Mavi ekranın cazibəsi
6 noyabr
-Televiziya və Radio işçiləri Günüdür
Danılmaz
faktdır ki, bu gün televizor evimizin sadəcə qiymətli,
maraqlı əşyası deyil, həm də həyatımızın
vacib atributlarından biridir. Günümüzün hansısa
saatlarında mütləq televiziya verilişlərinə
baxmalı oluruq. Sevdiyimiz proqramlar da var. Ötən əsrin
ortalarından başlayaraq dünyada geniş və sürətlə
yayılan televiziya kanalları tamaşaçıları
öz cazibəsində saxlamaqdadır. Milyonlarla insan hər
gün radio və televiziyanın köməyi ilə
dünyanın müxtəlif yerlərində baş vermiş
mühüm hadisələrdən, yeniliklərdən xəbər
tutur. İstər radionun, istərsə də televiziyanın
ixtirasından uzun illər keçsə də, "sehrli
qutu" öz sirrini saxlayır, mavi ekranın cazibəsi davam
edir. Dünyada ilk televiziya verilişi 1936-cı ildə Londonda
olmuşdur. 1939-cu ildə ABŞ mühəndisləri tərəfindən
televiziya ötürücü trupkası ixtira edilmişdir.
Avropada yalnız ötən əsrin 50-ci illərindən
başlayaraq televiziya geniş yayılmışdır.
Respublikamızda
radio 1926-cı ilin noyabrın 6-da fəaliyyətə
başlayıb, televiziya isə 1956-cı il fevralın 14-də
"Bakı" studiyası adı ilə efirə
çıxıb. Sovet dövründə yalnız bir Azərbaycan
televiziya və radiosu fəaliyyət göstərirdi. Sonralar əlavə
olaraq bura "Araz" radiostansiyası da qoşuldu. Azərbaycan dövlət müstəqilliyini əldə
etdikdən sonra müstəqil teleradio şirkətlərinin
sayı da artdı. Təkcə paytaxtda deyil, bölgələrdə
də televiziya kanalları fəaliyyətə başladı.
Ölkə miqyaslı kanallar nəinki respublikamızda, sərhədlərimizdən
kənarda da özünə tamaşaçı
auditoriyası toplayıb. Radionu da, televiziyanı da
insanlar ilk dəfə heyrətlə qarşılayaraq onu
"sehrli qutu" adlandırıblar.
Mərkəzi
televiziyanın ("Azərbaycan Televiziya və Radio
Verilişləri" QSC) nəzdində fəaliyyət
göstərən iki müstəqil kanal - "İdman-Azərbaycan",
"Mədəniyyət" kanalları artıq
tamaşaçılar tərəfindən maraqla izlənilir.
O cümlədən, ATV, ANS, İTV, "Xəzər",
"Lider", "Space" televiziya kanallarının da
öz tamaşaçıları formalaşıb. Gəncə,
Zaqatala, Sumqayıt, Quba, Mingəçevir, Tovuz, Şəki,
Yevlax, Xaçmaz və cənub bölgələrində fəaliyyət
göstərən televiziya kanalları öz işlərini
dünya standartları səviyyəsində qurmağa
çalışırlar. Naxçıvan Muxtar
Respublikasında Dövlət Televiziya və Radio Verilişləri
Komitəsi də fəaliyyət göstərir. Bundan
başqa, xaricdə azərbaycandilli televiziya kanalları da
mövcuddur: ABŞ-da Günaz, Kanadada AzCan, Rusiyada İnterAz
TV-ləri var.
Paytaxt
və bölgələrdə yaradılan bütün
kanalların qaynaqlandığı, mənbələrinə
söykəndiyi, təcrübəsindən öyrəndiyi, bu
gün də "Qızıl Fondun"dan müntəzəm
istifadə etdiyi ana televiziyamız "Azərbaycan Televiziya və
Radio Verilişləri" QSC-dir.
AzTV-nin
maddi-texniki bazası xeyli dərəcədə dəyişib
və modernləşdirilib. Bütün studiyalar və montaj
otaqları rəqəmsal avadanlıqlarla təchiz olunub. HD-səyyar
televiziya stansiyaları alınıb. Hətta nəqliyyat vasitələri
də yenilənib və müasirləşdirilib. Televiziya
proqramlarının Avropa ölkələrində keyfiyyətlə
yayımı təmin edilib. "Teleradio" İstehsalat
Birliyinin mütəxəssisləri teleqüllə kompleksində
yeni rəqəmsal stansiya quraşdırıblar. İndi Azərbaycan
televiziyasının verilişləri həmin stansiyadan
Avropaya, Şimali Amerikaya, Asiyaya yayılır.
