandırılır. İcazə verilməmiş
toplantının keçirilməsinə görə təşkilatçılar
3 aya qədər həbs və ya 2500 funt,
iştirakçılar isə 1000 funt cərimə ilə cəzalandırılırlar.
ABŞ-da
toplantılarla bağlı hər ştatın öz qanunu
var. Nyu-Yorkda 45 gün, Los-Ancelesdə 40 gün, Vaşinqtonda
15 gün (Azərbaycanda bu müddət 5 gündür) əvvəl
toplantı keçiriləcəyi barədə hakimiyyət xəbərdar
edilir. Toplantılar zamanı qanun pozuntularına görə cərimə
3000 dollaradəkdir. Texas ştatında isə 6 ayadək həbs
də mövcuddur. İllinoys ştatında isə cərimə
2500 dollar və ya 1 ilədək həbs nəzərdə
tutulur.
Fransada
toplantıların keçrilməsinə icazəni şəhər
və ya ərazi polisinin prefekti verir. Polisin 2 dəfə
"dağılışın" əmrinə tabe olmayan
iştirakçılar tutulur və 1 ilədək həbs və
ya 15 min avro cərimə edilir. Əgər toplantı
iştirakçısı tanınmamaq üçün sifətini
tam və ya qismən örtərək gizlədərsə, 3
ilədək həbs və ya 45 min avro cərimə edilir.
Toplantı iştirakçıları silah gəzdirərsə
də, həmin cəza ilə cəzalandırılırlar.
Toplantının icazəsiz olması barədə xəbərdarlıqdan
sonra isə hərəkətlərini davam etdirən həmin
şəxslər 5 ilədək həbs və ya 75 min avroyadək
cəriməyə məruz qalırlar. Əgər izacə
verilməmiş toplantıda əcnəbi şəxslər
iştirak edirsə, onlar ya ömürlük, ya da 10 il
müddətinə Fransaya gəlmək hüququndan məhrum
edilirlər.
"Sərbəst
toplaşmaq azadlığı haqqında" Azərbaycan
Respublikası Qanununda dəyişikliklər və bu dəyişikliklərlə
bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar
və Cinayət məcəllələrinə əlavə və
dəyişikliklər edlilməsi insanların sərbəst
toplaşmaq azadlığı, habelə dinc toplantılar
keçirilməsi əleyhinə deyildir. Məqsəd ictimai
asayişin daha etibarlı şəkildə qorunması,
qanunauyğun və dinc toplantıların keçirilməsi təcrubəsinin
formalaşdırılması, hüquqi tənzimlənmənin
dəqiqləşdirilməsi, əməlin ictimai təhlükəlilik
dərəcəsinə uyğun tənbeh və cəzanın
tətbiq edilməsi, qanunsuz əməllərdən çəkindirmək,
Azərbaycan Respublikası qanunvericiliyinin dünya
standartlarına uyğunlaşdırılması, habelə bu
sferada ictimai münasibətlərin daha mükəmməl tənzimlənməsini
təmin etməkdir.
Noyabr
ayının 2-də Milli Məclis plenar iclasında bu qanun layihələrini
müzakirə edərək qəbul etmişdir.
Bu qanun layihələri hazırlanarkən
dünyanın 30-dan artıq ölkəsinin təcrübələri
öyrənilmişdir. Amma heç bir ölkənin analoji
qanunu etalon kimi götürlməmişdir. Çünki
ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, biz
heç kimi təqlid etmirik, Azərbaycan xalqının və
dövlətinin mənafelərinə, inkişaf xüsusiyyətlərinə
uyğun olan qabaqcıl təcrübədən istifadə
edirik.
Rafael CƏBRAYILOV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2012.-
6 noyabr.- S.5.