Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsi
başa çatmışdır
Noyabrın 4-də Müslüm
Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında vokalçıların Bülbül
adına VI Beynəlxalq müsabiqəsinə yekun
vurulmuşdur.
AzərTAc
xəbər verir ki, tədbiri
açan mədəniyyət və turizm nazirinin müavini, müsabiqənin təşkilat
komitəsinin sədr müavini Ədalət
Vəliyev son vaxtlar Azərbaycanın
möhtəşəm mədəniyyət tədbirlərinə
uğurla ev sahibliyi etdiyini bildirmişdir. O, yaxın günlərdə Bülbülün abidəsinin
açılışı mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin
şəxsən iştirak etdiyini vurğulayaraq, bunun xalqımızın milli
mədəniyyətinə Prezident tərəfindən
göstərilən böyük diqqət
və qayğının daha bir bariz nümunəsi
olduğunu bildirmişdir.
Ə.Vəliyev
artıq ənənə halını almış müsabiqənin
bu il 15 yaşına qədəm
qoyduğunu, müsabiqənin həsr edildiyi Azərbaycanın böyük
müğənnisi, milli vokal
sənətinin banisi, SSRİ xalq artisti Bülbülün
115 illik yubileyinin qeyd olunduğunu
vurğulamışdır.
O, müsabiqənin
gənc istedadların üzə çıxmasına imkan yaratdığını, Bülbülün
sənətinin hər zaman
yaşayacağını bildirmiş və
qaliblərə uğurlar
arzulamışdır.
Sonra Bülbülün
ifasında "Ölkəm" mahnısı, "Koroğlu" operasından Koroğlunun
ariyası səslənmiş, videokadrlar nümayiş etdirilmiş,
musiqili ədəbi-kompozisiya təqdim olunmuşdur.
Səhnəyə
münsiflər heyəti və qaliblər dəvət olunmuşdur.
Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiya
Federasiyasındakı səfiri, xalq artisti, professor, müsabiqənin
təşkilat komitəsinin sədr müavini
Polad Bülbüloğlu
bildirmişdir ki, vokalçıların
Bülbül adına I Beynəlxalq
müsabiqəsi görkəmli müğənninin anadan olmasının 100 illiyi ərəfəsində - 1997-ci ildə
mədəniyyətimizin böyük təəssübkeşi,
xalqımızın ümummilli lideri Heydər Əliyevin müvafiq
sərəncamı ilə keçirilmiş
və o vaxtdan bu müsabiqə ənənə halını
almışdır.
P.Bülbüloğlu əvvəlki müsabiqələrdən fərqli olaraq budəfəki müsabiqə çərçivəsində
ilk dəfə olaraq
Vokalçıların yarmarkasının təşkil olunduğunu, müsabiqənin
coğrafiyasının daha da genişləndiyini diqqətə
çatdırmışdır.
Beynəlxalq
münsiflər heyətinin sədri, Rusiya
Federasiyasının xalq artisti,
professor Sergey Leyferkus müsabiqənin təşkil
olunmasını yüksək qiymətləndirmişdir. O,
müsabiqənin əhəmiyyətini qeyd
edərək, qaliblərin gələcəkdə böyük konsert
salonlarında öz ifaları ilə insanlara sevinc bəxş
edəcəklərinə inandığını bildirmişdir.
Vurğulamışdır
ki, böyük musiqi tarixi yaratmış
və bütün istedadını və
zəhmətini həm Azərbaycanın, həm də dünya mədəniyyətinin
inkişafına həsr etmiş
Bülbülə həsr edilmiş
müsabiqə nadir mədəniyyət hadisəsi hesab
olunmalıdır. O,
qalibləri musiqi bayramı münasibətilə
təbrik edərək uğurlar
arzulamışdır.
Müsabiqənin
Qran-pri mükafatına Dəniz Yetim (Türkiyə) layiq görülmüşdür. Birinci
yerə Yusif Eyvazov (Azərbaycan),
ikinci yerə İrina
Bojenko (Rusiya), üçüncü yerə Olqa
Kulçinskaya (Ukrayna),
dördüncü yerə Darya
Knyazeva (Ukrayna) və Valentin Anekin (Rusiya) layiq
görülmüşlər. Həmçinin müsabiqə
iştirakçıları müxtəlif nominasiyalar
üzrə diplom və prizlə təltif
olunmuşlar.
Tədbir laureatların və Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin birgə konserti ilə davam etmişdir.
Azərbaycan.-2012.-
6 noyabr.- S.7.