Ötən illər
ərzində AzTV-də mövzu dairəsi də kifayət qədər
geniş və rəngarəng olan müxtəlif veriliş və
proqramlarla müşahidə edilir: "Xəbərlər",
"Günün nəbzi", "Həftə",
"Parlament həftəsi", "Əsas məsələ",
"Şəxsən siz", "Unudulmayanlar", "Sələflər,
xələflər", "Ədəbi abidələr",
"Oğuznamə", "Tərəf-müqabil",
"Ovqat", "Səadət", "Əsgər
anı", "Azərbaycan Respublikasına xidmət edirəm",
"Əbədiyyət", "Mən azərbaycanlıyam",
"Azərbaycan, yurdum mənim", "Səhər",
"Bizim planet", "Yada düşər xatirələr",
"Kənd saatı", "Yurd yeri" və s.
Heydər
Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət
Fondunun təşəbbüsü, Mədəniyyət və
Turizm Nazirliyinin iştirakı, eləcə də AzTV-nin təşkilatçılığı
ilə Bakıda "Muğam müsabiqəsi-2007" və
"Muğam müsabiqəsi-2011" televiziya müsabiqələri
keçirildi.
Müsabiqə iştirakçılarının
istedadını SMS-lər deyil, peşəkar musiqiçi və
xanəndələrdən ibarət münsiflər heyəti
qiymətləndirdi. Bu müsabiqələr
zamanı bütün nüanslar - ifaçıların
oxuduqları muğam parçalarından, qəzəllərdən
tutmuş danışıqlarına, geyimlərinə qədər
hər məqam nəzərə alındı. Muğam
müsabiqələri ölkə daxilində və xaricində
böyük tamaşaçı marağına, rəğbətinə
səbəb oldu. Bunu həm Heydər Əliyev Fonduna, həm də
AzTV-nin elektron ünvanına gələn məktublar da təsdiq
etdi.
AzTV-də xalq
yazıçısı Anar "Poeziya", görkəmli
alim Vasim Məmmədəliyev "Haqqın dərgahı",
Milli Məclisin deputatı, tanınmış filoloq Nizami Cəfərov
"Azərbaycan dili", tarixçi-alim Kərim
Şükürov "Azərbaycan tarixi" verilişlərini
aparırlar.
Son illərdə AzTV-nin
studiyalarında maraqlı teletamaşalar da çəkilib. Vaxtilə geniş populyarlıq qazanmış
"Evləri köndələn yar" tamaşasının
(ssenari müəllifi Anar) ikinci hissəsi də çəkildi.
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə
rejissor Ramiz Həsənoğlu "Mürafiə vəkilləri"nə
ekran həyatı verdi. Milli
serialların çəkilməsi də müntəzəm
davam edir. Ənvər Seyidovun qələmə
aldığı "Gürzə", "Ünvansız
eşq" (quruluşçu rejissor Məhərrəm Bədirzadə)
kimi seriallar tamaşaçılara təqdim edilib.
Dövlət başçısının sərəncamına
əsasən, serialların çəkilməsinə
ayrılan maddi vəsait burada çalışanların da
iş üslubuna yeni sürət gətirib. Növbəti
ildən geniş fəaliyyət proqramının həyata
keçirilməsi nəzərdə tutulub.
2006-cı ildən 2011-ci ilədək
"Telefilm" Yaradıcılıq Birliyi 190-dan çox sənədli
film çəkib. Bu filmlərin
arasında "Ermənilər. Riyakarlığın
anatomiyası", "Tarixin izi ilə... Yaqub Mahmudov",
"Zəngəzur", "Sumqayıt salnaməsi",
"Tərcümeyi-hal: Bəkir Nəbiyev", "Bəstəkar
Ramiz Mirişli", "Tarzən Ramiz Quliyev", "Elturan
Avalov". "Molla Pənah Vaqif", "Aşiqlər",
"Şamaxı abidələri", "Vaxt gözləmir",
"Möcüzələr adasının sakini" və s.
göstərmək olar.
Ədəbi dram verilişləri
redaksiyası da həmişəki kimi sənədli filmlər
çəkməkdə ənənəsini uğurla davam
etdirir. Bu redaksiyanın əməkdaşları
tərəfindən ekran həyatı almış "Şərqdə
doğan günəş", "Mirzə Cəlil
möcüzəsi", "Naxçıvanın
baharı", "Böyük yolun adamı", "Bir
ömrün xatirəsi" adlı sənədli filmlər
tamaşaçılar tərəfindən maraqla izlənilib.
Azərbaycan televiziya məkanının
ən təzə mavi ekranı "Mədəniyyət"
kanalıdır. Barlı-bəhrəli,
qocaman bir ağacın - AzTV-nin çəmənində
göyərən bu pöhrənin yenilikləri çoxdur.
