İranda fəaliyyət
göstərən veb saytda
Bakı İkinci Beynəlxalq Humanitar Forumu barədə məqalə yerləşdirilmişdir
İranda fəaliyyət göstərən nüfuzlu
www.khabaronline.ir veb saytında
cari ilin oktyabrında keçirilmiş
Bakı İkinci Beynəlxalq Humanitar Forumu barədə fars dilində elmi məqalə yerləşdirilmişdir.
Müəllifinin Tehran Universitetinin
professoru Bəhram Əmirəhmədianın olduğu məqalədə
forumun əsas məqsəd və mahiyyəti geniş təhlil
edilir. Müəllif yazır ki, bu beynəlxalq mərasim Azərbaycan
Respublikasının dünya miqyaslı humanitar siyasətinin
müsbət nəticələrinin nümunəsidir. Məqalədə
Azərbaycanın beynəlxalq təşkilatlardakı yeri və
rolu, dövlətimizin həyata keçirdiyi çoxşaxəli
humanitar siyasətin mahiyyəti və nəticələri,
qarşıya qoyulan məqsədlərə çatmaq
üçün istifadə olunun vasitə və metodlar dərindən
araşdırılmışdır. Bildirilir ki, forumda 70
ölkəni təmsil edən 694 görkəmli nümayəndənin
iştirakına nail olmaq üçün Azərbaycan tərəfi
böyük səmərəli fəaliyyət proqramı həyata
keçirmişdir. Məqalədə yazılır: "Azərbaycan
Respublikasına və Prezident İlham Əliyevə rəğbət
və ehtiramlarını ifadə edən forum
iştirakçıları bu beynəlxalq humanitar mərasimdə təmsil
olmaqlarından iftixar duyduqlarını açıq şəkildə
ifadə edirdilər. Forum XXI əsrdə bəşəriyyətin
qarşısında dayanan problemlərin həlli
üçün elmi-siyasi platformaların yaradılması,
humanitar əməkdaşlığın səmərəliliyinin
artırılması və genişləndirilməsi ətrafında
hərtərəfli müzakirələrin aparılmasına və
fikir mübadiləsinə şərait yaratmışdır.
Professor çoxsaylı dəlillərlə əsaslandırır
ki, Bakı İkinci Beynəlxalq Humanitar Forumunun nəticələri
Azərbaycan Respublikasının beynəlxalq proseslərdəki
rolu, tarixi, mədəniyyəti, iqtisadiyyatı, təbii
resursları, insan potensialı, Azərbaycan xalqının
milli mənəvi dəyərləri, əxlaqi keyfiyyətləri,
adət-ənənələri və s. barədə həqiqətlərin
dünya ictimaiyyətinə düzgün
çatdırılması məsələsində növbəti
bir uğurdur.
Sabir
ŞAHTAXTI,
AzərTAc-ın
xüsusi müxbiri
Tehran
Azərbaycan.-2012.-
6 noyabr.- S.7.