Tarix İnstitutu beynəlxalq mükafat aldı

 

 Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu beynəlxalq elmi mükafata layiq görülmüşdür. 2012-ci il oktyabrın 26-da Oksford sammitində Beynəlxalq Sokrat Komitəsi tərəfindən AMEA-nın Tarix İnstitutu elmi-tədqiqat fəaliyyətinə görə ən yaxşı müəssisə "Best Enterprises - 2012" diplomuna layiq görülmüşdür. Sammitdə qeyd olunub ki, AMEA tarix İnstitutu öz fəaliyyəti sahəsində Cənubi Qafqazda ən aparıcı elmi müəssisələrdən biridir. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Yaqub Mikayıl oğlu Mahmudov isə böyük təşkilatçılıq qabiliyyətinə, yüksək peşəkarlığına, rəhbərlik istedadına və liderlik keyfiyyətinə görə "Ən yaxşı baş menecer" fəxri adına layiq görülmüşdür. Avropa Biznes Assambleyasının Sosial Tərəfdaşlıq Cəmiyyəti, Böyük Britaniya və Şimali İrlandiya Patent İdarəsi tərəfindən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudova marketinq məqsədləri üçün 5 illik (20.10.2012 - 20.10.2017) "Best Enterprise" lisenziyası da verilmişdir.

2012-ci il iyulun 12-də Dublin sammitində (Dublin, İrlandiya) AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mikayıl oğlu Mahmudova böyük elmi nailiyyətlərinə görə Beynəlxalq Sokrat Komitəsinin "The Name in Science" ("Elmdə ad") fəxri titulu verilmişdir. Bununla da, Azərbaycanın əməkdar elm xadimi Yaqub Mahmudov dünya elminin inkişafına verdiyi töhfəyə görə medalla təltif edilərək XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilmişdir.

 

 

Azərbaycan.-2012.- 6 noyabr.- S.7.