Bakıda «BakuTel-2012»
XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi
açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev
sərgi ilə tanış olmuşdur
Noyabrın
6-da Bakı Sərgi Mərkəzində "BakuTel-2012"
XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya
texnologiyaları sərgisi açılmışdır.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
sərgi ilə tanış olmuşlar.
"BakuTel" sərgisi Xəzər və
Qafqaz regionlarında telekommunikasiya, o cümlədən
informasiya texnologiyaları sahəsində ən böyük tədbirdir.
Artıq 18-ci dəfədir baş tutan "BakuTel" sərgisi
keçirildiyi illər ərzində telekommunikasiya
bazarında mühüm hadisəyə çevrilmişdir.
"BakuTel" sərgisinin beynəlxalq nüfuzu BMT, Beynəlxalq
Telekommunikasiya İttifaqının dəstəyi, həmçinin
Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət
nişanı ilə təsdiq olunmuşdur.
Rabitə və informasiya texnologiyaları naziri
Əli Abbasov dövlət
başçısının diqqətinə
çatdırdı ki,
"BakuTel-2012" sərgisində dünyanın 23 ölkəsindən
160 şirkət iştirak edir.
Xarici iştirakçıların
siyahısına Böyük Britaniya, Rusiya, Türkiyə,
Çin, Koreya
Respublikası, Malayziya, Litva,
İran, Sloveniya, Ukrayna, Belarus və digər
ölkələr daxildir. Kollektiv
stendlərin fəal iştirakı artıq "BakuTel" sərgisinin ənənəsinə
çevrilmişdir. Bu
il sərgidə 8 kollektiv
ekspozisiya iştirak edir. Onların arasında sərginin daimi iştirakçıları olan Avstriya, İsrail, Kanada, Fransa, Xorvatiya və
Estoniyanın milli qrupları vardır. Milli qruplar Azərbaycanın
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin, həmçinin
təmsil olunmuş ölkələrin müvafiq profilli
strukturlarının dəstəyi ilə təşkil edilmişdir. Bu stendlərdə ziyarətçilərin diqqətinə
təkcə Azərbaycan üçün
deyil, həm də bütövlükdə
Xəzəryanı region üçün
yenilik sayılan maraqlı proqramlar
təqdim olunur və İKT üzrə məhsul
və xidmətlərin təqdimat mərasimləri keçirilir. Sərginin
iştirakçıları portativ mobil və analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet
kompyuterlər, telekommunikasiya sistemləri üçün müasir
test və ölçü
avadanlığı, habelə texnoloji
yeniliklər və bir sıra digər məhsullar
da nümayiş
etdirirlər.
Bildirildi ki, budəfəki
sərginin ekspozisiyası telekommunikasiya və
şəbəkələr, genişzolaqlı kabel
və simsiz rabitə, peyk
rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı, proqram təminatı və
avtomatlaşdırma sistemləri, informasiya
və ofis texnologiyaları kimi
seqmentləri əhatə edir.
Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva sərginin
pavilyonları ilə tanış oldular.
Vurğulandı
ki, "BakuTel" sərgisində
ilk dəfə əhaliyə göstərilən
dövlət xidmətlərinin yeni keyfiyyətinin
formalaşması, onların identikliyinin təmin
olunması, habelə əlavə xərclərin və vaxt itkisinin
azaldılması üçün nəzərdə
tutulmuş "ASAN" mərkəzləri
iştirak edir.
Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi isə yeni məhsulları ilə sərgiyə
qatılmışdır. Buraya ağ işıq diodları, nanofosforlar
və bionanotexnologiyalar daxildir.
Xarici ölkələrin pavilyonları
ilə tanışlıq zamanı dövlət
başçısının diqqətinə çatdırıldı
ki, bu il
sərgidə ilk dəfə iştirak edən Sloveniya
8 şirkətlə təmsil olunur.
Prezident İlham Əliyevə
bu şirkətlərin məhsulları və
onların perspektivləri, o cümlədən
Cənub-Şərqi Avropa üzrə
"Elektron hökumət"in
inkişafı mərkəzinin məqsədləri və layihələri
barədə məlumat verildi.
"BakuTel-2012"
beynəlxalq sərgisində Avstriyanın şirkətlər qrupu hava hərəkətinin
idarə olunması, ictimai təhlükəsizlik
və nəqliyyat sistemlərinin istehsalı ilə
bağlı məhsullarını təqdim edirlər.
