Bakıda «BakuTel-2012»
XVIII Azərbaycan
Beynəlxalq telekommunikasiya və
informasiya
texnologiyaları sərgisi
açılmışdır
Azərbaycan
Prezidenti İlham Əliyev sərgi ilə tanış
olmuşdur
Sonra Prezident İlham Əliyev beynəlxalq jurnalist Bencamin Rahra müsahibə verdi.
- Sizi yenidən görmək çox xoşdur. Qarşıdakı illərdə yeni yataqların istismara verilməsi və daha çox kəmərlərin tikilməsi ilə Azərbaycan Avropanın mühüm enerji təchizatçısına çevriləcəkdir. Buna baxmayaraq, hökumət əsas diqqəti iqtisadiyyatın şaxələndirilməsinə yönəldib. "Azərbaycan - gələcək yüksək texnologiyalar mərkəzi" - Siz ölkənizi belə görürsünüz?
- Tamamilə doğrudur. Biz bunları planlaşdırırıq. Belə ki, bizim son illərdə əldə etdiyimiz uğurlar, iqtisadi yüksəliş göstərir ki, ölkəmizdə qeyri-energetika sektoru sürətlə inkişaf edir. Bu il enerji sektorunda bir qədər azalmaya baxmayaraq, qeyri-energetika sektorunun inkişaf göstəricisi 10 faizdən çox təşkil edib. Bu, bir daha onu göstərir ki, neft və qazdan əldə edilən gəlirlərdən iqtisadiyyatın şaxələndirilməsi üçün məqsədyönlü şəkildə istifadə olunması özünü doğruldur. Əlbəttə ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi bizim üçün prioritet sahələrdən biridir. Çünki bu sahə inkişaf, biznes, təhsil, şəffaflıq, gələcəyə aparan yol deməkdir. Mən çox məmnunam ki, hər il ölkəmizdə "BakuTel" sərgisi və eyni zamanda, bu gün Bakıda VII İnternet İdarəçilik Forumu keçirilir ki, bütün bunlar da Azərbaycanda bu sahədə görülmüş işləri əks etdirir.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsi böyük potensiala malikdir. Bizim bu sahəyə
dəstək göstərilməsi
ilə bağlı dövlət siyasətimiz
vardır. Eyni zamanda,
özəl sektor da bu sahədə
çox fəal iştirak edir. Biz informasiya-kommunikasiya texnologiyaları sahəsinin
inkişafına görə
bölgədə artıq
aparıcı ölkəyə
çevrilmişik və
gələcəkdə də
bu mövqeyimizi saxlamaq və İKT bazarında qlobal oyunçulardan birinə çevrilmək əzmindəyik.
- Azərbaycan mobil telefon istifadəçilərinin
sayına görə ən yüksək göstəricilərdən birinə
malikdir. Son 20 il ərzində internetin dünyanı
bir araya gətirməsi kibercinayətkarlıq,
terrorizm, hakerlik risklərini artırır.
Bəzi ekspertlər iddia edirlər ki, din, su və
ərazi məsələlərindən
sonra müharibələrə
səbəb olacaq növbəti amil internet ola bilər.
Azərbaycan internetdən fayda
və təhlükələr
arasında necə balans yarada bilər
ki, əhalinin internetdən istifadəsində
məhdudiyyətlər qoyulmasında
ittiham olunmasın?
- Bilirsiniz, inkişafımızın
hazırkı mərhələsində
məqsədimiz internet istifadəçilərimizin
dünya informasiyasını
əldə etmək imkanlarını artırmaqdan
ibarətdir. Azərbaycanda internetdən istifadə
tam azaddır. Hazırda internet istifadəçilərinin sayı
65 faizdən çoxdur.
İndi
biz Azərbaycanın hər
bir kəndinin belə genişzolaqlı
internet xidməti ilə
təmin edilməsi üçün yeni sistem yaradırıq.
Buna görə də informasiyanın sərbəst əldə olunması bizim əsas məqsədimizdir.
Hazırda kibertəhlükəsizlik, azadlıqlar, qanun və bu kimi
məsələlərin tənzimlənməsi
bizim gündəliyimizdədir.