Mədəniyyət aləmində baş verən
ən son yeniliklər, maraqlı hadisələr,
yarışmalar, yubileylər, görüşlər bu kanalda
hazırlanan müxtəlif verilişlərdə əhatəli
şəkildə əks olunur. "Buta" mədəniyyət
xəbərləri", "Xəbər var",
"Teatr", "Xatırlanan ömürlər",
"Mühazirə", "Mahnı qanadlarında",
"Dünya rəqsləri", "Dünya kino inciləri"
və s. verilişlər artıq tamaşaçıların
diqqətini çəkib. Bu kanalda dünya
kinosunun və musiqisinin ən dəyərli nümunələri
təqdim olunur. Yeni kanalda ədəbiyyatşünas
Kamal Abdulla "Sözün sirri", kulturoloq Fuad Məmmədov
"İdrak", yazıçı-publisist Akif Əli
"Zaman və məkan", Füzuli Bayat "Klassik irsimizdən"
verilişlərinin aparıcılarıdırlar. AzTV və "Mədəniyyət"
telekanallarında yayılan proqram və verilişlər
müxtəlif mövzuları əhatə edir və rəngarəngdir.
Ən təqdirəlayiq hal da odur ki, bu
kanalların efiri öz sahəsinin peşəkarı olan sənətkarların
ixtiyarındadır.
"İdman-Azərbaycan"
telekanalının obyekti məlumdur. Yarandığı
gündən ölkədə və xaricdə keçirilən
beynəlxalq və yerli yarışların, turnirlərin əksəriyyətini
yayımlayır. İdmanın müxtəlif
növləri üzrə keçirilən yarışlardan
canlı reportajlar, maraqlı proqramlar da nümayiş etdirilir.
Bu gün "İdman-Azərbaycan" gənclərin
sevimli kanalına çevrilib. Onlar
"sehrli qutu"nun vasitəsilə Nyu-Yorkda, İstanbulda,
Romada, Parisdə, Londonda, Madriddə, Tokioda, Münhendə,
Moskvada, Pekində keçirilən müxtəlif idman
yarışlarından xəbər tuturlar. Bu kanalın yayım hüdudu təkcə bölgələrimizi
deyil, Cənubi Qafqazı, Yaxın və Orta Şərq
ölkələrini ustalıqla əhatə edir.
"İdman Azərbaycan"
telekanalı idmanın bütün növlərinin təbliğində
mühüm və əhəmiyyətli rol oynayır. Bu
kanalda futbol, basketbol, voleybol, gimnastika, güləş, boks, avtomobil yürüşü
("Formula-1") və s. idman növlərinə aid olan bir
çox görüş və türnirlər
tamaşaçılara təqdim olunur. Kanalın hazırladığı
"İdman xəbər", "Çempionlar klubu",
"Arena", "Ən güclü" , "Futbol gecəsi",
"İdman tarixi", "İdman -
sağlamlığın rəhnidir", "Olimp",
"İdman ensiklopediyası", "Şahmat klubu" kimi
verilişlər böyük maraq doğurur. Kanal bu il futbol üzrə Avropa və qadınlar
arasında dünya çempionatlarının final mərhələlərini
nümayiş etdirdi. Bir faktı da diqqətə
çatdıraq ki, "İdman Azərbaycan" telekanalı
Çempionlar Liqası, Avroliqa, Premyer-Liqa oyunlarının,
İngiltərə, İspaniya və İtaliya
çempionatlarının yayım hüququna malikdir.
London Olimpiadasında çıxış edən
idmançılarımızın aldığı
qızıl, gümüş və bürünc
medallarının sevincini böyük coşqu və fərəhlə
azakeşlərə çatdırmaq qisməti də AzTV və
"İdman Azərbaycan"a nəsib
oldu.
6 noyabr həm də radio
işçilərinin bayramıdır. Televiziyada aparılan islahatlar bu sahədə də
müşahidə olunur. Ötən ilin əvvəlindən
milli radiomuz tam şəkildə kompyuterləşməyə
və servis xidmətinə keçib. Azərbaycan
radiosunun "Lirika dəftəri"ndən, "Bulaq",
"Muğam saatı", "Elm və həyat",
"Radio teatrı" kimi veriliş və proqramları
neçə nəslin sevimlisi olub.
Hazırda "Gəl səhərim",
"Bağçada güllər",
"Addım-addım", "Ustad nəfəsi",
"Kino səltənəti", "Xeyrə qənşər",
"Şah misralar", "Nağıl axşamı".
"Ünvanımız Azərbaycandır", "Vətən
sənə oğul dedi", "Yadigar səslər",
"Duyğu yarpaqları", "Sabaha pəncərə"
və s. verilişlər dinləyicilərə təqdim
edilir.