Dövlət
başçısına telekommunikasiya və
genişzolaqlı internetin inkişafı
layihəsi barədə məlumat verildi. Qeyd edildi ki, 2013-2015-ci illəri
əhatə edən bu layihə gələcəkdə
ölkə üzrə bütün
yaşayış məntəqələrinin fiber-optik
kabel şəbəkəsi ilə təmin
olunmasını, əhali arasında elektron
xidmətlərdən istifadənin genişləndirilməsini
nəzərdə tutur.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Delta
Telekom" MMC-nin fəaliyyətindən
bəhs edən pavilyonda oldular.
Bildirildi ki, regionun ən iri telekommunikasiya operatorlarından olan
"Delta Telekom"
rabitə və telekommunikasiya xidmətlərinin
keyfiyyət göstəricilərinə görə ən
etibarlı infrastruktura malikdir.
DWDM şəbəkə texnologiyalarında ən yeni nəsil olan ASON/GMPLS əsaslı
infrastruktur üzərindən regionun tranzit
tutumlarını daşıyan "Delta Telekom" dayanıqlı supermagistrala
sahibdir. Qeyd edildi ki, regionun
ən iri internet supermagistralı da
"Delta Telekom"a məxsusdur.
Bu sərgidə Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" şirkətinin
də yenilikləri ilə tanış
olmaq mümkündür.
Şirkət sərgidə mobil
telefonlar üçün
İçərişəhər ərazisinə aid yeni bələdçi proqramını
təqdim edir.
Dövlət başçısı
ölkəmizin milli peyk operatoru "Azərkosmos" ASC-nin pavilyonu ilə də yaxından tanış oldu.
Bildirildi ki, 2010-cu ildə
yaradılan "Azərkosmos"
tərəfindən həyata
keçirilən birinci
layihə "Azerspace"
geostasionar əlaqə
peykinin buraxılışı
və idarə olunmasıdır. Peyk
Avropanı, Orta Asiyanı, o cümlədən
Afrikanı əhatə
edəcəkdir.
Çinin ilk telekommunikasiya avadanlığı
istehsalçılarından olan ZTE şirkəti xaricdə bazarlarını
genişləndirməyi qarşısına
məqsəd qoymuşdur. Hazırda 70
min əməkdaşından 10 mindən çoxunun 107 ölkədə fəaliyyət
göstərdiyi şirkət
dünyanın 500-dən artıq
aparıcı mobil operatoru və kommersiya şirkəti ilə əməkdaşlıq
qurmuşdur.
"Azerfon"
MMC-nin pavilyonu ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki,
şirkət 2007-ci ildən
fəaliyyət göstərir. "Narmobile" hazırda
Azərbaycanın telekommunikasiya
bazarının inkişafında
mühüm rol oynayır və xidmət sektorunu daha da genişləndirir.
İndi bu sıraya təyyarələrdə uçuş
vaxtı mobil telefondan yararlanmaq və rabitə xidmətlərindən istifadə
etmək imkanlarının
yaradılması mühüm
əhəmiyyət kəsb
edir.
Prezident İlham
Əliyev sistemin ilk istifadəçisi kimi bu xidmət növünün imkanları
ilə yaxından tanış oldu.
Sərgi çərçivəsində
"Microsoft Windows 8" əməliyyat sistemi sınaqdan keçirilir, "Windows Server 2012" əməliyyat sisteminin üstünlükləri təqdim
olunur. Nömrələrin daşınması sahəsində
xidmətlər isə
mobil rabitə operatorları üçün
xüsusilə maraqlıdır.
Ölkəmizdə istehsal olunan
ilk "Nexus Azpad Android" planşet kompyuteri və Azərbaycan dilində ilk antivirus proqramı
da maraqla qarşılanır.
"Azercell" şirkətinin pavilyonu ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki,
1996-cı ildə yaradılan
şirkət ölkənin
mobil rabitə sektoruna bir sıra
innovativ texnologiyaları
və konsepsiyaları
gətirməkdə davam
edir. Prezident İlham Əliyevə
şirkətin virtual kart, kommunal
ödənişlərin həyata
keçirilməsini və
bəzi tibbi müayinələrin aparılmasını
nəzərdə tutan
yeni xidmətləri barədə məlumat verildi.
Sonra Prezident
İlham Əliyev beynəlxalq jurnalist Bencamin Rahra müsahibə verdi.
Azərbaycan.-2012.- 7 noyabr.- S.1.