Bakıdakı İnternet Forumunun
müzakirə mövzularından
biri də məhz azadlıqlar - ifadə azadlığı,
informasiya azadlığı,
insanların şəxsi
azadlıqları, eyni
zamanda, təhlükəsizlik
və hüquqi baza arasında balansı müəyyən
etmək olacaqdır.
Düşünürəm ki, bu forumdakı müzakirələr
bununla bağlı bəzi yeni ideyalar yaradacaq və əlbəttə ki, biz bu yeni
ideyalardan faydalanacağıq.
Həmçinin, biz dünyadakı aparıcı ölkələrin
bununla bağlı təcrübəsini də
öyrənəcəyik. Onlar bu problemlərin həllini necə görürlər, dünyanın
aparıcı demokratik
dövlətləri bu
məsələləri necə
həll edəcəklər?
Bütün bunlar bizim üçün çox önəmlidir.
- Ölkənizin əldə
etdiyi uğurlar, - bunu başqa sözlə, Xəzərdə
Silikon Sahillərin yaradılması da adlandırmaq olar, - Qərb və xarici investorlara hansı imkanları təklif edir?
- Biz beynəlxalq sərmayədarlar
üçün açığıq.
Azərbaycanda çox yaxşı
investisiya mühiti var və adambaşına
düşən birbaşa
xarici investisiyanın həcminə görə ölkəmiz keçmiş
sovet məkanında ən yüksək yerdədir. Biz neft və qaz
sektoru, İKT, infrastruktur,
tikinti sahələrinə
investisiya qoyuluşunda
daha çox maraqlıyıq. Şahidi olduğunuz
kimi, hazırda Bakıda turizm infrastrukturuna investisiyalar qoyuluşunda böyük canlanma vardır. Demək olar ki, hər
ay yeni beşulduzlu otellər açılır.
Biz xarici şirkətlərin
ölkəmizdə turizm
sahəsinə investisiya
qoymalarını alqışlayırıq.
Biz, eyni zamanda,
xarici investisiyaların
stimullaşdırılması üçün də işlər görürük.
Bizim hökumətimiz dövlət
büdcəsi hesabına
İKT sektorunda çox
mühüm investisiya
layihələrini maliyyələşdirir.
Məqsəd yalnız hüquqi-normativ
baza yaratmaq deyil, eyni zamanda,
özəl sektorun da bu infrastruktur
layihələrində iştirakını
təmin etməkdir.
"BakuTel"də iştirak edən dünya şirkətlərinin
sayının artması
da Azərbaycan bazarının cəlbedici
olmasının yaxşı
göstəricisidir. Azərbaycan İKT-nin inkişafına görə regionda artıq lider dövlətə çevrilib
və əlbəttə
ki, bu mövqe
gələcəkdə daha
da güclənəcəkdir.
- Sizin qarşınıza qoyduğunuz məqsədlər
nədən ibarətdir?
Növbəti illərdə nə
qədər investisiya
cəlb etməyi nəzərdə tutursunuz?
- Bilirsiniz, rəqəmlərlə
bağlı konkret nəsə demək çətindir. Bizim strateji yanaşmamız
bundan ibarətdir ki, İKT sektoru neft və qaz
sektorundan sonra biznes mühiti, gəlir əldə edilməsi baxımından
ikinci sektor olmalıdır. Bilirsiniz ki,
neft və qaz ehtiyatları tükənən sərvətdir.
İKT sektoru isə sonsuz inkişaf potensialına malikdir. Ona görə də bu sahə qarşıdakı
20 ildə iqtisadiyyatımızın
aparıcı, bəlkə
də ən əsas sahələrindən
biri ola
bilər. Bu baxımdan
biz bu sahəyə özəl fondlardan milyardlarla ABŞ dolları
məbləğində investisiya
cəlb olunacağına
ümid edirik və dövlətimiz yerli şirkətlərlə
birgə prosesdə iştirak edəcəkdir.
- Sizə uğurlar arzulayırıq. Minnətdaram.
- Təşəkkür edirəm.
AzərTAc
Azərbaycan.-2012.-7 noyabr.- S.1.