Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tureni qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tureni qəbul etmişdir.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture 2003-cü ildən başlayaraq Azərbaycana səfərlər etdiyini və hər gəlişi zamanı ölkəmizdə böyük inkişafın şahidi olduğunu vurğuladı. Prezident İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrə sammitində iştirakını və o vaxtlar dövlət başçısının: "qara qızılı insan kapitalına çevirəcəyəm", - sözlərini xatırlayan qonaq  həmin fikirlərin bu gün artıq reallığa çevrildiyini qeyd etdi. Hamadun Ture VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunduğunu dedi. O, ölkəmizlə rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığı daha da genişləndirməyin önəmini vurğuladı.

Dövlət başçısı son 9 ildə Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə etdiyini vurğuladı. VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bunu Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə ölkəmizdə görülən işlərə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.-7 noyabr.- S.2.