Azərbaycan paytaxtında II Bakı Beynəlxalq teatr konfransı işə başlamışdır

 

 Noyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə paytaxtımızda "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusunda II Bakı Beynəlxalq teatr konfransı işə başlamışdır.

Konfransda dünyanın 35 ölkəsindən gəlmiş 80-dən çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının foyesində I Bakı Beynəlxalq teatr konfransına, Slovakiyanın teatr tarixinə, M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilmiş fotosərgilərlə tanış olmuşlar.

Konfransın rəsmi açılış mərasiminə I Bakı Beynəlxalq teatr konfransını əks etdirən videoçarxın nümayişi ilə başlanılmışdır.

Beynəlxalq konfransın açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirmişdir ki, dünyanın tanınmış teatr sənətçilərinin artıq ikinci dəfə bir araya gələrək müasir dövrün teatr proseslərini araşdırması bizim hamımız üçün əhəmiyyətlidir. Elə ona görə də belə bir dəyərli layihənin Bakıda gerçəkləşməsi bizdə böyük qürur hissi doğurur.

Qeyd edilmişdir ki, II Bakı Beynəlxalq teatr konfransının keçirilməsi Azərbaycan dövlətinin dünyada mədəni inteqrasiya, qarşılıqlı bəhrələnmə məsələlərinə çox böyük əhəmiyyət verdiyinin əyani sübutudur. Azərbaycan Respublikasında yürüdülən mədəniyyət siyasətinin əsas məqsədi ölkələr, xalqlar, millətlər, hətta etnoslar, etnik qruplar arasında körpülər salmaq, sərhədləri aşmaq və müxtəlif xalqların fərqli mədəniyyətlərini bir-biri ilə görüşdürmək, onların fəal dialoquna nail olmaqdır.

Azərbaycanda teatr sənətinin  qədim və tarixi inkişaf yolundan söz açan natiq demişdir ki, XIX əsrin 2-ci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdir. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində köklü forma və məzmun dəyişiklikləri yaranmışdır. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdur. Dahi mütəfəkkir, bu il 200 illiyi təntənəli ilə qeyd olunan Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdır.

Diqqətə çatdırılmışdır ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyalarının səhnələşdirilməsi Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoymuşdur. O, vaxtdan 140 ilə yaxın vaxt keçir. Bu gün  ölkəmizdə artıq 26 dövlət, 1 bələdiyyə və bir çox özəl teatr fəaliyyət göstərir.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin teatr sənətinə həmişə böyük diqqətlə yanaşdığı xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Son illər  Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədlərinin qəbul edilməsi haqqında məlumat  diqqətə çatdırılaraq bildirilmişdir ki, bu tarixi sənədlər neçə-neçə teatr binasının əsaslı təmirinə, gənc mütəxəssislərin xarici ölkələrdə təcrübə qazanmasına, ümumilikdə milli teatr ənənələrinin inkişaf etdirilərək gələcək nəsillərə çatdırılmasına güclü təkan verməkdədir.

Qeyd edilmişdir ki, bu gün ölkəmizdə öz yaradıcılığı ilə fərqlənən sənət adamlarının zəhməti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir.

Konfransda Azərbaycan teatrının beynəlxalq əlaqələrindən söhbət açılmışdır. Bildirilmişdir ki, ötən illər ərzində Azərbaycan   teatrları  dünyanın 20-dən artıq ölkəsində keçirilmiş beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etmişlər. Azərbaycana  xarici ölkələrdən 11 teatr kollektivi qastrol səfərinə gəlmişdir. Eyni zamanda, xarici dövlətlərdən  30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunmuşlar.

Azərbaycan ərazilərinin 20 faizindən çoxunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu qonaqların diqqətinə çatdırılaraq bildirilmişdir ki, erməni şovinistləri hərbi münaqişə zamanı xalqımızın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin xeyli hissəsini qəsdən dağıtmışlar. Bu dağıdıcı proseslər Azərbaycan teatr sənətindən  yan keçməmişdir. Ermənistanın zorakılıq siyasəti və hərbi təcavüzü nəticəsində bu gün Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı və Füzuli Dövlət Dram Teatrı,  İrəvan Dövlət Azərbaycan Dram Teatrı qaçqın həyatı yaşayır. Bu teatrların  yerləşdikləri binalar dağıdılmış, yandırılmış, əmlakları talan edilmişdir. Buna baxmayaraq bu teatrlar hazırda fəaliyyətlərini davam etdirirlər.  

Konfransda bu gün Azərbaycanda qaynar mədəni həyat yaşandığı xüsusi diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, bu, bilavasitə Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, UNESCO-nun  İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən beynəlxalq layihələr nəticəsində mümkün olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Azərbaycanı dünyanın tanınan mədəniyyət mərkəzinə çevirmişdir. Bugünkü teatr konfransı da belə tədbirlər sırasındadır.

Tədbirdə çıxış edən Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, UNESCO-nun sülh artisti və xoşməramlı səfiri Əli Mahdi belə bir konfransın Azərbaycanda keçirilməsini yüksək qiymətləndirmişdir. Qonaq konfransın dünya teatr prosesinin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu bildirmişdir.

Konfrans iştirakçılarına UNESCO-nun baş direktoru İrina Bokovanın salamlarını çatdıran Ə.Mahdi demişdir ki, bu möhtəşəm tədbir qurumun diqqət mərkəzindədir.

Litva Respublikası mədəniyyət nazirinin müavini Deyvidas Staponkus tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş və konfransın öz məqsədlərinə nail olacağına əmin olduğunu söyləmişdir.

Teatrı mühüm bir sahə kimi səciyyələndirən polşalı dramaturq, rejissorssenarist Kşiştof Zanussi demişdi ki, bu sənət növü təkcə gözəlliyi deyil, həmçinin kamilliyi, aqilliyi  tamaşaçıya çatdırmalıdır. Teatr məsələləri hər bir cəmiyyət üçün eyni olmalıdır. Belə konfransların keçirilməsi bizə imkan verir ki, bu sahədəki prosesləri birlikdə müzakirə edək.

 Bakıya üçüncü dəfə səfər etdiyini söyləyən Uşaq və Gənclər Teatrlarının Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi vurğulamışdır ki, uşaq və gənclərin maraq və istəkləri nəzərə alınaraq onlar üçün teatrlar yaradılmalıdır. O, Bakı konfransında aparılacaq müzakirələr zamanı bu məsələlərə də xüsusi diqqət yetiriləcəyinə ümidvar olduğunu bildirmişdir.

Cəmiyyətin müxtəlif qruplarını əhatə edən teatrların formalaşmasının vacibliyini söyləyən Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankoni belə olacağı təqdirdə  auditoriya müxtəlifliyinin yaranacağını qeyd etmişdir.

Ölkəmizdə mövcud olan teatrların yeniləşməsini yüksək qiymətləndirən qonaq demişdir ki, Azərbaycan ərazilərinin işğal olunmasına, əhalisinin bir qisminin məcburi köçkün və qaçqına çevrilməsinə baxmayaraq burada sənət baxımından əldə olunan hər bir uğur ürəkaçandır.

Konfrans çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış Azərbaycan milli teatr sənətinin "Dünən, bu gün, sabah" adlı elektron bazasının təqdimatı olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 6 noyabr.- S.7.