Azərbaycan efirində 71-ci
yaşına qədəm qoyan Beynəlxalq radio da fəaliyyət
göstərir. Bu radio türk, ərəb, fars, erməni, ləzgi, talış, kürd və
gürcü dillərində verilişlər yayımlayır.
Beynəlxalq radio uzun illərdir ki, "Cənubi
Azərbaycan" redaksiyası vasitəsilə bütün
dünyaya səpələnmiş soydaşlarımız
üçün vahid ünvana çevrilib.
Azərbaycan radiosu böyük xəzinəyə
malikdir. Radionun səsyazma evinə Səid Rüstəmov
adına Xalq Çalğı Alətləri
Orkestri, Niyazi adına Simfonik Orkestr, Tofiq Əhmədov
adına Estrada Simfonik Orkestri, Vaqif Mustafazadə adına
"Sevil" Vokal İnstrumental Ansamblı, Cahangir Cahangirov
adına Xor, Əfsər Cavanşirov adına Uşaq Xoru
daxildir.
Bir məsələni də qeyd etmək
lazımdır ki, "Azərbaycan Televiziya və Radio
Verilişləri" QSC həmişə dövlətçiliyin,
milli-mənəvi dəyərlərin keşiyində
dayanıb. Təqdim etdiyi verilişlər
əxlaqımıza, mənəvi dəyərlərimizə,
adət-ənənəmizə, milli düşüncəmizə
söykənib. Yüngül şoulardan,
şit, zövqsüz, əsəbgətirici söhbətlərdən
uzaq olub. Maarifçilik əsas
ideyasıdır. Elə bu uğurlu fəaliyyətinə
görədir ki, AzTV 2007-ci ildə Avropaya yayımın texniki
müvafiqliyinə görə "Avropa keyfiyyəti"
medalına layiq görülüb. Eləcə də
Avropa Biznes Assambleyası 2010-cu ildə Azərbaycan
televiziyasını "Teleradio yayım sahəsində ən
yaxşı şirkət" mükafatına təqdim edib.
Ötən ilin mayında AzTV-də yayımlanan "Sovet
imperiyasının gizlinləri, Ariqoryanın işi"
adlı üçhissəli sənədli filmə görə
Mədəniyyət və Turizm Nazirliyinin,
"Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti
və "Humay" Milli Mükafatı Akademiyasının təsis
etdiyi "Humay" mükafatını alıb. Burada
çalışan əməkdaşların əksəriyyəti
ölkə başçısının sərəncamına
əsasən müxtəlif fəxri adlara, mükafatlara,
Prezident təqaüdünə və s. təltiflərə
layiq görülüb. Bu günlərdə mərkəzi
televiziyanın ünvanına bir şad xəbər də
qanadlandı. Oktyabrın sonlarında Kiyevdə
keçirilən "TEFİ-Sodrujestvo"nun I beynəlxalq
festivalında "Azərbaycan Televiziya və Radio Verilişləri"
QSC tərəfindən çəkilən "Toğrul Nərimanbəyov"
və "Eyni səma altında" filmləri mükafata
layiq görülüb.
Hər zaman olduğu kimi, bu il
də Azərbaycan Televiziya və Radio Verilişlərinin
QSC-nin fəaliyyəti müxtəlif mükafatlara layiq
görülüb. Dahi və təkrarolunmaz müğənni
Müslüm Maqomayevin həyat və
yaradılıcılığına həsr olunan "Əlvida
və salam, Bakı" sənədli
televiziya filmi - "TEFİ-Sodrujestvo", "Musiqi xəzinəsi"
verilişi isə "Humay" mükafatlarını
alıb.
Əlbəttə, bütün bu
nailiyyətlərin qazanılmasında televiziya rəhbərliyinin,
yaradıcı heyətin xüsusi əməyi vardır. Şübhəsiz, son illər aparılan islahatlar da
öz bəhrəsini verib. Tamaşaçı
kimi bizim üçün də xoşdur ki, ana televiziyamız
öz ənənəsinə sadiqliyi ilə seçilir,
milli-mənəvi dəyərlərimizin qorunmasında, təbliğində
yorulmadan axtarışlar aparır. Təqdim olunan hər
bir verilişdə dilimizin saflığı qorunur,
maarifçilik aşılanır, vətənpərvərlik
məhəbbəti təsirli şəkildə
tamaşaçının ruhuna hopur!
6 noyabr Televiziya və Radio
İşçiləri Günüdür. Bu münasibətlə bütün elektron KİV-də
çalışan həmkarlarımızı ürəkdən
təbrik edir, onlara çətin və şərəfli
işlərində yeni uğurlar arzulayırıq.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.-
6 noyabr.- S.6.