Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir

 

 Noyabrın 4-də Dənizkənarı Milli Parkda Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-nın vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə qonaqlar federasiyalar tərəfindən quraşdırılmış stendlərə baxmışlar.

Sonra balaca idmançılar nümunəvi çıxışlar etmişlər.

Gənclər və idman naziri Azad Rəhimov ötən 20 il ərzində MOK-nın böyük uğurlar əldə etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Olimpiya yığmamızın qazandığı nailiyyətlər göz qabağındadır. Ölkəmizdə onlara dövlət tərəfindən həmişə qayğı göstərilir. Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda vətənimizi layiqincə təmsil edirlər. Azərbaycanda inkişaf bütün sahələri əhatə edir. Bunlardan biri də Olimpiya hərəkatıdır. Respublikamızda yeni Olimpiya kompleksləri istifadəyə verilmiş, idman infrastrukturu möhkəmləndirilmişdir. Bütün bu nailiyyətlərin əsasında Milli Olimpiya Komitəsinin Prezidenti, ölkə başçısı İlham Əliyevin respublikamızda idmana böyük qayğı ilə yanaşması dayanır.

MOK-nın vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın Olimpiya oyunlarındakı uğurlarından danışmış və ölkəmizdə Olimpiya hərəkatının gündən-günə inkişaf etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, cari ildə Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandıqları nailiyyət MOK-nın 20 illiyinə böyük töhfə olmuşdur. Əldə olunmuş uğurlar ölkəmizdə idman siyasətinin düzgün aparıldığından xəbər verir.

İkiqat paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev ölkəmizdə idmançılara göstərilən dövlət qayğısından danışmış, respublikamızda sağlam gəncliyin mövcud olduğunu diqqətə çatdırmış və Azərbaycanın dünyada bir idman ölkəsi kimi tanındığını bildirmişdir.

Sonra gimnastların nümunəvi çıxışları təqdim olunmuşdur. Həmçinin peşəkar idmançılar tərəfindən paytaxt sakinləri üçün ustad dərsləri də keçirilmişdir.

Tədbir konsert proqramı ilə davam etmişdir.

Noyabrın 4-də Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş marafon yürüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, Bakı İdman Sarayının qarşısından start götürmüş yürüşdə 200-dən artıq atlet iştirak etmişdir. "Saat qülləsi"nədək davam edən yürüş müxtəlif kateqoriyalar üzrə təşkil olunmuşdur.

Veteranlar arasında Sadiq Sadiqov, oğlanların mübarizəsində Vüqar Novruzov, qızların yarışında Şəfa Məmmədova, həvəskarların yürüşündə isə Cavid Abdullayev birinci olmuşlar.

Qaliblərə kubok, diplom xatirə hədiyyələri təqdim olunmuşdur.

Noyabrın 4-də Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş konsert keçirilmişdir.

AzərTAc xəbər verir ki, Dənizkənarı Milli Parkda təşkil olunmuş konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları çıxış etmişlər.

"Eurovision - 2011" beynəlxalq müsabiqəsində Azərbaycana birincilik qazandıran Ell/Nikki duetinin ifa etdiyi "Running scared" mahnısı paytaxt sakinlərinin hərarətli alqışları ilə qarşılanmışdır.

Milli Parka toplaşanlar xalq artisti Zülfiyyə Xanbabayevanın ifa etdiyi "Azərbaycan" mahnısının sədaları altında doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan möhtəşəm bayram atəşfəşanlığını seyr etmişlər.

Konsert digər müğənnilərin və Dj-lərin çıxış ilə davam etmişdir.

 

 

Azərbaycan.-2012.- 6 noyabr.- S.8.