Bakıda VII İnternet İdarəçilik Forumu işə başlamışdır

 

 Noyabrın 6-da Bakıda VII İnternet İdarəçilik Forumu (İGF) işə başlamışdır.

AzərTAc xəbər verir ki, forumu açan BMT baş katibinin müavini Vu Honqbo baş katib Pan Gi Munun adından iştirakçıları salamlamış, tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

V.Honqbo BMT-nin Azərbaycan hökuməti ilə birgə təşkil etdiyi VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsini ölkəmizdə informasiyakommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafına yaradılan şəraitin göstəricisi kimi dəyərləndirmişdir. BMT baş katibinin müavini, həmçinin foruma marağın ildən-ilə artdığını qeyd etmiş, tədbirdə aparılacaq müzakirələrin səmərəli olacağına əminliyini bildirmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture dünya informasiya cəmiyyətinin nümayəndələrinin bir araya gəlmələri və səmərəli müzakirələr aparmaları baxımından forumun əhəmiyyətini qeyd etmişdir. Bildirmişdir ki, dünya dövlətləri internet məkanında kibercinayətkarlıqla mübarizədə, informasiya təhlükəsizliyinin təmin edilməsində səylərini birləşdirməlidirlər. O, əmin olduğunu bildirmişdir ki, Bakı Forumunda bu məsələlərlə bağlı aparılacaq fikir mübadilələri müsbət nəticəsini verəcəkdir.

Baş katib, həmçinin qeyd etmişdir ki, İGF ilə eyni vaxtda keçirilən "BakuTel-2012" XVIII Azərbaycan Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi regionun ən böyük sərgisidir.

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov hökumət adından Bakı Forumunun işinə uğurlar arzulamışdır. Qeyd etmişdir ki, olduqca əhəmiyyətli olan bu forum regionda ilk dəfə məhz Azərbaycanda keçirilir. Bu da informasiyakommunikasiya texnologiyalarının inkişafının Azərbaycanda prioritet sahələrdən birinə çevrilməsinin əyani təsdiqidir.

Azərbaycanın İKT sahəsindəki təşəbbüslərindən və uğurlu islahatlardan danışan Abid Şərifov bildirmişdir ki, Prezident İlham Əliyevin diqqəti sayəsində bu sektor ölkəmizdə dinamik inkişaf edir.  Forumun əhəmiyyətinə toxunan Baş nazirin müavini demişdir ki, bu tədbir informasiya təhlükəsizliyinin təmin olunmasına imkan yaradacaq, ümumiyyətlə, dünyada internetin qlobal inkişafına təkan verəcəkdir.

Forumun rəsmi açılış hissəsi başa çatdıqdan sonra Azərbaycan haqqında filmin nümayişi olmuşdur.

Beynəlxalq tədbir işini sessiya ilə davam etdirmişdir.

Sessiyada çıxış edən BMT baş katibinin müavini Vu Honqbo informasiyakommunikasiya texnologiyalarının inkişafına görə Azərbaycanın regionda lider dövlət olduğunu söyləmişdir. Baş katibin müavini Azərbaycanda İKT sahəsində əldə edilən uğurları yüksək qiymətləndirmişdir.

Sonra İnternet İdarəçilik Forumuna sədrlik Azərbaycana keçmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edərək ölkəmizdə İKT sahəsində həyata keçirilən islahatlar haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, son illərdə Azərbaycanda İKT-nin inkişafı ilə bağlı müxtəlif proqramlar qəbul edilmiş, bu sahədə mühüm islahatların həyata keçirilməsi davamlı xarakter almışdır. Azərbaycanda internetdən istifadənin tam sərbəst olduğunu qeyd edən nazir "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayının artıq bir milyon nəfərə yaxınlaşdığını bildirmişdir.

Müasir dünyanın fizikivirtual hissələrə bölündüyünü qeyd edən Əli Abbasov virtual məkanda da təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulamışdır. Qeyd edilmişdir ki, hazırda dünya ölkələri qarşısında duran ən mühüm vəzifələrdən biri məhz informasiya təhlükəsizliyinin təmini, virtual təhdidlərdən səmərəli müdafiə məsələsidir.

Digər çıxış edənlər forumda aparılan müzakirələrin müasir dövrdə insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilmiş internetin qlobal inkişafına töhfə verəcəyini, İKT sahəsində əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradacağını bildirmişlər. Natiqlər Azərbaycanda informasiyakommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərin region ölkələri üçün nümunə olduğunu diqqətə çatdırmışlar. 

Sessiyadan sonra forum bölmə iclasları ilə davam etmişdir.

İnternet İdarəçilik Forumu öz işini noyabrın 9-da başa çatdıracaqdır.

Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən 1500-dən çox nümayəndə - dövlət qurumlarının, beynəlxalq təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin təmsilçiləri, internet həvəskarları və jurnalistlər iştirak edirlər. "Davamlı insan, iqtisadisosial inkişaf üçün internetin idarə olunması" forumun əsas mövzusudur. Müzakirə edilən məsələlər arasında internetin inkişafı sahəsində dünya ictimaiyyəti qarşısında duran qlobal problemlər yer almışdır. Forum iştirakçıları, həmçinin kibertəhlükəsizlik, əhalinin müxtəlif təbəqələrinin internetdən bərabərhüquqlu istifadəsi, uşaqların internetdən icazəsiz istifadə etmələri və hazırda aktual olan digər məsələləri nəzərdən keçirirlər. Forumun gündəliyində "yeni media"nın rolu, internet-resurslara çıxışın bağlanması, yeni biznes-modellər, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə əməliyyatlar zamanı internetdən istifadə kimi nisbətən yeni mövzular da yer almışdır.

Tədbirin təşkilatçıları, həmçinin virtual iştirakı da nəzərə almışlar. Arzu edənlər forumu internet vasitəsilə (http://www.intgovforum.org/cms/) canlı izləyə bilirlər.

 

 

Azərbaycan.-2012.-7 noyabr.- S.2.